13 avqust 2024 00:59
352

Kanadada qlobal anti-Azərbaycançı şəbəkələşmə

Geosiyasətin "yuyulmamış çömçələri"ndən biri olan xanım Melani Colinin arxasında kimlər dayanır?

Kanada Cənubi Qafqaz regionundan az qala on min kilometr məsafədə yerləşməsinə baxmayaraq, bölgədə aranı qarışdırmaqda davam edir. Azərbaycan torpaqlarını 30 ilə yaxın işğal altında saxlayan, soyqırımı cinayətləri törədən, mülki infrastrukturu məqsədyönlü şəkildə kütləvi surətdə dağıdan, mədəni irsimizi məhv edən, ətraf mühitimizə və biomüxtəlifliyə ziyan vuran Ermənistana hərtərəfli dəstək göstərməyi başqa cür izah etmək mümkün deyil. Kanadanın Erməni Milli Komitəsinin yaydığı məlumata görə, bu ölkənin xarici işlər naziri Melani Coli növbəti dəfə Azərbaycanın ünvanına qərəzli bəyanatla çıxış edib. Mənbənin ciddiliyi təbii ki, şübhə doğurur. Ancaq hər halda, Ermənistan mediasının da çaparaq tirajladığı xəbərdə bildirilir ki, M.Coli ölkəsinin Azərbaycana "təzyiqləri davam etdirdiyini" bəyan edib: "Kanada münaqişənin danışıqlar yolu, Helsinki prinsiplərinə hörmət əsasında həlli naminə Ermənistanla vicdanlı əməkdaşlıq üçün Azərbaycana təzyiqləri davam etdirir". Bu azmış kimi, Coli onu da əlavə edib ki, Kanada rəsmi Bakıdan Ermənistanın ərazi bütövlüyünə hörmət etməsini və erməni əsirləri azadlığa buraxmasını tələb edir. M.Coli müasir geosiyasətin tutduğu vəzifəsinə adekvat olmayan gülməli personajlarından növbətisidir. Almaniya XİN-in başçısı Angelina Berbok, yaxud Fransa Prezidenti Emmanuel Makronun sabiq birinci "diplomat"ı Katrin Kolonna kimi, o da Ermənistanla Azərbaycan arasındakı qarşıdurmanın tarixi barədə heç bir məlumatı olmadan məsuliyyətsiz bəyanatlarla yadda qalıb. Əks halda xanım Coli ərazi bütövlüyü və Helsinki prinsiplərinə istinad etməzdi.

Münaqişə bölgəsindən minlərlə kilometr aralıda yerləşən, Kvebek kimi separatizmə meyilli bölgəsi olan Kanadanın xarici işlər naziri ərazi bütövlüyündən danışırsa, yəqin məlumatı olmalıdır ki, bu prinsipə 30 il ərzində məhz Ermənistan riayət etməyib. Beynəlxalq hüququn əsas sütunlarından biri olan bu prinsipi qulaqardına vuran İrəvana bir dəfə olsun belə göz ağartmayan dövlətlərdən biri də elə Colinin təmsil etdiyi Kanada olub. Sülh naminə "vicdanlı" əməkdaşlıqdan danışan Colinin Ermənistanın əsas qanunundan xəbəri varmı? Əgər bir ölkənin konstitusiyasında digər dövlətin ərazi bütövlüyünə qarşı fetişləşdirilmiş iddia yer alırsa, hansı vicdan və ədalətdən söhbət gedə bilər?

Xatırladaq ki, M.Coli erməni diasporunun ötən il avqustun 18-20-də Monreal şəhərində keçirilən illik festivalında çıxış edərək Kanadanın Qarabağ erməniləri ilə bağlı məsələlərin həllində fəal rol oynayacağını bəyan etmişdi. “Ermənilər Artsaxda real təhlükə ilə üz-üzədir”, – deyən Coli erməni auditoriyasına bildirmiş və onun təmsil olunduğu hökumətin Cənubi Qafqazda baş verən proseslərə fəal şəkildə müdaxilə edəcəyinə eyham vurmuşdu. Nazirin çıxışında Qarabağı “Artsax” adlandırması, təbii ki, erməni diasporunun könlüncə olub. Kanada həm də Avropa İttifaqının Ermənistandakı missiyasına (EUMA) qoşulan yeganə qeyri-Avropa ölkəsidir. Yeri gəlmişkən, qeyd edək ki, missiyaya “töhfə verən” Avropa ölkələri Avstriya, Cənubi Kipr, Çexiya, Danimarka, Estoniya, Fransa, Almaniya, Litva, Lüksemburq, Niderland, Polşa, Portuqaliya, Rumıniya və İsveçdir.

Ümumiyyətlə, qeyd etdiyimiz kimi, Kanada son illərdə aktiv ermənipərəst siyasət yürüdür və kanadalıların Ermənistana dayaq açmaları da Paşinyanın iqtidara gəlişindən sonraya təsadüf edir. Məsələn, Robert Koçaryanın, Serjik Sarkisyanın hakimiyyətdə olduqları dövrdə Kanada–Ermənistan əlaqələri çox zəif idi. Əlaqələrin inkişaf etməsində, Kanadanın bugünkü ermənipərəstliyində Fransa amilinin mühüm rolu var. Məsələ ondadır ki, Kanada Millətlər Birliyinin (Böyük Britaniyanı və onun demək olar ki, bütün keçmiş dominionlarını, müstəmləkələrini və protektoratlarını özündə birləşdirən suveren dövlətlərin könüllü birliyi) üzvü olsa da, onun üzərində Fransanın da təsirləri var. Kanada ikidilli və multikultural bir ölkədir. Burada ingilis və fransız dilləri federal səviyyədə rəsmi dillər kimi tanınır. Fransızdilli əhalinin mütləq çoxluq üstünlük təşkil etdiyi əyalət Kvebekdir, qalan əyalətlər və ərazilər əsasən ingilisdillidir.

Bundan əlavə, Kanada nüvəsində Parisin dayandığı və fransız dilinin rəsmi dil olduğu, yaxud əhalisinin önəmli qisminin fransızca danışdığı, Fransa mədəniyyəti ilə tam və ya müəyyən bağlılığı olan ölkələri birləşdirən Beynəlxalq Frankofoniya Təşkilatının üzvüdür. Eyni zamanda, Ermənistan da həmin təşkilatda təmsil olunur. Ermənistan Beynəlxalq Frankofoniya Təşkilatının fransızdilli ölkə olmayan yeganə üzvüdür. Paşinyanın hakimiyyətə gəlişindən bir neçə ay sonra – 2018-ci ilin oktyabrında İrəvanda Frankofoniya Təşkilatının XVII sammiti keçirilmişdi. Sammitdə Kanadanın Baş naziri Castin Trüdo və Fransa Prezidenti Emmanuel Makron da iştirak etmişdilər. Kanada və Ermənistan baş nazirləri arasında yaxın dostluq əlaqələri mövcuddur. Bütün bu amillər Kanadanın ermənipərəst siyasət yürütməsində vacib rol oynayan faktorlardır.

Sevinc Azadi, “İki sahil”