06 avqust 2024 08:01
396

Yeni dövr yeni hədəflərin uğurlu icrası ilə diqqətdədir - ŞƏRH

Dövlətimizin başçısı İlham Əliyev texnoloji inkişafın üstünlüklərindən geniş bəhs edərək bu çağırışı edir ki, burada vacib məsələlərdən biri kadr hazırlığıdır

“Vacib vəzifələrdən biri texnoloji inkişafımızdır. Bu gün istər sənaye inkişafı sahəsində, istər hərbi sənaye kompleksi sahəsində və ümumiyyətlə, hərbi sahədə texnoloji inkişaf və üstünlük böyük əhəmiyyət daşıyır. İkinci Qarabağ müharibəsi zamanı hər kəs bunu gördü, antiterror əməliyyatı zamanı da. Təbii ki, Qələbəmizin əsas amili Azərbaycan döyüşçüsüdür. Düşməni məhv edən və Bayrağı azad edilmiş torpaqlara sancan insandır, əsgərdir, zabitdir. Ancaq texniki vasitələr az rol oynamır. Biz texniki vasitələr hesabına İkinci Qarabağ müharibəsindən minimum itkilərlə çıxmışıq. Ona görə texnoloji inkişafla bağlı hədəflər müəyyən edildi, bütün aidiyyəti qurumlara tapşırıqlar verildi və bu iş əlbəttə ki, böyük bir səfərbərlik tələb edən işdir.” Dövlət başçısı İlham Əliyev yeni dövrün hədəflərini açıqlayarkən onu da bildirdi ki,  yeni texnologiyaları alırıq. Texnoloji inkişafa böyük dəstək veririk, ancaq burada vacib məsələlərdən biri kadr hazırlığıdır.

Prezident İlham Əliyev çıxışlarında bu mühüm məqamı da xüsusi qeyd edir ki, Azərbaycan əksər ölkələr kimi texnologiyaları idxal edir. Ancaq bu texnologiyaları işlətmək, onları mənimsəmək, bu texnologiyalar əsasında yeni intellektual məhsul yaratmaq artıq kadr peşəkarlığından, kadr hazırlığından bilavasitə asılıdır. Azərbaycan dünyanın informasiya-kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərən bütün aparıcı şirkətləri ilə sıx əməkdaşlıq edir. Ölkəmizin rəqəmsallaşdırılması, informasiya texnologiyalarının bütün sahələrdə tətbiqi dövlətimizin diqqət göstərdiyi prioritet sahələrdəndir.

Təhsil, elm, texnologiyalar, innovasiyalar…

2019-cu ilin sonlarından başlayaraq dünyanı bürüyən koronavirus infeksiyasına qarşı mübarizə tədbirləri hər bir ölkənin yeni texnologiyaların inkişafı və tətbiqi sahəsində mövcud imkanlarına işıq saldı. “Evdə qal” prinsipi əsasında görülən tədbirlər  informasiya texnologiyalarının tətbiqini daha da aktuallaşdırdı. Özünütəcrid şəraitində informasiya texnologiyaları olmadan iş görmək mümkün deyildi. Dövlətimizin başçısı İlham Əliyevin təşəbbüsü ilə keçirilən Zirvə görüşləri, ölkə rəhbərinin bu və ya digər dövlətin, beynəlxalq təşkilatın rəsmiləri, həmçinin dövlət məmurlarımızla görüşləri videokonfrans şəklində həyata keçirildisə, bu, artıq innovasiyaların tətbiqi sahəsində təkmilləşmənin vacibliyinə işıq salır. Cənab İlham Əliyev bildirdi ki, informasiya texnologiyaları bütün sahələrdə tətbiq edilməlidir. Bunlar gələcəyə doğru atılan addımlardır: “Biz gecikə bilmərik, yubana bilmərik, geciksək uduzarıq. Ona görə bütün resurslarımızı, o cümlədən maliyyə, intellektual və kadr resurslarımızı səfərbər etmişik. Əminəm ki, gələcək illərdə Azərbaycan informasiya-kommunikasiya texnologiyaları sahəsində liderlik mövqelərini daha da möhkəmləndirəcək.” Prezident İlham Əliyev  hər zaman bu çağırışı da  edir ki, əgər biz inkişaf etmiş ölkələrin tarixinə və bugünkü inkişaf dinamikasına nəzər salsaq əsas hərəkətverici qüvvənin təhsil, elm, texnologiyalar, innovasiyalar olduğunu görərik. Dünyada texnologiyalar çox sürətlə inkişaf edir və biz addımlarımızı bu inkişafa uyğun şəkildə atmalıyıq: «Əlbəttə, Azərbaycanda texnologiyaların inkişafı sahəsində daha böyük addımlar atılmalıdır. Xüsusilə gəncləri bu işlərə biz daha geniş miqyasda cəlb etməliyik. Mən istedadlı gənclərlə görüşlər əsnasında bir şeyi gördüm ki, onların bəziləri öz biliklərini, innovasiyaları həyata keçirmək üçün xaricə üz tuturlar… Biz elə bir şərait yaratmalıyıq ki, istedadlı gənclərimiz Azərbaycanda fəaliyyət göstərsinlər, öz biliklərini burada tam realizə edə bilsinlər və ölkə iqtisadiyyatına, ölkəmizin güclənməsinə xidmət etsinlər. Ona görə yeni texnologiyaların Azərbaycanda tətbiqi prioritet məsələlərdən biridir. Burada, ilk növbədə, əlbəttə ki, dünyada artıq üzə çıxan ən müasir texnologiyaların Azərbaycanda tətbiqindən söhbət gedir. Bunu biz mütləq etməliyik.”

