26 iyul 2024 02:23
419

Xarici siyasətimizin istiqamətləri: Tərəqqi, təkamül, hədəflərə çatmaq!

Təkcə daxili siyasətdə deyil, diplomatiyada da  varislik prinsipinə sadiq  Prezident İlham Əliyev  coxvektorlu, müstəqil və milli maraqlara əsaslanan qarşılıqlı əməkdaşlıq ənənələrini  sürətlə dəyişən dünyanın geosiyasi reallıqlarına uyğun davam etdirir

Müstəqil dövlətlərin daha çox diqqət göstərdikləri məsələ milli mənafelərə əsaslanan  praqmatik xarici siyasət kursunu dünya hadisələrinin çağırışlarına  uyğun müəyyənləşdirib, hədəflərə doğru düzgün istiqamətləndirməkdir. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi  Azərbaycanın xarici siyasətinin beynəlxalq  səviyyələrdə dəstəklənməsi,  bütün dövlətlərlə bərabər hüquqlu,  qarşılıqlı anlaşma şəraitində inkişafı  nəticəsində  ölkəmiz Qərblə Şərq arasında körpü rolunu uğurla davam etdirir.  Ölkəmizin xarici siyasət strategiyasının başlıca vəzifələri  ikitərəfli və  çoxtərəfli səviyyələrdə əməkdaşlıq əlaqələrini təkmilləşdirmək, zəngin  enerji resurslarını dünya bazarlarına çıxarmaq, nəqliyyat infrastrukturunun coğrafiyasının genişlənməsi  üçün  müəyyənləşdirilən  qlobal laiyhələrin icrasını  təmin etməkdir. Dünya birliyinin Azərbaycana münasibətində  təkamül, xarici siyasətimizin  təməli olan  ATƏT-in 1994-cü il Budapeşt və 1996-cı il Lissabon sammitlərində ölkəmizin  milli mənafelərini əks etdirən prinsiplərin dəstəklənməsi ilə dünya birliyinə inteqrasiya edən respublikamızın xarici siyasətinin hüquqi bazası möhkəmləndi. 2020-ci ilin 10 dekabr tarixində keçirilən Zəfər paradında «Biz uzun illər bütün beynəlxalq tədbirlərdə bu məsələ ilə bağlı həqiqətləri çatdırırdıq, böyük iş aparılmışdır və bu işin səmərəsi oldu. Baxmayaraq ki, biz ərazi bütövlüyümüzü döyüş meydanında qazandıq, hesab edirəm ki, son illər ərzində apardığımız siyasi və diplomatik səylər öz bəhrəsini verdi, bütün aparıcı beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıdı və bunu dəstəklədi» sözləri ilə  ölkəmizin  dünya dövlətləri, beynəlxalq təşkilatlarla əməkdaşlığını yüksək dəyərləndirən Prezident İlham Əliyevin vurğuladığı kimi,   BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, UNESCO, Avropa İttifaqı, NATO, MDB, İqtisadi Əməkdaşlıq Təşkilatı, Avropa Şurası və digər qurumlarla  möhkəmlənən  əməkdaşlıq sayəsində  ölkəmizin beynəlxalq sferada mövqeyi möhkəmlənir.
2011-ci ilin oktyabr ayında diplomatiya tarixində ilk olaraq Azərbaycanın  155 dövlətin dəstəyi ilə  BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi ölkəmizin  dünyada qazandığı  etimadın, qlobal təhlükəsizliyə verdiyi töhfəsinin göstəricisi idi. BMT-dən sonra  dünya birliyində ən çox üzvü olan, ən böyük siyasi platforma kimi nüfuzu artan  Qoşulmama Hərəkatına sədrliyi dövründə Azərbaycanın təşəbbüsü ilə həyata  keçirilən layihələrin beynəlxalq səviyyədə dəstəklənməsi   ölkəmizin diplomatik uğurlarını daha da artırdı.

