17 iyul 2024 11:41
266

Qarşılıqlı dəstək

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 11 iyul 2024-cü il tarixində Pakistan İslam Respublikasında dövlət səfərində olmuşdur. Səfər zamanı İslamabadda Azərbaycan Respublikası və Pakistan İslam Respublikası arasında bir sıra sənədlər imzalanmışdır. Həmçinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev İslamabadda Pakistan Hərbi Hava Qüvvələrinin Nur Xan bazasının ərazisindəki “Milli Aerokosmik Elm və Texnologiya Parkı”nda (NASTR) hərbi sərgi ilə də tanış olmuşdur.

 11 iyul  tarixində İslamabadda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Pakistan İslam Respublikasının Baş naziri cənab Məhəmməd Şahbaz Şərif mətbuata bəyanatla çıxış ediblər. Ölkəmizin Başçısı bəyanatında bildirdi ki, iki xalqın qardaşlığı əsrlərlə bundan əvvələ təsadüf edən, bir-birinə olan dərin hisslərinə əsaslanır. İki ölkə arasında möhkəm dostluq və qardaşlıq təməlləri üzrə qurulmuş strateji tərəfdaşlıq münasibətləri mövcuddur. Hər iki ölkə həm ikitərəfli, həm də çoxtərəfli platformalarda bir-birinə daim dəstək göstərir və əlaqələrimiz bütün sahələrdə  sürətlə inkişaf edir.

Daha sonra cənab Prezident İlham Əliyev Azərbaycana gələn  pakistanlıların sayının son illər daha da artdığını və Bakı-İslamabad, Bakı-Kəraçi, Bakı-Lahor  arasında birbaşa uçuşlarının artıq müzakirə edildiyini söylədi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Pakistan İslam Respublikasının hər zaman Azərbaycan Respublikasının yanında olduğunu qeyd edərək bildirmişdir:  “Biz, bütün Azərbaycan xalqı yaxşı bilir ki, işğal dövründə Pakistan hər zaman yanımızda olan bir sıra ölkələrdən biri olmuşdur. İkinci Qarabağ müharibəsi – Vətən Müharibəsi zamanı siyasi dəstək və Azərbaycanın haqlı mövqeyini dəstəkləyən Pakistanın yüksəkrütbəli rəsmilərinin birmənalı bəyanatları bizə əlavə güc-qüvvət verdi. Pakistan məhz işğala görə Ermənistanla diplomatik münasibətləri qurmayan ölkədir. 2020-ci ilin noyabrında Qələbəmizi qeyd etdiyimiz zaman xalqımızın əllərində Azərbaycan, Pakistan və Türkiyənin bayraqları var idi. Bu, bizim münasibətləri unikal edir. Bu gün praktiki layihələrlə bağlı bu münasibətləri hiss etmək üçün müzakirə etdiklərimiz bu bünövrəyə əsaslanır.”

Bahar Məmmədova,
Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının "General Şıxlinski 56/2" ünvanı üzrə ərazi partiya təşkilatının sədri