İnternet istifadəçilərinin sayı 85 faizdən çoxdur

 Bugünümüzün çağırışları keçilən yolun təhlilini bir zərurət kimi qarşıya qoyur. Cənab İlham Əliyev 2003-cü ildə qarşıya bu hədəfi qoydu ki, iqtisadi artım qeyri-neft sektorunun hesabına olmalıdır. Həmçinin bu çağırış da edildi ki, neft kapitalını insan kapitalına  çevirək! Təbii ki, burada söhbət elmin, təhsilin, yeni texnologiyaların və iqtisadiyyatın vəhdətinin yaradılmasından gedir. Dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə istinadən bu reallıq xüsusi qeyd edilir ki, həmin  ölkələrin inkişafında, yeni-yeni hədəflərə doğru irəliləməsində əsas faktor elmdir, bilikdir, yeni texnologiyalardır. Azərbaycan daim hər dövrün çağırışlarını yüksək səviyyədə cavablandırmağa səy göstərir. 2013-cü ilin ölkəmizdə “İKT İli” elan edilməsi Azərbaycanın bu sahənin inkişafına diqqət və qayğısının göstəricisi oldu. Azərbaycan rabitə və yüksək texnologiyalar sahəsində bölgədə mərkəzi rol oynayır. Artıq dünya miqyasında böyük nüfuz qazanmış “Bakutel” sərgisi ənənəvi olaraq Bakıda keçirilir. Dövlət başçısı İlham Əliyevin  Beynəlxalq Telekommunikasiya İttifaqının rəhbərləri ilə  çoxsaylı görüşləri onu göstərir ki, ölkəmizdə  bu sahəyə qoyulan investisiyalar  beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir. Azərbaycanda  internet istifadəçilərinin sayı 85 faizdən çoxdur. Ölkəmizdə internet azaddır,  heç bir məhdudiyyət yoxdur.

Dünyanın kosmik klubunun məhdud sayda üzvlərindən biri

Kosmik sənaye sahəsində  əldə edilmiş uğurlarımız   təqdir edilir.  Gənc müstəqil ölkə üçün qısa müddət ərzində belə nailiyyətlərin əldə edilməsi böyük hadisədir. 3 peykimiz var. 2013-cü ildə orbitə buraxılan “Azərspace-1” ölkəmizdə kosmik sənayenin inkişaf etdirilməsinə, peyk texnologiyalarının geniş tətbiqinə, telekommunikasiya, internet, televiziya-radio yayımı xidmətlərinə olan tələbatın ödənilməsinə şərait yaradaraq, iqtisadi, sosial, elmi, mədəni, təhlükəsizlik və sair  sahələrdə inkişafa təkan verir. 2016-cı ildə “Azərsky” müşahidə peyki və 2018-ci ildə isə “Azərspace- 2” peyki orbitə buraxıldı. Bu peyklər  ilk növbədə, Azərbaycanın informasiya təhlükəsizliyi baxımından xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan dünyanın kosmik klubunun məhdud sayda olan üzvlərindən biridir.

Məhz bu uğurlarımıza söykənərək 2019-cu ildə Vaşinqtonda Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasında keçirilmiş seçkilərdə Bakı şəhəri 2023-cü ildə 74-cü  Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququ qazanmışdı.  Azərbaycanın yeniliklərə imza atan, ən əsası yeni texnologiyaların inkişafına və tətbiqinə xüsusi önəm verən ölkə kimi  nüfuz qazanması belə bir qərarın qəbulunda əhəmiyyətli rol oynadı. Dövlət başçısı İlham Əliyevin irəli sürdüyü hədəflər sırasında Azərbaycanın bütün sahələrdə təcrübəsinin nümunə olması, yeni texnologiyaların inkişafı, hər zaman irəli baxaraq bütün yeniliklərin tətbiqinə səy göstərmək idi.

