07 avqust 2024 00:32
511

Ağ Evin məkri, Makronun rəzilliyi, Nikolun səfehliyi - Üçlüyün tərifi

Avropaya, okeanın o tayına üz tutan, uzaqlardan nicat gözləyən Nikol Paşinyan dərk etmək istəmir ki, Ermənistanın gələcəyi Türkiyə və Azərbaycanla bağlıdır

Azərbaycanın beynəlxalq aləmdə möhkəmlənən mövqeyi, ölkəmizin təşəbbüsü ilə reallaşan enerji və nəqliyyat layihələrinə marağın artması dövlət başçımız İlham Əliyevin «Tərəqqi, təkamül və yeni şəraitə uyğunlaşma» prinsipləri əsasında təkmilləşən, beynəlxalq səviyyədə dəstəklənən xarici siyasətinin uğurudur. Prezident İlham Əliyevin eyni gündə- 5 avqust 2024-cü ildə Avstraliya İttifaqının, Pakistan İslam Respublikasının, Burkina Fasonun ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirləri Mayls Robert Armiteycin, Qasım Mohiuddinin, Vinta Somenin etimadnamələrini qəbul etməsi Azərbaycanın sivilizasiyalar, qitələr arasında körpu olması reallığını bir daha təsdiqlədi. Son illərdə Afrika ölkələri ilə daha sıx münasibətlərin qurulması, müxtəlif istiqamətlər üzrə ikitərəfli formatda konkret əməkdaşlığın genişlənməsi, neomüstəmləkəçilik hallarına qarşı mübarizənin aktuallaşması, Prezident İlham Əliyevin beynəlxalq siyasətin aktoru statusuna yüksəlməsi dövlət başçımızın alternativsiz liderliyinin təkzibolunmaz reallığıdır. Biri-birindən uzaq məsafələrdə yerləşən ölkələrlə qarşılıqlı hörmət əsasında münasibətlərə dəyər verən cənab İlham Əlyev ölkəmizə xoş niyyətlə yanaşan dövlətlərlə əməkdaşlığın genişləndirilməsi üçün səylərini əsirgəmir. Ölkələr arasında siyasi dialoqun inkişaf etdirilməsi, mədən sənayesi, «yaşıl enerji», gəmiqayırma və biznes dairələri arasında işgüzar münasibətlərin yaradılması, mühüm istiqamətləri əhatə edən məsələlərə dair fikir mübadilələrinin aparılması əlaqələri daha da intensivləşdirir.

Son illərdə Ərəb Liqası, Afrika ölkələri ilə əməkdaşlığın genişlənməsi, qarşılıqlı investisya qoyuluşunun səviyyəsinin artması, beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin genişlənməsi, Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi dövründə həyata keçirilən islahatların, yeniliklərin dünya ictimaiyyəti tərəfindən dəstəklənməsi ölkəmizə marağı daha da artırır. Prezident İlham Əliyevin son zamanlarda müstəmləkəçilik, neomüstəmləkəçilik və bununla mübarizə məsələsinə dair qətiyyətli siyasəti, xüsusilə Fransanın əsarət altında saxladığı, azadlığı uğrunda mübarizə aparan xalqlara göstərdiyi dəstək ölkəmizin beynəlxalaq hüquq normalarına sadiqliyi, haqqa-ədalətə, həmrəyliyə verdiyi dəyərdir.

