06 avqust 2024 00:15
405

Əli Kərimlinin «siyasi məhbus» oyunbazlığı

Onun mənəvi kasadlığı məsələlərə böhtan və qərəzlə yanaşmasından qaynaqlanır

AXCP sədri Əli Kərimli yenə də avantürist xislətinə sadiqlik göstərərək sosial şəbəkələrdə və internet televiziyalarında Azərbaycan dövlətinə və xalqına qarşı ənənəvi böhtanlarını davam etdirir. Məsələn o, Azərbaycan hüquq müdafizə orqanlarının tələbi ilə şantaj və təhdidlə özgəsindən pul tələb etməyə görə Gürcüstanda həbs olunan jurnalist Əfqan Sadıqlını da siyasi məhbus kimi bəzəməyə və cəmiyyətə sırımağa çalışır. Hətta o, daha irəli gedərək  Gürcüstan hakimiyyətinə  də böhtan ataraq yazır ki, Azərbaycan hakimiyyətinin guya Azərbaycan vətəndaşlarına repressiyalarında Gürcüstan hakimiyyəti də iştirak edir. Təbii ki, onun bu fikirləri çox dayaz düşüncənin məhsuludur. Bu adam hələ də anlamır ki, Əfqan Sadıqlını Gürcüstan polisi konkret cinayət əməlinə görə həbs edib. Əgər onların əlində əsaslandırılmamış sübutlar və faktlar olmasaydı bu həbsi reallaşdıra bilməzdilər. Bununla bir daha görünür ki, Əli Kərimlinin siyasi məhbus oyunbazlığı ifrat dərəcəyə çatıb. Təbii ki, bu antimilli ünsürün mənəvi kasadlığı onun məsələlərə böhtan və qərəzlə yanaşmasından qaynaqlanır.

Bəli, vaxtilə Ermənistanı güclü şəkildə müdafiə edən ölkələr, İkinci Qarabağ müharibəsindəki tarixi Zəfərimizdən və 2023-cü ilin sentyabrın 19-da başlayan bir günlük lokal antitoerror tədbirndəki qələbəmizdən sonra sonra gücümüzü və ərazi bütövlüyümüzü qəbul etdilər. Əli Kərimlinin ən böyük rəzilliyi isə Vətən müharibəsində bütün ictimai və siyasi təşkilatların dövlətimizə, ordumuza dəstək bəyanatına imza atmasına rəğmən o, bu addımı atmaqdan imtina etdi. Təssəvür edin belə bir bəyanata yalnız erməni lobbisindən maliyyələşənlər imza atmamağa cəsarət edərdi…

Əli Kərimli çıxışlarında o qədər həyasızlıq edir ki, hətta  dünyadakı  50 milyonluq azərbaycanlının özünə lider hesab etdiyi Müzəffər Ali Baş Komandanımıza, Prezident İlham Əliyevə siyasi məsləhətlər verməyə özündə «cəsarət» tapır. Bu gün bütün dünya liderlərinin Azərbaycan Prezidenti İlham Əliyevin siyasi qətiyyətinə və geosiyasi uğurlarına heyranlıqlarını etiraf edərkən o, hələ də bunları görməzlikdən gəlir.

Ölkəmizin başçısı bu gün Ermənistanın Avropadakı əsas himayəçisi olan Fransa kimi böyük dövlətə meydan oxuyur. Biz bu gün «Cənubi Qafqazda Fransaya yer yoxdur» deyirik. Parisin ermənipərəst təşəbbüslərini beşikdəcə boğuruq. Təbii ki, Əli Kərimli, sən bunları yaxşı görür və anlayırsan. Ancaq etiraf etməyə özündə cəsarət tapmırsan. Sən sadəcə dil qəhrəmanısan, internet məşhurusan. Sənin mövcud siyasi fəaliyyətin trolluq etməkdən, saxta profillərlə layk yığmaqdan o yana keçmir. 

