17 iyul 2024 16:40
523

Əlaqələrimiz sürətlə inkişaf edir

Sülhsevər siyasət yürüdən Azərbaycan Respublikası dünyanın müxtəlif qitələrində və regionlarında yerləşən ölkələrlə ikitərəfli faydalı münasibətlər formalaşdırmağa hər zaman xüsusi diqqət ayırır. Çünki yalnız qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri formalaşdırmaqla sosial-iqtisadi inkişafa və xalqın sosial rifah halının yüksəlməsinə nail olmaq olar. Bu sırada Azərbaycana öz yaxınlığı ilə seçilən elə ölkələr var ki, onlarla olan münasibətlərimiz xüsusi əhəmiyyət kəsb edir. Ölkəmizin sıx dostluq və qardaşlıq əlaqələri qurduğu, qarşılıqlı münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş ölkələrdən biri də Cənubi Asiyada yerləşən  Pakistan İslam Respublikasıdır. İki ölkə arasında möhkəm dostluq və qardaşlıq təməlləri üzərində qurulmuş strateji tərəfdaşlıq münasibətləri mövcuddur. Hər iki ölkə həm ikitərəfli, həm də çoxtərəfli platformalarda bir-birinə daim dəstək göstərir və əlaqələrimiz bütün sahələrdə sürətlə inkişaf edir.

Azərbaycan Respublikasının müstəqilliyi Pakistan tərəfindən 12 dekabr 1991-ci ildə tanınıb. Pakistan müstəqilliyimizi ilk tanıyan ölkələrdən biridir. İki ölkə arasında diplomatik əlaqələr 9 iyun 1992-ci ildə qurulmuşdur. 1993-cü ilin martında Pakistanın Bakıda, 1997-ci ilin avqust ayında isə İslamabadda Azərbaycanın səfirlikləri təsis edilib.  İki dövlət arasında münasibətlərin inkişafına Ümummilli Lider Heydər Əliyev böyük töhfələr verib. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi, təhlükəsizlik, mədəniyyət, müdafiə və digər sahələrdə davam etdirilir. Belə ki, Pakistan Azərbaycana dəstək vermək və həmrəylik nümayiş etdirməklə bu günə kimi Ermənistanla diplomatik əlaqələr qurmayıb, onu bir dövlət kimi tanımayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 iyul 2024-cü il tarixində İslamabadda dövlət səfəri zamanı mətbuata verdiyi bəyanatda iki ölkə arasında formalaşmış sıx qarşılıqlı münasibətləri əks etdirən vacib açıqlamalar yer almışdı. Dövlət başçımız qeyd etmişdir ki, Pakistan və Azərbaycan hər zaman ən sıx şəkildə əməkdaşlıq etmişdir. Ölkələrimiz arasında güzəştli ticarət əlaqələri mövcuddur. Münasibətlərimiz onilliklərdir ki, davam edir və olduqca səmimi xarakter daşıyır.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin 11 iyul 2024-cü il tarixində Pakistan İslam Respublikasına dövlət səfəri çərçivəsində “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Pakistan İslam Respublikasının Xarici İşlər Nazirliyi arasında konsulluq sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında tranzit ticarət haqqında Saziş”, “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında preferensial ticarət Sazişi”, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Pakistan İslam Respublikasının Kommunikasiyalar və Özəlləşdirmə Nazirliyi arasında dövlət əmlakının özəlləşdirilməsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Pakistan İslam Respublikasının Hüquq və Ədliyyə Nazirliyi arasında Əməkdaşlıq Memorandumu” və bir çox digər vacib sahələr üzrə sənədlər imzalandı. Bütün bunlar iki ölkə arasında əməkdaşlığın yüksək səviyyədə olmasını bariz şəkildə nümayiş etdirir. Azərbaycan-Pakistan qardaşlığı sarsılmaz və əbədidir.

Ramiz Hüseynov,

YAP İdarə Heyətinin üzvü, Sumqayıt şəhər təşkilatının sədri