18 iyul 2024 14:56
323

Qarşılıqlı dəstək

Azərbaycanın beynəlxalq nüfuzu, söz sahibliyi ikitərəfli əlaqələrlə yanaşı, beynəlxalq təşkilatlar çərçivəsində qurulan əməkdaşlıqda, həmçinin ölkəmizin ev sahibliyi etdiyi, yaxud fəxri qonaq qismində qatıldığı tədbirlərdə də özünün aydın ifadəsini tapır. Təkcə iyul ayının ötən dövründə  keçirilən tədbirlərə, dövlət başçısı İlham Əliyevin xarici səfərlərinə diqqət yetirmək kifayətdir. Bütün türk dünyasının birliyinin, həmrəyliyinin dünyaya təqdimatı olan Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi  Zirvə görüşü, Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə görüşü, cənab İlham Əliyevin bu tədbirdə iştirak etmək üçün Astanaya səfəri, onun ardınca Pakistana dövlət səfəri xarici siyasətimizin uğurlarının təqdimatıdır.

Şanxay Əmədaşlıq Təşkilatının Zirvə görüşü çərçivəsində dövlətimizin başçısı bir sıra görüşlər keçirdi ki, onlardan biri və hazırda da  həm ölkə, həm də dünya mətbuatında geniş müzakirə edilən Azərbaycan,  Türkiyə Prezidentlərinin və Pakistanın Baş nazirinin görüşü oldu. Hər üç dost, qardaş ölkələr münasibətlərin müxtəlif səviyyələrdə inkişafında maraqlıdırlar. O da məlumdur ki, tarixi Zəfərimizdən sonra Azərbaycan və Türkiyə dostluğunun, qardaşlığının, müttəfiqliyinin rəsmiləşdirilməsi ilə dünyaya səs salan Şuşa Bəyannaməsinin ardınca Bakı Bəyannaməsi də diqqətdə oldu. Bakı Bəyannaməsi Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin Bakıda bir araya gələrək imzaladıqları  sənəddir. Bu Bəyannamə münasibətlərimizin bugünkü və gələcək inkişafına öz müsbət təsirini göstərir. Azərbaycan, Pakistan və Türkiyə arasında bütün tərəflərin qarşılıqlı maraqlarına xidmət edən və regional güc birliyini şərtləndirən  əməkdaşlıq mexanizmi,  Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə görüşü çərçivəsində keçirilən üçtərəfli  görüşdə müzakirə olunan məsələlər ölkələrimiz arasında əlaqələrin bütün sahələri əhatə etdiyini göstərir.”

Dövlət başçısı İlham Əliyev Pakistanla əlaqələrimizi belə xarakterizə edir ki, ölkələrimiz arasında münasibətlər birgə tarix, mədəniyyət, din, həmrəylik və qarşılıqlı dəstək üzərində qurulub. Pakistana işğal dövründə Azərbaycana dəstək verib və 44 günlük Vətən müharibəsi zamanı da bizə güclü dəstək göstərdiyi üçün minnətdarıq.  Azərbaycan Pakistanı Kəşmir məsələsində hər zaman dəstəkləyib, bu dəstək davam edəcəkdir. Bütün beynəlxalq təşkilatlarda bu dəstəyi və həmrəyliyi nümayiş etdiririk. Əlbəttə ki, qarşılıqlı dəstək bizim ölkələri və xalqları daha da yaxınlaşdırır. 

  Son illərdə iki ölkə liderləri arasında təmaslar daha da intensivləşib. Belə ki, həm Azərbaycanın ev sahibliyi etdiyi, həm də qatıldığı beynəlxalq tədbirlərdə iki ölkənin liderləri mütəmadi olaraq görüşürlər. Ötən ilin iyununda Pakistanın Baş naziri Azərbaycanda səfərdə oldu. Bu ilin noyabr ayında Azərbaycanın ev sahibliyi edəcəyi COP29 dost, qardaş  ölkələrin  liderlərinin bir araya gəlməsinə imkan yaradacaq. Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif mətbuata bəyanatında diqqəti COP29-a yönəldərək belə bir əminliyi ifadə etdi ki, COP29 inkişaf etməkdə olan bütün ölkələr, o cümlədən Pakistan üçün mühüm beynəlxalq tədbir olacaq: “Biz əminik ki, Sizin müdrik və uzaqgörən rəhbərliyinizlə, İnşallah, COP29 Pakistan kimi inkişaf etməkdə olan ölkələrin iqlim dəyişikliyi məsələləri ilə bağlı nəticələrə nail olacaq.”

 Ölkələrimiz  beynəlxalq təşkilatlar, o cümlədən BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Asiya Parlament Assambleyası, habelə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Konfrans çərçivəsində  uğurla əməkdaşlıq edir, bir-birilərinə dəstək verir: “Cari ilin iyununda Nyu-Yorkda keçirilmiş BMT-nin İqtisadi və Sosial Şurasının   2025-2027-ci illər üzrə üzvlüyünə seçkilərdə Azərbaycan Respublikasının namizədliyi, 2023-cü ildə  Daşkənddə keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 26-cı iclasında Şuşa şəhərinin 2026-cı ildə İƏT-in Turizm paytaxtı elan edilməsi üçün irəli sürülmüş təşəbbüs, ötən il oktyabrında  BMT-nin İnsan Hüquqları Şurasının 54-cü sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan tərəfindən irəli sürülmüş və yüzdən çox ölkənin həmmüəllif olaraq qoşulduğu inkişaf hüququ üzrə qəbul olunmuş qətnamə Pakistan tərəfindən dəstəklənib. Azərbaycan da Pakistanın BMT Təhlükəsizlik Şurasının 2025-2026-cı illər üçün qeyri-daimi üzvlüyünə namizədliyinə tam dəstək verib. Həmçinin Pakistan Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatında müşahidəçi status alması üçün müraciətini dəstəkləyir.”

Prezident İlham Əliyevin Pakistana dövlət səfəri qarşılıqlı əməkdaşlığın daha geniş sahələri əhatə etməsini  təmin edəcək. Bu gün Azərbaycan-Pakistan münasibətləri hər iki ölkənin dövlət rəhbərlərinin səyləri nəticəsində özünün ən yüksək inkişaf dövrünü yaşayır. İkitərəfli və çoxtərəfli əlaqələrin dərinləşməsi istiqamətində yeni perspektivlər açılır.

Aytac Əkbərzadə,
Heydər Əliyev adına liseyin informatika müəllimi,
YAP Xətai rayon təşkilatının üzvü