Burkina Fasonun ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri, Azərbaycanın Afrika İttifaqı yanındakı səfiri Vinta Somenin etimadnaməsini qəbul edərkən Fransanın neokolonialist siyasətinin çirkinliklərindən, ölkəmizə qarşı qərəzli münasibətindən bəhs edən Prezident İlham Əliyev Yelisey Sarayının başçısı Emmanuel Makronun əsl simasını göstərdi. BMT-də, Avropa İttifaqında ölkəmizə qarşı ədalətsiz davranışları ilə anti-Azərbaycan mövqeyini dəfələrlə büruzə verən, Ermənistanı silah- sursatla, hərbi texnika ilə təmin edən Makron qeyri-etik hərəkətləri ilə bəşəri və Avropa dəyərlərinə məsuliyyətsiz yanaşma tərzini ortaya qoyur. Ermənistanın işğalçılıq siyasətini dəstəkləyən Makron kimilərinin ölkəmizlə bağlı formalaşdırdığı yanlış təsəvvürlərin nəticəsidir ki, Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə sabiq xüsusi nümayəndəsi Toivo Klaar «JAM news”» media resursuna müsahibəsində «Qarabağ ermənilərinin” geri qayıtmasının Azərbaycanın öhdəliyi» olduğu ilə bağlı əsası olmayan açıqlama verib. Ermənistandan zorla qovulmuş 250 mindən artıq azərbaycanlının ata-baba yurdundan zorla çıxarılmasını «unudan» və təbii qəbul edən Klaarın «Qarabağ ermənilərinin” məsələsinin xüsusi hal kimi, dəyərləndirməsi makronizm siyasətinin astar üzüdür. Məsələ ilə bağlı respublikamızın Xarici İşlər Nazirliyinin açıqlamasında qeyd olunan «Avropa İttifaqının Cənubi Qafqaz üzrə sabiq xüsusi nümayəndəsi, Avropa İttifaqının Özbəkistandakı səfiri təyin edilmiş Toivo Klaarın Azərbaycanın Qarabağ bölgəsindən könüllü əsasda Ermənistana və əvvəllər yaşadıqları digər ölkələrə miqrasiya etmiş ermənilərin qayıtması məsələsini xüsusi hal kimi nəzərdən keçirməsi, indiki Ermənistan ərazisindən zorla qovulmuş azərbaycanlıların qayıdış hüququnu şərtləndirməsi qəbuledilməzdir. Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə öz doğma torpaqlarına geri dönməsi üçün müvafiq şərait yaradılması Ermənistanın öhdəliyidir və beynəlxalq ictimaiyyət bu öhdəliyin yerinə yetirilməsini tələb etməlidir» sözləri Toivonun əsassız iddialarından daha inandırıcıdır. Çünki dəfələrlə təklif olunmasına baxmayaraq Qarabağı könüllü tərk edən erməni əsilli sakinlərin Azərbaycan ərazilərinə geri dönmək istəmədikləri Makron kimi Klaara da bəllidir.

Sabiq səfirə bir məqamı da xatırlatmaq yerinə düşər: Azərbaycan tərəfi yalnız ölkəmizin ərazi bütövlüyü və suverenliyinə hörmət edən erməni əsilli şəxslərin qayıtmaq niyyətinə hörmətlə yanaşır.

Son dövrlərdə Avropa İttifaqından , ABŞ-dan Ermənistana edilən qərəzli səfərlər, rəsimi İrəvana müxtəlif bəhanələrlə edilən yardımlarda da Makon izi açıq- aşkar görünür. Avropa Sülh Fondundan ayrılan 10 milyon avro dəyərində yardım, müxtəlif hərbi təlimlər adı altında ABŞ ilə Ermənistan arasında əməkdaşlığın davam etdirilməsi, Vaşinqtonun Ermənistan Müdafiə Nazirliyində xüsusi müşavirliyinin yaradılması, rəsmi Vaşinqtonun haylara yardımlar ayırması Cənubi Qafqazda sülh prosesinin formalaşmasına cəhd deyil. Bu cür «canıyanarlıq»ın əks təsiri daha çoxdur. Ermənistanın baş naziri Nikol Paşinyana göstərilən tumar cəmiyyətdə revanşist əhvali-ruhiyyənin genişlənməsinə şərait yaratmaqla , region ölkələri arasında isti münasibətlərin qurulmasına, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına ciddi təhdiddir.

Bu cür müdaxilələr göstərir ki, Qərbin, ABŞ-ın «dəstəkləri» Cənubi Qafqazda əmin-amanlığın, sülhün bərpa olunmasına ən böyük əngəl və təhlükədir. Təbiidir ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması Fransa, ABŞ kimi dövlətlərin Cənubi Qafqaz siyasətinə zərbədir. Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb çıxarılması üçün Ermənistandan vasitə kimi istifadə edən Fransa erməni revanşistlərinə maddi, hərbi yardım göstərməklə niyyətinə çatacağını düşünür. Revanşistlərdə Azərbaycanın işğaldan azad etdiyi ərazilərin yenidən «erməniləşdiriləcəyi» ümidini formalaşdırır, bölgədə münaqişə, müharibə mühitini alovlandırır. Xüsusilə Türkiyənin Cənubi Qafqazda söz sahibi olmasına mane olmaq üçün bütün neqativ mexanizmlərini işə salır.

Türk dövlətlərinin əməkdaşlığının genişlənməsini daha da intensivləşdirəcək Zəngəzur dəhlizinin bərpasına neoimperialist prinsipindən yanaşan Qərb Orta Dəhliz layihəsində Azərbaycanın tutduğu mühüm mövqeyi həzm etmək istəmir. Beynəlxalq nəqliyyat dəhlizinin əsas oyunçularından olan, «Bir kəmər, bir yol» layihəsinin müəllifi Çinin güclənməsini özlərinin dünyada itirilən nüfuzu hesab edən, qlobal güc mövqelərini itirməkdən qorxan ABŞ və Qərb Ermənistandan vasitə kimi istifadə edərək Zəngəzur dəhlizinin bərpasına mane olurlar.
 Ermənistana yardımlarını intensivləşdirən, müstəmləkə altında saxladığı bəzi Afrika ölkələrində xalqların azadlığı uğrunda mübarizəsindən qorxan Makronun Parisdə keçirilən XXXIII Yay Olimpiadasında üzləşdiyi rəzilliklər təbii idi. Avropa ölkələrini Paris olimpiadasında təmsil edən idmançılar, qonaqlar belə etiraf edirlər ki, Fransanın ev sahibliyi etdiyi idman yarışları ən aşağı səviyyədə təşkil olunub. Beynəlxalq Olimpiada tarixində Parisdə baş verən neqativ hallar beç bir ölkədə müşahidə olunmayıb.

Səbəbi də bəllidir. Başqa dövlətlərin daxili işlərinə müdaxiləyə daha çox vaxt ayıran Makron üçün qardaşlıq, birlik simvolu olan bu cür olimpiadalar önəmli deyil. Əsas məqsədi Cənubi Qafqazda yerini bərkitmək olan Makronun bu niyyəti də öz başında çatlayacaq. Ermənistanın gələcəyi üçün daha ciddi təhlükələr yaradacaq Qərbin haylara bu cur «istiqanlılığı» ilk növbədə ABŞ-ın, Qərbin etibarına zərbədir. Qərbin və ABŞ-ın təhriki ilə 2008-ci ildə Gürcüstanda günahsız insanların ölümü ilə nəticələnən hadisələr, Ukraynada hələ də davam edən, kənd və şəhərlərin viran qoyulması ilə müşaiyət olunan müharibənin acı nəticələri Ermənistan üçün ciddi dərs olmalıdır. Bu cür hadisələrdən nəticə çıxarmayaraq hələ də Avropaya, okeanın o tayına üz tutan, uzaqlardan nicat gözləyən Nikol Paşinyan dərk etmək istəmir ki, ölkəsinin gələcəyi Türkiyə və Azərbaycanla bağlıdır. Cənubi Qafqazda yerləşən bölgə dövlətləri ilə əməkdaşlıq sayəsində regionun bərabər hüquqlu bir üzvünə çevrilməsi üçün Ermənistan gələcəyinin etibarlı təminatına mövcud vəziyyətə, dünyada baş verən hadisələrə başqalarının müdaxilələrinə, şirnikləndirici vədlərinə aldanmamaqla nəzər salmalıdır. Bölgə dövlətləri ilə mehriban qonşuluq Ermənistanın düşdüyü labirintdən yeganə çıxış yoludur.

Belə ki, öz ölkəsində baş verən hadisələri tənzimləmək iqtidarında olmayan Makronun haylara gün ağlayacağı ağlabatan deyil.

Xuraman İsmayılqızı, «İki sahil»