07 avqust 2024 10:30
429

Biz özümüzü tam təmin edən ölkəyik - ŞƏRH

Dövlət başçısı İlham Əliyev bildirir ki, xarici siyasətimiz buna hesablanıb - bərabərhüquqlu münasibətlər, bir-birinə hörmət, bir-birinə, necə deyərlər, xoş münasibət, bir-birinin işinə qarışmamaq

"Biz heç kimdən heç nə xahiş etmirik. Mən 20 ildən çoxdur ki, prezidentəm, bu günə qədər heç kimdən heç nə xahiş etməmişəm, çünki buna ehtiyac da olmayıb. Biz özümüzü tam təmin edən ölkəyik. Biz ikitərəfli formatda əməkdaşlığın tərəfdarıyıq və xarici siyasətimiz də buna hesablanıb - bərabərhüquqlu münasibətlər, bir-birinə hörmət, bir-birinə, necə deyərlər, xoş münasibət, bir-birinin işinə qarışmamaq. Bu, bizim prinsiplərimizdir və bu prinsipləri biz diktə etmişik, bunları qəbul etdirə bilmişik." Dövlət başçısı İlham Əliyevin bu fikirləri Azərbaycanın keçdiyi inkişaf yolunun aydın mənzərəsini yaradır. Əbəs yerə deyilmir ki, möhkəm təməl uğurların əsasıdır. Bugünkü qalib, bütövləşən Azərbaycan müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi inkişaf  strategiyasının təqdimatıdır. Hər zaman qeyd etdiyimiz kimi, ölkə iqtisadiyyatının inkişafında neft amilinə xüsusi önəmin verilməsi  Ümummilli Liderin uzaqgörən siyasətinin nəticəsidir.  Həyata keçirilən uğurlu enerji siyasəti ölkəmizin etibarlı tərəfdaş kimi mövqeyini daha da  möhkəmləndirir.   «Biz artıq özümüzü etibarlı ölkə olaraq təsdiq etmişik, o ölkə ki, öz öhdəliklərinə hörmət edir. Qeyd etmək istəyirəm ki, hasilatın pay bölgüsünə dair 1994-cü ildə xarici şirkətlərlə imzalanmış ilk sazişdən bu günə qədər müqavilələrdə bir söz belə dəyişdirilməyib. Bu isə bizim mövqeyimizin təzahürüdür. Biz öz öhdəliklərimizə hörmət edirik və tərəfdaşlarımızdan öz öhdəliklərinə hörmət etməyi gözləyirik» söyləyən cənab İlham Əliyev  onu da əlavə edir ki, etibarlılıq vacib amil idi. İkincisi isə əlbəttə ki, Azərbaycanda olan siyasi və iqtisadi sabitlik, neft, qaz və elektrik enerjisi ilə bağlı infrastrukturun yaradılmasında gözəl nəticələrimizdir.  Azərbaycan təkcə neft və qaz deyil, eyni zamanda, elektrik enerjisi ixrac edən ölkədir. Nəhəng potensial və təcrübə,  bütün bu amillər mühüm enerji şirkətlərini cəlb etməyə və yenilənən enerjiyə investisiya yatırmağa imkan verir.

Əməkdaşlığın coğrafiyasının genişləndirilməsi, regional çərçivədən çıxaraq beynəlxalq miqyas alması Azərbaycanın etibarlı tərəfdaş kimi möhkəmlənən mövqeyinin göstəricisidir. Cənab İlham Əliyev çıxışlarında  bu mühüm məqama da xüsusi diqqət yönəldir ki, özümüzü enerji sahəsində nəhəng transformasiya prosesinin tərkib hissəsi hesab edirik. Azərbaycan çalışır ki, bu məsələdə geridə qalmasın,  lider, aparıcı ölkə olsun. Burada söhbət yenilənən, bərpaolunan enerjidən gedir.

