06 avqust 2024 00:59
465

Azərbaycan sülh gündəliyinə sadiq qalsa da...

Məğlub ölkə müharibənin dərslərindən nəticə çıxarmaq və Azərbaycanın beynəlxalq hüquqa əsaslanan şərtlərini qəbul etmək əvəzinə, sülh prosesini sadəcə imitasiya edir

Qalib Azərbaycanın yaratdığı reallıqlar Bakı ilə İrəvanı heç vaxt olmadığı qədər sülhə yaxınlaşdırsa da   təəssüf doğuran haldır ki, hələlik bu, reallaşmır. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla ölkəmizdə səfərdə olan Türkiyə Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Cənubi Qafqaz Baş İdarəsinin rəisi Mehmet Samsarın rəhbərlik etdiyi nümayəndə heyəti arasında baş tutan görüşdə bununla bağlı xüsusi narahatlıq ifadə olunub. Nazir Ceyhun Bayramov Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesi barədə qarşı tərəfi ətraflı məlumatlandırıb. Sülh prosesinin qarşısında duran çağırışların, o cümlədən ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı davam edən və Ermənistan konstitusiyasında iddiaların, üçüncü dövlətlər tərəfindən Ermənistanın hərbiləşməsinə dəstək verərək regional sabitliyə hədə törədən addımların hələ də qalmaqda olduğu diqqətə çatdırılıb.

Bu kimi təhdidlərin sülhə və sabitliyə, bölgədə qarşılıqlı əməkdaşlığa, regional nəqliyyat əlaqələrinin inkişafına, ümumilikdə regional normallaşmaya mane olduğu qeyd edilib, onların aradan qaldırılmasının vacibliyi vurğulanıb.

Azərbaycan postkonflikt dövründə  dərin məzmunlu sülh gündəliyinə malikdir. Dövlətimizin irəli sürdüyü sülh şərtləri məlumdur – Azərbaycan prosesin şəffaf və beynəlxalq hüquq müstəvisində tənzimlənməsində maraqlıdır. Ölkəmiz regionda davamlı sülhün formalaşdırılması istiqamətində öz mövqeyini qəti şəkildə ortaya qoyub - sülh müqaviləsi üçün Azərbaycanın irəli sürdüyü şərtlər real zəmindir. Dövlətimizin təqdim etdiyi və dayanıqlı sülhün söykənəcəyi 5 baza prinsiplərinə nəzər saldıqda bunu görməmək mümkün deyil. Sülhün bütün detalları Azərbaycanın mövqeyi ilə uzlaşdırılır -  Ermənistan isə sonda bu qərara imza atmaqla həm özünü xilas edəcək, həm də yeni inkişaf mərhələsinə qədəm qoyacaq.

Dünyanın güc mərkəzləri, beynəlxalq qurumlar da bu yöndə çağırış və gözləntilərini mütəmadi açıqlayır. Cari ilin sülh ili olmasına böyük ümidlər bəslənir. Postmüharibə dövründə qalib Azərbaycan sülhyaratma prosesinə qoşulan bütün səmimi vasitəçilərin səylərini alqışlayıb, müxtəlif platformalarda aparılan danışıqlarda fəallıq göstərib. Ancaq müharibənin qalib tərəfi olan Azərbaycan sülh gündəliyinə sadiq qalsa da, Ermənistan tərəfindən buna adekvat cavab verildiyinin şahidi olmuruq. Məğlub ölkə müharibənin dərslərindən nəticə çıxarmaq və Azərbaycanın beynəlxalq hüquqa əsaslanan şərtlərini qəbul etmək əvəzinə, sülh prosesini sadəcə imitasiya edir.

Sülhə aparan yolda Ermənistan rəhbərliyi ilk növbədə öz üzərinə düşənləri yerinə yetirməlidir. Lakin Ermənistan “ölkənin konstitusiyasında dəyişiklik edilməlidir” şərtinin icrasını yubadır, bu istiqamətə konkret addımlar atmır. Bu ölkənin konstitusiyasının dəyişdirilməsi isə Azərbaycanın əsas tələbləri sırasındadır. Səbəb burada Azərbaycana qarşı ərazi iddialarının yer almasıdır. Ermənistan Cənubi Qafqazda sülhün tərəfdarıdırsa əsas qanunundan ərazi iddiaları olan müddəaları çıxarmalıdır. Lakin rəsmi İrəvan hələ də prosesi uzatmaqla məşğuldur. Amma gec-tez buna getməyə məcburdur. Paşinyanın konstitusiyaya dəyişikliklə bağlı layihənin 2026-cı ilə qədər hazırlanması barədə tapşırığı da bunun göstəricisidir.

Postmüharibə dövründə məğlub ölkənin silahlanma yolu tutması da sülh prosesinə açıq-aşkar təhdidlər yaradır. Hələ 30 il ərzində silahlanmaqla İrəvan Azərbaycanın qarşısında cəmi 44 gün davam gətirdi, son 3 il ərzində Hindistandan, Fransadan və digər dövlətlərdən daşınan silahlar da Ermənistanın karına gəlmədi, separatçılar və Qarabağdakı erməni hərbi birləşmələri cəmi 23 saat duruş gətirə bildi. Belə olan halda, Ermənistanı silahlandıranlar, əslində, bu ölkəni fəlakətə sürükləyirlər. Qeyd edək ki, Avropa Sülh Fondundan Ermənistana hərbi məqsədlər üçün böyük həcmlərdə vəsait ayrılıb. Fransa bu ölkəyə öldürücü silahlar tədarük edir. Yenə də Fransanın vasitəçiliyi ilə Ermənistan Hindistandan silahlar alır. Afrikada və dünyanın başqa yerlərində müstəmləkəçilik siyasəti iflasa uğrayan Fransa hazırda Cənubi Qafqazı növbəti hədəf kimi görür. Parisin Ermənistanı hər vəchlə silahlandırmağa çalışması, onu yenidən təcavüzə və hərbi avantüraya cəlb etməsi Makron hakimiyyətinin bədxah niyyətini göstərir. Fransanın bu davranışları Cənubi Qafqazda yeni eskalasiya riskini artırmaqla yanaşı, beynəlxalq səviyyədə təhlükəsizliyə xələl gətirir. Özünü demokratik ölkə kimi qələmə verən Fransa üçün görünür nə regionun, nə də dünyanın təhlükəsizliyi heç bir əhəmiyyət kəsb etmir. Çünki Fransa işğalçı, Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edən bir dövlətə - Ermənistana hərbi, siyasi dəstək verir. Bu istiqamətdə ABŞ-nin fəallığı da göz önündədir. Bir qədər bundan əvvəl ABŞ-Ermənistan birgə hərbi təlimləri baş tutdu. Artıq bu ölkənin hərbi mütəxəssisləri Ermənistanda praktiki fəaliyyətə cəlb olunublar. Belə olan haldan hansı sülhdən danışmaq mümkündür? Azərbaycanın yanaşması belədir ki, regionun problemləri region dövlətlərinin iştirakı ilə birlikdə çözülməlidir. Regiondan kənar güclər isə kəsişən maraqları səbəbindən sülh prosesinin irəliləməsinə maneçilik törədirlər.

Yekun olaraq, sülhə nail olmaq üçün Ermənistanın konkret addımlar atması zəruridir. Bu prosesin uğurla başa çatması yalnız Cənubi Qafqaz regionunda deyil, həm də dünya miqyasında təhlükəsizliyə və sabitliyə mühüm töhfə verəcəkdir.

Nigar Orucova, “İki sahil”