19 iyul 2024 02:17
349

Fransanın Azərbaycan qorxusu

Fransa tarixən yeni ərazilər ələ keçirmək, bu və ya digər bölgədə möhkəmlənmək uğrunda mübarizə aparıb. Hazırda sözügedən ölkə  Afrikanın bir hissəsini hələ də nəzarətində saxlayır. Bir çox tərəqqipərvər ölkələr Afrika ölkələrinin öz hüquqları uğrunda apardıqları mübarizəyə dəstək verir.  Azərbaycan isə Fransanın müstəmləkəçilik siyasətinə qarşı ən aktiv mübarizə aparan, özünü “demokratiyanın beşiyi” kimi təqdim etməyə çalışan bu ölkənin  iç üzünü açan bir dövlət kimi  tanınır.  Hətta Azərbaycan Bakı Təşəbbüs Qrupu (BTQ) vasitəsilə fransızların zülmündən əziyyət çəkən xalqların  səsini dünya ictimaiyyətinə çatdırmaq üçün ciddi addımlar atır.  Özü də həmin tədbirlərdə müstəmləkəçilikdən əziyyət çəkən dövlətlərin nümayəndələri də iştirak edirlər.

Artıq bu addımlar öz səmərəsini verməkdədir. Belə ki, bu kimi tədbirlərin sayəsində Fransa Afrika ölkələrindən qovulur, onun güc yolu ilə əlində saxlamağa çalışdığı digər koloniyalarından da tezliklə çıxarılacağı şübhəsizdir. Hər halda dənizaşırı ərazilərdə Fransa əsarətindən, obrazlı şəkildə desək, fransız gilyotinindən qurtulmaq üçün azadlıq mübarizəsinə qalxan yerli xalqların müstəqillik tələblərində israrlı olmaları belə qənaətə gəlməyə əsas verir.

Yeri gəlmişkən qeyd edək ki, bu istiqamətdə atılan addımlar Cənubi Qafqazda möhkəmlənmək istəyən, elə bu məqsədlə “bacı”sını silahlandırmaqda davam edən, bölgəni özünün biabırçı neokolonial təcrübələr meydanına çevirməyə çalışan, ermənidən betər erməni sayılan Fransa Prezidenti Emmanuel Makronunun həm  Avropa Parlamentinə, həm də Fransa Milli Assambleyasına  keçirilən seçkilərdə rüsvayçı məğlubiyyətə uğraması ilə nəticələnib. Hazırda həyata keçirdiyi bərbad daxili və xarici siyasət nəticəsində siyasi nufuzunu və hörmətini tamamilə itirmiş Makron çıxılmaz vəziyyətdədir. Elə bu kimi səbəblərdən Fransada siyasi vəziyyət günbəgün dərinləşir. Hətta vəziyyət o həddə çatıb ki, evsahibliyi edəcək XXXIII Yay Olimpiya Oyunlarına sayılı günlər qalmasına baxmayaraq, bu mötəbər tədbirə hazırlaşmaq, gələcək qonaqları layiqincə qarşılamaq bu ölkədə ikinci plana keçib.

İyulun 17-18-də Qvadelupanın Azadlığı Naminə Xalq Birliyinin təşkilatçılığı və Bakı Təşəbbüs Qrupunun dəstəyi ilə Fransa müstəmləkəçiliyindən əziyyət çəkən Korsika, Melaneziya, Polineziya, Karib və Antil adalar qrupundan olan 15-dən çox siyasi partiya və müstəqillik hərəkatlarının rəhbər şəxslərinin iştirakı ilə Bakıda keçirilən birinci Qurultayında da Fransanın müstəmləkəçilik siyasəti bir daha gündəmə gətirilib. Bəri başdan qeyd edək ki, həmin tədbirdə Bakının müstəmləkəçiliklə mübarizə fəaliyyətlərinin və dekolonizasiya proseslərinin mərkəzinə çevrildiyi dəfələrlə vurğulanıb.