     Keçilən yolun təhlili Azərbaycanın enerji sektorunda hər bir hədəfə zamanında və yüksək səviyyədə nail olduğunu nümayiş etdirir. 2014-cü ildə çoxtərəfli əməkdaşlığın başlanğıc nöqtəsi kimi dəyərləndirilən  Cənub Qaz Dəhlizinin təməli qoyuldu.  O zaman dövlət başçısı İlham Əliyev bu əminliyi ifadə etmişdi ki, bu layihə uğurla, vaxtında icra ediləcək. Baxmayaraq ki, bu, çox nəhəng və texniki-iqtisadi cəhətdən çox mürəkkəb bir layihə idi. Azərbaycan ilk dəfə olaraq belə genişmiqyaslı beynəlxalq iqtisadi və siyasi əməkdaşlığı tələb edən layihəyə start vermiş, onun təşəbbüskarı olmuşdur. 2018-ci ildə Cənub Qaz Dəhlizinin rəsmi açılışı, 2020-ci ilin sonunda tam tərkibdə istifadəyə verilməsi  onu göstərdi ki, Azərbaycan qarşısına qoyduğu bütün hədəflərə çatır və bu gün ölkəmizin həyatında neft-qaz sənayesinin inkişafında yeni dövr başlayıb. Azərbaycanla əməkdaşlıq yalnız   region, qitə deyil, bütövlükdə dünya dövlətləri üçün əhəmiyyətlidir. Ölkəmizin enerji sektorunda qazandığı uğurların xronologiyası, həmçinin bu reallığı təsdiqləyir ki,  nadir və nümunəvi beynəlxalq əməkdaşlıq formatını yarada bilmişik. Neft və qaz hasil edən ölkə kimi Azərbaycanda aparılan islahatlar respublikanın müasirləşdirilməsinə, istehsalın, xüsusilə sənayenin şaxələndirilməsinə yönəldilir.  Hazırda Azərbaycan “yaşıl enerji” ixracına dair layihələr həyata keçirməklə özünün neft-qaz tarixindəki uğurunu təkrarlayır. Son illər dövlət başçısı İlham Əliyevin keçirdiyi görüşlərə, çıxışlara diqqət yetirsək görərik ki, Azərbaycanın bərpaolunan enerji sahəsində malik olduğu imkanlar əsaslı şəkildə diqqətə çatdırılır, bu sahəyə investisiyaların qoyulması günümüzün əsas çağırışları sırasında qeyd edilir. Bir mühüm məqamı da xüsusi qeyd etməliyik ki, «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər»də  Qarabağın və Şərqi Zəngəzurun yaşıl enerji zonasına çevrilməsi prioritetdir.

   Məlum olduğu kimi, 2022-ci ilin  dekabr ayında  Buxarest şəhərində yaşıl enerjiyə dair digər bir mühüm tədbir keçirildi. Azərbaycan, Gürcüstan, Macarıstan, Rumıniya bir araya gələrək  yaşıl enerjiyə və transmissiyaya dair müvafiq sənəd imzalandı. «Əminəm ki, bu, qlobal əhəmiyyətə malik bir layihə olacaqdır. Bu layihə daha çox ölkələr və şirkətlər cəlb edəcəkdir. Biz artıq təşkilat komitəsinin ilk iclasını keçirdik və razılıq əldə olundu. Belə ki, layihə çərçivəsində Xəzər dənizinin Azərbaycan sektorundan əldə olunacaq külək enerjisini ötürücü xətlər və Qara dənizin dibi ilə çəkiləcək sualtı kabel vasitəsilə Avropa bazarlarına nəqli nəzərdə tutulur» söyləyən cənab İlham Əliyev bildirir ki,  bu layihə çərçivəsində  ən azı  4 qiqavat “yaşıl enerji”ni Avropaya nəql edə biləcəyik. Bu da  əlavə töhfəmiz olacaq.

