06 avqust 2024 01:57
411

Ermənilər hansı səbəbdən “Zəngəzur dəhlizi”nin açılmasından qorxurlar?

Erməni siyasətçilər bunu az qala Ermənistan dövlətinin yox olması ilə əlaqələndirirlər...

İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın bölgədə yaratdığı və beynəlxalq əhəmiyyəti ilə seçilən ən mühüm reallıqdan biri də Zəngəzur dəhlizinin bərpası ilə bağlı göstərdiyi qətiyyətdir. Vətən müharibəsindən sonra Zəngəzur dəhlizi ilə bağlı danışıqların aktuallaşmasında məqsəd bu dəhliz vasitəsilə 30 ildən artıq Ermənistanın blokadasında qalan Naxçıvan Muxtar Respublikasının Azərbaycanın digər rayonları ilə illərdən bəri «donan» əlaqəsini, avtomobil və dəmir yollarını bərpa etmək, marşrutun beynəlxalq səviyyədə iqtisadi əhəmiyyətini artırmaqdır. Ermənistanın baş naziri Nikol Paşinyanın guya yeni təşəbbüs kimi irəli sürdüyü “sülhün kəsişməsi”, “erməni qovşağı” kimi bayağı “layihə”si ilə bağlı fikirlərini daha inandırıcı, reallıq əsasında açıqlayan Prezident İlham Əliyev bildirir ki, Ermənistan 10 noyabr üçtərəfli Bəyanatındakı kommunikasiyalarla bağlı müddəanı yerinə yetirmir və faktiki olaraq öz öhdəliyinə laqeyd yanaşır: “Ona görə bunu pərdələmək, eyni zamanda, “Zəngəzur dəhlizi” sözünü sildirmək üçün belə bir təklif irəli sürmüşlər. Onu da bildirməliyəm ki, “Zəngəzur dəhlizi” sözü onları çox qıcıqlandırır və mən deyəndə ki, axı dəhliz hər hansı bir ölkənin suverenliyini şübhə altına almır, - Şimal-Cənub dəhlizi var, Azərbaycan ərazisindən keçir. Bu, o demək deyil ki, bizim suverenliyimiz burada şübhə altına düşür. Şərq-Qərb dəhlizi var, - amma nədənsə Ermənistanda bu dəhliz sözünə münasibət bir az fərqlidir. Ona görə bu erməni yol kəsişməsi, ya yolayırıcı, ondan sonra bunu “sülh yol kəsişməsi” adlandırmışlar. Amma faktiki olaraq bu, piar aksiyadan başqa bir şey deyil.

Məlumdur ki, erməniləri qorxudan əsas məsələ 200 illik fəaliyyətlərinin tarixin zibil qutusuna atılması qorxusudur. “Zəngəzur dəhlizi”nin açılmasını onlar ona görə bu qədər ağrılı qəbul edirlər ki, bu dəhlizin açılmasından sonra başlayacaq prosseslər əslində “Böyük Ermənistan” xülyasının sona çatması ilə nəticələnə bilər. Söhbət hər şeydən əvvəl Türkiyə və Azərbaycanla siyasi, iqtisadi və mədəni əlaqələrin bərpasından, bu əlaqələrin dərinləşməsindən gedir. Ermənilər yaxşı başa düşürlər ki, bu günə qədər əldə etdikləri hər şeyi özlərin türklərə düşmən olaraq gördükləri üçün qazanıblar. İndi isə dostluq əlaqələri yaranacaqsa, erməni ideoloqların “Böyük Ermənistan” xülyası da özü-özündən yoxa çıxacaq. Türklə dost münasibətləri quran erməni özünün xalq olaraq geosiyasi əhəmiyyətini itirəcək. Buna görə də erməni başbilənləri hər vəchlə Türkiyə və Azərbaycanla əlaqə qurmaqdan, iqtisadi və siyasi münasibətləri sivil şəkildə yürütməkdə qaçırlar. İndi 44 günlük müharibənin yaratdığı tarixi zərurət isə bunu tələb edir. Bu üzdən ermənilər “Zəngəzur dəhlizi”nin açılmasını təlaşla qarşılayırlar.

Bu günlərdə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Braynın Senatda “Avropanın Gələcəyi” mövzusunda keçirilən dinləmələr zamanı səsləndirdiyi fikirlər Ermənistanda zəlzələ effekti yaradıb. Xatırladaq ki, O'Brayn çıxışı zamanı zəngin Orta Asiya ölkələrinin dünya bazarlarına Azərbaycan və Ermənistan ərazisindən quru yolla çıxmaq imkanına toxunub: “Azərbaycan və Ermənistan ərazisindən marşrutun açılmasnı təmin edə bilsək, Orta Asiya ölkələri dünya bazarlarına çıxış əldə edəcək, Rusiya və Çindən daha az asılı olacaqlar”.