Son 20 ildən artıq  dövrün reallıqlarına diqqət yetirsək hər bir hədəfə zamanında nail olduğumuzu böyük əminliklə qeyd edə bilərik. Bakının ötən il 74-cü Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etməsi   ölkəmizin siyasi nüfuzunun təzahürü, Azərbaycana olan inamın nəticəsi kimi dəyərləndirildi. Azərbaycanın bu tədbirə ev sahibliyi,  dünyanın texnoloji gündəliyinin Azərbaycanda müzakirə olunması bir daha bu sahədə malik olduğumuz imkanların təqdimatına böyük töhfə oldu. Dövlətimizin başçısı İlham Əliyev  74-cü Beynəlxalq Astronavtika Konqresindəki çıxışında  belə bir əminliyi ifadə etmişdir ki, Konqres ölkəmizin kosmik sənaye, müasir texnologiya və innovasiya sektorlarının inkişafına və onun müasirləşdirilməsinə mütləq yeni təkan verəcək. Müasirləşdirilmə sözü bizim gələcəklə bağlı baxışımızı, gündəliyimizi və planlarımızı səciyyələndirir.

 İlk dəfə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə ‒ 1973-cü ildə Bakıda keçirilən Beynəlxalq Astronavtika Konqresinə 50 il sonra Azərbaycanın yenidən ev sahibliyi etməsi böyük rəmzi məna daşıdı. Dünya miqyasında ən mötəbər tədbirlərdən biri olan bu Beynəlxalq Konqresin ikinci dəfə Azərbaycanda keçirilməsi ölkəmizdə kosmik sənayenin inkişafına, beynəlxalq kosmik icma və onu təmsil edən Beynəlxalq Astronavtika Federasiyası ilə əməkdaşlığın genişləndirilməsinə, habelə qlobal kosmos sənayesinə daha yaxından inteqrasiya istiqamətində əvəzolunmaz imkanlar yaratdı.  Prezident İlham Əliyev çıxışında diqqəti bu mötəbər tədbirin ikinci dəfə ölkəmizdə keçirilməsinə yönəldərək bildirdi ki, bu,  bizim üçün böyük şərəfdir. Konqres ikinci dəfə Bakıda, eyni şəhərdə keçirilir. Lakin ölkə eyni deyil. Bu gün həmin qlobal tədbirin ev sahibi müstəqil Azərbaycandır.

Yeni texnologiyaların inkişafı sahəsində böyük təcrübə

   Həmin tədbirdə iştirakçı ölkələrin təmsilçilərinin səsləndirdikləri  fikirlər Azərbaycanın yeni texnologiyaların inkişafı sahəsində qazandığı uğurların, həmçinin ölkəmizin dövrün çağırışlarını yüksək səviyyədə yerinə yetirməsinə verilən yüksək dəyərin təqdimatı oldu. Çinin Milli Kosmik Stansiyasının astronavtlarının videomüraciətində bu mühüm məqamlar yer almışdır ki,   Beynəlxalq Astronavtika Federasiyasının kosmik tədqiqata sadiq və bir olan icma daxilində dostluq üçün körpülərin açılması kimi irsi var. Yarım əsr bundan əvvəl - 1973-cü ildə keçirilən  Beynəlxalq Astronavtika Konqresi Bakıya qayıdır: «24-cü Beynəlxalq Astronavtika Konqresi Azərbaycanın hazırkı Prezident İlham Əliyevin atası Heydər Əliyevin rəhbərliyi dövründə Bakıda müvəffəqiyyətlə keçirilib. Bu tarixi şəkildə gənc İlham Əliyev atasını Konqresdə müşayiət edir və onun kosmik tədqiqat sahəsində tanınmış mütəxəssislərlə fotosu çəkilir. Azərbaycan Prezidenti İlham Əliyev 74-cü Beynəlxalq Astronavtika Konqresinin yenidən Bakıda keçirilməsi üçün mühüm dəstək göstərib.»

Bu çağırış da edildi ki,  insanların kosmik missiyanı irəli aparması ardıcıl nəsillər tərəfindən davamlı dəstək tələb edir. Bəşəriyyətin sülhü sarsılmaz təqib etmək istəyi dəyişməz qalmaqla, yarım əsrin bir anda keçməsi ilə qlobal kosmik sənayedə sürətli transformasiyalar baş verib. Gəlin, kainatı kəşf etmək və qlobal kosmik sənayenin çiçəklənməsini və tərəqqisini təşviq etmək üçün birlikdə işləyək. Gəlin, kosmosla bağlı bəşəriyyətin gələcəyinə dair ortaq baxışın, eyni zamanda, yerdə də insanlıq üçün gözəl vətənin yaradılması ideyasının irəlilədilməsi naminə səylərimizi birləşdirək.

Yeganə Əliyeva, “İki sahil”