  Azərbaycanın  zəngin bərpaolunan enerji  potensialı mövcuddur.  157 qiqavat həcm yalnız Xəzər dənizində var. Quruda isə  potensial çox böyükdür. Beynəlxalq investorlarla imzalanmış iki müqavilə növbəti bir il, ya da ilyarım ərzində 500 meqavata yaxın “yaşıl enerji” əldə etməyə imkan verəcək. Təkcə son  illərdə ənənəvi, eyni zamanda, bərpaolunan enerji sahəsində qazanılan uğurlara diqqət yetirdikdə  bu mühüm məqam bir daha təsdiqini tapır ki, səylərin birləşdirilməsi hədəflərə zamanında nail olmağa əsas verir. Cənab İlham Əliyev hədəfləri açıqlayarkən bildirir ki, ənənəvi yanacaq növləri - neft-qaz sahəsində işlər davam etdiriləcək. Neft hasilatının sabitləşməsi istiqamətində işlər gedir. Yaxın gələcəkdə nəticələr olacaq: «Bizə sabit neft hasilatı lazımdır və biz investorlar qarşısında bu vəzifəni qoymuşuq. Müəyyən narahatedici məqamlar olub və işgüzar qaydada təmaslar əsnasında bu məsələlərin həlli gözlənilir.» Azərbaycan  artıq səkkiz ölkəyə təbii qaz ixrac edir. Tələbat daha böyükdür.  Azərbaycan  etibarlı tərəfdaş kimi həmişə ehtiyacı olanlara kömək etməyə hazırdır və bu köməyi göstərir. Cənab İlham Əliyev hədəflər sırasında bu mühüm məqamı da xüsusi qeyd edir ki, gələcəkdə bizim ixrac coğrafiyamız artacaq. Vaxtilə bizi istəməyən qüvvələr şayiə yayırdılar ki, Azərbaycanda neft yoxdur. Azərbaycan 1997-ci ildən bəri neft hasilatını yüksək səviyyədə saxlayır və bir çox ölkələrə neft ixrac edir. Sonra deyirdilər ki, Azərbaycanda qaz yoxdur. Təbii ki, bu da cəfəngiyyatdır.  

 Enerji sektorunda bu mühüm hadisəni də xüsusi qeyd edək ki, Prezident İlham Əliyevin dünyada möhkəmlənən nüfuzu sayəsində Xəzər dənizinin Azərbaycan sektorunda nəhəng «Azəri-Çıraq-Günəşli» neft yataqları blokunun 2050-ci ilə qədər işlənilməsinin yeni dövrü başlandı.   Cənub Qaz Dəhlizinin bütün seqmentlərinin, sonuncu Trans-Adriatik boru kəmərinin istismara verilməsi ilə Azərbaycan qazının  Avropaya ixracı reallaşdı.

 Ölkəmizlə həm  ənənəvi enerji, həm də  bərpaolunan enerji sahəsində əməkdaşlıqda maraqlı olan dövlətlərin sayı artır. Bu, ölkəmizin enerji siyasətinin uğurlarıdır. Belə ki, daim bu fikir qeyd edilir ki, neftlə zəngin çox ölkələr var. Amma onlarda bu resurslar heç də   onların tərəqqisinə xidmət etmir, əhali arasında təbəqələşmə prosesi gedir. Azərbaycanda isə vəziyyət tamamilə fərqlidir. Ölkəmizin iqtisadi strategiyasını dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə istinadən işləyib hazırlaması Azərbaycanın dayanıqlı iqtisadi inkişafının təmin olunmasında öz sözünü deyir. Enerji layihələrinin uğurlu icrası Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatında aparıcı rolunu günbəgün artırır. Həmçinin bu layihələr dünyanın enerji xəritəsinin yenidən tərtib olunmasında əhəmiyyətli rol oynayır.

