09 avqust 2024 01:30
457

Mina terorru: Erministanın antibəşəri cinayətlərinin davamı

Ermənistanın Azərbaycana qarşı mina terroru ciddi beynəlxalq narahatlıq doğuran məsələdir. Bu, təkcə iki ölkə arasındakı gərginliyi artırmaqla qalmır, həm də bölgənin sabitliyini və təhlükəsizliyini təhdid edir.

Ermənistanın işğal dövründə, xüsusilə İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın işğaldan azad olunmuş ərazilərində minaları yerləşdirməsi beynəlxalq humanitar hüququn ciddi pozuntusudur. Bu əməllər Cenevrə Konvensiyaları və onların əlavə protokolları ilə qadağan edilir. Cenevrə Konvensiyalarının əsas məqsədi silahlı münaqişələr zamanı mülki şəxslərin və mülki obyektlərin qorunmasıdır. Minalar isə mülki əhalinin həyatını təhlükəyə atır və münaqişə bitdikdən sonra belə uzun müddət ərzində ölümlərə və yaralanmalara səbəb ola bilər. Bu, mülki şəxslərin məqsədyönlü hədəf alındığını göstərir.

Ermənistanın mina siyasəti hərbi təcavüzün davamı kimi qəbul edilə bilər. Bu siyasət Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə qayıtmasını və bu ərazilərin bərpasını çətinləşdirmək məqsədi daşıyır.

Mina terrorunun davam etməsinin səbəblərindən biri də Ermənistanın üzərinə götürdüyü öhdəliklərin əksinə olaraq dəqiq mina xəritələrini Azərbaycana təqdim etməməsidir. İkinci Qarabağ müharibəsi başa çatandan sonra Ermənistan bir neçə mina xəritəsini Azərbaycana təhvil versə də onlar qeyri-dəqiq olub. Rəsmi İrəvanın təqdim etdiyi xəritələrin dəqiqliyi yalnız 25 faiz təşkil edib. Cari ilin fevral ayında Ermənistan tərəfi Azərbaycanın işğaldan azad olunmuş ərazilərindəki mina sahələrinə dair 8 formulyar təqdim etmişdi. Bu formulyarlar əsasən Kəlbəcər rayonu və Murovdağ silsiləsini əhatə edən minalanmış ərazilərə dair qeydlərdən ibarət idi. Lakin burada da məlumatlar qeyri-dəqiq və etibarsız olub.

Otuz il ərzində Ermənistanın işğal altında saxladığı və Vətən müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad olunan Qarabağ və Şərqi Zəngəzurda təxminən 1,5 milyon mina basdırılıb. Hətta 2020-ci ildə 10 noyabr Bəyanatına əsasən Ağdamı, Kəlbəcəri və Laçını tərk edən ermənilər xain xislətlərinə uyğun olaraq həmin yerləri də əlavə minalarla kortəbii şəkildə çirkləndiriblər. Həmin minaların partlaması nəticəsində yüzlərlə azərbaycanlı ya həlak olub, ya da ağır bədən xəsarətləri alıb. Bu sırada ən son hadisə avqustun 2-də Qazax rayonunun Qızılhacılı kəndində baş verib. Burada Ermənistan tərəfindən basdırılmış minanın partlaması nəticəsində xidməti vəzifələrini icra edən üç mülki şəxs və bir hərbi qulluqçu yaralanıb. Halbuki həmin kənd Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası ilə bağlı cari il aprelin 19-da əldə olunmuş razılaşma əsasında ölkəmizə geri qaytarılmışdır.

Azərbaycan düşmənin bu kimi çirkin əməlləri qarşısında humanitar minatəmizləmə fəaliyyətini dövlət siyasətinin əsas prioritetlərindən birinə çevirib. Hazırda bu minatəmizləmə fəaliyyətinin 90 faizindən çoxu daxili resurslar hesabına həyata keçirilir. Azərbaycanın minalardan ən çox zərərçəkən ölkələrdən biri olmasına baxmayaraq, dəqiq mina xəritələrinin təqdim olunması və mina təhdidinin aradan qaldırılması üçün beynəlxalq ictimaiyyət Ermənistana təzyiq göstərmir.

Azərbaycan Respublikası ərazilərinin mina və digər partlayıcı sursatlardan təmizlənməsi məqsədilə minatəmizləmə fəaliyyətinin təşkili və əlaqələndirilməsinin həyata keçirilməsi vəzifəsini Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) daşıyır. ANAMA 1998-ci il 18 iyul tarixində Ulu Öndər Heydər Əliyevin müvafiq Sərəncamı ilə təsis edilib. Prezident İlham Əliyevin 15 yanvar 2021-ci il tarixli Fərmanı ilə yaradılan Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi işğaldan azad olunmuş, habelə müharibə və hərbi əməliyyatların təsirinə məruz qalmış digər ərazilərin, kimyəvi silah istisna olmaqla, minalardan, partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsini həyata keçirir. 1998-ci ildən 10 noyabr 2020-ci ilədək ANAMA tərəfindən 543094633 kvadratmetr ərazi minalardan təmizlənib, 809328 ədəd mina və partlamamış hərbi sursat aşkarlanıb. Son olaraq avqustun 5-də Laçın rayonu ərazisində aparılan minatəmizləmə fəaliyyəti nəticəsində Kiçik İşıqlı dağının cənub hissəsindəki dərə boşluğunda mina sahəsi aşkar edilib. Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən ərazinin təmizlənməsi zamanı 2021-ci ildə Ermənistanda istehsal edilmiş G-001 M tipli 102 ədəd piyada əleyhinə mina təhlükəsiz qaydada yığılaraq zərərsizləşdirilib. Ərazinin minalardan təmizlənməsi üzrə zəruri tədbirlər davam etdirilir.

Qeyd edək ki, minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən azad  olunan ərazilərdə 29 iyul - 4 avqust tarixlərində 87 tank əleyhinə mina, 280 piyada əleyhinə mina, 8086 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib. Bir həftə ərzində 2790 hektar ərazi minalardan təmizlənib.

Nigar Orucova, “İki sahil”