AXCP sədri sosial şəbəkə statuslarında şəhid ailələri və qazilərin sosial durumunun ağırlığını qeyd edir və onlara dövlət qayğısının azlığından gileylənir. Əli Kərimli səfirliklərdən, beynəlxalq donor təşkilatlardan, erməni lobbisindən kifayət qədər maliyyə dəstəyi alır. Özünə komfort həyat tərzi düzəldən partiya sədrinin bahalı evləri, avtomobilləri, mühafizəçiləri var. Oğlu Avropanın ən bahalı ali məktəblərindən birini bitirib. 5 min üzvü belə olmayan bir partiyanın sədrinin bu qədər imkanı haradandır? Nə üçün bu günə qədər o, bir şəhid ailəsi, bir qazinin evinə gedib yardım etməyib? Amma bu qədər şəhid ailəsi, müharibə əlili, müharibə veteranlarının olduğu bir dönəmdə Azərbaycan dövlətini onlara qayğı göstərməməkdə ittiham edir. Bu qədər riyakarlıq, haqsız yanaşma olarmı?

Əli Kərimli qeyd edir ki, Azərbaycan dövlətinin öz suverenliyini tam bərpa etməsinə hələ də şübhələr var. Əlavə edib ki, keçirilən antiterror tədbirlərinə görə, ölkəmizə qarşı heç bir beynəlxalq sanksiya tətbiq edilmədi. Bu cür riyakar siyasətçi dünyanın heç bir ölkəsində yoxdur. Mənəvi-psixi problemlərdən əziyyət çəkən bir zehniyyət sahibinin antimilli ünsür kimi açıqlamalar verməsi sadəcə təəssüf doğurur. O anlamır ki, beynəlxalq təşkilatların Azərbaycana qarşı təzyiq göstərmək imkanları məhduddur. Qərəzli mövqe bildirmək istəyənlər, onsuz da, bizə qarşı çıxışlar etdilər və bu, davam etməkdədir. BMT Təhlükəsizlik Şurası kimi bir qurumda Azərbaycanın Qarabağ siyasəti müzakirə olundu, amma heç bir qərar qəbul etmədilər. Ona görə yox ki, bizim orada çoxlu dostlarımız var və s. Məsələ ondadır ki, Qarabağ məsələsinə görə Azərbaycana təzyiq etmək üçün heç bir əsas, arqument mövcud deyildir. Biz öz ərazimizdə antiterror tədbirləri həyata keçirmişik. Biz yalnız legitim hərbi hədəflərə zərbələr endirmişik. Bir nəfər də olsun mülki erməni bu zaman güllə yarası almayıb, evlər, binalar dağıdılmayıb. Bunu BMT missiyasının nümayəndələri də etiraf ediblər.

AXCP sədrinə görə, guyaAzərbaycan hakimiyyətinin yürütdüyü  xarici siyasət yanlışdır. Onun gülünc iddialarından da biri odur ki, ölkəmiz Qərbə istiqamət götürməli və  yalnız Qərb ölkələri və təşkilatları ilə əməkdaşlıq etməlidir. Başqa sözlə ifadə etsək, ölkəmiz Rusiya ilə əlaqələrə xitam verib, Qərbi seçməlidir. Belə bir rəzil siyasəti vaxtilə Əli Kərimlinin də üzvü olduğu AXC hakimiyyəti edib. Gürcüstan və Ukrayna da bu siyasəti həyata keçirdi. Bu siyasi xətt hər üç ölkənin öz ərazilərini itirməsilə nəticələndi. AXC hakimiyyəti Rusiyanı özünə düşmən etdi və Qarabağ torpaqları erməni separatçıları tərəfindən işğal edildi. Onların buraxdığı səhvi məhz həm Ulu Öndər, həm də Ali Baş Komandanımız İlham Əliyev aradan qaldırdı. Nəticədə balanslaşdırılmış siyasət Azərbaycana geosiyasi nüfuz qazandırdı. Təbii ki,  AXCP sədrinin bu antimilli mövqeyi bir daha göstərir ki, o, kimlərin dəyirmanına su tökür, hansı ölkənin xüsusi xidmət orqanları ilə əməkdaşlıq edir və s. Məsəl var, dəvəquşu başını kola soxur, elə bilir ki, heç kəs onu görmür.