  Günümüzün reallıqları sırasında bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, bu gün Azərbaycan dünya miqyasında nəqliyyat mərkəzi kimi qəbul edilir.  Ölkəmizə həm Qərbdən, həm Şərqdən, həm Şimaldan, həm Cənubdan müraciətlər daxil olur. Azərbaycan ərazisində bütün nəqliyyat infrastrukturu işlək vəziyyətdədir.  «Sadəcə olaraq bəzi dəmir yollarında modernləşdirmə işləri aparılmalıdır və biz bunu da edirik. Dünyadakı geosiyasi vəziyyətin yaxın gələcəkdə dəyişməsi, yəqin ki, mümkün deyil. Belə olan halda bizim nəqliyyat infrastrukturumuza olan ehtiyac daha da artacaq» söyləyən cənab İlham Əliyev bildirir ki,  üstünlüyümüz ondan ibarətdir ki,  vaxtilə bütün lazımi infrastruktur layihələrini icra etmişik. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin,  Ələt Azad İqtisadi Zonasının açılışı ilə Azərbaycan regionun ən böyük ticarət və logistika, Şimal-Cənub, Şərq-Qərb və Orta Dəhliz nəqliyyat marşrutlarının mərkəzlərinə çevrildi. Son illərdə sürətlə dəyişilən geosiyasi reallıqlar, mürəkkəbləşən siyasi kataklizmlər, artan rəqabətlər  şəraitində ölkəmizin dünyanın  enerji və nəqliyyat layihələrinə  yeni nəfəs gətirməsi Prezident İlham Əliyevin  siyasi iradəsinin,  xarici siyasət strategiyasının, düzgün müəyyənləşdirilən enerji diplomatiyasının, xalqa verdiyi  vədlərin, uzaqgörən  siyasətinin məntiqi nəticəsi idi. Həyata keçirilən islahatlar, reallaşan layihələri ilə Xəzər dənizində ən böyük dəniz yük donanmalarına malik  Azərbaycan,  eyni zamanda, Orta Dəhliz layihəsinin aparıcı tərəflərindən biri kimi tanındı. Son 20 ildən artıq dövrdə  ölkəmizdə 8 beynəlxalq hava limanı tikilmiş və yenidən qurulmuşdur.  Füzuli,  Zəngilan Beynəlxalq Hava limanlarından sonra hazırda inşası davam etdirilən Laçın   Hava Limanının istismara verilməsi ilə   sayı  doqquza  çatacaq hava nəqliyyatımızın marşrutları da şaxələndiriləcək.

    Hər dövrün öz tələbi, çağırışı vardır.  Azərbaycan artıq dörd ilə yaxındır ki, tarixi Zəfərimizin reallıqlarını yaşayır. Bu torpaqların malik olduqları potensialdan gələcəkdə səmərəli istifadə etmək üçün Milli Prioritetlər təsdiqləndi. Böyük Qayıdış Proqramı tam tərkibdə reallığa çevrildikdən sonra Qarabağ və Şərqi Zəngəzur  «yaşıl enerji» məkanı kimi dünyanın diqqətində olacaq, böyük investisiyalar məkanına çevriləcək. Bu gün dünyanın ən böyük enerji şirkətləri Azərbaycanda bərpaolunan enerji növlərinin istehsalına maraq göstərir. İşğaldan azad edilmiş ərazilərimizin malik olduqları bərpa olunan enerji mənbələrindən  istifadə ilə bağlı investisiyaların cəlb olunması üçün investorlarla müzakirələr aparılır. Bu isə öz növbəsində Azərbaycanın gələcək sosial-iqtisadi inkişafı barədə aydın təsəvvür yaradır. Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərimizin 7200 meqavat günəş enerjisi və 2000 meqavat külək enerjisi potensialı var.  

