19 iyul 2024 01:29
383

Media azad və güclü cəmiyyətin formalaşmasına təkan verir - ŞƏRH

«Milli mətbuatımızın inkişaf mərhələləri Azərbaycan xalqının azadlıq, müstəqillik uğrunda mübarizə tarixinin tərkib hissəsidir. «Əkinçi»”dən üzü bəri azadlıq, demokratiya, müstəqillik uğrunda mücadilə dərslərini biz milli mətbuatımızın səhifələrindən öyrənmişik.»
Ulu Öndər Heydər Əliyev

1875-ci il iyulun 22-də görkəmli ziyalı, maarifçi və publisist Həsən bəy Zərdabinin sözün qüdrətinə inamının nəticəsi kimi,  işıq üzü görən, dövrünün  ictimai-siyasi həyatının mühüm hadisəsi kimi tarixə yazılan  «Əkinçi» ” qəzeti Milli mətbuatımızın ilk nümunəsi olmaqla xalqımızda  maarifçilik ideyalarının təbliğində də böyük xidmətlər göstərmişdir.  Oxucuları ilə  cəmi 56 nüsxəsi ilə təmasda olan  qəzet adı kimi  özündən sonrakı nəşrlərin təşəkkül tapmasında, inkişafında  həqiqi mənada əkinçi rolunu oynamış, təkcə  ziyalılar deyil,  sadə insanlar tərəfindən də  maraqla qarşılanmışdır. Nəşri çar Rusiyasının inzibatçılıq, qadağalar  dövrünə təsadüf edən qəzet  senzuranın ciddi nəzarətinə baxmayaraq demokratik  ideyaların təbliğində   fərqlənmişdir. Dövrünün  görkəmli maarifçilərinin tribunasına çevrilən  «Əkinçi»lər cəmiyyətin ictimai, siyasi və bədii təfəkkürünün  formalaşmasına böyük təsir göstərmiş,  ictimai fikrinin inkişafına töhfələr vermişdir.   Oxucularında milli oyanışı, təfəkkürü formalaşdıran qəzet  Azərbaycan dilinin təbliğində də  müstəsna rol oynamışdır. O dövrdə sadə inanlar arasında geniş yayılan dini xurafata, mövhumatçılığa  qarşı mübarizə aparan qəzetin azsaylı əməkdaşları     Azərbaycan ədəbi dilinin və maarifçilik hərəkatının inkişafına əhəmiyyətli töhfələr vermiş, xalqımızda  milli özünüdərk və istiqlal məfkurəsinin formalaşmasında, qabaqcıl ideyaların təbliğində böyük xidmətlər göstərmişdir. Ardıcılları olan «Ziya»”, «Ziyayi-Qafqaziyyə»”, «Kəşkül»”, «Şərqi-Rus»”, «Həyat»”, «Füyuzat»”, «Dəbistan»”, «İrşad»”, «Tazə həyat»”, «Molla Nəsrəddin»”, «Tərəqqi»”, «Həqiqət»”, «Məktəb»”, «Açıq söz» mətbu orqanlarına  bələdçilik edən  «Əkinçi»  xələf kimi  sələflərinə  doğru yol göstərmişdir.  1896-cı ildən Həsən bəyin fəal iştirakı və kürəkəni Əlimərdan bəy Topçubaşovun redaktorluğu ilə nəşr olunan rusdilli «Kaspi»” qəzeti də mövzu və məfkurə baxımından Zərdabi ənənələrinin daşıyıcısı  rolunu uğurla davam etdirmişdir.

