10 avqust 2024 00:26
484

Azərbaycan və Mərkəzi Asiya ölkələri artan strateji əhəmiyyətə malik vahid tarixi-mədəni coğrafi regiondur

Dövlət başçısı İlham Əliyevin Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündə səsləndirdiyi bu fikir türk dünyasının birliyinin, həmrəyliyinin təqdimatıdır

Bu gün Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan yeri və rolu göz qabağındadır. Regionapl inkişafın aparıcı qüvvəsinə çevrilən Azərbaycan dünya siyasətində fəal mövqeyi ilə diqqətdədir. Ölkəmizin istər iki tərəfli, istərsə də çoxtərəfli çərçivədə əlaqələrinin qurulması və yeni prioritetlər üzrə inkişaf etdirilməsi diqqətdən kənarda qalmır. Tarixi Zəfərimizdən sonra intensivləşən səfərlər, bunların əsasında əlaqələr Azərbaycanın fəxri qonaq qismində qatıldığı tədbirlərin miqyasında da özünün aydın ifadəsini tapır. Bunun üçün Azərbaycanın ev sahibliyi etdiyi, fəxri qonaq qismində qatıldığı tədbirlərin say tərkibinə diqqət yetirmək kifayətdir. Son bir neçə ildə dövlət başçısı İlham Əliyevin Mərkəzi Asiya ölkələrində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin sammitlərində, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-cı Zirvə toplantısında, Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərində və digər tədbirlərdə iştirakı, eyni zamanda, BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının - SPECA-nın Zirvə görüşünün Azərbaycanda keçirilməsi ölkəmizə marağın əyani təcəssümüdür.

Türk dünyasının birliyi, həmrəyliyi Azərbaycanın çoxşaxəli xarici siyasətinin əsas tərkib hissələrindən biridir. Mərkəzi Asiya dövlətləri də yaxın dost, qardaş ölkə olan Azərbaycanla əlaqələrə böyük önəm verirlər. Türk Dövlətləri Təşkilatı, həmçinin quruma üzv dövlətlərin hər biri Azərbaycanın keçmiş münaqişə ilə bağlı haqlı mövqeyini hər zaman dəstəkləyib. Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə təşkilatda əməkdaşlığın mahiyyətcə yeni mərhələyə keçidi başlayıb. Cənubi Qafqazda yeni reallıqların yaranması Mərkəzi Asiya ilə əməkdaşlığın formatına da öz təsirini göstərib. Zəngəzur dəhlizinin açılması türk dövlətləri ilə tranzit əlaqələrinin inkişafına şərait yaradacaq, nəqliyyat sahəsində yeni layihələrin həyata keçirilməsinə imkan verəcək. Dövlət başçısı İlham Əliyev ötən il Astanada “Türk Əsri” çağırışı altında keçirilən Türk Dövlətləri Təşkilatının 10-cu yubiley Zirvə görüşündə bu statistik rəqəmi də açıqladı ki, Azərbaycan türk dövlətlərinin iqtisadiyyatına 20 milyard dollardan çox sərmayə qoyub. Bunun əsas hissəsi Türkiyəyə qoyulan sərmayədir. Birgə sərmayə fondlarının yaradılması prosesi başlamışdır. Azərbaycan-Özbəkistan İnvestisiya Fondu və Azərbaycan-Qırğızıstan İnkişaf Fondu yaradılıb. 

