10 avqust 2024 00:42
462

«Valday»dan başlayıb Xankəndidə uğurla nəticələnən Lider qətiyyəti

Soçidə keçirilən «Valday» Beynəlxalq Diskussiya Klubunun Forumunda Ermənistanın baş naziri Nikol Paşinyanın «nöqtə»sinə «Belələiklə, Qarabağ Azərbaycandır və nida işarəsi» müdrik kəlamı ilə cavab verib erməni yalanlarını ifşa edən, işğaldan azad olunan şəhər və kəndlərimizdə, strateji yüksəkliklərdə Azərbaycan Bayrağını qürurla dalğalandıran Prezident İlham Əliyevin daim səsləndirdiyi «Dəmir yumruq yerindədir!» xəbərdarlığını Ermənistan və havadarları unutmasınlar

İkinci Qarabağ müharibəsində Ermənistana havadarlıq edən «üç müşketyor» kimi yenidən zühur edən ABŞ-ın, Fransanın, Avropa İttifaqının Cənubi Qafqazda möhkəmlənmək naminə yeritdikləri beynəlxalq hüquqa zidd siyasətləri, qeyri-qanuni müdaxilələri bölgədə müharibə riskini daha da artırır. 44 gün davam edən İkinci Qarabağ müharibəsində Ermənistana «sahib çıxa bilməyənlərin», «humanitar yardım» adı ilə rəsmi İrəvana hərbi texnikalar, silah-sursatlar göndərənlərin cəhdlərinin heç bir nəticə verməyəcəyini isbatlamq üçün bəzi məqamları yenidən xatırlayaq.

Siyasi savadı, etikası olmayan Ermənistanın baş naziri Nikol Paşinyanın adı çəkilən «Valday» Forumu sərsəmləməsinə dünyada böyük nüfuz sahibi olan Prezident İlham Əliyevin «Həmçinin Ermənistan baş nazirinin təəccüb doğuran bəyanatına toxunmaq istərdim. Bu bəyanat təkcə Azərbaycanda təəccüblə qarşılanmayıb, ona Rusiya Federasiyası tərəfindən də «Valday» forumu çərçivəsində müvafiq cavab verilib. Beləliklə, bəyanat sözbəsöz belədir: «Qarabağ Ermənistanın bir hissəsidir və nöqtə.» Birincisi, yumşaq desək, bu, yalandır. Dünya tərəfindən həm Aran, həm də Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi tanınıb. Ermənistan özü də bu qanunsuz qurumu tanımır. Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi» sözləri nüfuzlu siyasətçilər, dövlət başçıları tərəfindən maraqla qarşılandı. Dövlət başçımıza beynəlxalq səviyyədə hörmət və ehtiram cənab İlham Əliyevin işğaldan azad edilən torpaqlarımızdan xalqa etdiyi müraciətlərə artan maraqda da hiss olunur. Strateji yüsəkliklərdə qürurla dalğalanan üçrəngli Bayrağımıza qısqanclıqla baxan, Zəfərimizi dəstəklədikləri hayların məhvi kimi qəbul etmək istəməyənlərin Ermənistanda göbələk kimi yenidən baş qaldırmaları perronu tərk edən qatarın dalınca baxaraq köks ötürülməsidir. 2020-ci ilin sentyabrın 27-də başlayan, 44 gün davam edən İkinci Qarabağ müharibəsinin xronologiyasına, dövlət başçımızın aforizmə çevrilən müraciətlərindəki, çıxışlarındakı bəzi məqamlara qısa nəzər salaq.

