Prezident İlham Əliyevin tələbi: Zəngəzur dəhlizinin ən düzgün variantı avtmobil və dəmiryolunun Mehri ərazisindən keçməsidir. Bu marşrut açılmasa Azərbaycanla Ermənistan ərazisində başqa sərhəd olmayacaq.
Son günlərdə Ermənistan silahlılarının Azərbaycanın mövqelərini, xüsusilə Naxçıvan Muxtar Respublikasının sərhəd bölgələrində yerləşən hərbi hissələrini atəşə tutması, təxribatlar törətməsi istər-istməz belə bir sual yaradır: Niyə bəs Naxçıvan!
Tarixdən bəllidir ki, daşnaklar Naxçıvanla bağlı ərazi iddialarını dəfələrlə gündəmə gətiriblər. Guya Naxçıvanın daşnaklara məxsus olduğunu iddia edən haylar Azərbaycanın bu qədim yurd yerinə sahiblənmək üçün ən çirkin yalanlara belə əl atıblar. Ən çirkin niyyət Zəngəzuru Ermənistana birləşdirməklə Naxçıvanı Azərbaycandan ayırmaq olmuşdur. «Bəli, o vaxt ermənilər Naxçıvana iddia edirdilər. Naxçıvanı öz torpaqları kimi hesab edirdilər və Naxçıvanı Ermənistanın tərkibinə daxil etmək istəyirdilər» söyləyən Ulu Öndər Heydər Əliyev tarixi hadisələri ötən əsrin sonlarında baş verənləri təhlil etməklə dəyərləndirib. Bildirib ki, tarixi nöqteyi- nəzərdən çox ağır, gərgin bir dövrdə Zəngəzuru, Naxçıvanı Azərbaycanın ayrılmaz hissəsi kimi qoruyub saxlamaq böyük cəsarət tələb edirdi.
Daşnakların Azərbaycan torpaqlarına, xüsusilə Naxçıvanla bağlı ərazi iddialarını aktuallaşdırmaları daşnak ideologiyası ilə idarə olunan Ermənistanın dövlət siyasətində təkcə Qarabağa deyil, Naxçıvana da əl uzatmaq niyyətlərindən çəkinmədikləri açıq-aşkar bəlli olur.
İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan – Rusiya-Ermənistan arasında imzalanan 10 noyabr 2020-ci il Bəyanatında nəqliyyat-kommunikasiya ilə bağlı bəndin şərtlərini yerinə yetirməsindən yayınan rəsmi İrəvan hələ də ABŞ-ın və Qərbin yalan vədlərinə aldanaraq bölgədə sabitlik üçün başlıca amil olan Zəngəzur dəhlizinin açılmasına qərbsayaq yanaşır. Adı çəkilən Bəyanatda qeyd olunur ki, Zəngəzur dəhlizinin 42-43 kilometr ərazisində təhlükəsizliyi və nəzarət öhdəliyini Rusiya sərhədçiləri yerinə yetirməlidir. Zəngəzurun dəmir və avto yollarının açılmasını Çinin beynəlxalq əhəmiyyətli «Bir kəmər, bir yol» layihəsinin davamı kimi, dəyərləndirən Prezident İlham Əliyev dəfələrlə bildirib ki, Ermənistan istər könüllü, istərsə də məcburi əsaslarla Bakının sülh gündəliyinə daxil olan təkliflərlə razılaşacaq, xüsusilə Zəngəzur dəhlizi ilə bağlı gec-tez ortaq məxrəcə gələcək. Çünki bu gündəlik yalnız qalibiyyətdən irəli gələn yanaşmalar əsasında formalaşdırılmış reallıq deyil. Onun arxasında tarixi, hüquqi və mənəvi əsaslarla dəstəklənən ədalət axtarışı var. Deməli İrəvan qalib, həmçinin haqlı tərəf olan rəsmi Bakının maraqları və hədəfləri ilə hesablaşmağa məcburdur. «Düzdür, orada «Zəngəzur dəhlizi»” sözü yoxdur. Çünki «Zəngəzur dəhlizi»” terminini mən ondan sonra, necə deyərlər, geosiyasi leksikona daxil etdim. Ancaq orada açıq-aydın göstərilir ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantısı olmalıdır və Ermənistan bunu təmin etməlidir”» söyləyən Prezident İlham Əliyev tarixi həqiqətlərə işıq salır.
Delimitasiya və demarkasiya komissiyasının fəaliyyətinin davam etdiyi, kommunikasiya xətlərinin bərpası ilə bağlı müzakirələrin aparıldığı indiki məqamda Zəngəzur dəhlizi ilə bağlı Ermənistanın qeyri-konstruktiv mövqeyi, sərgilənən yalan və böhtanlar, ziddiyyətlər ilk növbədə sülh müqaviləsinin imzalanmasına mane olur.