Bu cür sağlam  təməl üzərində təkmilləşən, dövrünün tələblərinə uyğun ictimai fikrin təbliğat vasitəsinə çevrilən  aparıcı  mətbu orqanlarının  inkişafı,  lazımi  avadanlıqlarla təchizatı Ulu Öndər Heydər Əliyevin daim diqqətində olumuşdur.
 1993-cü ildən başlayaraq Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən və cəmiyyət həyatının bütün sahələrini əhatə edən köklü islahatlar nəticəsində ölkədə senzura, söz və məlumat azadlığını məhdudlaşdıran digər süni maneələr aradan qaldırılmış, medianın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası təkmilləşmiş, medianın  iqtisadi müstəqilliyinin gücləndirilməsi, vətəndaş cəmiyyəti quruculuğunda rolunun artması  məqsədilə ardıcıl tədbirlər görülmüş, müstəqil mətbuatın sərbəst fəaliyyəti üçün imkanlar artırılmışdır.  Dövrü mətbuata göstərdiyi diqqət və qayğıya görə  «Jurnalistlərin dostu» adına layiq görülən  Ulu Öndər Heydər Əliyevin milli mətuatın inikşafına göstərdiyi  ənənəni  davam etdirən Prezident İlham Əliyevin  həyata keçirdiyi demokratik islahatların  məntiqi nəticəsi  olaraq  ölkədə mətbu orqanlarının sərəbəst fəaliyyəti təmin edilir,   soz azadlığı, plüralizm   prinsipləri qorunur.  Jurnalistikanın gələcək inkişafı ilə bağlı məsələlərə daim diqqət göstərən Prezident İlham Əliyev vurğulayır ki,  Azərbaycan dövləti azad mətbuatın inkişafında bundan sonra da fəal olacaq: « Jurnalistlər üçün bütün şərait yaradılıb. Bu gün Azərbaycan cəmiyyəti rahat şəraitdə, təhlükəsizlik, sabitlik şəraitində yaşayır. İndiki zəmanədə bu, özlüyündə bir nailiyyətdir və biz ölkəmizi bütün mümkün olan risklərdən qoruyuruq. Ölkəmizin daxilində demək olar ki, risk mənbələri yoxdur. Xaricdən özümüzü qorumaq üçün kifayət qədər ciddi siyasət aparılır, həm ideoloji sahədə, həm sərhədlərimizin qorunmasında və ümumiyyətlə. Biz həmişə çalışırıq və hesab edirəm buna nail olmuşuq ki, Azərbaycanı mümkün risklərdən qoruyaq, Azərbaycan xalqı rahat, sülh şəraitində yaşasın.»

 Ölkəmizin iqtisadi, siyasi həyatında fəallıqları hər sahədə hiss olunan jurnalistlərə inamını  «Sizə deyə bilərəm ki, mən bəzi hallarda hansısa xoşagəlməz hadisə ilə bağlı məlumatı mətbuatdan əldə edirəm. Düzdür, mənə müxtəlif mənbələrdən hər gün müxtəlif məlumatlar gəlir. Yəni, əlbəttə ki, mənə həm xarici, həm daxili siyasətlə, həm də təhlükəsizlik məsələləri ilə bağlı əsas məsələlər məruzə edilir. İnsanları narahat edən məlumatlar haqqında mən mətbuatdan da xəbər tuturam, dərhal reaksiya verirəm. Dövlət məmurları və yaxud digər şəxslər, qüsurlara yol verən şəxslər bilirlər ki, Azərbaycanda söz və mətbuat azadlığı imkan verməyəcək ki, onlar işdə hansısa qüsurlar buraxsınlar. Ona görə jurnalistlər bəlkə də özləri də bilmədən mənim köməkçilərimdir. Buna görə də mən sizə minnətdaram. Əminəm ki, siz gələcəkdə də bütün cəmiyyəti narahat edən, incidən məsələlər haqqında yazacaqsınız, harada hansı ədalətsizlik var, qanunsuzluq var, dərhal operativ reaksiya verəcəksiniz, cəmiyyətin və dövlət orqanlarının diqqətini bu məsələlərə cəlb edəcəksiniz» sözləri ilə ifadə edən Prezident İlham Əliyevin səyi nəticəsində  ölkəmizdə mətbuat azadlığı prinsipləri bərqərar olmuş, habelə qəzet və jurnal bolluğu yaranmışdır. Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi ilə «Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”» qəbul olunmuşdur.

