19 iyul 2024 23:18
282

Vətənə layiq oğul

44 günlük haqq savaşımızda Vətən torpaqlarının azadlığı uğrunda tarix yazıb şəhidlik  zirvəsinə  ucalan qeyrətli  Azərbaycan oğullardan biri də  Mirxəyal Kərimzadədir.  Adında bütöv bir xalqın qəhrəmanlıq simvolunu yaşadan Vətən sevdalısı  cismən aramızda olmasa da, milyonların ürəyində özünə əbədi yer edib.  Lənkəran camaatı uşaqdan-böyüyə kimi indi öz qəhrəman oğlunu yad etməyi, xatirəsini əziz tutmağı özünə mənəvi borc bilir.

Bu günlər isə  Lənkəran Mərkəzi Kitabxanasının kollektivi şəhid Mirxəyal Kərimzadənin ailəsini ziyarət edib. Ziyarətçilər  əvvəlcə şəhidin məzarına baş çəkiblər, ehtiram əlaməti olaraq önünə təzə gül dəstələri qoyublar. Daha sonra şəhidin boya-başa çatdığı ailə ocağında onun keçdiyi  döyüş yolundan, ağır müharibə meydanında  göstərdiyi şücaət və qəhrəmanlığı haqqında  danışılıb.

 Məlumat üçün bildirək ki, 10 yanvar 1999-cu ildə Lənkəranda dünyaya göz açan  qalib şəhid  Mirxəyal  Valeh oğlu Kərimzadə yağıdan qisas almaq üçün orduya yolanıb,2017-2018-ci ildə  Naxçıvanda ağır artilleriya bölümündə  atıcı kimi canından  artıq sevdiyi Azərbaycanın keşiyində durub. Vətən müharibəsi başlananda könüllü döyüşə yollanıb, və düşmənlə sona qədər vuruşub qisas alacağına and içib.

İgid əsgər Füzuli əməliyyatında, ələlxüsus Yuxarı Veysəlli kəndinin azadlığı uğrunda özünəməxsus şücaət göstərib. Yağının kabusuna çevrilən, neçə-neçə ağır sınaqlardan üzüağ çıxan Mirxəyal    noyabrın 3-ü səhər saatlarında  Xocavənddə gedən gərgin döyüşlərdə  erməni dığalarına qan qusdurub. Həmçinin  yaralanmış komandirini,  döyüş yoldaşlarını müharibə meydanından çıxararaq onlara ilkin tibbi yardım edib.  Zirehli üst geyimini soyunub yaralı komandirinin üstünə atmış və onu xilas edə bilmişdir. Özü isə yenidən döyüşə qayıtmış, az sonra 5.45 çaplı açılan silahdan qarın boşluğuna dəyən güllə nəticəsində şəhid olub, 9 noyabrda  Lənkəran şəhərinin kiçik bazar qəbiristanlığında torpağa tapşırılıb.

Vətənın  yaşaması  naminə canını fəda edib ölümsüzlüyə qovuşan Lənkəran elinin qəhrəman oğlu  Mirxəyal  Kərimzadə ölümündən sonra Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə üçün  Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən  “Vətən uğrunda” Cəbrayılın, Füzulinin, Xocavəndin azadlığına görə medallarına layiq olub.

Zəfər Əliyev,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü