09 avqust 2024 00:47
439

Cənubi Qafqazda yeni müharibə ocağını kimlər və niyə körükləmək istəyirlər?

Prezident İlham Əliyevin geosiyasi manevrləri və uğurları ölkəmizi  qlobal təhlükələrdən sığortalayan önəmli amildir

Cənubi Qafqaz regionu həmişə özünün gərginliyi ilə seçilib. Çünki   müxtəlif beynəlxalq güclərin barışmaz maraqları daha çox münaqişə ocaqlarının burada mövcud olmasını şərtləndirib. Lakin 2020-ci ilin sentyabrın 27-də başlayan Vətən müharibəsindəki tarixi Zəfərimizdən sonra Cənubi Qafqaz bölgəsinin münaqişə potensialı əhəmiyyətli dərəcədə azaldı. Belə ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev postmüharibə dövründə tarixdə ilk dəfə olaraq regionun təhlükəsizlik arxitekturasını yaratdı.

Məlumdur ki, tarix boyu Cənubi Qafqazda regional təhlükəsizlik sisteminin qurulması üçün dəfələrlə cəhdlər edilib. Lakin heç vaxt uğurlu nəticələr əldə olunmayıb. Məhz Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra regionda sülh və təhlükəsizlik üçün real imkanlar yaranıb. 2020-ci ilə qədər dövlətimiz keçmiş münaqişə vəziyyətini dinc vasitələrlə həll etmək üçün qətiyyətli mövqe sərgiləyirdi.  İkinci Qarabağ müharibəsinədək Prezident İlham Əliyev Ermənistana və onun havadarlarına təsir göstərmək üçün ayrı-ayrı beynəlxalq təşkilatlara çağırışlar edirdi. Lakin bizim bu çağırışlarımıza diqqət yetirən yox idi. Əksinə, bildirilirdi ki, guya  münaqişənin hərbi həll yolu yoxdur. Bununla da onlar münaqişəni uzatmaqla Ermənistana işğal etdiyi Azərbaycan torpaqlarında möhkəmlənməyə şərait yaradırdılar.

Təbii ki, Prezident İlham Əliyev nəticəsiz danışıqları sonsuzluğa qədər davam etdirməyəcəyini bildirirdi və belə də oldu. Özünü tam cəzasızlıq şəraitində hiss edən Ermənistanın növbəti təxribatlarının qarşısını almaqla yanaşı, torpaqlarımızın işğaldan azad olunması əməliyyatlarına da başlandı və 44 gün ərzində erməni işğalının nəticələri əhəmiyyətli dərəcədə aradan qaldırıldı. 2023-cü ilin sentyabrın 1920 də-isə birgünlük lokal antiterror tədbirləri  nəticəsində terrorçu və separatçı xuntanın ləğvi gerçəkləşdirildi. Beləliklə, Ali Baş Komandan İlham Əliyev isə öz iradəsini, əsl sərkərdəlik bacarığını, Azərbaycan Ordusu isə öz qüdrətini bütün dünyaya nümayiş etdirdi.

Bununla da Azərbaycan MDB məkanında öz ərazilərini məhz beynəlxalq normalara uyğun olaraq işğaldan azad edən, separatizmin kökünü kəsən ilk dövlət oldu. Nəticədə əvvəldə qeyd etdiyimiz kimi, Azərbaycan Cənubi Qafqaz regionunda yeni geosiyasi konfiqurasiya formalaşdırdı. Ən başlıcası isə Prezident İlham Əliyev dövlətin  və xalqın məğlub obrazını da tamamilə dəyişdi. Bu gün artıq dünyada ərazi bütövlüyünü bərpa etmiş qüdrətli Azərbaycan dövləti və qalib Azərbaycan xalqı var. Məhz güclü Azərbaycan haqlı olaraq postmüharibə dövründə Ermənistanı sülhə məcburetmə taktikası ilə küncə sıxışdırdı.

Azərbaycan dövləti torpaqlarını işğaldan azad etdikdən və ərazi bütövlüyünü təmin etdikdən sonra bölgədə yeni reallıqlar formalaşdı. Artıq bu reallığı dəyişəcək güc mövcud deyil. Çünki burada şərtləri diktə edən bizik.  Xüsusilə qürurverici haldır ki,  Azərbaycan Prezidenti dünyanın ümumi vəziyyətinə təsir etmək gücündə olan dövlət başçıları ilə eyni sıradadır. Ölkəmizin hazırkı nüfuzu və mövqeyi həm tarixi Qələbəmizi və həm də ümumilikdə bütün milli maraqlarımızı inamla qorumağa imkan verir.

