22 iyul 2024 10:20
239

Enerji və bağlantı

İndi dünya Azərbaycanı həm də qaz ixrac edən ölkə kimi tanıyır, çünki dünyanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu ildən-ilə artır və regionda söz sahibinə çevirilir. İqtisadiyyatının aparıcı sahəsi neft-qaz sənayesi olan ölkəmiz müstəqillik qazandıqdan sonra karbohidrogenlərin hasilatında mühüm irəliləyişlərə nail olub. Qazanılan müvəffəqiyyətlər Ulu Öndər Heydər Əliyevin uzaqgörən iqtisadi siyasətinin və bu siyasətin uğurla davam etdirilməsinin  nəticəsidir. Müəllifi Ümummilli Lider Heydər Əliyev olan yeni neft strategiyası öz bəhrələrini verir, onun uğurlu davamı bu sahədə yeni zirvələrin fəth olunmasına, yeni qələbələrə imza atılmasına imkan yaradır. Əsrlərdən bəri neft diyarı kimi tanınan Azərbaycan son illərdə özünü dünyaya həm də qaz ixrac edən ölkə kimi təqdim edə bilib. Bu da ölkədə yeni qaz yataqlarının kəşf edilməsi, hasilatın çoxalması və mavi yanacağın digər ölkələrə də satışı nəticəsində mümkün olub. İndi Azərbaycan qazın ixracı üçün də mükəmməl infrastruktura malikdir. Ölkəmizin istər öz ərazisinə, istərsə də xaricə qaz nəql etmək üçün geniş kəmərlər şəbəkəsi var və onlar getdikcə şaxələnməkdədir.

Günümüzdə dünya siyasətinin aktual məsələlərindən biri enerji təhlükəsizliyidir. Enerji qaynaqlarının əhəmiyyəti artır və sürətlə böyüyən dünya iqtisadiyyatı bu qaynaqlara əvvəlkindən daha çox ehtiyac duyur. Artıq strateji enerji mənbələri qlobal geosiyasi vəziyyətə təsir edən amillərdən birinə çevrilib. Bunun təbii bir nəticəsi olaraq zəngin enerji qaynaqlarına sahib olan ölkələr iqtisadiyyat və geosiyasi baxımdan əsas mövqedədirlər. Geosiyasi ədəbiyyatda enerji təhlükəsizliyi milli təhlükəsizliyin mühüm tərkib hissələrindən biri kimi qiymətləndirilir. Enerji təhlükəsizliyi enerji istehlakı üçün təbii resursların mövcudluğu və ölkənin milli təhlükəsizliyi arasında əlaqə növüdür.

Enerji resurslarının məhdud olması nəticəsində hər bir ölkə enerji təhlükəsizliyi problemi ilə qarşılaşır və buna görə də müasir dünyada yanacaq-enerji resursları ilə təchizatı, həmçinin enerji effektivliyi dövlətin inkişaf səviyyəsinin mühüm indikator göstəricilərindən biri hesab olunur və beynəlxalq geosiyasətdə enerji resursları faktoru müstəsna əhəmiyyət daşıyır. Heçdə təsədüfü deyilki uzun illər ərzində həyata keçirilən uğurlu siyasət, xalqların milli mənafeyinə xidmət edən birgə addımlar bu gün enerji təhlükəsizliyi və yaşıl enerji mənbələrinə, təbii qaza, neftə sahib olan Azərbaycan ilə Avropa arasında əməkdaşlıq üçün güclü zəmin yaranmışdır. Bütün bunlar isə müstəqil Azərbaycanın daha da qüdrətlənməsinə, tərəqqisinə xidmət edir.

Azərbaycan Avropa üçün etibarlı tərəfdaşdır. Enerji təhlükəsizliyi məsələsinə yanaşmamız ondan ibarətdir ki, enerji resursları ölkələri və xalqları ayırmalı deyil, birləşdirməlidir. Enerji resursları rəqabət və ya toqquşmaya deyil, regional və beynəlxalq əməkdaşlığa xidmət etməlidir. Təchizatçıların, tranzit ölkələrin və istehlakçıların maraqları üst-üstə düşməli və daha çox proqnozlaşdırma və qarşılıqlı faydaya aparmalıdır. Bu, ölkəmizin enerji fəlsəfəsidir. Azərbaycanın hər bir platformada əldə etdiyi iqtisadi və siyasi qələbələr yalnız sülhə, əmin-amanlığa, davamlı inkişafa və dünya enerji təhlükəsizliyinin təmin olunmasına köklənib.

Heçdə təsadüfü deyilki bütün beynəlxalq tədbirlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu fikirləri dönə dönə təkrarlayır. Beləki iyulun 18-də Oksfordda “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı çərçivəsində “Enerji və bağlantı” mövzusunda dəyirmi masada iştirakı zamanı Prezident İlham Əliyev bir sıra mühüm məqamlara toxunub, Azərbaycanın Avropanın enerji təchizatı ilə bağlı həyata keçirəcəyi işlərdən danışıb. Qeyd edilib ki, ölkəmiz öz neftini Azərbaycanın xam neftindən əhəmiyyətli dərəcədə asılı olan çox həssas nöqtələrə nəql edir. Azərbaycan Avropada  etibarlı enerji təchizatçısı kimi tanınır. Tarixdə ilk dəfə olaraq ölkəmiz Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən kəmər təşəbbüsü ilə çıxış edib və qonşularla birlikdə onu istismara verib. “Avropa Komissiyası Azərbaycanı enerji üzrə etibarlı tərəfdaş və ümum-Avropa qaz təchizatçısı adlandırmışdır. Bu, çox böyük məsuliyyətdir”- deyə dövlətimizin başçısı əlavə edib.

Vilayət Mirzəyev,
SOCAR “Qaz İxrac” İdarəsinin İnformasiya kommunikasiya texnologiyaları şöbəsinin rəisi, 
YAP Xətai rayon təşkilatının "R.Əliyev küçəsi 19" ünvanında yerləşən ərazi partiya təşkilatının sədr müavini