Prezident İlham Əliyev düşmənin çox böyük canlı qüvvəsinin yerləşdirdiyi Talış kəndinin və Suqovuşan qəsəbəsinin işğaldan azad olunmasının əhəmiyyətini qeyd etməklə, Ermənistanın keçmiş və indiki rəhbərliyinə ciddi mesajlarını da çatdırdı. Suqovuşan su anbarından istifadə edərək 30 ildən sonra Tərtər və digər rayonlara su verildi. Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında mövcud olan su ehtiyatlarının səmərəli şəkildə istifadəsi ilə bağlı konkret addımlar atıldı. Bir sözlə, işğaldan azad edilmiş ərazilərin bərpasına Suqovuşandan xeyir-dua verildi. Xalqımızda belə bir ümid yarandı ki, əvvəllər hərbi nöqteyi-nəzərdən götürülməsi demək olar ki, mümkünsüz sayılan Talış və Suqovuşan Azərbaycan Ordusu tərəfindən azad edilibsə, demək Silahlı Qüvvələrimizin Qələbə salnaməsi davam edəcək. Həmin müddətdə Ermənistan ordusunda sayı 10 mini ötən fərarilərin sayının artması bu əminliyin qarantı idi. «Fərarilər» arasında Xankəndidən qaçan Ermənistanın keçmiş prezidenti, «Xocalıya qədər azərbaycanlılar elə düşünürdülər ki, bizimlə zarafat etmək olar. Onlara elə gəlirdi ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməzlər. Biz bu stereotipi qırmalı idik» söyləyən Serjik Sarkisyanın da olması hayların «siyasi, iqtisadi, hərbi» qüdrətinin ifadəsi idi.

«Bu yaxınlarda mənə verilən məlumata görə, o, haradasa Azərbaycan haqqında, Ulu Öndər haqqında öz səviyyəsinə uyğun çirkin sözlər ifadə etmişdir. Birinci fərari elə odur. Çünki o, müharibə zamanı Xankəndiyə soxulmuşdu, guya orada hansısa işlər görəcək. Amma görəndə ki, Azərbaycan Ordusu artıq gəlir və onun qulağından tutub Bakıya gətirə bilər, qorxaqcasına oradan fərari kimi qaçmışdır. Mən ona Serjik Sarkisyan ona görə demirəm ki, onu alçaltmaq istəyirəm, ona görə ki, bu, onun əsl adı və soyadıdır. Bizim arxivlərimizdə bu məlumatlar var. Onun «metirkası»nda, yəni, doğum haqqında şəhadətnaməsində, onun komsomol biletində Sarkisyan Serjik yazılıbdır. Sonra bunu edib Sarkisyan Serj. Guya «Serj», necə deyərlər, məqbul bir addır» sözləri ilə Ermənistanı korrupsioner dövlət çevirən, hərbi cinayətkar, Xocalı soyqırımının iştirakçısı, uşaq qatili Serjikə mesajını da göndərdi.

«Bax, mən burada dayanmışam. Sənin «Madagiz» adlandırdığın Suqovuşanda dayanmışam. Kişiliyin varsa, gəl buraya. Yoxsa orada - İrəvanda oturub banlamaqla özündən qəhrəman düzəldə bilməzsən… Bu gün İrəvanda oturub, öz çirkin ağzını açıb mənim atamın haqqında söz demək ona çox baha başa gələr. Artıq onun qulağından tutub dartmağımıza az qalmışdı… Odur ki, bir də deyirəm, bax, mən buradayam, Suqovuşandayam, mən Şuşadayam, mən Hadrutdayam, mən Xocavənddəyəm, hər yerdəyəm. Siz haradasınız?! Cəhənnəmdə, gorbagor statusla bir yerdə. Vəssalam, qurtardı, bitdi.»
 söyləyən Ali Baş Komandan İlham Əliyev Paşinyana və bütün haylara onu da xatırlatdı ki, ağlınızı yığın başınıza. Dəmir yumruq buradadır, heç yerə getməyib, yerindədir.

İkinci Qarabağ müharibəsindən sonra Rusiya, Azərbaycan və Ermənistan arasında razılaşdırılan Bəyanatı hansısa qapalı bir yerdə, kameralardan uzaq bir yerdə qorxaqcasına, namərdcəsinə, eyni zamanda öz xoşuna deyil, dəmir yumruğun hesabına imzalayan Ermənistanın baş naziri Nikol Paşinyan o vaxt da indi quyruğunda dolandığı Avropa İttifaqına, ABŞ-a, Fransaya bel bağlayırdı. Şuşa şəhərinin Cıdır düzündə sərxoş vəziyyətdə rəqs edən Paşinyanın ağlına belə gəlməzdi ki, gün gələcək, cəzasını alacaq, siçan kimi gizlənib kapitulyasiya aktını ağlaya-ağlaya imzalayacaq.

