10 avqust 2024 01:27
482

Qərbin parası Hayastan üçün xilas yoludurmu?

Qərb, həmçinin ABŞ Ermənistanı yalnız silah-sursatla silahlandırmaqla kifayətlənmir. Qərb siyasi dairələri yaxşı başa düşürlər ki, Ermənistanı şirnikləndirməyin bir yolu da maddi yardımdır. Elə bu niyyətlə  təcavüzkar ölkəya maddi yardımını da əsirgəmirlər. Belə ki, Avropa İttifaqının (Aİ) Sülh Fondu Ermənistana hərbi xarakterli 10 milyon avro həcmində yardım ayırıb. Ermənistan–Azər­baycan şərti sərhədində kəşfiyyat xa­rakterli “mülki missiya” adı altında “durbin diplomatiyası” ilə məşğul olan  Aİ isə Ermənistana 270 milyon avro məbləğində qrant yardımı göstərəcək. Bu yandan da  ABŞ Se­natı İrəvana 65 milyon dollar həcmində vəsait  ayırmaq məqsədilə 2025-ci maliyyə ili üçün “Xarici Əməliyyatlar haqqında” qanun la­yihəsini təsdiqləyib. Bu günlərdə isə Ermənistanla Avrasiya İnkişaf Bankı arasında daha bir kredit sazişi imzalanıb ki, bu sənədə əsasən Bankın Avrasiya Sabitləşdirmə və İnkişaf Fondundan təcavüzkar ölkəyə 100 milyon dollar ayrılacaq. Yardım “yarış”ından Fransa da geri qalmaq istəmir. Bu dövlət Ermənistana 75 milyon avro kredit verəcək. Guya həmin vəsaitlər islahatlar və Avratlantik in­teqrasiya istiqamətində istifadə olunacaq. Amma kimsə  zəmanət vermir ki, Ermənistan bu vəsaitləri  təyinatı üzrə xərcləyəcək, yoxsa silahlanmaya yönəldəcək.

Bəli, Qərb, o cümlədən ABŞ təcavüzkar ölkəni maliyyələşdirməkdə, obrazlı şəkildə desək, başına  şabaş  yağdırmaqadır. Şübhəsiz, bu “səxavət”in arxasında  Qərbin  öz maraqları dayanır.  Belə ki,  Qərb Ermənistanın əli ilə Cənubi Qafqazda Rusiyanı sıxışdırmaqla bölgədə möhkəmlənmək naminə belə addımlar atır. Elə bu kimi səbəblərdən  həmin vəsaitlərin  hansı istiqamətlər üzrə xərclənəcəyi Qərbi əsla narahat etmir. Şübhəsiz, bütün bunlar ərazilərimizin bir hissəsini 30 ilə yaxın dövrdə işğal altında saxlayan, bu gün də ərazi  iddialarından əl çəkməyən Ermənistanın hərbi potensialını gücləndirməyə, işğalçı ölkənin silahlı qüvvələrində modernləşdirmə aparmağa, yəni yeni silahların alınmasına və bölgədə destruktiv fəaliyyətinə yönəldilib. Hazırda görünən odur ki, Ermənistan elə bu kimi yardımlara arxayınlaşaraq sülhdən uzaqlaşmaq məqsədilə sözün həqiqi mənasında dəridən-qabıqdan çıxmaqda davam edir. Amma çifayda.  Ermənistan rəhbərliyi nə qədər sülhdən dəm vursa da, əsl niyyət başqadır. Digər tərəfdən, Qərbin bu kimi addımları  Ermənistandakı separat­çı-revanşist qüvvələri şirnikləndirir. Elə son günlər şərti sərhəddəki təxribatlar da bunu bir daha təsdiq edir.       

Amma nədənsə Qərb hələ də dərk etmir ki, bu gün Ermənistanın silahdan, puldan daha çox sülhə ehtiyacı var. O, xilas yolunu Qərbdə, o cümlədən Amerikada deyil, qonşularla xoş münasibətlərdə, Azərbaycan və Türkiyə ilə əlaqələrin qurulmasında tapmalıdır. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə Ermənistan üçün yol xəritəsi hesab olunacaq təkliflərlə çıxış edib. Təəssüf ki, Qərb dairələri  qətiyyən Cənubi Qafqazda əmin-amanlığın, sülhün bərpa olunmasını qəbul etmək istəmirlər. Əksinə, onlar sülh münasibətlərinin formalaşmasını özlərinin neoimperialist maraqlarına zərbə kimi qiymətləndirirlər. Digər tərəfdən, işğalçı ölkənin rəsmiləri də hələ anlamırlar ki, Ermənistan Qərbin geosiyasi maraqlarının qurbanı olmaq təhlükəsi ilə başbaşadır.

Bütün bunların fonunda həm Qərb, həm də ABŞ tərəflər arasında sülh müqaviləsinin imzalanmasının vacibliyini vurğulayırlar. Real faktlar göstərir ki, onlar bunu yalnız sözdə ifadə edirlər. Çünki təcavüzkar ölkənin sürətlə silahlandırılması, maliyyə vəsaitlərinin artırılması belə deməyə əsas verir ki, onlar Cənubi Qafqazda sülhün, təhlükəsizliyin bərqərar olmasında əsla maraqlı deyillər. Məqsədləri Qafqazda yeni münaqişə ocağı yaratmaqdır.  Bir sözlə, ABŞ və Qərb Ermənistan üzərindən Cənubi Qafqazda möhkəmlənmək üçün bütün imkanlarından istifadə edirlər.

Halbuki, sülh iqtisadiyyatı çökən,  dilənçi vəziyyətində yaşayan, elə bu kimi sosial problemlər ucbatından əhalisi xarici ölkələrə axın edən Hayastana çox vacibdir. Yeri gəlmişkən qeyd edək ki, Ermənistanın Auditorlar Palatasının sədri Nairi Sarkisyanın dediyinə görə, bu templə davam etsə, yaxın vaxtlarda Ermənistan dövlət əmlakını satışa çıxarmalı olacaq. Bəli, Qərbin bu cür riyakarlığının nəticəsidir ki, hələ də Cənubi Qafqazda stabilliyə və sülhə nail olunmayıb. Amma bu bir həqiqətdir ki, bu vasitələrlə Azərbaycana təsir  göstərmək və yaxud onun xeyir-duası olmadan bölgədə möhkəmlənmək qeyri-mümkündür. Rusiyalı politoloq Yevgeni Mixaylovun sözləri ilə desək, bu gün Azərbaycan götürüb "udulacaq" qədər sadə bir ölkə deyil. Aydın məsələdir ki,  elə bu kimi səbəblərdən Hayastanın yeni ağaları  heç nəyə nail ola bilməyəcəklər.

Qvami Məhəbbətoğlu, “İki sahil”