13 avqust 2024 01:57
356

Silahlanmaq hayların xilas yolu deyil

ABŞ-ın Ermənistan-İran sərhədində hərbi baza qurmaq istəyi bölgədə genişmiqyaslı müharibənin başlanacağına işarədir

Son günlər Ermənistanda müxtəlif səviyyələrdə anti-Azərbaycan ritorikası güclənib. Sərhədlərin müəyyənləşməsi istiqamətində görüşlərin dayanması, işçi qrupun fəaliyyətsizliyi, Ermənistanın konstitusiyasında dəyişikliyin edilməsinə meylin göstərilməməsi, Bakının təkliflərinə hələ də mükəmməl cavab verilməməsi İrəvanın sülh, normallaşma prosesi ilə bağlı işini yalnız quru açıqlamalarla bitmiş hesab etməsindən xəbər verir. Görünən odur ki, Ermənistan öz himyadarlarına güvənərək hələ də naz etməkdədir.

Xüsusilə aydın olur ki, avqustun 2 və 3-də ABŞ-nın Rumıniya və Yaxın Şərqdəki hərbi bazalarından İrəvanın «Zvartnos» hava limanına iki hərbi təyyarə enib. Ştatların «Boinq C-1»” hərbi yük təyyarəsində Ermənistana yük və şəxsi heyət gətirilib. Bu yaxınlarda Ermənistan Müdafiə Nazirliyində Pentaqonun yüksək rütbəli zabitinin xidmətə başlaması Ağ evlə İrəvan arasında hərbi əməkdaşlığın inkişafının göstəricisidir. Bundan başqa, Avropa İttifaqının (Aİ) hərbi məqsədli 270 milyon avro, ABŞ-nın isə 67 milyon dollarlıq maliyyə ayırması da Ermənistanın silahlandırılması üçündür.

Məlumatlara əsasən, iki təyyarədən birində İran ərazisindən buraxılan raketlərin və başqa uçan aparatlarının trayektoriyalarını izləyən xüsusi qurğular olub. Bu zaman İran ərazisindən İsrailə mümkün hücum riski xüsusilə nəzərə alınıb. Gətirilən qurğular Ermənistanın İranla sərhədində yerləşdiriləcək. ABŞ bu cihazları idarə edəcək heyətin sayını 30-50 nəfərə çatdırıb. Rusiya və İranın diqqətini İranla sərhəddə yerləşdiriləcək şəxsi heyətə cəlb etməmək üçün hərbçilər diqqətlə seçilib - onların əksəriyyəti Amerika ordusunda xidmət edən erməniəsilli ABŞ vətəndaşlarıdır. Şəxsi heyət Ermənistan Silahlı Qüvvələrinin hərbi geyimi ilə təchiz olunub və onun Zəngəzurdakı hərbi bazasında yerləşdirilib. Məhz buna görə o fikirdəyik ki, ermənilər xaraktercə arxalarında böyük güc hiss etməyəndə acizləşir, güc hiss edəndə isə özlərini çox iddialı aparırlar.

Son günlərin görünən hərbi-siyasi mənzərəsi isə belədir ki, Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanla şərti sərhədyanı rayona səfərlər edir, burada ərazidə partlayış səsləri eşidilr, sərhəddə atəşkəs pozulur. Bütün bunlar isə bir daha göstərir ki,  ABŞ və Avropa İttifaqı Ermənistanı müharibəyə hazırlaşdırırlar.

