18 iyul 2024 03:19
268

“Qudbay”, Menendez! – ermənipərəstliyin və lobbi maşası olmağın bədəli

Bu günlərdə Nyu-York məhkəməsi amerikalı ermənipərəst senator Robert Menendezlə bağlı qərar çıxarıb. Məhkəmə Demokratlar partiyasından olan ermənipərəst senator Robert Menendezi korrupsiya, Misir və Qətərə xarici agent kimi lobbiçilik də daxil olmaqla 16 ittihamın hamısında təqsirli bilib. Bu barədə CNN xəbər yayıb. Qeyd olunub ki, Menendez həm ədalətin təntənəsinə mane olmaqda, həm də pul tələb etməkdə və fırıldaqçılıqda təqsirli bilinib. İddialara əsasən, Menendez və həyat yoldaşı qızıl külçələr, yüz minlərlə dollar nağd pul, avtomobil və digər formada rüşvət alıb. Bu işdə senatorun həyat yoldaşı erməni əsilli Nadine Arslanyan-Menendez də ittiham olunub, lakin onun məhkəməsi xəstəliyi səbəbindən hakim tərəfindən qeyri-müəyyən müddətə təxirə salınıb. Menendezlə yanaşı, Nyu-Cersi ştatından olan iş adamları Vael Hana və Fred Daybes də onlara qarşı irəli sürülən bütün ittihamlar üzrə təqsirli biliniblər. Elan olunmuş ittihamlarla Menendezi 20 ilə qədər həbs gözləyir.

Xatırladaq ki, ABŞ Konqresində antiazərbaycan və antitürk siyasətini dəfələrlə dəstəkləyən Menendez 2015-ci ildə də cinayət məsuliyyətinə cəlb edilmişdi. Senator o vaxt korrupsiya və qəsdən fırıldaqçılığın bir neçə növü də daxil olmaqla, 14 maddə üzrə, o cümlədən “dövlət vəzifəsində olan zaman vəzifə durumunun şəxsi maraqları ilə bir araya sığmaması” faktının gizlədilməsi maddəsi üzrə ittiham olunurdu. Bütün bunlara baxmayaraq Ermənipərəst senator bədnam əməllərindən qalmayıb. Menendez hər zaman erməni lobbisinin maraqlarına uyğun hərəkət edib və 1995-ci ildən ABŞ Konqresinin erməni məsələləri qrupunun üzvü olub. O, ABŞ-ın Azərbaycana helikopter satışına icazə verən qətnaməni, eləcə də Metyu Brayzanın Amerikanın ölkəmizə səfiri vəzifəsinə təyin olunmasını bloklayıb. Bundan əlavə, o, ABŞ-ın Azərbaycana hərbi yardım göstərməsinin və Türkiyəyə F-16 qırıcılarının, habelə onun komponentlərinin satışının qarşısını alıb. Menendez ötən il Kaliforniyadan olan senator Aleks Padilla ilə birlikdə BMT Təhlükəsizlik Şurasından Azərbaycanı “Qarabağın blokadasını” dərhal aradan qaldırmağa məcbur edən qətnamə qəbul etməyi tələb etmişdi. Ermənipərəst təbliğatçıların səyləri gözlənilən nəticəni verməsə də, onlar “blokada” və “humanitar fəlakət” barədə aşkar yalanlar yaymağa başlamışdılar.