 Ulu Öndər Heydər Əliyevin  müəyyənləşdirdiyi  xarici siyasəti layiqincə davam etdirən  Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin  rəhbərliyi ilə  44 gün davam edən  İkinci Qarabağ müharibəsində qazandığımız Zəfər, torpaqlarımızın işğaldan azad edilməsi, tam bərpa olunan  suverenliyimizin dünya dövlətləri tərəfindən dəstəklənməsi xarici siyasətimizin məntiqi nəticəsidir.

Postmünaqişə dövründə davam etdirilən,  bölgədə  sülhün təminatına yönələn Azərbaycanın  xarici siyasəti  nəticəsində regionda yaranan reallıqlara artan maraq ölkəmizin beynəlxalq səviyyədə etimad göstərilən  nüfuzunun nəticəsidir.   Beynəlxalq aləmdə belə  artıq aforizmləşmiş Azərbaycanın sivilizasiyalararası dialoq məkanı kimi tanınması illərin sınağından çıxmış və təsdiqlənmiş  reallıqdır.  Respublikamızda keçirilən  Qlobal Bakı forumlarında,  dialoqlarda   Avropa ilə Şərq ölkələri təmsilçilərinin   iştirakı, aktual  problemlərin birgə müzakirəsi,  insanlıq naminə bəşəri dəyərlərin qorunması ilə bağlı çağırışların vəhdət halında səslənməsi etibarlı tərəfdaş kimi tanınan Azərbaycanın diplomatik uğurları olmaqla, ölkəmizin dünyada sabitliyin qorunmasına töhfəsidir.  

Bakıda  keçirilən BMT və onun Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı-SPECA Azərbaycanın sivilizasiyalar arasında münasibətlərin möhkəmləndirilməsindəki rolunun  bariz nümunədir. SPECA-ya üzv dövlətlərin- Azərbaycanın, Əfqanıstanın, Qazaxıstanın, Qırğızıstanın, Tacikistanın, Türkmənistanın və Özbəkistanın, eyni zamanda  müxtəlif beynəlxalq təşkilatlarda Avropa təsisastları ilə birlikdə təmsil olunmaları ölkələrarası əməkdaşlığı genişləndirməklə Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olmaq imkanlarını artırır. Artıq dünyanın  tranzit qovşağı  kimi dəyərləndirilən  Azərbaycan dünya birliyində  qlobal nəqliyyat layihələrinin etibarlı təşəbbüskarı kimi tanınır. Bərpa olunan enerji mənbələri sahəsində imkanların artırılmasına yönəlmiş qlobal layihələr  iqtisadi əlaqələri genişləndirir, enerji sisteminin dayanıqlılığının və təhlükəsizliyinin artırılması naminə səyləri birləşdirir. Prezident İlham Əliyev «Dünyada uğursuz, asılı, iki və ya daha çox stulda oturmaq istəyən, bir neçə ağaya xidmət edən, özünü daha böyük dövlətlərin qarşıdurma arenasına çevirən ölkələrin sayı az deyi» sözləri ilə taleyi xarici ağalarının əlində olan itaətkar dövlətləri sülh naminə birliyə dəvət edir. Qərb və Şərq dəyərlərini bəşəri ideyalar ətrafında birləşdirməklə humanizm prinsiplərinin mütləq qələbə çalacağına inamını ifadə edir.

