27 iyul 2024 01:33
401

Xain xoflu olar - Əli Kərimli öz ampluasında

Böyük ədib Cəlil Məmmədquluzadənin hekayələrinin birində iki uşağın dalaşması səhnəsi təsvir olunur. Yıxılan uşaq özünü o yerə qoymur, qayıdıb deyir ki, yerdən fındıq tapıb. Bununla da o, məğlubiyyətini etiraf etmək istəmir, əksinə onu yıxana acıq verməyə çalışır... Bu gün 60 yaşı haqlamaqda olan Əli Kərimlinin heç bir halda yerinə düşməyən açıqlamaları məhz məğlub olarkən də “fındıq tapdım” deyən cığal uşağın özünə bəraət qazandırmasına bənzəyir. Normal halda insanın yaşının üstünə yaş gəldikcə təcrübəsi artır, sözündə, söhbətində ağır oturub batman gəlir. El arasında “yüngül saqqal” ifadəsi nahaqdan yaranmayıb. Bu ifadə, adətən, sözünün yerini bilməyən, danışığına məhəl qoymayan yaşlı insanlar barəsində işlədilir. Yəni ki, burada “yüngül” təyini heç də saqqalın çəkisini göstərmir, məclislərdə yerini bilməyən, cəmiyyətdə abır-həyasını gözləməyən yaşlı insanların ağlının, düşüncəsinin cəmi bir damcı olduğunu ifadə edir.

Azərbaycanın müstəqillik yaşı üç onilliyi əhatə edir. Müqayisə aparsaq, ötən əsrin 90-cı illərinin əvvəllərindəki Azərbaycanla bugünkü Azərbaycan arasında, necə deyərlər, yerlə-göy qədər fərq olduğunu görərik. Kasıblıq, qıtlıq, işsizlik, cəmiyyətdə gələcəyə ümidsizlik yaşanan, torpaq itkilərinə məruz qalan, müstəqilliyinin beşikdə boğulmaq təhlükəsi ilə üzləşən, beynəlxalq arenada küncə sıxışdırılan Azərbaycan o illərin məmləkəti idi. Ölkənin bu gününün mənzərəsi isə göz qabağındadır. Ən böyük uğurumuz isə, heç şübhəsiz ki, 44 günlük Vətən müharibəsini böyük Zəfərlə başa vurmağımız və itirilən torpaqlarımızın geri qaytarılması, ölkənin ərazi bütövlüyünün təmin olunmasıdır. Biz bu paralelləri təsadüfən aparmırıq. Məsələ burasındadır ki, özünü radikal düşərgədə hamıdan bir baş üstün sayan, “burada mənəm, Bağdadda kor xəlifə” deyib inhisarçılıq yaradan, digərlərini onun dediyi ilə oturub-durmağa məcbur edən Əli Kərimlinin “müxalifətçiliyi” də elə təxminən üç onilliyi əhatə edir. Əli Kərimli müstəqilliyimizin ilk illərində - 1992-ci ildə ölkədə qanuni hakimiyyəti zorla devirib iqtidara gələn AXC-“Müsavat” komandasında yüksək mənsəb sahibi idi. Və o, dövlət katibi vəzifəsini daşıyan bir yüksəkranqlı məmur kimi respublikadakı acınacaqlı duruma görə birbaşa cavabdehlik daşıyırdı. “Hayla gələn vayla gedər” deyiblər. Əli Kərimlinin təmsil olunduğu komandanın və yaxud qaraguruhun iqtidar dövrü də cəmi bir il çəkdi. Qaraguruhun səriştəsizliyini, yalnız korporativ maraqlardan çıxış etdiyini, Əli Kərimli və digər iqtidar mənsublarının boş-boş vədlər verməkdən uzağa getmədiklərini görən xalq onlardan birdəfəlik üz döndərdi. Əli Kərimlinin də üzv olduğu qaragüruh komanda, sözün əsl mənasında, hakimiyyətdən qovuldu. Namuslu, vicdanlı, məsuliyyət hissi olan kəs, gərək, bu biabırçılıqdan, rüsvayçı qovulmadan sonra siyasətlə tamam üzülüşəydi, abırına kor deyib də bir küncə qısılaydı, insanların üzünə çıxmayaydı. Ancaq, el arasında deyildiyi kimi, utanmasan oynamağa nə var ki! Əli Kərimlidə də ki, belə bir hiss ümumiyyətlə yoxdur. Ötən dövrdə onun “müxalifətçilik” fəaliyyəti ölkədə aparılan siyasətə, taktiki və strateji hədəflərimizə pəl vurmaq cəhdlərindən uzağa getməyib. Ortada isə heç bir dəlil-sübut, obyektiv əsaslandırma yoxdur. Əli Kərimlinin təkcə son vaxtlarda həmin o yüngül saqqal təfəkkürü ilə ifadə etdiyi bəzi statuslarına diqqət yetirsək, onun “müxalifətçilik” fəaliyyətinin əsl mahiyyəti barədə konkret təsəvvür yaranar. Məsələn bu günlərdə Əli Kərimli sosial şəbəkə hesabında deyib ki, Şuşada İsa bulağında bir çaynik çayın qiyməti 32 manata satılır. Onun fikrincə, işğaldan azad olunan torpaqların xeyrini başqaları görəcək. Bu “təcrübəli siyasətçinin” iddia etdiyi kimi, Qarabağı heç kim özəlləşdirməyib. 4 ildir orada atılan addımlar Qarabağa yeni nəfəs və həyat gətirir, ölkəmizi strateji hədəflərinə doğru addım-addım yaxınlaşdırır. Əli Kərimli kimi “ağıllı” birinin bunu bilməməsi, yaxud qəbul etmək istəməməsi siyasi dərrakəsizlik və ya siyasi həzmsizlik sindromunun göstəricisidir. Lap yaxın keçmişədək Əli Kərimli özünü qaçqın və məcburi köçkün soydaşlarımızın “canıyananı” kimi sırımağa çalışırdı. O, tez-tez “nə üçün hakimiyyət bu qəbildən olan insanların doğma yurd yerlərinə qayıtmalarını təmin etmir” sualını səsləndirirdi. Bəli, qaçqınların, məcburi köçkünlərin geri qaytarılması olduqca həssas bir məsələdir. Başa düşürük, Əli Kərimli bu mövzunu vaxtaşırı gündəmə gətirməyə cəhd göstərməklə xal yığmaq, özünə heç vaxt qisməti olmayacaq müsbət imic formalaşdırmaq məqsədi güdür. Ancaq o, bu qəbildən olan sualları verməklə də özünü, necə deyərlər, yandırır.

İşğal dövründə düşmən tərəfindən dağıdılan daha bir neçə kəndin, şəhərin bərpası da intensiv şəkildə davam etdirilir. Azərbaycan hakimiyyətinin bəhs olunan istiqamətdə fəaliyyəti ortada ikən özünə umac ova bilməyən Əli Kərimlinin başqalarına əriştə kəsmək həvəsi heç yerinə düşmür. O, populizm, yalançı şöhrət azarkeşidir. Belə ucuz gəlişmələr isə ona heç bir halda başucalığı gətirmir, əksinə ikrah hissi doğurur.

Sevinc Azadi, “İki sahil”