09 avqust 2024 00:12
423

Hayların toponim uydurmaları

Ərazi adları ermənilırin özlərinin sayından və potensialından dəfələrlə böyük olan iddiaları ilə deyil, tarixi həqiqətlərlə, reallıqlarla müəyyənləşir

Cənubi Qafqazda qədim türklərə, oğuz və qıpçaq boylarına məxsus toponimlərin yaranmasından min illərlə zaman keçir. Azərbaycan, Gürcüstan və indiki Ermənistan ərazisində on minlərlə toponim məhz tarixin qədim qatlarında formalaşmışdır. Qədim türklər yaşadıqları ərazinin coğrafi relyefi, tarixi şəxsiyyətlərinin və tayfaların adları ilə adlandırılmışlar. Orta əsrlərdən etibarən xristian missionerləri kimi Cənubi Qafqaza gələn ermənilər, əvvəlcə saxta tarix kitabları yazıb özlərini bu regionun axtoxton sakinləri kimi qələmə versələr də, mövcud toponimlərin dəyişdirilməsinə nail ola bilməmişdilər. Saxta erməni tarix kitablarında ermənilərin uydurduqları toponimlər öz əksini tapsa da, reallıqda oğuz-qıpçaq və alban tayfalarına məxsus toponimlər gündəlik ünsiyyətdə işlədilirdi və bu gün də işlədilir.

1827-ci ildə İrəvan və Naxçıvan xanlıqlarının Rusiya tərəfindən işğalından sonra yaradılan yeni inzibati-ərazi vahidində yəni - “Erməni vilayəti”nin ərazisinə daxil edilən 1111 kənddən yalnız 62-də ermənilər yaşayırdı ki, onlardan da yalnız 14-nün adı erməni mənşəli idi. 1918-ci ildə tarixi Azərbaycan torpaqlarında ilk erməni dövləti - Ermənistan (Ararat) respublikası yarandıqdan dərhal sonra yerli azərbaycanlı əhaliyə qarşı soyqırımı və deportasiyalarla müşayiət olunan etnik təmizləmə siyasəti həyata keçirildi. Silah gücünə boşaldılmış azərbaycanlı yaşayış məntəqələrində Türkiyədən qaçıb gələn erməni qaçqınlarının məskunlaşdırılması ilə yanaşı, həmin yaşayış məntəqələrinin adlarının dəyişdirilməsinə start verilib.

Bir xalqın müəyyən ərazidə əsrlər, minilliklər boyu formalaşmış toponimlər sistemini kökündən dəyişdirmək həmin xalqın tarixi-coğrafi ərazidəki izlərinin silinməsinə xidmət edir. Xəritəçilik baxımından bu, asan məsələ olmasa da Ermənistanda azərbaycanlılara məxsus toponimlərin dəyişdirilməsi rəsmi dövlət siyasətinin tərkib hissəsi olmuşdur. Sovet hakimiyyətinin ilk illərində Ermənistanda yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi Xalq Komissarları Sovetinin nəzdindəki Torpaq Komitəsinə həvalə edilib. 1935-ci ildən etibarən azərbaycanlı yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi Ermənistan SSR Ali Sovet Rəyasət heyətinin qərarları ilə həyata keçirilib. 1935-ci ilədək Ermənistanda 200-ə yaxın yaşayış məntəqəsinin adları dəyişdirilib. Sovet hakimiyyəti dövründə Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanları əsasında 1935, 1938, 1939, 1940, 1946, 1947, 1948, 1949, 1950, 1957, 1962, 1968, 1969, 1977, 1978, 1980-ci illərdə addəyişmə əməliyyatları həyata keçirilib. 1988-ci ilin avqust ayınadək indiki Ermənistan ərazisində 521 türkmənşəli yaşayış məskənlərinin adları dəyişdirilib. Sovet hakimiyyəti illərində Ermənistanda türkmənşəli toponimlərin dəyişdirilməsi prosesi ilə yanaşı, bir neçə kəndi bir təsərrüfatda birləşdirmək (təmərküzləşdirmək) yolu ilə azərbaycanlı kəndlərinin adları Ermənistanın yaşayış məntəqələrinin siyahısından silinib. Məsələn, Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 5 fevral 1978-ci il fərmanı ilə Aşağı Kilsə (Quqark), Ağtala (Kamo (Kəvər), Rəhimabad (Masis (Zəngibasar), Qamışlı (Vardenis (Basarkeçər) kəndlərinin adları məntəqələrinin siyahısından çıxarılıb. Ümumiyyətlə, 1918-1987-ci illərdə indiki Ermənistan ərazisində 254 azərbaycanlı yaşayış məntəqəsi müxtəlif yollarla (əhalisi soyqırımına məruz qoyulmaqla, deportasiya edilməklə və s.) yaşayış məntəqələri siyahısından silinib. Bu kəndlərin böyük əksəriyyəti Ermənistanda azərbaycanlılara qarşı 1918-1920-ci illər soyqırımı və 1948-1953-cü illər deportasiyasından sonra xaraba qalıb.