Noyabrın 8-də Şuşanın azad edilməsi ilə əlaqədar « Xalqımı aldatmaq istəmirdim, heç vaxt aldatmamışam və aldatmayacağam. Azərbaycan xalqı bunu bilir. Mən müharibədən əvvəl deyəndə ki, mən bilirəm nəyi nə vaxt etmək lazımdır, əminəm ki, xalqımızın mütləq əksəriyyəti başa düşürdü mən nəyi nəzərdə tuturam və səbirlə bu günü gözləyirdi, mənə inanırdı, Prezident kimi, Ali Baş Komandan kimi inanırdı, gözləyirdi və bu gün gəldi. Dedik yetər artıq, bu əsarət yetər!» sözləri ilə xalqa müraciət edən Prezident İlham Əliyev əmin idi ki, özləri donuz olduğu kimi, məscidlərimizdə donuz saxlayanların şıltaqlığına Azərbaycan xalqı dözməyəcək : « Bax belə. Heç kim bizimlə zarafat edə bilməz. Heç kim Azərbaycan xalqının səbri ilə oynaya bilməz. Heç kim bizi təhqir edə bilməz. Edərsən, dərsini alarsan. Necə ki, dərsini vermişik… Biz imzamıza hörmətlə yanaşırıq. Qarşı tərəf də dayanmalıdır. Çünki dayanmasa, biz də dayanmayacağıq.»

Görünür hələ də başqalarından imdad gözləyən Paşinyanın siyasi təcrübəsi, kif basmış zəkası bu sözləri dərk etmək səviyyəsində deyil. Hələ də el arasında dillər əzbəri olan dövlət başçımızın «Nə oldu Paşinyan!» sözündən nəticə çıxarmayan Nikolun Cəbrayıla çəkdirmək istədiyi yol layihəsini indi Azərbaycanın inşaatçıları icra edir. Dövlət başçımızın «Cəhənnəmə getdi status, gora getdi status, gorbagor oldu status, yoxdur status və olmayacaq. Nə qədər ki, mən Prezidentəm, olmayacaq» sözləri təqaüdə göndərilmiş Minsk qrupunu diriltmək, erməniləri Qarabağa köçürmək istəyən amerikalı, avropalı Şeyx Nəsrullahlara cavabdır.

Təcrübə göstərdi ki, Ermənistan kimi onun havadarları da qələbə əzmini ortaya qoyan Azərbaycan xalqının iradəsi, Silahlı Qüvvələrimizin rəşadəti qarşısında diz çökməyə məhkumdur.

Məlum üçtərəfli Bəyanatın imzalanmasının əsas səbəbi Şuşanın işğaldan azad edilməsi oldu. «Biz Şuşaya qayıtdıq, biz Şuşanı qaytardıq, biz Şuşada yaşayacağıq və işğaldan azad edilmiş digər bütün torpaqlarda həyat qaynayacaq. İnsanlar o torpaqlara qayıdacaq, orada yaşayacaq, insanlarımızın 30 illik həsrətinə son qoyulur» sözlərini qısa müddətdə gerçəkləşdirən Prezident İlham Əliyev varisliyə sadiqliyini bu sözlərlə ifadə etdi: «2020-ci il 8 noyabr tarixdə əbədi qalacaq. O gün mənə, bax, bu meydandan Şuşanın azadlığı ilə bağlı hərbi raport veriləndən sonra, bu binanın üstünə Bayrağımız qaldırılandan sonra atamın məzarını ziyarət etdim və ürəyimdə dedim ki, «Tapşırıq yerinə yetirildi. Məruzə edir Ali Baş Komandan İlham Əliyev! Ondan sonra Şəhidlər xiyabanını ziyarət etdim, şəhidlərimizin ruhu qarşısında baş əydim, ürəyimdə dedim ki, qanınız yerdə qalmadı.»