Ermənistan konstitusiyasında, digər rəsmi sənədlərdə Azərbaycanla bağlı ərazi iddialarından, Qarabağı «özünütküləşdirmək» sərsəmləmələrindən əl çəkməməsi, üstəlik təxribat xarakterli böhtanlar səsləndirməsi bölgədə sabitliyə təhddirdir. Belə əsassız iddiaların cavabı, sülh danışıqlarının perspektivi ilə bağlı önəmli və etibarlı mənbə hər zaman sözü imzası qədər dəyərli olan dövlət başçımızın bəyanatları, qətiyyətidir”.
Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycanın Qərb əyalətlərini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək Zəngəzur dəhlizi bərpa olunmasa Ermənistanla sərhəd açılmayacaq.
«Ən uyğun variant Mehri rayonundan keçəcək marşrutdur. Həm dəmir yolu, həm də avtomobil yolu oradan keçməlidir. İnsanlar və yüklər Azərbaycandan Azərbaycana yoxlayış olmadan keçməlidir. Əks halda Ermənistan sonsuzadək dalanda dirənəcək. Qeyd etdiyim marşrut açılmasa, Ermənistanla sərhədimizi açmayacağıq» söyləyən Prezident
İlham Əliyev bildirib ki, Ermənistanın sülh sazişi üçün kənar müdaxilələrə, «qarant dövlət»lərlə bağlı əsassız tələblərə ehtiyac yoxdur.
Beynəlxalq əhəmiyyətli Orta Dəhliz layihəsinin əsas tərəfdaşı olan Azərbaycan regionda dayanıqlı sülh və təhlükəsizliyin təminatı üçün tərəfdaş ölkələrin maraqlarına uyğun humanitar siyasətini davam etdirir. Azərbaycan Şərq-Qərb, Şimal-Cənub, Şimal-Qərb nəqliyyat dəhlizləri kimi regional bağlantı layihələrinin icrasına mühüm töhfə verən tərəfdir. Azərbaycan ərazisindən Asiyanı Avropa ilə birləşdirən Şərq-Qərb dəhlizinin tərkib hissəsidir. «Zəngəzur nəqliyyat dəhlizi”» üzərində çalışırıq. Bu dəhliz Azərbaycana Avrasiyanın nəqliyyat və logistika mərkəzi kimi mövqeyini gücləndirməyə imkan verəcək. Mən Asiya və Sakit okean hövzəsindən olan tərəfdaş ölkələri bu regional layihənin potensialını nəzərdən keçirməyə dəvət edirəm”» sözləri ilə Zəngəzur dəhlizinin bərpasının beynəlxalq əhəmiyyətini diqqətə çatdıran Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın «sülhün kəsişməsi» kimi bəhanəsini sərsəm ideya, siyasi savadsızlıq adlandırır. Bildirilir ki, Zəngəzur Azərbaycanın tarixi ərazisidir. Bu baxımdan azərbaycanlılar Zəngəzur dəhlizindən istifadə zamanı heç bir yoxlama aparılmadan keçməlidirlər. Azərbaycan, Türkiyə, İran, Gürcüstan və Ermənistan arasında kommunikasiyaların inkişafına təsir edəcək bu dəhlizə başqa dairələrin nəzarəti barədə açıqlamalar gülüncdür. Yaxud piar xarakterli sayıqlamalardır.
Ermənistan 10 noyabr üçtərəfli Bəyanatın kommunikasiyalarla bağlı müddəasını yerinə yetirmir və faktiki olaraq öz öhdəliyinə laqeyd yanaşır. Qərəzli mövqeyini pərdələmək, eyni zamanda, «Zəngəzur dəhlizi»” sözünü sildirmək üçün kənar qüvvələrin təhriki ilə belə təklif irəli sürülür. «Onu da bildirməliyəm ki, «Zəngəzur dəhlizi»” sözü onları çox qıcıqlandırır və mən deyəndə ki, axı dəhliz hər hansı bir ölkənin suverenliyini şübhə altına almır, - Şimal-Cənub dəhlizi var, Azərbaycan ərazisindən keçir. Bu, o demək deyil ki, bizim suverenliyimiz burada şübhə altına düşür. Şərq-Qərb dəhlizi var, - amma nədənsə Ermənistanda bu dəhliz sözünə münasibət bir az fərqlidir. Ona görə bu erməni yol kəsişməsi, ya yolayırıcı, ondan sonra bunu «sülh yol kəsişməsi»” adlandırmışlar» sözləri ilə Cənubi Qafqaza kənar müdaxilələrin yolverilməz olduğunu qətiyyətlə bildirən Prezident İlham Əliyevin vurğuladığı kimi, Ermənistan Zəngilanla Ordubad arasındakı ərazidə qeyd-şərtsiz keçidin açılmasını qeyd-şərtsiz təmin etməlidir. Çünki bu rəsmi İrəvanın öhdəliyidir. Azərbaycandan Azərbaycana gedən yüklər, vətəndaşlar və avtonəqliyyat vasitələri heç bir yoxlamadan keçmədən, gömrük inzibatçılığına cəlb edilmədən sərbəst hərəkət etməlidirlər. Zəngəzur dəhlizi, guya «Azərbaycanın Ermənistana gözlənilən hücum» ilə bağlı süni yaradılan təlaş ABŞ-ın Qərbin tirajladığı feyk informasiyalar, əsassız bəhanələrdir. Amma Ermənistan da , havadarları da yaxşı bilirlər ki, elm və texnikanın inkişaf etdiyi, sosial şəbəkələrin dünya hadisələri ilə bağlı məlumatları operativ, dəqiq çatdırdığı müasir dövrümüzdə belə ucuz şayiələr Fransanın, Ağ Evin « siyasi mətbəxi»ndə hazırlanır. Yəni, hər şey yuxarıdan, peykdən göründüyü kimi, informasiyaları yayan mənbələr də bəllidir.
