09 avqust 2024 01:12
523

Amerikanın Cənubi Qafqazda Fransasayağı sərgüzəştləri

Son günlər ABŞ rəsmiləri Azərbaycanla Ermənistan arasında sülh prosesinə hərtərəfli dəstək və töhfə verməyə hazır olduqlarını dəfələrlə bəyan ediblər. Amma sözügedən dövlətin əməlləri göstərir ki, bu, heç də belə deyil. Əksinə, təmsil olunduğu ATƏT-in Minsk qrupunun tərkibində  28 il sülh yolu ilə torpaqlarımızın azad olunacağı nağılını danışan ABŞ təcavüzkarı Fransa, Hindistan kimi öldürücü silahlarla silahlandırmaqdadır. 

Belə ki, verilən məlumatlara görə, bir neçə gün öncə ABŞ Silahlı Qüvvələrinə məxsus “Boeing C-17” hərbi yük təyyarələri ilə bu ölkəyə yeni nəsil silahlar - snayper tüfəngləri, gecəgörmə cihazları, xüsusi rabitə vasitələri, zirehli texnika, eləcə də Ermənistan xüsusi təyinatlıları üçün sözügedən ölkənin ordusunda istifadə edilən mini-hücum pilotsuz təyyarələri, kiçikölçülü minalar və digər silah-sursat  gətirilib. Bütün bunlarla kifayətlənməyən ABŞ öz  ordusunda xidmət edən erməni əsilli Amerika vətəndaşlarından ibarət şəxsi heyəti Ermənistan Silahlı Qüvvələrinin hərbi geyimləri ilə təchiz edərək onları təcavüzkar ölkənin Zəngəzurdakı hərbi bazasında yerləşdirib. Bu isə o deməkdir ki, ABŞ-ın Ermənistanda hərbi bazası qeyri-leqal şəkildə artıq  fəaliyyətə başlayıb. Məgər ABŞ bilmirmi, Ermənistanın İranla sərhədini Rusiya sərhədçiləri qoruyur? Olmaya ABŞ burada Rusiya ilə kəllə-kəlləyə gəlmək niyyətindədir? Amma görünən odur ki, bu, ABŞ-ın növbəti gedişlərinə hesablanan  avantürist addımından başqa bir şeyl deyil.  

Məlumata görə, göndərilən  silah-sursat arasında İran ərazisindən buraxılan raketlərin və təyyarələrin trayektoriyalarını izləyən xüsusi avadanlıqlar da var ki, həmin qurğuların Ermənistanın İranla sərhədində yerləşdirilməsi nəzərdə tutulub. Amma nədənsə ölkəmizə qarşı hədyanlar yağdıran İranın Ermənistandakı səfiri Mehdi Subhani bu məsələ ilə  bağlı hələ də cınqırını çıxarmayıb. Məgər o görmürmü  Ermənistandan yalnız Rusiya və Azərbaycana deyil, həm də İrana qarşı  "geopolitik alət" kimi istifadə olunmaqdadır? Görünür, ermənipəsətliyi gözlərini elə tutub ki, o, real vəziyyəti öz dövlətindən də gizlətməyə çalışır.

Sülhlə bağlı danışıqlarda gah nala, gah mıxa vuran Ermənistanın bu olaylardan məmnun olduğu sezilir.  Bu davranışı ilə Rusiyanı bölgədən sıxışdırıb çıxarmağı qarşısına məqsəd qoyan ABŞ-a qucaq açmaqla  Hayastan  əgər belə demək mümkünsə bu ölkənin əsəblərini tarıma çəkməkdədir. Bu mənada bölgədə Rusiya ilə ABŞ arasında qarşıdurma yaranması qaçılmaz ola bilər.  Yeri gəlmişkən, Ermənistanın Rusiya üçün amputasiya olunmuş ölkəyə çevrilməsini və özünü regional proseslərdən kənarda qoymasını vurğulayan  politoloq Yervand Bozoyan “Hraparak”a müsahibəsində Hayastanın artıq ABŞ-ın əlavəsinə çevrildiyini bildirib. O, həmçinin vurğualayıb ki, Ermənsitan hazırda Rusiyanın tərəfdaşlığından ABŞ-ın tərəfdaşına çevrilmək istəyən keçid dövrünü yaşayan ölkə kimi qəbul edilir.

Bəli, bütün bunları bir qədər dərindən araşdıranda aydın olur ki, indiki vəziyyətdə Ağ evin bu gedişləri kifayət qədər müəmmalı və ziddiyyətli xarakter daşıyır. Həm də məlum olur ki,  aprelin 5-də Brüsseldəki  qapalı toplantıda imzalanmış sənədlərin məxfi məzmun daşıyan hissəsinin icrasına artıq başlayıblar.

Dörd ilə yaxındır ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması istiqamətində danışıqlar gedir. Azərbaycan qalib ölkə kimi prosesə sadiqliyini dəfələrlə nümayiş etdirsə də, Hayastan məğlub durumda olmasına baxmayaraq, bu müddət ərzində dondan-dona girməklə sülh sazişini imzalamaqdan yayınır. Hətta müqavilənin imzalanmamasında Azərbaycanı günahkar çıxarmaq üçün dəridən-qabıqdan çıxır.  Bununla da beynəlxalq ictimaiyyətdə çaşqınlıq yaratmağa çalışır. Elə bu da Qərbin Ermənistana bu şəkildə havadarlığından qaynaqlanır.

Bütün bunlar Qərbin, o cümlədən ABŞ-ın Cənubi Qafqazda ədalətli sülh və sabitliyin bərqərar olunma­sında maraqlı olmadığını, Rusiyanı sıxışdırmaqla bölgədə söz sahibi olmaq istəyini bir daha nümayiş etdirir. Şübhəsiz, bu addım həm də Ermənistandakı revanşist əhval-ruhiyyənin qoru­nub saxlanılmasına, həm də onları növbəti müharibəyə sürükləməyə, bölgədə gərginliyi artırmağa xidmət edir. Bu mənada əminliklə demək olar ki, Ermənistanla birgə hərbi təlimlər keçirən, işğalçı dövlətin müdafiə nazirinə müşavir təyin edən ABŞ da Cənubi Qafqazda Makron Fransası kimi hərəkət etməkdədir.  Elə Qərbin bu cür   riyakarlığının nəticəsidir ki, hələ də Cənubi Qafqazda stabilliyə və sülhə nail olunmayıb.

Görəsən, bir tərəfdən sülhə çağırışlar edən,  digər tərəfdən Ermənistanı gizli şəkildə ölümcül silahlarla silahlandıran ABŞ bununla nə demək istəyir? Məgər dünyanın super dövləti sayılan ABŞ  bilmirmi ki, Ermənistan həmin silahlardan istifadə edəcəyi təqdirdə buna görə təcavüzkar ölkə ilə yanaşı, o da birbaşa məsuliyyət daşıyacaq?

Amma bu bir həqiqətdir ki, beynəlxalq hüquq normaları çərçivəsində hərəkət edən Cənubi Qafqazın lider dövləti Azərbaycan bölgədə yaratdığı yeni reallıqlara uyğun siyasətini davam etdirir.  ABŞ da bu reallıqlarla barışmalıdır.

Qvami Məhəbbətoğlu, “İki sahil”