Həmin tədbirdə çıxış edə  Qvadelupanın Azadlığı naminə Xalq Birliyinin Baş katibi Jan-Jakob Bisep bildirib ki, Fransa koloniyalarına qarşı cinayətlər törədən dövlətdir: “Məqsədimiz dünyanı Fransaya təsir göstərmək üçün səfərbər etməkdir”. Onun fikrincə, bu istiqamətdə həmrəyliyi daha da möhkəmləndirmək vacibdir. Yeni Kaledoniya parlamentinin üzvü Maria Saliqa diqqətə çatdırıb ki, Fransa dövlətinin hərəkətləri qəbuledilməzdir və beynəlxalq səviyyədə müzakirə olunmalıdır.  “Makron Fransası bütün demokratiya qaydalarına üz çevirib” deyən Maria Saliqa, həmçinin  bildirib ki, Fransa terrorçu dövlətdir. Azad etmək istəmədiyi ərazilərdə hökmranlığını sürdürür.  Yeni Kaledoniya Konqresinin üzvü İzabella Kaloi isə vurğulayıb ki, mayın 13-dən bəri Yeni Kaledoniyada yaşananları hamı bilir: “Azərbaycana gəlmək, bu qurultayda iştirakımızın məqsədi Fransa dövlətinin bizə qarşı aktlarının qəbuledilməz olduğunu qətiyyətlə bildirməkdir”.

Bir sözlə, belə tədbirlərin iştirakçıları koloniyalarda Fransa hökuməti tərəfindən bu ərazilərin sahibləri olan yerli xalqlara qarşı törədilən çoxsaylı cinayətlər və qeyri-qanuni hərəkətlər barədə beynəlxalq ictimaiyyətin məlumatlılığının artırılmasına, ümumilikdə XXI əsrin bəlalarından biri olan müstəmləkəçilik probleminə diqqət çəkməyə çalışırlar və istəklərinə də nail olurlar. Bu mənada Bakıda keçirilən bu tədbirin də Fransanın zülmündən əziyyət çəkən ölkələrin azadlıq mübarizələrinə töhfə verəcəyini əminliklə söyləmək olar.

Yeri gəlmişkən qeyd edək ki, Ermənistanın əli ilə Rusiyanı Cənubi Qafqazdan çıxartmaqla, Türkiyənin artan nüfuzunu neytrallaşdırmaqla bölgədə möhkəmlənmək istəyən Fransa Azərbaycanın müstəmləkəçiliyin ləğvi ilə bağl atdığı tutarlı addımlarını, daha doğrusu, prinsipial xəttini həzm edə bilmir.  Elə  son illər onun rəsmi Bakıya qarşı təxribatlarını genişləndirməsi, Ermənistanı öldürücü hücum silahları   ilə təchiz etməsi, bir sözlə, regionda yeni münaqişə ocağı qalamağa çalışması bunu bir daha təsdiq edir. Bütün bunlar göstərir ki, Fransa Cənubi Qafqazda  sabitliyi pozmaq, həm də  öz geosiyasi ambisiyalarını regionda  reallaşdırmaq niyyətində  israrlıdır. Bu mənada demək olar ki, hazırda Makron administrasiyası tam şəkildə anti-Azərbaycan təbliğatına köklənib.  Hətta Fransa  heç bir əsas göstərmədən Yeni Kaledoniyadakı iğtişaşlarda Azərbaycanın əli olduğuna da iddia edib. Amma rəsmi Bakı tutarlı əsaslarla bu iddinı fiaskoya uğradıb. Şübhəsiz, Fransanın belə mövqe nümayiş etdirməsi onun Azərbaycan qorxusundan irəli gəlir.

Bu məqamda bir məsələni də vurğulayaq. Fransanın Afrikadakı siyasətini tənqid etdiyinə görə, Kemi Seba təxəllüsü ilə tanınan publisist Stellio Jill Rober Kapo Kiçini ölkə vətəndaşlığından məhrum edilib. Hətta Makronun sifarişi ilə o, Fransanın "Le Figaro" nəşri tərəfindən xarici agent adlandırıb. Göründüyü kimi, Makron onun müstəmləkəçilik siyasətinə qarşı etiraz edənlərə divan tutmaqdan belə çəkinmir.

Məlumat üçün qeyd edək ki, BTQ Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində 2023-cü il iyulun 6-da Bakıda “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” mövzusunda konfransın iştirakçıları tərəfindən yaradılıb. Artıq bir ildir ki, Qrup müstəmləkəçilikdən əziyyət çəkən xalqların azadlıq uğrunda apardıqları ədalətli mübarizəyə dəstək verir. Bu xüsusda, BTQ tərəfindən artıq 15-dək beynəlxalq konfrans təşkil edilib. Onlardan 4-ü BMT-nin Nyu-York, Cenevrə və Vyanadakı qərargahlarında, biri İstanbulda, digərləri isə Bakıda keçirilib.

Qvami Məhəbbətoğlu, “İki sahil”