 Qlobal, mütəmadi yenilənən siyasi hadisələrin baş verdiyi   dünyamızda  mətbuat demək olar ki, hər bir insanın gündəlik tələbatına çevrilmişdir. Sivil, demokratik  cəmiyyət kimi formalaşan ölkəmizdə  çevik, operativ, qərəzsiz mətbuatın  fəaliyyəti, nəşri, yayımı üçün lazımi şərait yaradılmışdır.  «Hesab edirəm ki, biz bunu Azərbaycanda görürük. Çünki bu gün Azərbaycan mətbuatı artıq yüksək səviyyəyə qalxıbdır. Mən həm operativlik, həm milli maraqların müdafiə edilməsi sahəsində mətbuatın fəaliyyətini yüksək qiymətləndirirəm» söyləyən Prezident, «Jurnalistlərin dostu»  İlham Əliyevin milli mediamız qarşısında qoyduğu vəzifələr də möhtəşəmdir «Bu gün Azərbaycan mətbuatı müasir informasiya cəmiyyəti quruculuğunda, sosial ədalət və şəffaflığın təmin edilməsində, milli həmrəyliyin və tolerantlığın möhkəmləndirilməsində, demokratik özünüdərkin, siyasi mədəniyyətin inkişafında, milli-mənəvi və ümumbəşəri dəyərlərin qorunub saxlanılması və təbliğində mühüm rol oynamalı, tədris və maarifləndirmə sahəsində fəaliyyətini gücləndirməlidir. Azərbaycan jurnalistikası peşəkarlıq, obyektivlik, qərəzsizlik, yüksək milli şüur və vətənpərvərlik prinsiplərinə dönmədən əməl etməli, söz və məlumat azadlığından sui-istifadənin qarşısı qətiyyətlə alınmalıdır.»

Hazırda respublikamızda qlobal informasiya şəbəkəsinin tərkib hissəsi olan yazılı və virtual   KİV-lər sərbəst fəaliyyət göstərir,    çoxlu sayda qəzet və jurnallar nəşr olunur, informasiya texnologiyalarının inkişafına diqqət artırılır, sosial şəbəkələrin fəaliyyəti üçün yenilik olan  «internet qəzetçilik» inkişaf edir.  Milli mətbuatımızın, jurnalistikamızın  yubileyləri yüsək səviyyədə təşkil edilir. KİV-lərin maliyyə imkanları, reklamçılıq fəaliyyəti,  maddi-texnik bazası  möhkəmləndirilir.

 Prezident İlham Əliyevin tapşırığı ilə media haqqında qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində məqsədyönlü iş aparılır. Dövlətimizin başçısı İlham Əliyevin  «Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı ilə «Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu» əsasında «Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”» ( MEDİA) publik hüquqi bazanın yaradılması ilə  çap və onlayn medianın inkişafı, maliyyə müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, mütərəqqi layihələrin davamlı dəstəklənməsi təmin edilir. «Media haqqında” Azərbaycan Respublikası Qanunu»nun qəbulu ilə   infomasiya vaitələrində  fəaliyyətin  təşkili, hüquqi və iqtisadi əsasları,  istehsalı və yayımı ümumi qaydaları müəyyənləşdirilmiş, informasiya məkanının təhlükəsizliyi təmin edilmişdir.  Yerli medianın inkişafına təkan verilməsi, informasiya mühitinin sağlamlaşdırılması və rəqabət qabiliyyətinin artırılması, habelə jurnalistika peşəsinin nüfuzunun yüksəldilməsinə diqqət artırılmışdır. İctimaiyyətin daha çox maraq göstərdiyi «internet qəzetçiliyi»nə, sosial şəbəkələrin inkişafına diqqət artırılır.  Həyata  keçirilən islahatlar ölkəmizdə medianın azad və güclü bir cəmiyyət institutu kimi formalaşmasına təkan verir.  Azərbaycanda kütləvi informasiya vasitələrinin inkişafı ilə birlikdə  jurnalistlərin sosial şəraitinin yaxşılaşdırılması daim dövlətimizin diqqət mərkəzindədir. Prezident İlham Əliyevin sərəncamları əsasında  KİV-lərə birdəfəlik yardımların göstərilməsi, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, jurnalistlərin yaşayış evləri ilə təminatı,   fəxri adlarla təltif edilməsi bu sahədə çalışanlara dövlət qayğısının ifadəsidir. 2022-ci ildə «Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu»nun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda edilmiş dəyişiklik bu qayğının daha bir təzahürüdür.
Prezident İlham Əliyevə  təqdim olunan «Jurnalistlərin dostu» mükafatı  dövlət başçımızın mətbuata açıq olmasının, KİV-lərin  inkişafına göstərilən  diqqətin təcəssümüdür.  