Prezident İlham Əliyevin  Azərbaycanı «yaşıl enerji» ölkəsinə çevirmək siyasəti dünya dövlətləri tərəfindən tam dəstəklənir,  tanınmış ölkələrin, investorların  alternativ enerji layihələrinə marağı artır.  Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması  ilə  ölkəmizin qitə dövlətləri ilə əməkdaşlığı daha da genişlənir. «Güclü iqtisadiyyat ən önəmli şərtdir» söyləyən Prezident İlham Əliyevin əsas tələbi, qarşıya qoyduğu vəzifə  iqtisadi və sosial islahatların paralel aparılmasıdır. Son 20 ilin sosial-iqtisadi göstəricilərinə diqqət yetirək. 2003-cü ildə  ümumi daxili məhsulumuz 7 milyard dollar idi, keçən ilin yekunlarına görə isə bu rəqəm 72 milyard dollardır.  Bu, 20 ildə iqtisadiyyatımızın inkişafının əsas göstəricisidir. 2003-cü ildə valyuta ehtiyatlarımız 1,6 milyard dollar idisə, bu gün bu, artıq 69,7 milyard dollardır. Bu, bizə iqtisadi və maliyyə müstəqilliyi verən əsas amillərdən biridir. Aparılan siyasət nəticəsində birbaşa xarici borcumuz 6,4 milyard dollara düşüb.  Bu da ümumi daxili məhsulumuzun cəmi 9 faizini, ondan da az təşkil edir. 2003-cü ildə  minimum əməkhaqqı  9 manat idi. İndi 345 manatdır. Cənab İlham Əliyev bildirir ki, əlbəttə, bu da yetərli deyil. Ancaq dinamika var və dinamika davam edəcək. Minimum pensiya 2003-cü ildə 20 manat idi. Bu gün 280 manata çatıb. Orta pensiya 500 manatdan çoxdur. Orta əməkhaqqı 940 manatdır. Bu gün iqtisadi sahədə aparılan islahatlar artıq Azərbaycanda tamamilə yeni bir investisiya iqlimi yaratmışdır. Əgər əvvəlki illərdə investisiyalar daha çox neft-qaz sahəsinə qoyulurdusa, bu gün qeyri-neft sektoruna qoyulan sərmayə milyardlarla dollar səviyyəsindədir.  Statistikaya nəzər salaq. Ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcmi 310 milyard dollardır ki, bunun 200 milyard dolları qeyri-neft sektorunun payına düşür. Yoxsulluq Azərbaycanda 5 faiz səviyyəsindədir. 2003-cü ildə təxminən 50 faiz idi. İşsizliklə bağlı daim işlər aparılır.  Dövlətimizin başçısı İlham Əliyev bu əminliyi də ifadə edir ki, Qarabağ və Şərqi Zəngəzur  iqtisadi inkişafımızın yeni bir dayaq nöqtəsi olacaq. O bölgələrdə həm kənd təsərrüfatı, həm bərpaolunan enerji ilə bağlı layihələr, turizm layihələri qeyri-neft sektoruna böyük dəstək verəcək.

Ümumiləşdirilmiş şəkildə qeyd etsək, İkinci Qarabağ müharibəsində  Zəfərdən sonra   işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculq işlərinə başlanılması ölkəmizin iqtisadi qüdrətini geniş mənada dünyada tanıdır. Qısa müddətdə 4 şəhərin və 4 kəndin sakinlərinə qovuşması bunun bariz nümunəsidir.  Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin ən mühüm istiqaməti işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin aparılması, müasir  infrastrukturun qurulması, kommunikasiya və nəqliyyat xətlərinin bərpasıdır. 

Bu uğurların təməlində qətiyyət, prinsipiallıq, milli maraqlara hesablanmış ardıcıl siyasət, liderlik yenilməzliyi və   güclü Azərbaycan amili dayanır. İqtisadi sistemin formalaşdırılması və təkmilləşdirilməsi,  daim nəzarətdə olan maliyyə sabitliyi, enerji, ərzaq təhlükəsizliyi kimi məsələlərin həllinə yönəldilən diqqət sayəsində  cəmiyyətdə sabitlik və təhlükəsizlik üçün münbit şərait  yaranıb, Azərbaycan siyasi  sabitlik adası kimi nüfuz qazanıb. Artıq dünyada sözünə imzası qədər dəyər verilən qalib, bütövləşən  Azərbaycanla bütün sahələrdə hasablaşırlar. Dövlətimizin ədalətə və beynəlxalq hüquqa söykənən siyasətinin uğurları davamlılığı ilə diqqətdədir. Cənab İlham Əliyev bütün çıxışlarında bu reallığı da diqqətə çatdırır ki, əldə edilmiş bütün nailiyyətlərin mənbəyi Azərbaycan xalqıdır, onun mənə göstərdiyi inam və onun vahid amal ətrafında birləşmə bacarığıdır. Biz doğrudan da bütün dünyaya sübut etmişik ki, böyük xalqıq,  öz taleyimizi özümüz həll edirik, ölkə qarşısında duran problemləri  heç kimin köməyi olmadan həll edirik və əsaslı şəkildə həll edirik.

Yeganə Əliyeva, "İki sahil"