Azərbaycanın türkdilli, İslam dövlətləri ilə həmrəyliyinin, strateji tərəfdaşlığının  ortaq və oxşar tarixi əlaqələrdən, eyni dinə mənsubluğundan  qaynaqlandığı bəllidir.  Xarici siyasətini bütün dövlətlərlə qarşılıqlı hörmət, biri-birinin daxili işlərinə qarışmamaq prinsipləri əsasında  davam etdirən  ölkəmizin Avropa, ərəb ölkələri ilə əməkdaşlığı da  sağlam münasibətlər zəminində davam etdirilir. Azərbaycanın xarici siyasətinin əsas prioritelərindən olan  türk dövlətləri arasında birik və həmrəyliyin gücləndirilməsi əsas prinsip  kimi önəmini qoruyur.  Türk  Dövlətləri Təşkilatında (TDT) uğurla təmsil olunan Azərbaycanın qardaş ölkələrlə məhdud və  geniş heyətdə qarşılıqlı fəaliyyəti nəticəsində  İslam həmrəyliyi daha da möhkəmlənir. «Xudafərin»” və «Qız Qalası»” hidroqovşaqlarının istifadəyə verilməsi ilə  ölkəmizin enerji xəritəsinin coğrafiyasının genişləndiyini diqqətə çatdıran Prezident İlham Əliyevin vurğuladığı kimi, bu cür layihələr iqtisadi, siyasi, mənəvi,  İslami dəyərlərə bağlılıq baxımından daha önəmlidir.  Qarışılıqlı əməkdaşlığın nəticəsi olan bu cür  layihələr bölgənin sabitliyi,  gələcək təhlükəsizlik tədbirlərinin gücləndirilməsi baxımından daha  önəmlidir.

Enerji təhlükəsizliyi sahəsində   Qərb ölkələri ilə   əməkdaşlığa prioritet kimi diqqət yetirən, Avropa bazarını ən sərfəli əməkdaşlıq məkanı   adlandıran Prezident İlham Əliyevin dünyada dəstəklənən enerji diplomatiyası,  şaxələndirmə siyasəti Azərbaycanın beynəlxalq səviyyədə  önəmini daha da artırır, mövqeyini möhkəmləndirir.  Avropa üçün sabit və mühüm enerji mənbəyi hesab  edilən ölkəmizin Səudiyyə Ərəbistanının, İtaliyanın tanınmış  şirkətləri ilə əməkdaşlığı  «yaşıl enerji»  gündəliyini daha da aktuallaşdırır. Bəllidir ki,  Azərbaycan təkcə zəngin karbohidrogen ehtiyatlarına malik  ölkə deyil,  eyni zamanda, Mərkəzi Asiyadan Avropa istiqamətində göndərilə biləcək karbohidrogen məhsullarının nəqlində mühüm tranzit ölkə kimi də mühüm önəm daşıyır. Son illərdə Avropanın doqquz ölkəsi ilə enerji sahəsindəki əməkdaşlığını genişləndirən ölkəmizin  şaxələndirmə siyasətinə qoşulan qitə ölkələri də daxil olmaqla   digər dövlətlər də  Azərbaycanın bölgədə müstəqil siyasət yeritməsini, enerji asılılığı olmayan bir dövlət kimi söz sahibliyini   etiraf edirlər.

Ölkəmizə səfəri zaman «Siz suverenliyə gəldikdə nümunə ölkəsiniz. Suveren mövqe və fikirlərə gəldikdə, mən hər zaman belə ölkələri yüksək qiymətləndirirəm. Siz ədalətsizliyə sinə gərirsiniz» sözlərinə əlavə olaraq  Prezident İlham Əliyevə səmimi duyğularını « Siz beynəlxalq hüququ müdafiə edən şəxsiyyətsiniz. Siz praqmatik şəxsiyyətsiniz və Sizin xarici siyasətiniz təkcə bir istiqamətdə köklənməyib. Siz ərazi bütövlüyünün nə dərəcədə vacib olduğunu çox gözəl bilirsiniz. Bununla yanaşı, Avropa İttifaqının üzvü olan ölkənin nümayəndəsi kimi deyə bilərəm ki, Avropa İttifaqı ara-sıra digərlərinə təlimat verməyi xoşlayır. Mən isə siyasi təcrübəmdə heç vaxt heç bir ölkənin daxili işlərinə qarışmamağa üstünlük verirəm» sözləri ilə ifadə edən   Slovakiyanın baş naziri Robert Fitso  ikili standartlara qarşı mübarizliyi ilə fərqlənən dövlət başçımızla  həmrəyliyini bildirdi. Belorusun Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycanı dünyanın  qlobal enerji və nəqliyyat layihələrinin  təşəbbüskarı, müəllifi və əsas tərəfdaşı,  siyasi, iqtisadi, humanitar platforma, sivilizasiyalararası körpü,  mədəni müxtəlifliyin məkanı, mültikultural dəyərlərə sadiq, tolerant dövlət adlandırması diplomatiyamızın uğuruna verilən dəyərlərdəndir.