 Ölkəmizdə  Milli mətbuatın inkişafı naminə həyata keçirilmiş islahatlar medianın qanunvericilik bazasının təkmilləşdirilməsi, jurnalistika sahəsində çevikliyin, peşəkarlığın yüksəldilməsi, cəmiyyətimizi narahat edən mənfi təzahürlərin aradan qaldırılması, medianın beynəlxalq əlaqələrinin genişləndirilməsi və dost ölkələrlə birgə platformaların yaradılması məqsədi daşımış, bu sahədə nəzərəçarpacaq irəliləyiş əldə edilmiş, ölkəmizdə təcrübəli preşəkar jurnalistlər nəsli yetişmişdir.  Təsadüfi deyil ki, Azərbaycan jurnalistləri hər zaman prinsipiallıq nümayiş etdirir, dövlətçilik maraqlarını qoruyur, oxucularına  dolğun,  düzgün, operatifv məlumatarın çatdırılmasını təmin edirlər.

Birinci və  İkinci Qarabağ müharibələrində üzərinə düşən vəzifəni layiqincə yerinə yetirən jurnalistlər hərbi əməliyyatların ən qaynar nöqtələrində olmaqla,   Azərbaycan əsgərinin rəşadətini xalqa çatdırmaqla da  borcunu yerinə yetirmişdir. 44 günlük Vətən müharibəsində ölkəmizin düşmən təbliğatına qarşı informasiya mübarizəsində qələmini süngü edərək  əsgər kimi xalqına xidmət göstərən  jurnalistlər az deyildir. Dövlət başçımız, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin artıq tarixə qovuşmuş Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi  bəyanatlarının, işğaldan azad edilmiş ərazilərimizdə dalğalanan  Dövlət Bayrağımızın qürurunun, xalqımızın  sevincinin dünya ictimaiyyətinə çatdırılmasında mətbuatın müstəsna rolu olub.  Jurnalistlər cəbhə xəttində həm xəbər istehsalçısı, həm də səfərbərlik proqramı çərçivəsində əməliyyatlarda iştirak etmişlər. Qarabağ uğrunda döyüşlərdə fərqlənən və müxtəlif medallarla təltif edilənlər arasında jurnalistlərin də olması ölkəmizdə bu sahədə çalışanlara göstərilən böyük etimadın və diqqətin təzahürüdür;