Onu da qeyd edək ki, Azərbaycan Türk Dövlətləri Təşkilatına sədrlik etdiyi dövrdə bu birliyin təmin edilməsi istiqamətində biri-birindən mühüm addımlar atdı. Təkcə koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinin gücləndirildiyi zamanlarda Azərbaycanın təşəbbüsü ilə təşkilatın Zirvə görüşü keçirildi. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, ötən ilin fevralında qardaş Türkiyədə baş verən dəhşətli zəlzələ böyük insan tələfatına, dağıntılara səbəb oldu. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2023-cü ilin martında Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçirildi. Qeyd edək ki, bu tədbirin Şuşada keçirilməsi nəzərdə tutulmuşdu. Lakin Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar Prezident İlham Əliyev qardaş ölkəyə dəstək məqsədilə Zirvə görüşünün Ankarada keçirilməsi təklifi ilə çıxış etdi. Digər iştirakçı ölkələrin rəhbərləri ilə razılaşdırıldıqdan sonra bununla bağlı müvafiq qərar qəbul olundu. Bu, bir daha Azərbaycan-Türkiyə qardaşlığının, türk dünyasında qarşılıqlı dəstəyin və hörmətin bariz nümunəsi kimi diqqətdə oldu. Bu ilin iyul ayında Qarabağın tacı olan Şuşa Türk Dövlətləri Təşkilatının qeyri-rəsm Zirvə görüşünə ev sahibliyi etdi. Dövlətimizin başçısı İlham Əliyev belə qeyri-rəsmi Zirvə görüşlərinin ildə bir dəfə keçirilməsi təşəbbüsünü irəli sürüb. Atılan hər bir addım, irəli sürülən təşəbbüs türk dünyasının birliyinə xidmət edir. Azərbaycan daim bu birlik üçün çalışmış və bu gün də davamlı addımları ilə diqqətdədir.

Dövlətimizin başçısı İlham Əliyev 7 fevralda keçirilən prezident seçkilərindən sonra andiçmə mərasimində söylədiyi «Bizim ailəmiz türk dünyasıdır. Biz özümüzü çox yaxşı hiss edirik. Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Bu, böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır. Bundan güclü birlik ola bilərmi? Əlbəttə ki, yox. Biz müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin. Buna biz ancaq birlikdə nail ola bilərik» fikirlərinin davamı olaraq bu günlərdə 2-ci Şuşa Qlobal Media Forumunda bir daha vurğuladı ki, Türk Dövlətləri Təşkilatının gələcək inkişafı ilə baxışlarım burada tamamilə aydındır. Bu təşkilatın çox böyük gələcəyi var. Təşkilatı daha yüksək pilləyə qaldırmaq üçün ortaq səylər lazımdır: «Coğrafiyamız çox böyükdür, təbii sərvətlər, nəqliyyat yolları, gənc və artan əhali - bütün bunları mən öz çıxışımda söylədim. Yəni, bütün bu amillər təşkilatımızın potensialını əyani şəkildə göstərir. Biz birliyi daha da gücləndirməklə Türk Dövlətləri Təşkilatını dünya miqyasında güc mərkəzinə çevirməliyik. Çünki bu gün bir neçə beynəlxalq təşkilat var. Bəziləri böhran içində, bəziləri tənəzzüldədir, Türk Dövlətləri Təşkilatı isə yüksəlişdədir. Bu yüksəliş rahat olmalıdır və buna ortaq səylərlə nail olacağıq… Qarabağ Zəfəri bir çox ünvanlara gözəl mesaj oldu. Gücümüz bir olanda dəmir yumruğumuz da ağır olur, daha möhkəm olur.»

Tarixi Zəfərimiz bu birliyin möhkəmləndirilməsində stimulverici amil oldu. Hər zaman qeyd etdiyimiz kimi, dünya 44 günlük İkinci Qarabağ müharibəsinin gedişi dövründə Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının fonunda bütün türk dünyasının birliyinin şahidinə çevrildi. Bu gün Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin, beynəlxalq təşkilatların sayı durmadan artır. Əvvəldə də qeyd etdiyimiz kimi, Azərbaycanın gələcək üçün xarici siyasətində prioriteti məlumdur – türk dünyası ilə münasibətlərin daha da inkişafı, bütün digər ölkələrlə bərabər və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin qurulması. Türk dünyası dedikdə, ilk növbədə, Mərkəzi Asiya ölkələri yada düşür. Çünki Şərqdən Qərbə uzanan türk dünyası dövlətlərinin əksəriyyəti məhz bu regionda yerləşir. Şanlı Qələbəmizdən sonra genişmiqyaslı bərpa-qurculuq işlərinə başlayan Azərbaycan bu prosesdə dost ölkələrin də iştirakına böyük önəm veridyini bildirdi. Təbii ki, bu, Azərbaycanın münasibətdə səmimiyyətə, dostluğa, qardaşlığa, qarşılıqlı etimada sökəndiyini bir daha təsdiqlədi.