 Mətbu orqanları təmsil olunduğu dövlətin daxili , xarici siyasətini, inkişafını  əks etdirən  vasitə adlandırılır.  Geniş auditoriyada   keçirilən tədbirlərdə  KİV nümayəndələrinin  kütləvi iştirakı isə müxtəlif dövlətlərin  dünya siyasətinə baxışı, beynəlxalq hədəflərin müəyyənləşdirilməsi, çağırışların təbliğ  baxımından daha önəmlidir. İkinci Qarabağ müharibəsinin davam etdiyi günlərdə, postmüharibə dövründə  Prezident İlham Əliyevin yerli və xarici jurnalistlərə müsahibələri  ilk və maraqlı təşəbbüs kimi  dünya ictimaiyyəti tərəfindən   maraqla izlənildi.     

 Bu günlərdə  ölkəmizdə keçirilən 2-ci Şuşa Qlobal Media Forumunda iştirak edən KİV nümayəndələrinin çoxsaylı suallarını cavablandıran Prezident İlham Əliyevin  dörd saata yaxın   dünya siyasətinin aktual problemləri ilə bağlı  açıqlaması   Azərbaycanın xarici siyasətinin dünya ictimaiyyətinə təqdimatı idi. 50-yə yaxın ölkədən 150-dən çox xarici qonağın, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyi, 3 beynəlxalq təşkilat və 82 media qurumunun qatıldığı Forum siyasi iqtisadi, humanitar sahələri əhatə edən platforma  kimi, dünya ictimaiyyətinin diqqətini cəlb etdi. «Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə»” mövzusunda keçirilən 2-ci Şuşa Qlobal Media Forumu  adından da göründüyü kimi, sosial şəbəkələrdə baş alıb gedən dezinformasiyaların qarşısının alınması baxımından önəmli idi. Hadisələri şərhetmə  bacarığını intellekt səviyyəsi, liderlik məharəti ilə nümayiş etdirən  Prezident İlham Əliyev Forumdakı məntiqli cavabları ilə   qətiyyətli  dövlət başçısı olduğunu  təsdiqlədi.  Suallar müxtəlif sahələri əhatə etsə də, daha  çox maraq doğuran, üstünlük təşkil edən  məsələ  Azərbaycanın bölgədə yaratdığı reallıqlar,  İkinci Qarabağ müharibəsindən sonra ölkəmizə olan münasibətlər, Ermənistanın silahlandırılması,  regionda yeni müharibə təhlükəsi yaratmaq istəyən qüvvələrin mənfur niyyətləri ilə bağlı idi.      Ümumilikdə deyilsə , Azərbaycanın daxili və xarici siyasətinin  konsepsiyasının,  mütərəqqi  strategiyasının istiqamətlərinin açıqlandığı  Forum  ölkəmizin müxtəlif dövlətlərlə qarşılıqlı münasibətlərinə baxış idi. Davam edən müharibələrin, milli münaqişələrin, törədilən terrorların, «feyk» informasiyaların dünya siyasətinə, dövlətlərarası münasibətlərə  təsirini  məntiqli, faktlar əsasında KİV nümayəndələrinə çatdıran Prezident İlham Əliyevin  cavabları  ölkəmizin xarici siyasətinin,  beynəlxalq  arenada artan rolunun  təqdimatı idi.   «Biz görürük ki, beynəlxalq hüquq selektiv tətbiq edilir. Biz uzun illər bu yanaşmaya məruz qalmışıq. Biz səsimizi ucaldırdıq və deyirdik BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul edib ki, Ermənistan qoşunları dərhal və qeyd-şərtsiz Azərbaycanın ərazisindən çıxarılmalıdır. Ancaq o qətnamələrə riayət edilmirdi və bu gün həmin o tendensiya davam edir. Beynəlxalq hüquq işləməyəndə, imza o qədər də əhəmiyyətə malik olmayanda sülhün təminatı yalnız gücdür» söyləyən  Prezident  İlham Əliyev xarici KİV-lər vasitəsi ilə  xalqları sülh naminə birliyə dəvət etdi.