Artıq Şuşa təkcə İslam Mədəniyyətinin Paytaxtı deyil, bütün dünya ictimaiyyətinin diqqət mərkəzində olan qədim yurd yeridir. Böyük Qayıdış Proqramına əsasən işğaldan azad edilmiş ərazilərdə davam etdirilən bərpa- quruculuq işlərinin əsasən Şuşada aparılması təsadüfi deyil. Artıq şuşalılar mərhələlər üzrə doğma torpaqlarına qayıdırlar. Bu qədim mədəniyyət paytaxtında təşkil edilən beynəlxalq əhəmyyətli konfranslarda, musiqi bayramlarında, keçirilən görüşlərdə iştirak edən qonaqlar şəhərin gözəlliyinə heyran olmaqla qısa müddətdə həyata keçirilən yenilikləri heyrətlə izləyirlər.

Kəlbəcərin, Laçının işğaldan azad edilməsi, Laçında sərhəd –buraxılış məntəqəsinin açılması isə erməni separatçılarına ciddi qulaqburması oldu. «Qarabağ Azərbaycandır və nida işarəsi!» ifadəsi artıq Azərbaycan xalqının Qələbə rəmzinə çevrilib. Bu gün hər bir azərbaycanlı böyük qürur hissi ilə deyə bilər ki, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Ağdam, Laçın, Kəlbəcər, Şuşa, Xankəndi… bütün Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Prezidenti İlham Əliyevin Xocalı şəhərində Soyqırımı Memorialının təməlini qoyması, 32 ildən sonra burada Xocalı qurbanlarının xatirəsinin yad edilməsi bu qanlı cinayəti törədənlərin ədalət qarşısında vicdan məhkəməsi idi. Dövlət başçımızın daimi tezisi bu idi ki, Xocalısız, Xankəndisiz bizim işimiz yarımçıq qalardı. Xocalı da daxil olmaqla Qarabağda aparılan anttiterror tədbirləri ilə separatizmin kökünü kəsən Silahlı Qüvvələrimiz, təhlükəsizlik orqanlarımızın əməkdaşları xalqımızın «Xocalıya ədalət!» tələbini kökündən həll etdi. Günahsız Xocalı qurbanlarının qisası döyüş meydanında alındı. Hazırda Azərbaycan Bayrağı qaldırılan bu şəhərdə genişmiqyaslı abadlıq işləri aparılır. Xocalıda, Xankəndidə, Malıbəylidə, Kərkicahanda, Şuşanın kəndlərində həyat yenidən canlanır. «Ermənistan və onun havadarları hesab edirdilər ki, onları heç kim cəzalandırmayacaq. Onlar səhv etmişdilər, bu gün də səhv edirlər. Yeni yiyə axtarışında olan, onun-bunun qucağına sığınan Ermənistan bilməlidir ki, yeganə yol Azərbaycanın bütün şərtlərini qəbul etmək və Azərbaycana qarşı ərazi iddialarından əl çəkməkdir» söyləyən dövlət başçımız İlham Əliyevin vurğuladığı kimi, illər keçsə belə Xocalı dəhşətləri unudulmayacaq: «Bu gün isə biz buradayıq, burada olmağımız tarixi ədalətin tam bərpası deməkdir.»

Xocalı son olmadı. Xankəndidə Azərbaycanın Dövlət Bayrağının ucaldılması ilə Ermənistana dünya xəritəsində nöqtə boyda yeri göstərildi. Bu şəhərdə alovlanan Novruz tonqalı, keçirilən futbol yarışı Paşinyanın başqalarına rəva bildiyi «nöqtə»yə «nida»lı cavab oldu. İlk dəfə respublikaya rəhbərliyə başlayanda and içən, torpaqlarımızın işğaldan azad edilməsi üçün hədəflərə doğru inamla addımlayan, Azərbaycan xalqının gözlədiyi sevinci insanlara yaşadan Prezident İlham Əliyev illərdən bəri görülən işlərin hesabatını da verdi: «Bu illər ərzində Azərbaycan gücləndi, Azərbaycan dünya miqyasında özünə layiq yerini tuta bildi. Artıq Azərbaycanla dünyada hesablaşırlar. Ölkəmizin mövqeyi, dövlətimizin addımları nəinki bölgədə, daha da böyük coğrafiyada böyük məna daşıyır. Bir çox hallarda Azərbaycan önəmli təşəbbüslərin müəllifidir. Biz bu illər ərzində Ermənistan-Azərbaycan münaqişəsini həll etmək üçün güclü bir siyasi və hüquqi zəmin yaratdıq.»

