16 oktyabr 2026 18:22
108

Qarabağın strateji qapısı

Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 17 oktyabr - Füzuli Şəhəri Günü kimi geniş qeyd olunur

Azərbaycanın cənub-qərb bölgəsində yerləşən Füzuli şəhəri zəngin keçmişi, strateji mövqeyi və müasir bərpa mərhələsi ilə ölkəmizin əsas simvollarından birinə çevrilmişdir. Müxtəlif dövrlərdə rəngarəng mədəniyyətlərin kəsişmə nöqtəsi olan bu coğrafiya XIX əsrin əvvəllərində, Çar Rusiyası hakimiyyəti illərində Qarabağ xanlığının tərkib hissəsi kimi idarə olunurdu. O dönəmdə Karyagin adlandırılan ərazi 1827-ci ildə qəza statusu almış, 1930-cu ildə isə müstəqil inzibati rayon kimi formalaşmışdır. Şərqin dahi şairi Məhəmməd Füzulinin adı isə 1959-cu ildən etibarən bu şəhərə verilmişdir.

Sovet illərində Füzuli və onun kəndləri iqtisadi baxımdan Qarabağın ən dinamik regionlarından biri hesab olunurdu. Burada xüsusilə üzümçülük, taxılçılıq və hayvandarlıq geniş inkişaf etmişdi. Eyni zamanda fəaliyyət göstərən sənaye obyektləri, təhsil, səhiyyə və mədəniyyət müəssisələri bölgənin sosial-iqtisadi həyatını canlandırırdı. Lakin 1988-ci ildən başlayan Ermənistanın təcavüzü bölgənin dinc həyatına son qoydu. 1993-cü ilin avqustunda erməni hərbi birləşmələri Füzuli rayonunun böyük hissəsini və şəhər mərkəzini işğal etdi. 27 il davam edən bu işğal dövründə yaşayış məntəqələri, tarixi məscidlər, məktəblər və inzibati binalar yerlə-yeksan edildi, minlərlə sakin doğma ocağından didərgin düşdü.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan Ordusu 2020-ci il oktyabrın 17-də - Vətən müharibəsinin 21-ci günündə Füzuli şəhərini və ətraf əraziləri düşməndən təmizlədi. Azadlıqdan bir ay sonra, noyabrın 17-də dövlət başçısı tərəfindən şəhərdə müqəddəs üçrəngli Bayrağımız dalğalandırıldı. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən, 17 oktyabr rəsmi olaraq "Füzuli Şəhəri Günü" kimi təsis edildi. Füzulinin azad edilməsində misilsiz rəşadət göstərən hərbçilərimizin xidmətləri də yüksək qiymətləndirildi. Ali Baş Komandanın müvafiq sərəncamları ilə döyüşlərdə igidlik göstərən 25 min 301 hərbi qulluqçu "Füzulinin azad olunmasına görə" medalı ilə təltif olunmuşdur.

Füzuli işğaldan azad edilmiş digər bölgələrlə müqayisədə minalarla ən çox çirkləndirilmiş ərazidir. Təxmini hesablamalara görə, bura yüz mindən artıq mina basdırılmışdır. Lakin bu çətinliyə baxmayaraq, regionda genişmiqyaslı quruculuq işlərinə start verilmişdir. Prezident İlham Əliyevin mütəmadi səfərləri Füzulinin yenidən qurulmasını daha da sürətləndirir. Strateji nəqliyyat qovşağına çevrilən Füzuli Beynəlxalq Hava Limanı həm yerli, həm də beynəlxalq yük və sərnişin daşımaları üçün imkanlar yaradır. Füzuli-Şuşa Avtomobil Yolu (Zəfər Yolu) bölgənin digər şəhərlərlə gediş-gəlişini rahatlaşdırmaqla yanaşı, turizm və iqtisadi potensialı artırır. Burada, həmçinin ekoloji cəhətdən təmiz, dayanıqlı enerji həllərinə və müasir texnologiyalara əsaslanan yeni yaşayış massivləri salınır.

Füzuli rayonu zəngin təbii sərvətləri və məhsuldar torpaqları ilə tanınır. İşğaldan azad edildikdən sonra bu torpaqlarda kənd təsərrüfatı bərpa edilir, müasir təsərrüfatlar və aqroparklar qurulur. Bölgədə üzümçülük, taxılçılıq, bağçılıq kimi ənənəvi kənd təsərrüfatı sahələri inkişaf etdirilir. Füzuli iqtisadi mərkəz kimi də regionda öz yerini tutmaqdadır, bu da əhalinin məşğulluğunu artırmaq və yerli iqtisadiyyatı dirçəltmək üçün mühüm rol oynayır. Füzulidə həyatın yenidən qurulması təkcə infrastruktur və iqtisadiyyatla məhdudlaşmır. Məcburi köçkünlərin doğma yurdlarına qayıtması, şəhərin və kəndlərin yenidən məskunlaşdırılması prosesinə start verilib. Bu da Füzulinin gələcəkdə həm sosial, həm də mədəni baxımdan yeni inkişaf mərhələsinə qədəm qoymasına şərait yaradır. Böyük Qayıdış Proqramı çərçivəsində bu ilin sonuna qədər burada 22 min insanın məskunlaşması planlaşdırılır. Xatırladaq ki, Prezident İlham Əliyev ötən il sentyabrın 14-də Füzuli rayonunun yeni salınacaq Qaraxanbəyli kəndinin təməlini qoydu. Layihə iki mərhələdə icra olunacaq. Birini mərhələdə 404 ailənin, ümumilikdə 1861 nəfərin köçürülməsi nəzərdə tutulur. Kənddə sosial infrastrukturun, o cümlədən inzibati və xidmət binalarının, məktəbin, uşaq bağçasının, tibb məntəqəsinin inşası, 16 kilometrə yaxın daxili yolların, həmçinin elektrik, qaz, su və kanalizasiya xətlərinin çəkilməsi planlaşdırılır. 2027–2030-cu illəri əhatə edəcək ikinci mərhələ isə 230 hektara yaxın ərazidə icra olunacaq.

Füzulinin bərpası həm də beynəlxalq dostluq və türk birliyinin nümayişinə çevrilmişdir. Belə ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə şəhərdə müasir məktəb binası inşa olunmuşdur. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin təşəbbüsü ilə Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi istifadəyə verilmişdir. Həmçinin Türkmənistan dövləti tərəfindən Füzuli şəhərində inşa edilən müasir məscid binasında son tamamlanma işləri aparılır.

Beləliklə, 17 oktyabr – Füzuli Şəhəri Günü yalnız bir qələbə tarixini deyil, həm də yeni bir inkişaf dövrünün başlanğıcını simvolizə edir. Bu gün həm şəhidlərin xatirəsinə ehtiram, həm də Böyük Qayıdışa inam günüdür. Füzuli dirçəlişin, qəhrəmanlığın və gələcəyə aparan yolun rəmzi kimi Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq.

Sevinc Azadi, “İki sahil”