Həqiqət budur ki, Azərbaycanın digər bölgələrini Naxçıvanla birləşdirəcək bu dəhlizin bərpası mütləq reallaşacaq. ABŞ Dövlət Departamenti rəsmiləri tərəfindən səslənən «Zəngəzur dəhlizi ya Ermənistandan keçəcək, ya da ki, biz imkan verməyəcəyik» sözlərinə münasibətini «Yaxşı, biz bunu üç ildir deyirik ki, bu, Ermənistandan keçsin, Ermənistan imkan vermir. İndi də bizi ittiham edirlər ki, biz başqa yol seçirik. Yəni, siz şərait yaradın Ermənistanın ərazisindən keçsin, Mehri ərazisindən keçsin, mən dediyim şərtlərlə, onda digər varianta ehtiyac qalmayacaq. Yoxsa bu da anlaşılan deyil. Bu gün Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqə yenə də İran ərazisindən həyata keçirilir. Niyə buna etiraz edilmir, məhz Mehri hissəsinə etiraz edilir? Ermənistan-İran ticarəti gündən-günə artır, çiçəklənir. İran Qərbi Zəngəzurda konsulluq açıb. Niyə bu, necə deyərlər, heç bir sual yaratmır? Yəni, belə məntiqsiz və cəfəng açıqlamalar heç kimə şərəf gətirmir və «biz buna imkan verməyəcəyik»” deyəndə, - mən artıq bunu demişəm, - Amerika nəyi nəzərdə tutur, necə imkan verməyəcək? Gələcək Zəngəzurda bir sədd qoyacaq, ya Zəngilanda bir qoşun yerləşdirəcək, ya İran ərazisində? Necə imkan verməyəcək? Bu, bizim suveren işimizdir» sözləri ilə bildirən Prezident İlham Əliyevin rəsmi İrəvana tələbi budur: Manipulyasiyalarla məşğul olmayın!
Bütün türk dövlətləri, başda Türkiyə olmaqla bir çox ölkələr bu dəhliz vasitəsilə Çindən başlayaraq İtaliyayadək uzanan orta xəttin işə düşməsində maraqlıdır. Siyasi, iqtisadi baxımdan əhəmiyyətli olmaqla məhkum olduğu uçurumdan xilas yolu olan Zəngəzur dəhlizinin açılması Ermənistan üçün nəfəsdir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakı ilə İrəvan arasında tam hüquqlu sülh sazişi bağlandıqdan sonra Türkiyənin Ermənistanla sərhədi aça biləcəyini istisna etməyib. Türkiyə Prezidenti Zəngəzur dəhlizinin açılmasını sülh sazişinin yekun addımı kimi də dəyərləndirib. Zəngəzur dəhlizinin bərpası ilə Türkiyə ilə Orta Asiya ölkələrini birləşdirəcək yeni nəqliyyat əlaqələri yaranacaq. Beləliklə, Türkiyə ilə Türk dünyası arasında fasiləsiz əlaqə mümkün olacaq. Dəhlizin bərpası ilə tarixi İpək Yolu canlandırılacaq. Bu da regional sülh və əməkdaşlıq mühitini gücləndirəcək.
Görünən odur ki, Zəngəzur dəhlizinin açılması Türkiyənin regional və qlobal gücünü daha da artıracaq, dünyada söz sahibi kimi nüfuzunu yüksəldəcək. Bütün bunlar Türkiyənin Azərbaycanla, bütünlükdə Türk dünyası ilə münasibətlərinin dərinləşməsini sürətləndirəcək.
Xuraman İsmayılqızı, «İki sahil»