06 avqust 2024 02:29
537

Utanmasan oynamağa nə var ki…

Uzun illər davam etmiş münaqişə nəticəsində Azərbaycan dünyanın minalarla ən çox çirklənmiş ölkələrindən birinə çevirib. Hətta Azərbaycan ərazisi dünyada ən çox minadan çirklənmiş 5 ölkə sırasındadır. 1,5 milyon mina və naməlum sayda partlayıcı qalıqlar insanlar üçün ciddi risklər yaratmaqdadır. Hətta mina qurbanlarının sayı gündən-günə artır. Belə ki, avqustun 2-də Qazax rayonunun Qızılhacılı kəndində Ermənistan tərəfindən basdırılmış minanın partlaması nəticəsində xidməti vəzifələrini icra edən 4 şəxs  - Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu, gizir Əhədli Xəyal Ədinəqulu oğlu və Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları - Mehdizadə Afiq Müşfiq oğlu, Ələkbərov Elçin İlham oğlu və Mirzəyev Yavər Gəray oğlu müxtəlif dərəcəli bədən xəsarət alıblar.

Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətlərinin məlumatına görə,  avqustun 3-də isə Laçın rayonunun Vağazin kənd sakini 1960-cı il təvəllüdlü Süleymanov Əli Zeynalabdin oğlu həmin rayonun işğaldan azad edilmiş Kalafalıq kəndi ərazisində Sarıbaba adlı yüksəkliyin otlaq sahəsində heyvan otararkən minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə minaya düşüb. Avqust ayının ilk üç günündə 5 nəfər mina terroru nəticəsində müxtəlif dərəcəli xəsarətlər alıb. Bunula da 2020-ci il Vətən müharibəsi başa çatdıqdan sonra mina qurbanlarının ümumi sayı 380-ə yaxınlaşıb.

Mina ilə bağlı son terror aktları göstərir ki, ərazilərimizdə basdırılmış minalar keçmiş məcburi köçkünlərin öz torpaqlarına təhlükəsiz qayıdışı, bölgədə aparılan bərpa-quruculuq işləri ilə yanaşı, sərhədlərin delimitasiyası prosesinə də ciddi maneələr törədir. Bu isə o deməkdir ki, bu gün mina terroru yalnız Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının işğaldan azad edilmiş ərazilərində baş vermir. Müvafiq razılaşma əsasında ölkəmizə geri qaytarılmış ərazilərimidə də belə hallar yaşanır. Avqustun 2-də Qazax rayonunun Qızılhacılı kəndində baş vermiş mina partlayışı bunu bir daha sübut edir. Bütün bunlar bir daha göstərir ki, hayların ayağı dəydiyi hər məkanda mina təhlükəsi yaşanır. Belə ki, onlar hərbi əməliyyatların aparılmadığı yerlərdə də minalar basdırıblar.

Amma haylar bu terrordan, yəni Qızılhacılı kəndində baş vermiş hadisədən  öz ənənəvi erməni xislətlərinə sadiq qalaraq ölkəmizi ittiham etməyə cəhdlər ediblər. Belə ki, Vətən müharibəsi dövründə Azərbaycanın guya xaricdən muzdlular dəvət etməsi, mülki əhalini, yaşayış və infrastruktur obyektlərini atəşə tutması kimi yalanlar uyduran Ermənistan utanıb-qızarmadan indi iddi edir ki, guya həmin kəndin ərazisində onlar mina basdırmayıblar.  Azərbaycan sadəcə, hadisədən təxribat kimi  istifadə edir. Onların iddialarından belə çıxır ki, guya həmin ərazi Azərbaycan tərəfindən minlanıbmış. Bununla da Ermənistan ərazimizdə yerləşdirdiyi minaların əgər belə demək mümkünsə, ölkəmizin ayağına yazmağa çalışır. Bu yerdə müdrik atalarımızın bu kəlamını xatırlatmaq yerinə düşər: “Utanmasan oynamağa nə var ki…” Şübhəsiz, bütün bunlar təcavüzkar ölkənin  hələ də öz çirkin niyyətlərindən əl çəkməməsindən xəbər verir.

Müəyyən çətinliklərə rəğmən Azərbaycan  ən müasir və qabaqcıl texnologiyalardan istifadə etməklə bu terrorun qarşısını almağa çalışır. Amma etiraf edək ki, bu sahədə hələ də problemlər yaşanmaqdadır. İyulun 20-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimində bu məsələy toxunan Prezident İlham Əliyev Ermənistanın bizə verdiyi mina xəritələrinin tamamilə yararsız olduğunu vurğulamaqla yanaşı, bildirmişdi  ki,  ərazilərin reabilitasiyasının daha sürətli aparılması üçün infrastruktur layihələrinin və yaşayış binalarının inşasına başlamamışdan əvvəl o ərazilər minalardan təmizlənir: “Təəssüflər olsun ki, bizim kifayət qədər resursumuz, təcrübəli heyətimiz yoxdur. Beynəlxalq təşkilatlar və şirkətlər bizə elə qiymətlər təklif edirlər ki, hər bir kvadratmetrə təklif edilən qiymət 5-10 dəfə artıqdır”. Buradan belə qənaətə gəlmək olar ki, bəzi beynəlxalq təşkilat və şirkətlər bu fəlakətin araqdan qaldırılmasında o qədər də maraqlı deyillər. Heç onlar münalanmış ərazilərin dəqiq xəritələrini də təcavüzkar ölkədən tələb etmirlər. Sanki nədənsə ehtiyatlanırlar. Görünür, Azərbaycana qarşı qərəzli mövqe tutan, hətta XXXIII Yay Olimpiya Oyunlarının açılış mərasimində bu kinini açıq-aydın nümayiş etdirən Makron Fransası “Damokl qılıncı” kimi onların başlarının üstündən asılıb.

Qvami Məhəbbətoğlu, “İki sahil”