06 avqust 2024 10:15
444

Azad edilmiş ərazilərimizdə müsir texnologiyalar tətbiq edilir

Biz gələcəyə bu cür baxırıq: müasirlik, dinamik inkişaf, texnologiyaların tətbiqi

Azərbaycanın zəngin təcrübəsi bütün sahələrdə beynəlxalq tədbirlərə ev sahibliyi etməsinə geniş imkanlar yaradır. Bu, bir tərəfdən Azərbaycanın  dünyaya nümunə olan inkişaf modelinə malik olması, digər tərəfdən isə sabitlik diyarı kimi nüfuz qazanması ilə sıx bağlıdır. Azərbaycanın inkişaf modeli beynəlxalq səviyyədə təqdir olunursa, bu təkmil islahatlara əsaslanan davamlı inkişafın nəticəsidir. Azərbaycan yenilikçi, innovasiyalar ölkəsi olduğunu atdığı hər addımında təsdiqləyir. Dünyaya Azərbaycan brendi kimi səs salan «ASAN xidmət», ABAD, DOST layihələrinin sırasına bu gün “ağıllı şəhər” və “ağıllı kənd” də daxil edilir. İşğaldan azad edilmiş ərazilərimizdə bütün yeniliklərin, müsir texnologiyaların tətbiq olunması  Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycanın daha möhtəşəm gələcəyindən xəbər verir. Eyni zamanda, bu ərazilərimiz müasir idarəetmə təcrübəsinin tətbiqi ilə diqqətdədir. İşin səmərəliliyini artırmaq üçün bu ərazilərdə Prezidentin xüsusi  nümayəndəliyi fəaliyyət göstərir.

Yeni idarəçilik üsulu, müsbət təcrübə

Ötən ilin dekabrında ADA Universitetində  Prezident İlham Əliyevin iştirakı və  ADA Universitetinin,  Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən  “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” mövzusunda  Forumda da dövlətimizin başçısı diqqəti bu məsələyə yönəldərək  bildirdi ki, biz, həmçinin yeni idarəçilik modelini sınaqdan keçiririk. Artıq Prezidentin xüsusi nümayəndələr institutunu yaratmışıq.  Onların sayı daha çox olacaq. Bu, tamamilə yeni idarəçilik üsuludur və həmin müsbət təcrübə, ola bilsin, ölkənin qalan hissəsində də tətbiq edilsin. Texnoloji inkişaf, ekoloji baxımdan münbit biznes mühiti, bütün bunlar tətbiq ediləcək. Bir sözlə,  həmin planlarımız artıq var. Hələ onları kağız üzərinə köçürməmişik. Çünki   keçmiş məcburi köçkünlərin əsas hissəsini qaytarmalıyıq. Bu, Azərbaycanın qalan hissəsinin yenidən qurulmasına və inkişafına dair yol xəritəsi olacaq. Qarabağ və Şərqi Zəngəzuru yaşıl enerji zonası kimi elan etdikdən sonra növbəti addım Naxçıvan Muxtar Respublikasında atıldı. Hazırda  Naxçıvanda 1500 bərpaolunan enerji mənbəyinin tikintisi planı tərtib edilib.  Naxçıvan Muxtar Respublikası üçün xüsusi dövlət inkişaf proqramı qəbul edilib.  Həmin proqram bir növ Böyük Qayıdış adlanan Qarabağ və Şərqi Zəngəzur proqramına bənzəyir: «Biz Qarabağda şəhərsalmanın planlaşdırılmasına kömək etmiş beynəlxalq şirkətləri eyni işləri Naxçıvanda da görməsi üçün artıq seçmişik. Mövcud şəhər infrastrukturunu nəzərə alaraq, bu addım atılır, çünki coğrafi və mədəni baxımdan Qarabağ, Zəngəzur və Naxçıvan müəyyən dərəcədə eyni bölgəyə aiddir. Onların coğrafi və mədəni mühiti demək olar ki, eynidir. Bu, Azərbaycan ərazisinin böyük hissəsini əhatə edəcək və bütövlükdə Azərbaycanın dörddəbir hissəsini, eləcə də ölkənin qalan hissəsini təşkil edəcək. Həmin yenidənqurma iqtisadi inkişafa, məşğulluğa, əmək qüvvəsinin yerdəyişməsinə təkan verəcək…Birinci yerdə keçmiş məcburi köçkünlər və onların həyatı, onların yurdları və həyat tərzi, öz torpaqlarında layiqli yaşaması məsələsi dayanır.»