 Jurnalistlərlə görüşlərində tövsiyələrini  bildirən Prezident İlham Əliyev müasir mediamızın inkişafı kimi xarici informasiya məkanlarına çıxışını da vacib amil adlandırıb. «Mən xatırlayıram, jurnalistlərlə əvvəlki görüşlərimdə də bunu demişdim. Demişdim ki, daha çox xarici dillərdə saytlar açılsın, biz daha çox xarici informasiya məkanına çıxaq. Bizim imkanımız olsun ki, vacib informasiyanı dərhal aparıcı media qurumlarına çatdıra bilək. Əvvəllər belə imkanlar bizdə yox idi və bu, bizim üçün problem yaradırdı. Çünki əvvəlki illərdə bizə qarşı koordinasiya edilmiş çox ciddi və çirkin informasiya kampaniyaları aparılırdı ki, guya Azərbaycan geridə qalmış dövlətdir, Azərbaycanda inkişaf, demokratiya yoxdur. Bunun məqsədi bəllidir - həm bizi öz təsiri altına salmaq, nəyəsə məcbur etmək və ümumiyyətlə, ölkə haqqında mənfi imic yaratmaq və ondan sonra öz maraqlarını rahatlıqla təmin etməkdir. Ona görə biz çalışırdıq ki, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdıraq və o qədər də geniş imkanlarımız yox idi. Bu gün bu imkanlar var. Yaxın tarix onu göstərir ki, biz bu istiqamətdə kifayət qədər geniş imkanlara malikik. Həm dövlət, həm də media orqanları bu istiqamətdə fəal işləyirlər. Məni sevindirən hal odur ki, biz vahid siyasət aparırıq. Çünki dövlət və media milli maraqları müdafiə edir. Çünki ümummilli məsələlərdə heç bir kənar fikir ola bilməz. Ona görə biz bundan sonra da çalışmalıyıq ki, Azərbaycan haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdıraq, ölkəmizi daha yaxşı tanısınlar, daha çox hörmət etsinlər. Bizi nə qədər çox tanıyarlarsa, bizə rəğbət də o qədər çox artar. Çünki dəfələrlə olub ki, ilk dəfə Azərbaycana gələn və mənimlə görüşən hansısa xarici nümayəndə heyəti öz təəccübünü gizlədə bilməyib. Deyirlər ki, bəs biz tam başqa fikirdəydik, bizə başqa şeylər deyirdilər. Amma biz gəldik, gördük ki, Azərbaycan nə qədər inkişaf edib, Azərbaycan necə gözəl ölkədir, Azərbaycan vətəndaşları necə qonaqpərvər və gözəl insanlardır.»

 Dövlət başçımızın media nümayəndələrinə  digər tövsiyəsi isə  jurnalistikamızın xarici təsirdən azad olması, xarici təsir altına düşməməsidir. Dövlət başçımızın «Biz müstəqil siyasət aparırıq. Ona görə bizim siyasətimizə heç bir kənar qüvvə təsir edə bilməz» sözləri mətbuat işçilərinin gündəlik iş prinsipinə çevrilməli, ölkəmizə qarşı qərəzli təxribatlara qarşı mübarizlik göstərən  güclü jurnalistlər ordusu formalaşmalıdır.

 «4-cü Sənaye İnqilabı dövründə Yeni Media»” mövzusunda Şuşa Qlobal Media Forumu Azərbaycan reallıqlarının dünyada təbliği Azərbaycanın informasiya blokadasının yarılması, ölkəmizin beynəlxalq auditoriyaya çıxışı baxımından önəmli, tarixi hadisə  idi. «Bu gün isə biz yenə də öz həqiqətlərimizi sübut etməyə məhkumuq. Çünki bizə qarşı bu gün yenə də kampaniya davam edir. Bizim Qələbəmizi həzm edə bilməyən, uğurlarımıza qısqanclıqla yanaşan, bizə qarşı açıq informasiya savaşına çıxanlara biz tutarlı, real arqumentlərlə cavab verməliyik və veririk. Məhz bunun nəticəsidir ki, bu gün bütün bu iftiralara, böhtanlara, yalanlara baxmayaraq, Azərbaycanın sözü, Azərbaycan xalqının, dövlətinin haqlı səsi eşidilir və bunun əsas aləti bizim media resurslarımızdır. Ona görə cəmiyyətdə mövcud olan həmrəylik və birlik, bax, bu üstünlüyü bizə təmin edir» sözləri ilə medianın müstəqilliyini cəmiyyətimizin inkişafı üçün başlıca şərt adlandıran Prezident İlham Əliyevin vurğuladığı kimi, müasir mətbuatımızda  sağlamlaşma prosesinin uğurlu davamı və xalqın maraqlarına zidd, dövlət maraqlarına zərbə vura biləcək informasiyalara qarşı mübarizənin güclənməsi media nümayəndələrinin artan  məsuliyyətinin ifadəsidir. Dünya birliyinin  qüdrətli ölkəsi olan Azərbaycanda ictimai rəyə, ictimai fikrə təsir etmək cəhdlərinin qarşısının alınmasında da jurnalistlər ordusu fəallıq göstərməlidir.  «Bunu necə etməli? Jurnalistika vasitəsilə. Ona görə Azərbaycan jurnalistikası vətənpərvər olmalıdır» söyləyən  dövlət başçımızın ən başlıca tövsiyəsi gənclərimizi ölkəmizdən kənarda hazırlanan qorxulu təsirlərdən qorumaqdır:  «Ancaq, eyni zamanda, biz hamımız bilməliyik ki, bu, bizim ölkəmizdir. Azərbaycanı bizdən çox sevən insan, ya qurum, ya ölkə yoxdur, ola da bilməz. Ona görə biz özümüzü xarici təsirdən qorumalıyıq. Gənc nəsli qorumalıyıq ki, daim Azərbaycan müstəqil dövlət kimi inkişaf etsin.»

