08 avqust 2024 01:25
493

Böyük Qayıdış Zəfərin simvoluna çevrilib

Bu gün sözügedən proses təkcə mənəvi cəhətdən deyil, həm də siyasi və tarixi baxımdan da mühüm əhəmiyyətə malikdir

Bu gün Azərbaycan dövlətinin heç bir kənar yardım olmadan, öz gücünə gördüyü işlərin miqyası həqiqətən heyrət doğurur. Prezident İlham Əliyev işğaldan azad olunan ərazilərin bərpası və yenidən qurulmasına şəxsən nəzarət edir. Prezidentin tapşırıqları və dəyərli tövsiyələri işlərin tam və məsuliyyətlə icrasına etibarlı zəmin yaradır. 2020-2023-cü illərdə ölkə başçısı işğaldan azad edilən ərazilərdə 400-ə yaxın tədbirdə iştirak edib, o cümlədən 8 şəhər, 32 kənd və qəsəbə olmaqla, 120 layihənin təməlini qoyub, müxtəlif təyinatlı 71 tikinti obyektinin açılışını edib. Yaşayış məntəqələrinin salınması ilə yanaşı, orta ümumtəhsil məktəbləri, körpələr evi-uşaq bağçaları, xəstəxanalar, mədəniyyət və turizm obyektləri kimi sosial təyinatlı obyektlərin bərpası və yenidən qurulması ilə bağlı müvafiq tədbirlər həyata keçirilir. Füzuli və Zəngilan şəhərlərində beynəlxalq hava limanları istismara verilib, Laçın rayonunda hava limanının tikintisi davam etdirilir. Həmçinin avtomobil yolları, tunellər, körpülər, dəmir yolları, magistral qaz xətləri tikilir, su elektrik stansiyaları və yarımstansiyalar, su anbarları inşa edilir.

Otuz ildir yurd həsrəti çəkən keçmiş məcburi köçkünlərin artıq Qarabağa mərhələli şəkildə köçürülməsinə başlanılıb. Bu günə qədər ümumilikdə 1727 ailə, yəni 6 min 754 keçmiş məcburi köçkün Qarabağda və Şərqi Zəngəzurda daimi məskunlaşdırılıb. Bu günədək Laçın şəhərində 534 ailənin, daha dəqiq, 1971 nəfərin məskunlaşması təmin edilib. Sus kəndində 215 nəfər olmaqla 59 ailə, Zabux kəndində isə 823 nəfər olmaqla, 217 ailə məskunlaşıb. Ümumilikdə Laçın rayonunda hazırda 810 ailə, yəni 3009 nəfər yaşamaqdadır. Laçında tikinti-quruculuq işləri ilə paralel aparılan başlıca məsələ əhalinin məşğulluğunun təmin edilməsi olub. “Zerti” Sənaye Parkının ərazisində mebel, ayaqqabı, dam örtükləri, heyvandarlıq və sair müəssisələrin fəaliyyətə başlaması təmin edilib. Bundan əlavə, Laçın rayonunda çox sayda sənaye və istehsal müəssisəsi işləyir. Bu müəssisələrin hər biri sakinlərin məşğulluğunun təmin edilməsinə xidmət göstərir.

Uğurlu tendensiyalardan biri də odur ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə köçən əhalinin 70 faizinin məşğulluğu təmin edilib. Prezident İlham Əliyev dəfələrlə dədə-baba yurdlarına qayıdan keçmiş məcburi köçkünlərlə həmin ərazilərdə görüşüb. Bu il Kəlbəcərə də qayıdışın şahidi olacağıq. Xatırladaq ki, Böyük Qayıdış prosesinə 2022-ci ildə start verildi və ilk köç Zəngilan rayonun Ağalı kəndinə oldu.

Qeyd edilən ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etməklə onların bərabər inkişafının təmin edilməsi üçün ciddi addımlar atılır. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Sərəncamı bunun bariz nümunəsidir. Ekspertlərin qeyd etdikləri kimi, Dövlət Proqramın əsas hədəfləri infrastrukturun, iqtisadiyyatın formalaşması, inteqrasiyası, sosial inkişaf və ərazilərdə ekoloji mühitin yaxşılaşdırılmasıdır. Hədəflər müasir çağırışlara uyğundur. Qarabağ və Şərqi Zəngəzurda mənfur düşmən tərəfindən infrastruktur tamamilə dağıdılıb. Hazırda onun yenidən qurulması istiqamətində işlər gedir. Proqramda nəqliyyat və logistik imkanların genişlənməsi, şəhər, qəsəbə və kənd tipli yaşayış məntəqələrinin qurulması nəzərdə tutulub.

Sənəddə göstərilir ki, həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir, habelə həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün sağlam bünövrə yaradır. İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunmuşdur. Bu Milli Prioritetlərə əsaslanan “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” yeni inkişaf mərhələsindəki hədəflərə çatmağa xidmət edən mühüm sənəddir. Dövlət Proqramının icrası qoyulan hədəflər nəzərə alınmaqla monitorinq olunacaq. Monitorinq məqsədilə tədbirlər üzrə ilkin, aralıq və yekun nəticələr müəyyən edilir. İlkin nəticələr Dövlət Proqramının icra olunduğu dövr ərzində hər ili, aralıq nəticələr illik əsasda olmaqla 2023-cü, 2024-cü və 2025-ci illəri, yekun nəticələr isə 2026-cı ili əhatə edir. Böyük Qayıdış çərçivəsində həyata keçirilən tədbirlərin sayəsində 2026-cı ilədək işğaldan azad edilən ərazilərə 34 500 ailənin köçürülməsi nəzərdə tutulur. 2025-ci ilə qədər Ağdam-Xankəndi qaz kəməri çəkilib istifadəyə veriləcək.

Bu ilin birinci yarısında Azərbaycan hökuməti işğaldan azad olunmuş ərazilərin yenidən qurulmasına və bərpasına 1 milyard 953,5 milyon manat vəsait yönəldib. Maliyyə Nazirliyinin məlumatına görə, bu, 2024-cü ilin dövlət büdcəsində sözügedən məqsədlə nəzərdə tutulmuş 3 milyard 825 milyon manat vəsaitin 51,1 faizi deməkdir. Dövlət əsaslı vəsait qoyuluşu (investisiya) xərcləri üzrə icraçıların verdiyi sifarişlər əsasında 1 milyard 64,9 milyon manat maliyyələşdirilmə həyata keçirilib ki, bu da cari ildə həmin məqsəd üçün nəzərdə tutulmuş xərclərin 42,9 faizinə bərabərdir və ötən ilin eyni dövrü ilə müqayisədə 40,4 faiz çoxdur.

Beləliklə, Böyük Qayıdış həm də Zəfərin simvoluna çevrilib. Bu gün sözügedən proses təkcə mənəvi cəhətdən deyil, həm də siyasi və tarixi baxımdan da mühüm əhəmiyyətə malikdir. Qarşıdakı illərdə Böyük Qayıdışın daha möhtəşəm nəticələrinin şahidi olacağıq. Qarabağı cənnətə cevirən Böyük Qayıdış hamının, bütövlükdə Azərbaycan xalqının ürəyincədir. Və biz bu qürurverici proseslərin canlı şahidləriyik.

Sevinc Azadi, “İki sahil”