   Göründüyü kimi, yeni texnologiyaların inkişafı və tətbiqi məsələsi cənab İlham Əliyevin bütün çıxışlarında xüsusi qeyd edilir. Reallıq budur ki, informasiya-kommunikasiya texnologiyaları həyatımızın daim ehtiyac duyulan, ayrılmaz parçasıdır. Bu sahə hər bir ölkənin gələcəyi üçün həlledici sahədir. “Texnoloji inkişafda kim qabağa gedibsə, o da udacaq, kim geridə qalıbsa, asılı vəziyyətdə qalacaqdır. İndi sirr deyil, elə peşələr var ki, 5 ildən sonra bu peşələr sıradan çıxacaq, yəni olmayacaq. Yeni peşələr meydana çıxacaq və biz hazır olmalıyıq ki, bu peşələrə yiyələnək. Hazır olmalıyıq, kadr potensialımız imkan versin ki, dünyada gedən sənayeləşmə, xüsusilə Dördüncü Sənaye İnqilabı ilə bağlı proseslər daim Azərbaycanın inkişafını təmin etsin” söyləyən cənab İlham Əliyev qeyd edir ki, Davos Ümumdünya Forumu məhz Azərbaycanı Dördüncü Sənaye İnqilabının mərkəzlərindən biri seçdi.” Təbii ki, bu seçim ölkəmizin qeyd olunan sahədə qazandığı uğurların təqdimatıdır.  

Yeni dövrün hədəfləri

   Azərbaycanın texnoloji sahədə qazandığı uğurların fonunda kadr hazırlığı prioritet məsələ kimi öndə dayanır. Texnoloji inkişaf, rəqəmsallaşma, kibertəhlükəsizlik, süni intellektin tətbiq edilməsi – bütün bunlar  gündəlik həyatımızın reallıqlarına çevrilməlidir. Dövlət qurumları, özəl sektor və cəmiyyətin bütün digər seqmentləri buna hazır olmalıdırlar. Dövlətimizin başçısı  İlham Əliyev yeni dövrün hədəflərini özündə ehtiva edən 14 fevral 2024-cü il tarixdə keçirilən andiçmə mərasimində  bu çağırışları önə çəkərək bildirdi ki, əks təqdirdə biz geridə qalacağıq. Biz isə geridə qala bilmərik. Elə bir bölgədə yerləşirik, bizə qarşı elə bir qüvvələr birləşib ki,  ziyan vurmaq üçün fürsət axtarırlar: «Biz, - İkinci Qarabağ müharibəsi zamanı və antiterror əməliyyatı zamanı mən bunu artıq demişdim, - sarsılmaz hesab olunan elə bir daşları tərpətdik ki, bunu bizə bağışlamayacaqlar, biz bunu bilməliyik. Əgər kimsə hesab edir ki, bizdən əl çəkəcəklər, səhv edir. Biz hazır olmalıyıq, səfərbər olmalıyıq, əlbəttə ki, cəmiyyət rahat yaşamalıdır.”

    Bu gün qalib, bütövləşən Azərbaycanın uğurlarından və hədəflərindən bəhs edirik. Yeni dövr yeni hədəfləri ilə diqqətdədir. Əldə etdiyi uğurları ilə  kifayətlənməyən Azərbaycan daim irəliyə doğru inamla addımlayır. Təbii ki, yeni çağırışlar  təhsil sistemində də təkmilləşməni bir zərurət kimi qarşıya qoyur. Uğurlu iqtisadi tərəqqiyə məhz ali təhsil sisteminin beynəlxalq standartlar səviyyəsinə yüksəldilməsi sayəsində nail ola bilərik. Ölkəmizdə savadlılığın səviyyəsinin təxminən 100 faizə yaxın olması, təbii ki, uğurlu, təkmil islahatların, təhsilin inkişafına göstərilən diqqət və qayğının nəticəsidir. Təhsilə göstərilən diqqət büdcə xərclərimizdə də özünü təsdiqləyir. Büdcə xərclərində əsas yeri  təhsil və müdafiə xərcləri tutur. Dövlətimizin başçısı bildirir: “Biz gələcəyə bu cür baxırıq: müasirlik, dinamik inkişaf, texnologiyaların tətbiqi. Bunlar olmasa biz istədiyimiz qədər inkişaf edə bilmərik. Biz isə istəyirik ki, inkişaf etmiş ölkələrin sırasına daxil olaq və imkanlar da var.”

