19 iyul 2024 00:36
265

Paşinyana qarşı yeni cəbhə - Soros Nikolla yollarını ayırır?

Dünyanın bir çox ölkələri amerikalı milyarder Corc Sorosun Fondunu iğtişaşların və inqilabların əsas sponsoru olduğunu yaxşı bilir. Corc Soros bir çox postsovet ölkələrində də iğtişaşlar təşkil etməyə çalışdı, lakin Ermənistan onun üçün ən uğurlu ölkə oldu. Ermənistanın siyasətinə təsir göstərmək üçün 1997-ci ildə Ermənistanda “Açıq Cəmiyyət- Ermənistan” Fondu adı ilə fəaliyyətə başlayan Soros Fondu 200-dən çox təşkilata 50 milyon ABŞ dollarından çox vəsait ayırıb. Ermənistanda “məxməri inqilab”dan 3 ay əvvəl onun səyləri ilə Nikol Paşinyan və komandasının ətrafındakı jurnalistlər və vətəndaş cəmiyyəti nümayəndələri məqsədyönlü şəkildə təlim keçiblər. Beləliklə, 2018-ci ildə bu Fond əsas məqsədinə nail oldu - bir nömrəli Soros adamı Ermənistanın baş naziri oldu.

Fond Ermənistanı Cənubi Qafqazda özünün dayaq məntəqəsinə çevirmək niyyətindədir. Bu məqsədlə Sorosun maliyyələşdirdiyi QHT-lər Rusiyanı erməni xalqının düşməninə çevirməyə çalışır, rusofobiyanı fəal şəkildə təbliğ edir, Rusiyanı ölkədəki böhranın əsas günahkarı kimi qələmə verir, Qərb əhval-ruhiyyəsini və təfəkkürünü zorla qəbul etdirir. Artıq Ermənistanda anti-Rusiya əhvali-ruhiyyəsinin formalaşdığı faktdır. Qərbin müəyyən strukturları, xüsusən də Açıq Cəmiyyət Fondu bu iş üçün on milyonlarla dollar xərcləyir. Məsələn, hazırda Ermənistanda anti-Rusiya cəbhəsinin bayraqdarlarından sayılan Aram Zaveni Sarkisyan bir neçə il əvvəl İrəvan-Moskva münasibətləri ilə bağlı tamamilə fərqli təsəvvürlərə malik idi. İnternetdə axtarış verib bu fikirlərlə tanış olmaq olar. Amma sonradan Aram Zaveni ABŞ-a təhsil almağa getdi və bu təhsilin hansı Fond tərəfindən maliyyələşdirildiyi artıq aydındır. Maraqlıdır ki, təhsildən əvvəl Rusiya və dövlətin KTMT-dəki mövcudluğunun qızğın tərəfdarı olan Sarkisyan ABŞ-dan qayıtdıqdan sonra valı dəyişib. Təbii ki, bu işdə ona altdan-altdan ötürülən yüzlük dollar dəstələrinin təsiri var.

Məlumdur ki, sorosçular Ermənistanda zaman-zaman müxtəlif vəzifələrə təyinat alırlar və bu, artıq dəb halını alıb. Bunun üçün Fondun təyin etdiyi namizədin sənədləri baş nazirə göndərilir, o da əmr imzalamaqla işi yekunlaşdırır. 2023-cü ildə Kassasiya Məhkəməsinin cinayət kollegiyasının hakimi seçilən Davit Xaçaturyan Korrupsiyaya qarşı mübarizə idarəsinin sədri Sasun Xaçaturyanın qardaşıdır. Sözügedən şəxs 2006-2013-cü illərdə ABŞ-ın Ermənistandakı səfirliyində çalışıb. 2009-2013-cü illərdə eyni zamanda Ermənistan Açıq Cəmiyyət Fondunun direktorlar şurasının idarə heyətinin üzvü, 2016-2020-ci illərdə isə fondun idarə heyətinin sədri olub. Bu vəzifəni tutduğu dövrdə isə, aylıq 100 min dollar maaş alıb. Göründüyü kimi, sorosçular Ermənistanda kifayət qədər ciddi vəzifələrə təyin olunurlar.

