08 avqust 2024 00:58
509

Orta Dəhlizdə açar rolunu oynayan ölkə

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yükdaşımalar 62 % artıb

Bu ilin yanvar-iyul aylarında Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM, Orta Dəhliz) ilə 2,5 milyon ton yük daşınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 62 % çoxdur. Qazaxıstan Nəqliyyat Nazirliyi bu il TBNM vasitəsilə 4,2 milyon ton yük daşınacağını proqnozlaşdırır. 2023-cü ildə isə Orta Dəhlizlə yükdaşımalar 2022-ci illə müqayisədə 65 % artaraq 2,7 milyon ton təşkil edib.

Qırğızıstan mətbuatında yayılan məlumata görə, bu ölkənin xarici işlər naziri Jeenbek Kulubayev rəhbərlik etdiyi qurumun  yarımillik fəaliyyətinin yekunlarına həsr olunan mətbuat konfransında Orta Dəhlizin Avropaya yüklərin tranziti üçün alternativ marşrut kimi nəzərdən keçirildiyini bildirib. O, Rusiya dəhlizinin bağlanması ilə yüklərin Avropaya daşınması və tranzitinin xeyli çətinləşdiyini,   bu gün bütün yüklərin cənub dəhlizindən keçdiyini vurğulayıb.

J.Kulubayev hazırda  yüklərin əvvəlcə İrana, oradan Türkiyəyə, daha sonra Avropaya, əks istiqamətdə isə analoji marşrutla göndərildiyini, bununla belə  daşınma prosesini sürətləndirə biləcək alternativ yolların nəzərdən keçirildiyini, həmin variantlardan birinin  isə Qazaxıstan, Türkmənistan, Azərbaycan və Qafqazdan keçən Orta Dəhliz olduğunu diqqətə çatdırıb. Nazirin sözlərinə görə, bu layihələr avropalı tərəfdaşlar və Mərkəzi Asiya ölkələri ilə fəal şəkildə müzakirə olunur: “Tərəfdaşlar regionda daşıma prosesini asanlaşdırmaq və ticarəti artırmaq üçün bu istiqamətdə birgə işləməyə hazırdırlar. Bu, həm də uzaq tərəfdaşlardan investisiya cəlb etməyə imkan verə bilər. Bu platformanın istifadəsi həm Mərkəzi Asiya ölkələri, həm də Qırğızıstan üçün faydalıdır, çünki vahid bazar kimi çıxış etməyə və regionun birgə inkişafına kömək etməyə imkan verir”.

Qeyd edək ki, Orta Dəhliz 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonradan layihəyə Ukrayna, Rumıniya və Polşa qoşulub. Hazırda marşrut Çin-Qazaxıstan sərhədindən başlayır və Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanır. Bütün marşrut boyunca vahid tarif yaradılıb, “vahid pəncərə” prinsipi tətbiq olunur.

Dünya Bankının proqnozlarına görə, əgər uyğun logistika və nəqliyyat şərtləri təmin olunarsa, 2030-cu ilə qədər Çin ilə Avropa İttifaqı arasında ticarət dövriyyəsi 30 faiz artacaq. Amma bunun üçün tələblərə cavab verən nəqliyyat dəhlizinin olması vacibdir. Çin və Avropa dünyanın ayrı-ayrı nöqtələrində yerləşir. Bu coğrafi məkanların  aralarında təxminən 9 min kilometr məsafə var. Ona görə də hazırda bu iki coğrafi məkanın arasında malların daşınması üçün yeni marşrutun seçilməsi bütün dünyanın diqqət mərkəzindədir. Orta Dəhliz marşrut bu layihəyə əsas namizəddir.

Azərbaycan şanlı Zəfəri ilə 30 ilə yaxın işğal altında qalan torpaqları azad etdikdən sonra regionun digər dövlətlərinin də beynəlxalq iqtisadi layihələrdə iştirakına imkan yaranıb. Eyni zamanda, bu Zəfər Azərbaycanın Avropa ilə Asiya arasındakı ticarət əlaqələrində mühüm tranzit məntəqəsi olmasını şərtləndirir.

Böyük Britaniyanın Azərbaycan, Qazaxıstan və Qırğızıstandakı keçmiş səfiri Ceyms Şarp da ölkə mediasına müsahibəsində Azərbaycanın Orta Dəhliz üzrə açar rolu oynadığını qeyd edib: “Orta Dəhlizin modernləşdirilməsini dəstəkləyəcək regional iqtisadi inkişaf sadəcə xammalın ixracının asanlaşdırılması ilə bağlı deyil, bu marşrut həm də diversifikasiya olunan, əlavə dəyər gətirən iqtisadiyyat yaratmaq üçün mühüm önəm daşıyır.  Burada mərkəzlərin xüsusi üstünlüyü var. Qədim İpək Yolunun dərslərindən biri də odur ki, marşrut boyunca yerləşən qovşaqlar mühüm ticarət mərkəzlərinə çevrilir. Fikrimcə, Orta Dəhlizin ən əhəmiyyətli qovşağı Ələt qəsəbəsində yerləşən limandır. Bu infrastruktur  Orta Dəhlizdə əsas qovşaqdır. Bütün marşrutlar oradan keçir və bu, belə unikal mövqedə olan yeganə yerdir. Üstəlik, Rusiya və İran arasında Şimal–Cənub dəhlizinin marşrutu üzərində yerləşir”.

Keçmiş səfir qeyd edib ki, Ukraynada müharibə başlayandan bəri Avropada Rusiya üzərindən yüklərin daşınmasına münasibətdə ciddi dəyişiklik baş verib. Bu, Orta Dəhlizə, daha dəqiq desək, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna marağın yenidən artmasına səbəb olub. Maraqlıdır ki, Orta Dəhlizə marağı artıran təkcə Ukraynadakı müharibə deyil. Husilərin kommersiya gəmilərinə qarşı raket və pilotsuz təyyarələr atdığı Qırmızı dənizdə baş verən hadisələr də hökumətləri və şirkətləri nəqliyyat marşrutlarının şaxələndirilməsi zərurətindən xəbərdar edib. Asiya ilə Avropanı birləşdirən əlavə yol kimi Orta Dəhlizə investisiya qoyuluşunun məntiqli olmasının bir neçə səbəbi var. Təbii ki, Orta Dəhliz digər marşrutları əvəz etməyəcək, lakin alternativ marşrutu dəyərləndirəcək. 

Diplomat hesab edir ki, marşrutun inkişafı üçün həm investisiya, həm də əməkdaşlıq lazımdır. Həm “sərt birləşmə”, həm də “yumşaq birləşmə” adlandırıla bilən problemlər var. “Hard coupling” dəmir yolu xətlərinin tikintisi və ya modernləşdirilməsi, vaqonların və liman infrastrukturunun satın alınması kimi məsələləri əhatə edir. “Yumşaq ünsiyyət” daha çox gömrük prosedurları ilə bağlıdır. Ümumiyyətlə, “sərt birləşmə” investisiya, “yumşaq birləşmə” isə əməkdaşlıq tələb edir. İnvestisiya baxımından bu, mütləq baş verir. Belə ki, bu ilin əvvəlində Avropa İttifaqı “Global Gateway” toplantısı keçirib və bu toplantıda təxminən 10 milyard avro vəsaitin ayrıldığını elan edib.

Nigar Orucova, “İki sahil”