Artıq bütün dünya bir həqiqətin şahididir: Azərbaycan xalqı Ermənistandakı kimi şərti deyil, hüquqi, müstəqil, qüdrətli dövlətin vətəndaşlarıdır. Bu sevinci onlara yaşadan dövlət başçımız ölkəmizi güclü iqtisadiyyat, sosial rifah, qüdrətli ordu prinsipləri əsasında vəhdətdə inkişaf etdirdi. Dünyada yaşayan 50 milyona yaxın soydaşımızın qürur mənbəyi olan Silahlı Qüvvələrimizin rəşadəti, əbədi borclu olduğumuz şəhidlərimizin tökülən qanları bahasına Bayrağımız Xankəndidə dalğalanır. «Mən dəfələrlə deyirdim ki, biz heç vaxt bu vəziyyətlə barışmayacağıq, heç vaxt imkan verməyəcəyik ki, bizim torpağımızda ikinci erməni dövləti yaradılsın» sözlərinini əminliyini reallaşdıran Ali Baş Komandan İlham Əliyevin dünya azərbaycanlılarının arzusunun ifadə olunduğu «İstədiyimiz isə bax, burada dalğalanan Azərbaycan Bayrağıdır» sözləri daimi qürur mənbəyimizdir. Xankəndinin mərkəzində dalğalanan Azərbaycan Gerbi, Azərbaycan Bayrağı Ermənistana və havadarlarına əbədilik dərsdir. Xalqımıza qarşı etnik təmizləmə siyasəti məhz buradan başlamışdı. Azərbaycanın xilaskarı Ulu Öndər Heydər Əliyev Sov, İKP. MK Siyasi Bürosunun üzvlüyündən və SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsindən istefa verdikdən sonra əl-ayaq açan, sovetlər dövründə belə Fransada «Dağlıq Qarabağın müstəqilliyi» ilə bağlı məsələ qaldıran separatçılar bu gün eyni koordinatla hərəkət etmək istəsələr də, mənfur niyyətlərini reallaşdırmaları mümkün deyil. Artıq gorbagor olmuş separatçıların özünü «xarici işlər naziri» adlandıran təlxəyinin sayıqlamasını xatırlayaq: «Azərbaycan Bayrağını Xankəndidə qaldırmaq istəyirsə, səfirlik açsın bizim ölkəmizdə.» Tarix bu torpaqların əsl sahibinin kim olduğunu, Azərbaycan Bayrağının daldağalanacağı yeri ədaləti, hökmü ilə sübut etdi. «Dəmir yumruq»un məntiqi nəticəsi olan «Qarabağ Azərbaycandır!» sözləri bütün dünya ictimaiyyəti tərəfindən qəbul edilir.»

Verdiyi bütün vədləri yerinə yetirən Prezident İlham Əliyevin qətiyyətli siyasəti, reallığı əks etdirən sözləri Ermənistanda baş qaldıran revanşistlərə, haylara dəstək olan Fransaya, ABŞ-a, Avropa İttifaqına daha ciddi mesaj, rəsmi İrəvana ayrılan «yardım paketi»ndə nəzərdə tutulan bütün silahlardan kəsərli, ədalətlidir: «Mən qürur hissi ilə Azərbaycan Bayrağını bu gün qaldırmışam və doğma xalqıma bir daha demək istəyirəm ki, biz bu Qələbəyə layiqik. Azərbaycan xalqı bu Qələbəni öz qanı, canı bahasına əldə etmişdir. Bu gün burada qaldırdığım Bayraq burada əbədi dalğalanacaq və biz burada əbədi yaşayacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!»

Xuraman İsmayılqızı, «İki sahil»