Təhsilin, elmin və iqtisadiyyatın vəhdəti…

Prezident İlham Əliyevin  “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın,  həmçinin  “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın təsdiqlənməsi haqqında  sərəncamları uğurlu iqtisadi tərəqqinin kadr hazırlığının  beynəlxalq standartlar səviyyəsinə uyğunlaşdırılmasından asılı olduğunu bir daha təsdiqləyir.  Ali təhsil sisteminin rəqabətliliyinin artırılması öz növbəsində beynəlxalq əlaqələrin inkişafını, dünya təhsil sisteminə inteqrasiyanın sürətləndirilməsini bir tələb kimi ortaya qoyur. Təcrübə mübadiləsinin genişləndirilməsinin qarşıya qoyulan məqsədlərə lazımi səviyyədə nail olmağa böyük stimul verdiyi əldə olunan nəticələrdən də aydın görünür. Ölkə Prezidenti İlham Əliyevin gənclərin xarici ölkələrdə təhsili ilə bağlı Dövlət Proqramının uğurlu icrası da bu kimi məqsədlərə xidmət edir.    Məhz təhsil,  İKT sektorunda əldə olunan uğurlara söykənərək, bu   fikri böyük əminliklə qeyd edirik ki, Azərbaycan bu gün    dünyada  təkcə neft-qaz ehtiyatlarına malik   deyil, həmçinin  yüksək səviyyəli  elmi potensiala malik və informasiya-kommunikasiya texnologiyalarının tətbiq olunduğu innovasiyalar  ölkəsi kimi tanınır. Bütün bunlar ölkəmizin hərtərəfli inkişafına, beynəlxalq nüfuzunun artmasına xidmət edir. Təhsilin, elmin və iqtisadiyyatın vəhdətinin yaradılması ölkəmizin dayanıqlı inkişafını şərtləndirən əsas amildir.

Aparılan təhlil bu ümumiləşdirməyə əsas verir ki, Ulu Öndər  Heydər Əliyev tərəfindən əsası qoyulmuş iqtisadi inkişaf strategiyasının 2003-cü ildən sonra uğurla davam etdirilməsi nəticəsində ölkəmizdə makroiqtisadi sabitlik qorunub saxlanılır,  qeyri-neft sahələrinin və regionların inkişafı sürətlənir, strateji valyuta ehtiyatları dəfələrlə artır və ondan səmərəli istifadə təmin olunur, sahibkarlığa dövlət dəstəyi güclənir, təhsil və digər sosial sahələrin inkişafı davam edir və əhalinin rifahı davamlı olaraq yaxşılaşır.  Ötən dövr ərzində Azərbaycanın beynəlxalq əlaqələri mühüm dərəcədə genişlənmiş, beynəlxalq aləmdə nüfuzu güclənmiş və Cənubi Qafqazın lider dövləti kimi öz mövqeyini qoruyub saxlamışdır. Azərbaycanda bundan sonra da həyata keçiriləcək iqtisadi islahatların məqsədi yüksək insan kapitalına və innovasiyalara əsaslanan dayanıqlı, rəqabətli Azərbaycan iqtisadiyyatının formalaşdırılmasıdır. Dövlət başçısı İlham Əliyev bildirir: “İnkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, o uğurların təməlində intellektual potensial, texnoloji tərəqqi, elmin inkişafı və təhsil səviyyəsi dayanır. Gələcəkdə bu amillər daha da böyük rol oynayacaq. Çünki bu gün istər iqtisadi sahədə, sənaye istehsalının inkişafında, hər bir sahədə müasir texnologiyalar hər şeyi həll edir.”

Yeganə Əliyeva, “İki sahil”