Münasibətlərin inkişafında qarşılıqlı səfərlər, imzalanan sənədlər xüsusi əhəmiyyət kəsb edir. Avqustun 8-də dövlət başçısı İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündə iştirak etmək üçün Qazaxıstana səfərə etdi. Cənab İlham Əliyev həmin görüşdəki çıxışında bu məqamlara xüsusi diqqət yönəltdi. Mərkəzi Asiya Dövlət Başçılarının görüşündə fəxri qonaq qismində iştirak üçün dəvətə görə Qazaxıstan Prezidentinə təşəkkürünü bildirən dövlətimizin başçısı qeyd etdi ki, ötən il Tacikistan Prezidenti Emoməli Rəhmonun dəvəti ilə Düşənbədə keçirilən Sammitdə iştirak edib. Azərbaycanın bu görüşlərə dəvət olunması ölkələrimiz arasında mövcud dostluq, qardaşlıq münasibətlərindən və inkişaf etməkdə olan əməkdaşlıqdan xəbər verir. Bu, son iki ildə cənab İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə 16-cı səfəridir. Həmin müddətdə Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan prezdientləri ölkəmizə ümumilikdə 15 dəfə səfər ediblər. Azərbaycan və Mərkəzi Asiya ölkələri artan strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur. Xalqlarımızı çoxəsrlik tarix, mədəniyyət, din və ortaq dəyərlər birləşdirir.

Cənab İlham Əliyevin elə bir səfəri, çıxışı yoxdur ki, diqqəti artıq tarixə qovuşan Qarabağ münaqişəsinə, 30 illik işğal dövründə ermənilərin torpaqlarımızda törətdikləri vəhşiliklərə yönəltməsin. Dövlətimizin başçısı sözügedən çıxışında da bildirdi ki, Ermənistan tərəfindən təxminən 30 illik işğal dövründə bu ərazilərdə 9 şəhər və yüzlərlə yaşayış məntəqəsi məhv edilib. İşğaldan azad olunmuş ərazilərdə hazırda genişmiqyaslı bərpa işləri aparılır və keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı davam edir. Ermənistanın işğalından azad edilmiş Qarabağın bərpasına dəstək qardaşlıq münasibətlərimizin təzahürlərindən biridir. Ötən il Füzuli şəhərində Özbəkistanın hədiyyəsi olan Mirzə Uluqbəy adına orta məktəbin, bu il isə Qazaxıstanın hədiyyəsi olan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışı oldu. Yeni təhsil kompleksi üçün Kurmanqazı adının seçilməsi də təsadüfi deyil. Görkəmli musiqiçinin əfsanəvi əsərləri bütün türk dünyasının mirasına çevrilib. Mərkəzin yaradılması Azərbaycan və Qazaxıstan arasında ikitərəfli münasibətlərin daha da möhkəmlənməsinə, gənclərin keyfiyyətli təhsilinə, regionda yaradıcılığın, idmanın və elmin inkişafına töhfə vermək məqsədi daşıyır. Həmçinin bu il Ağdam rayonunda Qırğızıstanın hədiyyəsi olan orta məktəb binasının təməlqoyma mərasimi keçirildi. Cənab İlham Əliyev qardaşlıq dəstəyinə görə Özbəkistan, Qazaxıstan və Qırğızıstan prezidentlərinə təşəkkürünü bildirdi.

