20 iyul 2024 14:07
390

Azərbaycan mediası ən yüksək inkişaf dövrünü yaşayır

Ümummilli Lider Heydər Əliyev ölkəmizdə müstəqil mətbuatın formalaşmasına və inkişafına misilsiz töhfələr verib və bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Milli mətbuatımızın yaranmasından ötən 149 il ərzində zəngin və şərəfli yol keçən Azərbaycan mətbuatı dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə xüsusilə böyük tərəqqiyə nail oldu.

Azərbaycan mətbuatının inkişafı və yeni keyfiyyətlərlə zənginləşməsində Prezident İlham Əliyevin misilsiz xidmətləri hər kəsə yaxşı məlumdur. Dövlət başçısı mətbuatın cəmiyyətin, xalqın həyatında rolunu həmişə yüksək qiymətləndirib, bu sahədəki problemlərin aradan qaldırılmasını daim diqqət mərkəzində saxlayıb. Cənab İlham Əliyev respublikamızda mətbuatın inkişafına daim qayğı göstərir. Dövlət başçısı KİV rəhbərləri, jurnalist təşkilatlarının nümayəndələri, jurnalistlərlə dəfələrlə görüşlər keçirib. Bu sahədəki mövcud problemlərin aradan qaldırılması üçün əlaqədar dövlət qurumlarına müvafiq tapşırıq və göstərişlər verib.

Media mənsubları fəaliyyətlərində daim dövlətin qayğısını hiss edirlər

Bu gün Azərbaycan mediası özünün ən yüksək inkişaf dövrünü yaşayır. Yarandığı gündən indiyədək heç bir tarixi mərhələdə Azərbaycan mediası indiki qədər azad və müstəqil olmayıb. Eyni zamanda, heç vaxt indiki qədər dövlət qayğısını öz üzərində hiss etməyib. Bu gün Azərbaycan mediası ölkəmizin təhlükəsizlik konsepsiyasında xüsusi yumşaq güc kimi müəyyənləşdirilib və dövlətimizin milli maraqlarının müdafiə olunmasına xidmət edir. Media mənsubları öz fəaliyyətlərində daim dövlət qayğısını hiss edirlər və sözün həqiqi mənasında Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş söz və mətbuat azadlığının ölkəmizdə təmin olunmasının şahidi olurlar. Bütün bunların bir səbəbi var. Bu da Prezident İlham Əliyevin mediaya, söz və mətbuat azadlığına münasibəti ilə bağlıdır.

Arxasında məhz Prezident İlham Əliyevin siyasi iradəsinin dayandığını hiss edən milli mediamız bu gün onun üçün yaradılmış konstitusion əsaslardan lazımınca bəhrələnərək inkişaf dövrünün çox maraqlı, eyni zamanda, mütərəqqi bir mərhələsini yaşayır. Təsadüfi deyil ki, bu mərhələdə medianın bütün problemlərinin həlli ilə bağlı Azərbaycan Prezidenti tərəfindən müxtəlif addımlar atılıb. Dövlət başçısı İlham Əliyev mediaya münasibətinə görə dəfələrlə “Jurnalistlərin dostu” adına layiq görülüb. Prezident media mənsublarının istər maddi, mənzil-məişət, istərsə də sosial problemləri ilə bağlı, hətta Azərbaycan media nümayəndələrinin səhhətində yaranan problemlərlə bağlı qərarlar qəbul edib və onların problemlərini həll edib. Jurnalistlərin peşə nüfuzunun artırılması və Azərbaycan jurnalistikasına intellektlərin axını da  məhz bu amillərlə bağlıdır.

Yeni jurnalist kadrların hazırlanmasında daha intellektual lokomotiv yaratmaq üçün “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda belə Prezidentin Sərəncamı ilə dəyişikliklər edilib. Bu dəyişikliyə əsasən xüsusi istedadı olan və jurnalist olmaq istəyənlər ölkəmizdə mövcud olan ali təhsil müəssisələrinin uyğun fakültəsinə müraciət edirlər. Bu da jurnalistikamızı keyfiyyətcə yeni mərhələyə daşıyacaq mühüm addımlardan biri oldu. Bütövlükdə, Prezident İlham Əliyevin mediaya münasibəti ölkəmizdə söz və mətbuat azadlığını tam olaraq təmin edib, Azərbaycan mediasının böyük inkişafına səbəb olub.        

Cənab İlham Əliyevin prezidentlik illəri ölkə mediasının “qızıl dövrü”dür

Azərbaycan mətbuatı Prezident İlham Əliyevin hakimiyyətdə olduğu illər ərzində xüsusilə böyük inkişaf yolu keçib. Azərbaycan mediası bu illər ərzində dövlət quruculuğunda nüfuzlu və mötəbər bir qurum kimi iştirak edib. Ölkəmizdə mövcud problemlərin həll olunmasında Prezident İlham Əliyevin siyasətinə lazımi dəstəyi verib. Həmçinin ölkəmizin dünya miqyaslı müəyyən tədbirlərdə təmsil olunması baxımından böyük fəaliyyət ortaya qoyub. Ümumən götürsək Prezident İlham Əliyevin medianın Azərbaycanda vətəndaş institutları sırasında lazımi qədər mötəbər bir səviyyəyə gəlib çatmasında böyük rolu var.

Həmçinin milli mətbuatımızın yubileylərinin ölkəmizdə geniş şəkildə qeyd olunması, KİV-ə birdəfəlik maddi yardımların göstərilməsi, xidmətlərinə görə jurnalistlərin fəxri adlarla təltif edilməsi haqqında sərəncamlar da mətbuata və jurnalistlərə göstərilən qayğının tərkib hissəsidir. Qısaca desək cənab İlham Əliyevin prezidentlik illəri ölkə mediasının “qızıl dövrü”dür. Bu dövrdə dövlət həqiqətən mediaya, media isə dövlətə dəstək olub. Ən böyük nailiyyətimiz bundan ibarətdir ki, bu illər ərzində Azərbaycan mediası dövlətin dəstəyi sayəsində həqiqətən dövlətçiliyin ciddi müdafiəçi tribunalarından birinə çevrilib.

Meydanəli Yolçiyev,
YAP Daşkəsən rayon təşkilatının sədri