 Qeyd etdiyimiz kimi,  dövlət başçımızın tövsiyələrindən biri də    beynəlxalq jurnalistikanın formalaşdırılmasıdır.Türkçülüyün ideoloji mübarizə silahı olan Türkiyə- Azərbaycan Media Platformasının yaradılması bu sahədə atılan ən inamlı addımdır.  Artıq tarixin arxivinə atılmış  «Dağlıq Qarabağ münaqişəsi» başlanan gündən  diplomatiya,  informasiya, hərbi sahədə möhkəmlənən Türkiyə –Azərbaycan  əməkdaşlığı hər iki xalqın birlik və həmrəyliyini daha da möhkəmləndirdi. Vətən müharibəsinin davam etdiyi günlərdə  Türkiyənin «Haber Global», «Haber Türk»,  «A-Haber», Haber NTV televiziya kanallarının yayımladığı verilişlər,   Prezident İlham Əliyevin müsahibələri   həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması  üçün informasiya mənbəyi oldu.  «Azərbaycan Respublikası ilə  Türkiyə Respublikası  arasında  media sahəsində  strateji əməkdaşlıq” haqqında»”””” sənədin imzalanması ilə   Platformanın fəaliyyətinin  əhatə dairəsi genişləndi.    Prezident İlham Əliyevin təsdiqlədiyi həmin sənəddə qeyd olunduğu kimi Platformanın məqsədi hər iki qardaş ölkə arasında  ikitərəfli əlaqələri media  və kommunikasiya sahəsində də genişləndirmək,  strateji media ortaqlığını, sağlam media şəbəkəsinin infrastrukturunu yaratmaqdır.    Azərbaycanla  Türkiyə  politoloqlarının,  deputatlarının, jurnalistlərinin birgə iştirakları ilə təşkil olunan debatlar, dialoqlar, düşmən təxribatına qarşı  güclü müdafiə xətti olan  Media Platforması türkdilli  xalqların  əməkdaşlığının möhkəmlənməsində də   xüsusi fəallıq göstərir. Bu platforma «Bir millət , iki dövlət»””””” aforizminin reallığıdır. Prezident İlham Əliyevin  «Vətənpərvərlik, yüksək milli şüur, ali məqsədlər uğrunda cəmiyyətimizin səfərbər olunmasına layiqli töhfələr vermiş Azərbaycan jurnalistləri hər zaman prinsipiallıq nümayiş etdirməli, saxta və yalan məlumatlara söykənən kampaniyaların qlobal səviyyədə vüsət aldığı bir şəraitdə Azərbaycanın dövlətçilik maraqlarını uca tutmalı, vətəndaşlarımızın dolğun və düzgün məlumat əldə etmək hüquqlarını təmin etməli, cəmiyyətimizin tərəqqisi naminə var gücləri ilə çalışmalıdırlar» sözləri jurnalistlərin iş prinsiplərinin əsas istiqaməti olmalıdır.

Xuraman İsmayılqızı, «İki sahil»