Bu gün Fransa və ABŞ başda olmaqla bəzi ermənipərəst dövlətlər Cənubi Qafqazda yenidən gərginlik ocaqları yaratmağa çalışırlar. Xüsusilə postmüharibə dövründə Fransanın Ermənistana öldürücü silahlar verməsi bunun bariz nümunəsidir. Bundan başqa, ABŞ yaxın  10 gün ərzində öz hərbçilərini  Qərbi  Zəngəzur istiqamətində toplamağa başlayıb. Belə ki,  «Flightradar» uçuşları izləyən sistemə əsasən, avqustun 2 və 3-də ABŞ-nin Rumıniya və Yaxın Şərqdəki hərbi bazalarından İrəvanın «Zvartnos» hava limanına iki hərbi təyyarə enib. Ştatların «Boinq C-17» hərbi yük təyyarəsində Ermənistana yük və şəxsi heyət gətirilib. Bu yaxınlarda Ermənistan Müdafiə Nazirliyində Pentaqonun yüksək rütbəli zabitinin xidmətə başlaması Ağ evlə İrəvan arasında hərbi əməkdaşlığın inkişafının göstəricisidir. Yaxud Avropa İttifaqının (Aİ) hərbi məqsədli 270 milyon avro, ABŞ-ın isə 67 milyon dollarlıq maliyyə ayırması da Ermənistanın xüsusi olaraq heç də xoş olmayan məqsəd üçün bəsləndiyindən xəbər verir.

Bu faktlar bir daha təsdiq edir ki, Qərb Azərbaycanın maraqlarını, Cənubi Qafqazın təhlükəsizliyini nəzərə almadan Ermənistanı yenə də gücləndirməyə başlayıb. Təbii ki, haylar heç də himayədarlarının bu oyunlarına, siyasi hoqqabazlıqlarına çox da sevinməməlidirlər. Çünki tarixi təcrübə və son illər baş verənlər çıxış yolunun silahlanmada, üçüncü qüvvələri regiona çağırmaqda olmadığını sübut edib. Bu mürəkkəb vəziyyətdən çıxmaq üçün Ermənistanın bir yolu var. Uzaq «dostlar»dansa, ən yaxın qonşuları ilə - Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmağa çalışsınlar.

Əslində, bu gün artıq  bu ermənipəst ölkələrin regiona müdaxilə etmələrinə imkan verən münaqişə amili də mövcud deyil. Ona görə  ki, Prezident İlham Əliyevin siyasi uzaqgörənliyi, böyük diplomatik bacarığı sayəsində ölkəmizə qarşı qərəzli siyasi mövqelərin formalaşdırılması cəhdləri tam fiaskoya uğrayıb. Prezidentimizin də vurğuladığı kimi, hazırda  Azərbaycan Ordusu 2020-ci ildəkindən daha da güclüdür. Bu güc anti-Azərbaycan qüvvələr üçün bir kabusdur. Çünki müasir dövrdə hüququn gücü yox, gücün hüququ keçərlidir. Azərbaycan Ordusunun bugünkü gücü həm də dövlətimizin siyasi-diplomatik uğurlarının qarantı rolunda çıxış edir.

Diqqətçəkən digər önəmli hadisə isə odur ki, biz öz ərazilərimizdə antiterror tədbirlərini həyata keçirdikdən cəmi iki ay yarım sonra COP29-un Azərbaycanda keçirilməsi haqqında yekdilliklə qərar qəbul edildi. Təbii ki, bu amili Azərbaycanın ədalətli mövqeyinin təntənəsi kimi də qiymətləndirmək olar. Eyni zamanda, bu,  Azərbaycan dövlətinə və onun rəhbərinə olan böyük inam və etimadın göstəricisidir. Yəni, böyük dövlətlər 35 ildən sonra, nəhayət, görməyə başlayıblar ki, hansı coğrafiyada baş verməsindən və hansı etnik qrup tərəfindən törədilməsindən, hətta onların məlum fobiyaları və ayrı-seçkiliyi səbəbindən kimlərinsə tərəfkeşlik etmələrindən asılı olmayaraq, separatizm dünya birliyinin nizamına ciddi təhdid yaradan təhlükəli faktora çevrilib.

 BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un 2024-cü ilin noyabr ayında ölkəmizdə keçirilməsi ilə bağlı qəbul olunmuş qərar həm də bu gerçəkliyin etirafıdır. Bu, o anlamı verir ki,  Azərbaycanın bir çox nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi etməsi ölkəmizin beynəlxalq aləmdə artan nüfuzundan qaynaqlanır.

Eyni zamanda, Prezident İlham Əliyev bütün geosiyasi  hədəflərinə böyük hərbi-siyasi gedişlər etməklə çatmağı bacarır. Xüsusilə Ermənistan üzərindən ölkəmizə qarşı qurulan bütün təhlükəli oyunların qarşısı alınır. Bir sözlə, bu gün Prezident İlham Əliyevin qarşıya qoyduğu ümummilli hədəflər dövlətimizi daha da güclü etməklə onun beynəlxalq proseslərə təsir imkanlarını əhəmiyyətli dərəcədə genişləndirir.

Elçin Zaman, "İki sahil"