Qeyd edək ki, bu ilin martında Prezident İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasimində dövlətimizin başçısı bildirdi ki, bu, təkcə Uşaq Yaradıcılıq Mərkəzi deyil, həm də Qazaxıstan ilə Azərbaycan arasında dostluq və qardaşlıq mərkəzi olacaq. Hər bir belə layihə Azərbaycan xalqının qəlbini riqqətə gətirir. Çünki 30 il ərzində bu balaca uşaqların valideynləri, babaları və nənələri bir arzu ilə - öz torpaqlarına qayıtmaq arzusu ilə yaşayıblar. Onlar qayıtdıqda dağıdılmış, yerlə-yeksan edilmiş Qarabağı gördülər. Əlbəttə, çox acı hisslər yaşadılar. Bu qayıdışın ağrılı-acılı və eyni zamanda, sevinc hissləri bir-birinə qarışmışdı. İndi qardaş Qazaxıstanın köməyi ilə Füzulidə çox gözəl Uşaq Yaradıcılıq Mərkəzi açılır. Bu, azərbaycanlıların, burada yaşayanların və yaşamayanların, buraya gələn və bu gözəl binanı görən hər kəsin yaddaşında qalacaq. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev dövlətlərimiz arasında əməkdaşlığın gələcəyinə böyük nikbinliklə baxdığını, Yaradıcılıq Mərkəzinin ölkələrimiz arasında rifahın, bütün əlaqələrin, hərtərəfli münasibətlərin möhkəmləndirilməsinə töhfə olacağını bildirdi.

Dövlətimizin başçısı İlham Əliyev hələ 2022-ci ildə Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündə türk dünyasına bu çağırışı etmişdi ki, bir-birimizin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməliyik. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığımızı fəallaşdırmalıyıq. Cənab İlham Əliyev ilə Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündə yenidən bu məsələyə diqqəti yönəldərək bildirdi ki, dünyada artan təhdid və çağırışlar ölkələrimiz arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın daha da gücləndirilməsini tələb edir. Bu xüsusda, ötən ay Qazaxıstanda keçirilmiş və Azərbaycanın da iştirak etdiyi “Birləşdik-2024” beynəlxalq əməliyyat-taktiki komanda-qərargah təlimi xüsusi qeyd edildi. Azərbaycanın hərbi təhsil müəssisələrində Mərkəzi Asiya ölkələrindən olan müdavimlərin təhsil almaları bu sahədə münasibətlərin inkişafının göstəricisidir.

Hazırkı dövrün əsas çağırışı bərpaolunan enerji mənbələrinə investisiyaların yatırlıması və bu sahədə əməkdaşlıq əlaqələrinin genişləndirilməsidir. Azərbaycanın mövcud potensialı bu əməkdaşlığın dərinləşməsinə geniş imkanlar açır. Onu da qeyd edək ki, Azərbaycan bərpaolunan enerji sahəsində də Mərkəzi Asiya ölkələri ilə sıx əməkdaşlıqda maraqlıdır. Bu ilin may ayında imzalanmış “Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin birləşdirilməsi üzrə Əməkdaşlıq Memorandumu” yaşıl enerji sahəsində əməkdaşlığımızda ilk addımdır.

Mərkəzi Asiya ölkələri arasında qarşılıqlı fəaliyyətin mühüm istiqamətlərindən biri də nəqliyyat-tranzit sahəsində əməkdaşlıqdır. Bakı-Tbilisi-Qars dəmir yolunun yükaşırma qabiliyyətinin 1 milyon tondan 5 milyon tonadək artırılması, Ələt Beynəlxalq Ticarət Limanının illik ötürücülük qabiliyyətinin 15 milyon tondan 25 milyon tonadək artırılması istiqamətində görülmüş işlər, Xəzər dənizində Azərbaycanın ticarət donanması üçün yeni gəmilərin sifariş edilməsi, eləcə də Mərkəzi Asiya ölkələrində infrastruktur layihələrinin həyata keçirilməsi Orta Dəhlizin praktiki cəhətdən önəmini daha da artırır. Dövlət başçısı İlham Əliyev bildirdi ki, Qazaxıstan, Qırğızıstan və Özbəkistan ilə fəal şəkildə investisiya layihələri həyata keçirilir. Artıq Azərbaycan-Qazaxıstan, Azərbaycan-Qırğızıstan və Azərbaycan-Özbəkistan birgə investisiya fondları yaradılıb. Həyata keçirilən “Rəqəmsal İpək Yolu” layihəsi rəqəmsal infrastrukturun inkişafına və rəqəmsal təhlükəsizliyə töhfə verəcək.