Lakin bütün bunlara baxmayaraq, son iki il ərzində tərəflər arasında münasibətlərdə soyuqluq hökm sürür. Belə ki, 2022-ci ildən başlayaraq, Fonddan maliyyələşən bir sıra təşkilatlar növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edirlər. Məlumatlı Vətəndaşlar Assosiasiyası, Helsinki Vətəndaş Assambleyasının Vanadzor İdarəsi, Gümrü “Asparez” Jurnalist Klubu, Transparency International Antikorrupsiya Mərkəzi və s. kimi Soros təşkilatları hətta bunu tələb edirlər və Paşinyanın yeni seçki ideyasından əl çəkməsindən narazılıq edirlər. Vaxtilə Paşinyan “Soros Fondu” ilə koalisiyada olub və hakim fraksiyadan 25-30-a yaxın deputat fondun donorudur və baş nazirə tabe deyil. Eyni sözləri bəzi nazirliklər haqqında da demək olar. Eyni zamanda Aİİ ilə, xüsusən də Kreml ilə münasibətləri saxlamaq ideyası da Fondun narazılığına səbəb olur. Bu səbəbdən də ehtimal etmək olar ki, Açıq Cəmiyyət İnstitutu seçki yolu ilə narazı olduğu hökumət başçısını dəyişmək istəyir. Bu da son deyil… Paşinyanın son həftələrdə atdığı iki addım Qərbdəki ağalarını, xüsusən də sorosçuları bərk qəzəbləndirib. Birinci səhv “Armutk” agentlik şəbəkəsinin dörd agenti tərəfindən keçirilməsi təklif edilən və hakimiyyətlə əvvəlcədən razılaşıdırılan Avropaya inteqrasiya referendumu fikrinin rədd edilməsi olub. İkincisi isə Ermənistanın Rusiya Federasiyasındakı səfiri Vaqarşak Arutyunyanın Rusiyanın Belqorod şəhərinə səfəri və Ukraynada həlak olan rus əsgərlərinin xatirəsinə ucaldılmış abidənin önünə gül qoyması olub. Elə bu səhvlərdən sonra isə Helsinki Vətəndaşlıq Assambleyasının Vanadzor ofisinin rəhbəri Artur Sakunts maraqlı açıqlama verərək, bir növ hakimiyyətə xəbərdarlıq edib. Söhbət ötən il Ermənistanda tapılan 2 ton narkotik maddədən gedir. O bildirib ki, dövlət qurumlarının bu məsələ ilə bağlı izahat verməməsi təəccüblüdür. Bunu kim göndərib, kimə göndərib, məsələ nədir? Bununla bağlı heç bir güc strukturu açıqlama verməyib. Bir il əvvəl baş verən hadisə ilə bağlı sorosçuların indi sorğu-suala başlaması, əslində xəbərdarlıq siqnalı kimi qəbul edilməlidir.

Göründüyü kimi, "məxməri inqilab”ı Ermənistana gətirən Sorosa ölkədəki proseslərin gedişi sərf eləmir və indi Paşinyan onun üçün "işlənmiş material” hesab edilir. Belə ki, xarici siyasətində tamamilə anti-Rusiya vektorunu seçən Ukrayna və Gürcüstandan fərqli olaraq, Paşinyan rəhbərliyindəki Ermənistan, bir tərəfdən, Rusiya ilə işləməkdə davam etdi, digər tərəfdən Rusiyanın düşmənlərinə tərəf boylandı. Başqa sözlə, bir növ kompromis tapmaq üçün iki stulda oturmağa çalışdı. Lakin sonda hər iki stul Paşinyanın altında laxlayır.

Sevinc Azadi, “İki sahil”