Onu da qeyd edək ki, Menendez ermənilərə göstərdiyi bu xidmətlərin qarşılığını artıqlaması ilə alıb. Onun erməni lobbiçisi kimi hayların ABŞ-dakı diaspor təşkilatlarından külli miqdarda pul aldığı heç kəsdə şübhə doğurmur. Bundan əlavə, Menendez 2022-ci ilin mayında Ermənistanın “Dostluq” ordeninə layiq görülüb. Ümumiyyətlə, Menendezin adı dəfələrlə müxtəlif çirkli əməllərdə hallanıb. Ötən ilin noyabrında ABŞ-ın nüfuzlu “The Wall Street Journal” qəzeti federal prokurorların R.Menendezin həyat yoldaşı müəyyən şəxslərdən rüşvət kimi hədiyyələr qəbul etməsini araşdırdığını yazmışdı. Qeyd olunmuşdu ki, Nyu-Yorkun Cənub Dairəsi prokurorluğu Menendezin 2020-ci ildə evləndiyi N.Arslanyanın şəriklərini də məhkəməyə çağırıb. Onların dediyinə görə, çağırış zamanı həm Arslanyan, həm də Menendez haqqında məlumat istənilib. Qəzet bildirirdi ki, bu cinayət işi Menendezə qarşı 2015-ci ildə qaldırılan və məhkəmə prosesi ilə nəticələnən ictimai korrupsiya işindən ayrıdır.

Bundan əlavə, 2019-cu ilin sonlarında federal müstəntiqlər Nyu-Cersidə yerləşən “IS EG Halal” şirkətinin təsisçisi Vael Xananın evində və ofisində axtarış aparmaq üçün order alıblar. Vael Hana N.Arslanyanın ortağıdır. Onun şirkəti isə Misirə ixrac üçün halal ətin sertifikatlaşdırılmasına icazə verilən yeganə müəssisə kimi tanınır. ABŞ hökuməti tərəfindən müsadirə edilmiş əmlakının geri qaytarılmasını istəyən Hananın vəkili Lourens Lustberqin 2020-ci ildə təqdim etdiyi məhkəmə sənədlərinə görə, prokurorlar Birləşmiş Ştatlarda açıqlanmayan mümkün xarici lobbiçilik və federal qanunun digər potensial pozuntusu hallarını araşdırıblar. Prokurorlar, həmçinin Arslanyanın çoxdankı dostu və Hananın maraqlarını təmsil edən Nyu-Cersidən olan vəkil Andranik Aslanyanı da məhkəməyə çağırıblar. Aslanyan deyib ki, prokurorlar senatorun arvadı ilə münasibətini soruşduqda o, qadını 25 ildir tanıdığını və hər ikisinin erməni olduğunu bildirib.

Bob Menendezin fırıldaqçı dostu Salomon Melgen ilə də cinayət əlaqəsində olduğu məhkəmələrdə dəfələrlə araşdırılıb. Prokurorlar iddia edirdilər ki, Melgen bir neçə il ərzində yaşlı xəstələri lazımsız göz müalicələrindən keçməyə razı salaraq “Medicare”- dən 73 milyon dollar (bəzi mənbələrdə isə 128 milyon dollar) oğurlayıb. Salomon Melgen Amerikada Demokratlar Partiyasına ianə edən iş adamı kimi tanınır. Melgen 2012-ci ildə Menendezin yenidən seçilməsinə kömək edə biləcək qurumlara 660 min dollar ianə verib, onun uçuşlarının pulunu ödəyib. Melgen həmçinin senatorun aldığı bahalı hədiyyələrin hesabını bağlayıb. O cümlədən Paris otelinə 4934 dollar ödəyib. Məlumatlara görə, Manhetten federal prokurorları araşdırma apararaq senator və ya onun həyat yoldaşının siyasi lütflər müqabilində daha hansı “hədiyyələr” aldığını öyrənməyə çalışırlar. İddialar arasında senatorun qadın dostlarına, Braziliyadan, Ukraynadan və Dominikan Respublikasından viza almaq üçün də qanunsuz əməllərə əl atdığı yer alıb. Menendezin Senatdakı ofisinin 6 əməkdaşı bu işlə məşğul olub. Siyahını uzatmaq da mümkündür. Ancaq sadalanan faktlar da Menendezin obrazını göz önündə canlandırmaq üçün kifayətdir. Onu necə adlandırmaq daha münasibdir - senator, yoxsa cinayətkar?

Sevinc Azadi, “İki sahil”