Günümüzün əsas müzakirə mövzularından biri Azərbaycanın bu ilin noyabr ayında mötəbər tədbirə-COP29-a ev sahibliyidir. Dövlət başçısı İlham Əliyev bütün çıxışlarında bu mühüm hadisəyə diqqət yönəldərək Azərbaycanın belə bir mötəbər tədbirə ev sahibliyini şərtləndirən amilləri açıqlayır. Reallıq budur ki, Azərbaycan iqlim dəyişmələrinin yaratdıcı probemlərə qarşı mübarizəyə töhfələri ilə diqqədədir. Hər zaman beynəlxalq həmrəyliyin gücləndirilməsinə səy göstərir. Cari ilin ölkəmizdə "Yaşıl dünya naminə həmrəylik ili» elan edilməsi də bunun bariz nümunəsidir. COP29 gələcək əməkdaşlıq üçün geniş imkanlar yaradacaq. Bu tədbir ölkəmizin malik olduğu imkanların təqdimatında öz sözünü deyəcək. Hər zaman vurğulandığı kimi, keçirilən tədbirlər mahiyyəti ilə yanaşı, məkan baxımından da xüsusi diqqətdə olur. Azərbaycan istər ev sahibliyi etdiyi, istərsə də fəxri qonaq qismində qatıldığı tədbirlər baxımından daha çox diqqət yönəldilən ölkədir. Təbii ki, buna əsas verən inrkişafın Azərbaycanın modelinin mövcudluğudur. Azərbaycan beynəlxalq ictimaiyyətin yekdil dəstəyini qazanaraq COP29 iqlim konfransına ev sahibliyi etməsi də özündə bütün məqamları ehtiva edir. Azərbaycan COP29-a sədrliyi çərçivəsində regionumuzda iqlim dəyişmələri ilə bağlı problemlərin həlli üçün Mərkəzi Asiya ölkələri ilə birgə təşəbbüsləri dəstəkləməyə hazırdır.

Azərbaycanın xarici siyasət uğurları belə bir ümumiləşdirməyə əsas verir ki, dövlətimizin başçısının şəxsi nüfuzu, yürütdüyü uzaqgörən və müdrik siyasət, qazanılan uğurlar sayəsində bu gün Azərbaycan beynəlxalq proseslərə istiqamət verən, yeni və uğurlu təşəbbüslərlə çıxış edən, öz sözünü deyən ölkəyə çevrilib. Ölkəmizin sədrlik etdiyi Qoşulmama Hərəkatında, həmçinin Türk Dövlətləri Təşkilatında, İslam Əməkdaşlıq Təşkilatında, İqtisadi Əməkdaşlıq Təşkilatında və digər qurumlarda aktiv fəaliyyəti onun qlobal miqyasda cərəyan edən proseslərə təsir imkanlarını genişləndirib. Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əlaqələrin böyük perspektivləri mövcuddur. Bu gün Avropanın enerji təhlükəsizliyinə ciddi töhfələr verən Azərbaycan Şərqlə Qərb arasında, o cümlədən Mərkəzi Asiya ölkələri üçün mühüm tranzit ölkə və etibarlı tərəfdaşdır. Azərbaycanın xarici siyasətinin prinsiplərinin dəyişməzliyi onun yeni əməkdaşlıq körpüləri qurmasında stimulverici amildir. Azərbaycan daim əməkdaşlıq məkanı, sabitləşdirici, birləşdirici aktor kimi tanınır, nüfuz qazanır. Ədalətə və beynəlxalq hüquqa söykənən, qarşılıqlı etimada əsaslanan siyasətin uğurları davamlıdır.

Yeganə Əliyeva, «İki sahil»