Bakıda Qvadelupanın Azadlığı naminə Xalq Birliyinin təşkilatçılığı və Bakı Təşəbbüs Qrupunun (BTQ) dəstəyi ilə Fransa müstəmləkəçiliyindən əziyyət çəkən Korsika, Melaneziya, Polineziya, Karib və Antil adaları qrupundan olan 15-dən çox siyasi partiya və müstəqillik hərəkatlarının rəhbər şəxslərinin, Niderlandın müstəmləkəsi olan Bonayre və Sen-Martin adalarından üç təşkilatın fəxri qonaq qismində iştirak etdiyi qurultay  müstəmləkəçilik buxovundan  qurtarmaq istəyən xalqların yardım üçün  dünya ictimaiyyətinə çağırışı idi.  Həmin tədbirdə çıxış edənlər erməni faşizminin, Fransa neokolonializminin törətdikləri vəhşilikləri, müstəmləkəçiliyin insanlara yaşatdığı əzabları yolverilməz adlandırdılar. Bu cür tədirlər  Azərbaycanın milli-mənəvi dəyərləri kimi, xarici siyasətinin də əsasını təşkil edən haqqa, ədalətə,  humanizmə sadiqliyinin ifadəsidir.

 Dövlət başçımız  «Amma, eyni zamanda, Azərbaycan mediasının bu sahədəki fəaliyyəti, o cümlədən ona görə qiymətlidir ki, dünya ictimaiyyətinə təkcə beynəlxalq hüquq prizmasından yox, ümumi insani prizmadan üzləşdiyimiz problemi çatdırmaq üçün bizim birinci vasitəmiz media olmuşdur. Ona görə mən media nümayəndələri ilə əvvəlki dövrlərdə, yəni işğal dövründə görüşlər əsnasında hər zaman bunu qeyd edirdim. Qeyd edirdim ki, biz daha çox beynəlxalq auditoriyaya çıxmalıyıq» sözləri ilə hansı dövləti, siyasəti  təmsil etmələrindən asılı olmayaraq bütün KİV-ləri obyektivliyə, tərəfsizliyə, aşkarlığa dəvət etdi.
Forumda  ölkəmizə,  Azərbaycan iqtidarına qarşı  natamam, qeyri-dəqiq və manipulyasiya edilmiş hesabatlara münasibətlə bağlı  sualı «Bizim üçün fərq etməz, çünki burada əsas qərar sahibi Azərbaycan xalqıdır və hökumətin fəaliyyəti məhz xalqın mənafeyi naminədir» sözləri ilə cavablandıran  Prezident İlham Əliyevin vurğuladığı kimi, zamanla həqiqət öz sözünü deyir, Qərbdə reallıq daha çox üzə çıxır və Azərbaycana etibarlı  tərəfdaş kimi yanaşılır. Bəzi dövlətlərin hələ də  təhdid və təzyiqlərə məruz qaldığı bir məqamda keçirilən Forum  dövlətlərarası  münasibətlərə, əməkdaşlığa, ümumiyyətlə,  dünyada baş verən hadisələrə  Azərbaycan diplomatiyası ilə yanaşılan  dəyərləndirmə   idi.

 Bu ilin noyabrında Bakıda keçiriləcək mühüm əhəmiyyətli  COP29 beynəlxalq konfransı da eyni müsbət notlarla başlayıb, uğurla nəticələnək.  Dünya ictimaiyyəti bir daha Prezident İlham Əliyevin həyatda özünü doğrultmuş   «Bizim sözümüz imzamız  qədər dəyərlidir!» vədinin   şahidi olacaq.

Xuraman İsmayılqızı, «İki sahil»