22 iyul 2024 10:18
228

Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə ciddi tövhələr verir

Bu gün dünya siyasətinin aktual məsələlərindən biri enerji təhlükəsizliyidir. Azərbaycan müasir dünyada ən dinamik inkişaf edən dövlətlərdən biridir. Regiondakı siyasi gərginliyə, münaqişələrə və təzyiqlərə baxmayaraq, Azərbaycan dövləti Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə müstəqil siyasətini uğurla həyata keçirir, müəllifi olduğu strateji layihə və təşəbbüsləri ardıcıl şəkildə reallaşdırır. Ölkə başçımızın düşünülmüş siyasət yürütməsi, xalqının, millətinin firavan gələcəyini yalnız sülh, əmin-amanlıq şəraitində təmin etməyin mümkünlüyünü vurğulaması, dünya dövlətləri ilə səmimi dostluq münasibətləri qurması, dost ölkələrlə hərtərəfli əməkdaşlıq həyata keçirməsi onun xarici siyasətinin əsas istiqaməti olmuşdur və bunun nəticəsidir ki, beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi qəbul olunan Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı getdikcə çoxalmaqdadır.

Uzun illər ərzində həyata keçirilən uğurlu siyasət, xalqların milli mənafeyinə xidmət edən birgə addımlar bu gün enerji sahəsində Azərbaycan ilə Avropa arasında əməkdaşlıq üçün güclü zəmin yaratmışdır. Zəngin təbii resurslara, yaşıl enerji mənbələrinə, təbii qaza, neftə sahib olan Azərbaycan Avropa ölkələri üçün əvəzedilməz tərəfdaş ölkədir. Azərbaycan sahib olduğu təbii qazla hələ bundan sonra ən azı yüz il Avropanın enerji təhlükəsizliyini təmin etməyə qadirdir. Bu isə ölkəmizin nüfuzunu Avropada günbəgün artırır. Təsadüfi deyil ki, Avropa Komissiyasının rəhbərliyi Azərbaycanı etibarlı tərəfdaş adlandırır. Bütün bunlar isə müstəqil Azərbaycanın daha da qüdrətlənməsinə, tərəqqisinə xidmət edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də Oksfordda “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı çərçivəsində “Enerji və bağlantı” mövzusunda dəyirmi masada iştirak etmiş, səfər çərçivəsində bir sıra Avropa dövlələrinin başçıları ilə görüşlər keçirmişdir.

Tədbirdəki çıxışı zamanı Prezident İlham Əliyev bir sıra mühüm məqamlara toxunub, Azərbaycanın Avropanın enerji təchizatı ilə bağlı həyata keçirəcəyi işlərdən danışıb. Qeyd edilib ki, ölkəmiz öz neftini Azərbaycanın xam neftindən əhəmiyyətli dərəcədə asılı olan çox həssas nöqtələrə nəql edir. Azərbaycan Avropada  etibarlı enerji təchizatçısı kimi tanınır. Tarixdə ilk dəfə olaraq ölkəmiz Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən kəmər təşəbbüsü ilə çıxış edib və qonşularla birlikdə onu istismara verib. “Avropa Komissiyası Azərbaycanı enerji üzrə etibarlı tərəfdaş və ümum-Avropa qaz təchizatçısı adlandırmışdır. Bu, çox böyük məsuliyyətdir”- deyə dövlətimizin başçısı əlavə edib. Bildirilib ki, enerji sahəsində Bakıda müəyyənləşdirilən strateji tərəfdaşlıq Azərbaycanın Avropaya qaz təchizatının 2027-ci ilin sonuna qədər ikiqat artırılmasını nəzərdə tutur. 2021-ci ildə ölkəmiz Avropa qitəsinə ildə 8 milyard kubmetr təbii qaz ixrac edirdisə, bu il bu göstərici 13 milyard kubmetrə yaxın olacaq. 2021-ci ildə ümumi ixrac 18 milyard kubmetr təşkil edirdisə, bu il bu göstərici 25 milyard kubmetr olacaq. İxracın yarıdan çoxu Avropaya gedir.

Prezidentimiz bildirib ki, Azərbaycan qazının daha çox Avropa ölkəsinə ixrac edilməsi üçün əlavə imkanlar olacaqdır. Hazırda 8 Avropa ölkəsi Azərbaycanın təbii qazını alır, onlardan beşi - Bolqarıstan, Yunanıstan, İtaliya, Macarıstan və Rumıniya Avropa İttifaqının üzvüdür. Gürcüstan və Serbiya isə İttifaqa daxil olmaq üçün namizəd ölkədir. Nəhayət qardaş Türkiyəyə də Azərbaycan qazı ixrac edilir.

Çıxışı zamanı ölkə başçısı Sloveniya-Azərbaycan qaz əməkdaşlığı istiqamətində mühüm hadisənin baş verdiyini vurğulayıb.  “Ümid edirik ki, biz bir neçə aya Sloveniya bazarına daxil ola biləcəyik. İndi Avropa interkonnektor layihələri icra olunduqca Azərbaycan qazının daha çox Avropa ölkəsinə ixrac edilməsi üçün əlavə imkanlar olacaq”.

Əminliklə deyə bilərik ki, qeyd olunan işlərin icrası qarşıdakı illərdə Azərbaycanın qlobal miqyasda təbii qaz təchizatçısı kimi əhəmiyyətinin daha da yüksəlməsini və maliyyə imkanlarının artmasını təmin edəcək, ölkəmizə yeni nailiyyətlər və uğurlar gətirəcəkdir.

Mehman Əliyev,
YAP Xətai rayon təşkilatının "R.Əliyev küçəsi 19" ünvanı üzrə ərazi partiya təşkilatının üzvü