Xatırladaq ki, hələ bu il aprelin 5-də ABŞ, Avropa İttifaqı və Ermənistan arasında baş tutan görüşə rəsmi Bakı etiraz etmişdi. Onda Azərbaycan bu görüşün hərbi əməkdaşlıqla bağlı olduğunu bildirmişdi. Həmin ərəfədə ABŞ-nın dövlət katibi Antoni Blinken, Avropa İttifaqının rəsmisi Ursula Fon der Lyayen Prezident İlham Əliyevə zəng edərək görüşün mədəni, maliyyə sahələrini əhatə edəcəyini, Azərbaycana qarşı olmayacağını demişdilər. Prezident İlham Əliyev isə onların diqqətinə çatdırmışdı ki, aprelin 5-də keçirilməsi planlaşdırılan ABŞ, Avropa İttifaqı və Ermənistan üçtərəfli görüşünün qeyri-şəffaf hazırlanması, qeyri-inklüziv xarakter daşıması və Azərbaycanın haqlı iradlarına baxmayaraq təxirə salınmaması Cənubi Qafqazda sülhə, əməkdaşlığa deyil, ayrıcı xətlərin və nəticə etibarilə, gərginliyin yaranmasına gətirib çıxaracaq.

Təbii ki, Azərbaycan tərəfi bu iddiasında heç də yanılmadığını göstərdi. Çünki həmin üçtərəfli görüşdən sonra Ermənistana hərbi dəstək göstərildi, ona maliyyə yardımı edildi. Ən başlıcası isə  Azərbaycanla  sərhədyanı ərazilərdə hərbi infrastruktur yaradılmağa başlanıldı.  ABŞ, Avropa İttifaqı və Ermənistan arasında aprelin 5-də Brüsseldə imzalanan 20 maddəlik sənəddən bəzi məqamları xatırlatmaq istərdik. Sənəddə bildirilib ki, Ştatlar İrəvana Strateji Müdafiə İcmalının aparılması və bu ölkə üçün yeni hərbi doktrina hazırlanması üçün ekspert dəstəyi verəcək. ABŞ Ermənistanın hərbi və müdafiə qabiliyyətini əhəmiyyətli dərəcədə inkişaf etdirmək, sərhəd nəzarəti və təhlükəsizliyini gücləndirmək üçün lazımi yardım göstərəcək, xüsusilə İranla sərhədə diqqət yetirəcək. Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə sabiq xüsusi nümayəndəsi Toivo Klaarın Ermənistan KİV-ə verdiyi müsahibədə «ermənilərin Qarabağa qayıdışı»nı xüsusi məsələ kimi vurğulaması da yuxarıda qeyd etdiyimiz siyasətin tərkib hissəsidir.

Bu arada İranın Ermənistandakı səfiri Mehdi Sübhani  tez-tez anti-Azərbaycan açıqlaması ilə yadda qalır. O sanki özünü Azərbaycanla münasibətləri normallaşdırmağa çalışan İran hakimiyyətinin nümayəndəsindən çox Azərbaycanla müharibə aparmaq istəyən dövlətin savaş təbliğatçısı, yaxud ABŞ və Avropa İttifaqının nümayəndəsi kimi aparır. Ancaq o hələ də anlamaq istəmir ki,  ABŞ-nın və Aİ-nin Ermənistan -İran sərhədində  hərbi baza yerləşdrməsi İranın milli təhlükəsizliyinə ən böyük təhlükədir. Çünki yaxın günlərdə gözlənilən İran-İsrail müharibəsində bu baza İranın əl-qolunu bağlamağa hesablanıb.

Aİ-nin və ABŞ-ın belə açıq ermənipərəstliyi Ermənistandakı revanşist qüvvələri daha da ruhlandırır, hayları böyük güclərin onların arxasında durması kimi illüziyalarla yaşamağa məcbur edir. Ona görə də birmənalı demək olar ki,  Aİ və ABŞ Ermənistanın bölgədə sabitliyi pozmasına görə ciddi məsuliyyət dayşıyrlar. Təbii ki,  həm ABŞ-ın, həm də Aİ-nin Ermənistanın əli ilə regionda münaqişə ocağı yaratmaq istəyi həmişə mövcud olub. Onlar bu gün də həmin çirkin siyasətlərindən əl çəkmək istəmirlər. Çünki onlar üçün Ermənstan kimi vassal, aciz bir ölkədən daha asan istifadə etməklə həm türk dünyasına, həm də İslam ölkələrinə qarşı işğalçı siyasət yürütmək daha asandır.

Elçin Zaman, "İki sahil"