1988-ci ildə Dağlıq Qarabağ Muxtar Vilayətində baş qaldıran erməni separatizminin qarşısının vaxtında alınmaması azərbaycanlıların tarixi-etnik torpaqlarından deportasiyası ilə nəticələndi. Məhz Moskvanın ermənilərə arxa durması nəticəsində 1988-1989-cu illərdə indiki Ermənistan ərazisində azərbaycanlıların yaşadıqları 170 təmiz və 94 qarışıq yaşayış məntəqələri boşaldıldı. Ermənistanın Meğri rayonunun Zəngilan rayonu ilə həmsərhəd bölgəsində qalmış sonuncu azərbaycanlı kəndi - hazırda “Nrnadzor” adlandırdıqları Nüvədi kəndi 1991-ci il avqustun 8-də boşaldıldı. Ümumiyyətlə, həyata keçirilən sonuncu etnik təmizləmə nəticəsində Ermənistanın 22 kənd, rayonundan və 6 şəhərindən təqribən 250 min azərbaycanlı tarixi-etnik torpaqlarından vəhşicəsinə qovuldular. Ermənistan ərazisində azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə siyasəti həyata keçirildikdən sonra Ermənistan Respublikası Ali Soveti Rəyasət Heyətinin 1991-ci il 9 aprel tarixli fərmanı ilə 90 yaşayış məntəqəsinin, 8 avqust 1991-ci il fərmanı ilə 16 yaşayış məntəqəsinin, Ermənistan parlamentinin 4 iyul 2006-cı il tarixli qərarı ilə isə 31 yaşayış məntəqəsinin adları dəyişdirilərək erməniləşdirildi. Ermənistan Dövlət Kadastr Komitəsinin məlumatına görə, 2007-ci ildə yerdə qalan 21 yaşayış məntəqəsinin adlarının dəyişdirilməsi ilə addəyişmə əməliyyatı başa çatdırılıb. Ümumiyyətlə, son dövrədək 704 türkmənşəli inzibati-ərazi vahidinin adları dəyişdirilib. Bundan başqa, Ermənistan ərazisində hidronimlərin (çay, göl, şəlalə, bulaq və s.) və oronimlərin (dağ, təpə, dərə, aşırım, düzənlik və s.) adlarının dəyişdirilməsi prosesi də sovet hakimiyyəti illərində mütəmadi olaraq davam etdirilib. Göyçə gölünü “Sevan”, Zəngi çayını “Hrazdan”, Arpaçayı “Axuryan”, Ələyəz dağını “Araqats”, Ağbaba dağını “Qukasyan”, Dərəçiçək yaylağını “Saxkadzor” adlandırıblar. Qərbi Azərbaycanda vaxtilə azərbaycanlıların yaşadıqları 499 kənd boşaldılıb və bu gün xaraba vəziyyətdədir. Azərbaycanlılara məxsus 704 toponim bu günədək erməniləşdirilib. Qərbi Azərbaycanda soydaşlarımızın vaxtilə yaşadıqları 734 kənddə indi ermənilər məskunlaşıb.

Bu gün də erməni mətbuatı gecə-gündüz dayanmadan Azərbaycana qarşı əsassız ərazi iddiası irəli sürür, toponim müharibəsini davam etdirir. Elə bir erməni mətbuatı tapılmaz ki, hər gün orada Azərbaycana qarşı ərazi iddiası sərgilənməsin. Bununla heç nə əldə edə bilməyəcəklərini bilə-bilə yenə də özlərini aldatmaqda davam edirlər. Əsl toponim müharibəsi aparan, ərazi iddiasını dövlət siyasətinə çevirən, bunu konstitutsiyasında əks etdirən Ermənistandır, onu təbliğ edən erməni mətbuatıdır.  Erməni mediası Azərbaycan Respublikasının rayonlarını qondarma adlarla ifadə edir. Hələ də Qarabağı Artsax, Şuşanı “Şuşi”, Laçını “Berdzor”, Ağdamı “Akna” yazırlar, Xankəndini “Stepanakert”, Ağdərəni “Mardakert” adlandırırlar. Bir sözlə, bütün güclərini bu istiqamətdə saxtalaşdırmaya sərf edirlər. Lakin tarix də, tarixi toponimlər - ərazi adları da Ermənistanın saxta tarixi iddiaları, erməni xalqının öz sayından və potensialından dəfələrlə böyük olan iddiaları ilə deyil, tarixi həqiqətlərlə, reallıqlarla müəyyənləşir.

Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının inzibati binasında bir qrup ziyalı ilə keçirdiyi görüşdə bildirmişdir ki, XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir. Dövlət başçısının dediyi kimi, indi əsas vəzifə Qərbi Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasından ibarət olmalıdır. İkinci Qarabağ müharibəsində Ermənistan ordusu üzərində qazandığımız 44 günlük Zəfərdən sonra regionda yeni reallıq yaranıb. Hazırda Qərbi Azərbaycana Böyük Qayıdış Proqramı hazırlanır. Dövlətimizin başçısının dəfələrlə ifadə etdiyi kimi, gələcəkdə biz Qərbi Zəngəzura da, Göyçəyə də, İrəvana da qayıdacağıq. Həmin ərazilərdəki tarixi toponimlərimizi də bərpa edəcəyik.

Sevinc Azadi, “İki sahil”