Bu açıqlamaları şərh edən Ermənistan Respublikaçılar Partiyasının sözçüsü Eduard Şarmazanov qeyd edir ki, Qərb, faktiki olaraq, İrəvandan Zəngəzur dəhlizini tələb edir: “Paşinyanın partiyasının üzvləri, nikolçular və müxtəlif qərbçilər, sizin suverenliyiniz haradadır?”. Onun sözlərinə görə, Amerika Birləşmiş Ştatları dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayn Senatın Xarici Əlaqələr Komitəsində bildirib ki, Vaşinqton Ermənistan və Azərbaycan arasında ədalətli və davamlı sülhün bərqərar olmasına fəal kömək etməkdə davam edir: “ABŞ-nin faktiki nümayəndəsi bəyan edir ki, Qərb Rusiyanı regiondan sıxışdırıb çıxarmalıdır və Zəngəzur vasitəsilə Azərbaycanla Ermənistanı birləşdirən yol bunun aləti olacaq. İran və ya Rusiya Qərbin regiondakı fəallığından narahatlıqla bağlı bəyanatlar verəndə, nikolçular və qərbçilər Ermənistanın suveren olduğunu xatırlayırlar. İndi Qərb faktiki olaraq açıq mətnli dəhliz tələb edir, niyə səs çıxarmırsınız?”. Baş verənlər fonunda Ermənistanda etiraflar edilir ki, bu gedişlə Zəngəzur dəhlzinin açılmasını ləngitmək mümkün olamayacaq. Ermənistanın “zham.am” nəşri bununla bağlı yazır: “ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Senatın Xarici Əlaqələr Komitəsində bəyan edib ki, ABŞ-nin əsas məqsədi Mərkəzi Asiya ölkələrindən dünya bazarlarına yeni quru yollarının yaradılmasıdır. Yəni ABŞ-nin yüksək rütbəli rəsmisi açıq şəkildə bəyan edir ki, Şimal-Cənub marşrutunun işləməməsi üçün ölkəsi Cənubi Qafqaz regionunda hər şeyi etməlidir. O'Braynın bəyanatı göstərir ki, ABŞ Ermənistan və Gürcüstandan keçən Şimal-Cənub marşrutunun işləməsində açıq şəkildə maraqlı deyil. Üstəlik, amerikalı rəsmi ölkəsinin sırf Ermənistan üzərindən fəaliyyət göstərəcək Zəngəzur dəhlizində maraqlı olduğunu gizlətmir. Nikol Paşinyanın Rusiyanın Ermənistanla Azərbaycan arasında regional kommunikasiya əlaqələrini açmaq səylərini niyə dayandırdığı artıq açıq şəkildə deyilir. Paşinyanın Zəngəzur dəhlizinə qarşı “qəhrəmancasına mübarizəsi”nin əslində bir məqsədi var idi: o dəhlizə Rusiya deyil, Türkiyə nəzarət etsin. Paşinyan bunu açıq elan edə bilməz. Əvəzində O'Brayn bunu ortaya qoyur. Bundan sonra Paşinyanın “sülh kəsişməsi”nin bütün aldadıcılığı bəlli olur. Əslində, Paşinyan Ermənistanı Türkiyə ilə Azərbaycan arasında “tranzit blok”a çevirmək niyyətindədir, amma bunu ictimaiyyət qarşısında etiraf etməyə qorxur. Aydın məsələdir ki, bundan sonra Ermənistanın dövlət kimi mövcudluğunun mənası da aradan qalxacaq”.

Göründüyü kimi, Zəngəzur dəhlizinin açılmasına qarşı çıxan məhz Ermənistandır. Sadəcə, İrəvan dəhlizin açılmasının onlara faydalı olacağını başa düşmək istəmir. Ermənistanın rəsmi dairələri bunu açıq bildirməsələr də, hər halda məsələnin həllinə maraq göstərmirlər. Ermənistan ictimaiyyətində isə dəhlizlə bağlı ciddi fikir ayrılıqları var. Ancaq iş burasındadır ki, bu dəhliz açılarsa, daha çox fayda görənlərdən biri Ermənistan olacaq. Dəhlizin mövcud olması Ermənistan büdcəsinə heç bir investisya qoyulmadan, əlavə xərc çəkilmədən böyük vəsaitlərin daxil olmasına gətirib çıxaracaq. Zəngəzur təkcə Azərbaycanla Naxçıvanı birləşdirən nəqliyyat qovşağı olmayacaq. Transmilli layihənin bir qoluna çevriləcək dəhlizin sayəsində onlarca ölkənin iqtisadiyyatı dirçələcək, bir-biri ilə əməkdaşlığın tam yeni və gəlirli perspektivləri ortaya çıxacaq.

Sevinc Azadi, “İki sahil”