18 iyul 2024 23:26
241

Radikal müxalifətin mənəvi-əxlaqi iflici

Antimilli ünsürlərin ölkəmizə qarşı apardıqları rəzil təbliğatın mahiyyətindən görünür ki, bu  xəyanətkarların başlatdıqları kampaniya Azərbaycanın milli mənafe və maraqlarına qarşı yönləndirilən, onun beynəlxalq imicini ləkələməyə çalışan qərəzli dairələr tərəfindən məharətlə idarə olunan məkrli bir oyundur

Uzun illərdən bəri inkarçı, pozucu mövqeyi ilə cəmiyyətdən özünü təcrid edən, “liderciklər”inin narsizm kimi sağalmaz bəlaya mübtəla olduğu radikal müxalifət düşərgəsində mənəvi-əxlaqi böhran getdikcə kəskinləşir. Antimilli fəaliyyəti nəticəsində  sosial və ictimai dayağını itirərək ölkəmizin siyasi həyatında ciddi şəkildə iştirak edə bilməyən, proseslərə əhəmiyyətli şəkildə təsir göstərə bilməyən radikal müxalifət hazırda sözün həqiqi mənasında dərin mənəvi-psixoloji sarsıntılar girdabında cırpınır. Başda AXCP sədri Əli Kərimli, “Milli Şura”nın rəhbəri Cəmil Həsənli onların orbitində fırlananların son zamanlar sosial şəbəkələrdə ölkəmizə qarşı mənəviyyatsızcasına apardıqları qarayaxma kampaniyası bunun əyani təsdiqidir.

Siyasi arenada uzun illərdən bəri uğradıqları məğlubiyyətlər, böyük müvəffəqiyyətsizliklər nəticəsində ruhi sarsıntılar keçirən bu marginallar respublikamızda növbədənkənar parlament seçkilərinin keçiriləcəyi ilə bağlı xəbərlər öz təsdiqini tapdıqdan sonra daha da aqressivləşiblər. Kor-koranə olaraq hakimiyyətə qarşı həddindən artıq ifratçılıq, sərt münasibət sərgiləyən dağıdıcı düşərgənin təmsilçiləri son zamanlar daha da azğınlaşaraq milli maraqlara, dövlətə və dövlətçiliyə qarşı müxalifətçilik yolunu tutblar.

  1 sentyabr seçkiləri ərəfəsində Əli Kərimlinin və müavinlərindən Seymur Həzinin, Aqil Məhərrəmlinin, Fuad Qəhrəmanlının son günlər sosial şəbəkələrdə Azərbaycana qarşı apardıqları rəzil təbliğatın hər cümləsindən, hər ifadəsindən aydın görünür ki, bu  xəyanətkarların başlatdıqları kampaniya ölkəmizin milli mənafe və maraqlarına qarşı yönləndirilən, onun beynəlxalq imicini korlamağa çalışan gözəgörünməz qüvvələr tərəfindən məharətlə idarə olunan məkrli bir oyundur. Bədxahlarımızla, qərəzli dairələrlə işbirliyində olan radikal müxalifət nümayəndələrinin ölkəmizin müsbət imicinə gölgə salmaq, ictimai rəyi manipulyasiya etmək üçün ən çirkin vasitələrdən istifadə etmələri bunu bir daha sübut edir.

Təbii ki, bu marginalların əməlləri kimi leksikonları da insanda ikrah və nifrət hissləri yaradır. Gəlin AXCP sədrinin müavini Seymur Həzinin sosial səbəkə seqmentlərində seçkilərlə bağlı yazdıqlarına diqqət edək: “...Heç bir seçki mühiti, proses yoxdur. Seçkinin elan olunmasına maraq daha böyük idi, nəinki seçkiyə. Seçkidə YAP-ın iştirak forması əslində prosesə bir qiymətdir. Əksər deputatlar ya arvadını, ya oğlunu, ya qızını, ya kürəkənini, ya qohumunu yerinə namizədliyini irəli sürüb. Elə bil bu ailəyə parlamentdən bir yer bağışlayıblar. İndi bu təmsilçini çıxarıb, başqa bir təmsilçini qoyurlar yerinə. Bu hal göstərir ki, orada seçkidən söhbət getmir. Hər kəs verilən payı üzərində nəzarətçini dəyişib”... 

Göründüyü kimi, qrant maxinasiyalarında “şefi” Ə.Kərimlidən geri qalmayan bu həşəmətli “bəyin” yazdıqları dedi-qodu səviyyəsindən o tərəfə keçə bilmir. Aydın görünür ki, ucuz populizm, şablon və primitiv təbliğat metodundan istifadə edən S.Həzi seçkilərlə bağlı uydurma mülahizələr irəli sürür. Təbii ki, bütün bunları AXCP funksioneri Məmməd İbrahimin, “Milli Şura”nın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəylinin, sabiq ReAL-çı, erməni lobbisinin  təsiri altında olan qrnat fondları ilə sıx işbirliyində olan Altay Göyüşovun və digərlərinin seçkilərlə bağlı “təhlilləri” haqqında da demək olar. Çünki onların hamısı sifarişi eyni mərkəzdən və ya dairədən alıblar.

Danılmaz faktdır ki, həmin dairələr bütün qüvvələrini səfərbər edərək seçki ərəfəsində ölkəmizin beynəlxalq nüfuzunu ləkələmək, ictimaiyyəti çaşdırmaq, seçki prosesinə zərbə vurmaq naminə başlatdıqları bu oyunları daha təsirli etmək üçün milli mənlik şüurundan, Vətən, xalq təəssübündən məhrum olan bu xəyanətkarlardan böyük məharətlə bir maşa kimi istifadə edirlər. Məlum qərəzli dairələrin sifarişi ilə antimilli ünsürlər tərəfindən ölkəmizə qarşı aparılan qeyri-əxlaqi, heç bir mənəviyyata sığmayan bu kampaniya radikal müxalifətin iflici və deqradasiyasının göstəricisidir.

 Zahid Rza, “İki sahil”