Əli Kərimliyə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə tikinti-quruculuq işlərini ona görə öz büdcəsi hesabına həyata keçirir ki, Rusiyanın yanında olduğu üçün heç bir Qərb dövləti, maliyyə fondu bizə dəstək olmur. Eyni zamanda, guya Azərbaycan hakimiyyəti Əli Kərimli kimi antimilli qüvvələrin partiyalarını dəstəkləmədiyi üçün Qərb Azərbaycana, Qarabağa investisiya yatırmır. Nə qədər xain, qərəzli, xəstə yanaşmadır bu! Dünyanın ən böyük şirkətləri Azərbaycanın TANAP, TAP, BTC kimi layihələrinə dəstək olub. 2023-cü ilin oktyabrında  Bakıda 74-cü Beynəlxalq Astronavtika Konqresi keçirildi. Azərbaycan paytaxtı ikinci dəfə bu mötəbər tədbirə ev sahibliyi etdi. İlk dəfə 1973-cü ildə Bakıda Beynəlxalq Astronavtika Konqresi təşkil edilib. Yəni doğrudanmı, Əli Kərimli inkişaf etmiş xarici ölkələrin, nüfuzlu beynəlxalq təşkilatların Azərbaycana bu qədər önəm verdiyinin fərqində deyil?

Bundan başqa, 2024-cü ilin noyabrında dünyanın əq mötəbər tədbiri olan SOP29 Azərbaycanda keçiriləcək. Tədbirdə 70-dən çox ölkənin ali rəhbərinin və ümumilikdə 80 min nüfuzlu insanın iştirak edəcəyi planlaşdırılır. Bu isə dünyanın Azərbaycan dövlətinə verdiyi önəmin nəticəsidir.

AXCP sədrinin daha bir rəzil açıqlaması isə belə olub ki, 2003-cü ildən  bu dövrə qədər Prezident İlham Əliyev hansı uğurlar əldə edib ki, Qarabağda əldə olunan qələbəni də onun adına çıxaq. Görünür, Əli Kərimli yaddaş pozğunluğundan əziyyət çəkir. Mən bəzi faktları onun diqqətinə çatdırıram. Cənab İlham Əliyev 2003-cü ildən sonra Azərbaycan iqtisadiyyatını, hərbi sənayesini gücləndirdi. Ölkədə, xüsusilə də, gənclər arasında vətənpərvərlik ruhunu qaldırdı. Azərbaycan beynəlxalq iqtisadi layihələrə qoşuldu. Dövlət büdcəmiz 30 milyard dollara qədər artdı. Azərbaycan Pakistan və İsrail ilə münasibətlərini strateji müttəfiqlik səviyyəsinə qaldırdı. Qardaş Türkiyə ilə münasibətlər tarixdə heç vaxt olmayan bir yüksəkliyə çatdı. Bütün bunlardan sonra Ali Baş Komandan torpaqlarımızı işğaldan azad etmək üçün Axərbacan Ordusuna əmr verdi.

Əli Kərmli deyir ki, onların hakimiyyəti dövründə Qarabağın işğal olunmuş ərazilərinin 40 faizini azad edilmişdi, sadəcə sonra Rusiya buna maneə oldu. Ondan haqlı olaraq soruşmaq lazımdır ki, Surət Hüseynov kimi bir hərbçinin qarşısından qaçan AXC –Müsavat hakimiyyəti Qarabağda nə vaxt uğurlu əməliyyat apardı ki, bizim ondan xəbərimiz olmadı? Surət Hüseynovdan, Əlikram Hümbətovdan qorxaraq evlərin zirzəmilərində gizlənən onlar hansı cəsarətlə erməni işğalındakı torpaqları azad edə bilərdi? 

Elçin Zaman, «İki sahil»