17 iyul 2024 10:35
261

Azərbaycanla Pakistan arasında əməkdaşlıq perspektivləri kifayət qədər genişdir

Azərbaycan və Pakistan arasında  münasibətlər birgə tarix, mədəniyyət, din, həmrəylik və qarşılıqlı dəstək üzərində qurulub. Münasibətlərimizin yüksələn xətlə inkişafına həm dövlətlər səviyyəsində qətiyyətli siyasi iradə nümayiş etdirilir, həm də buna cəmiyyətlərimizin böyük istəyi var. Azərbaycan və Pakistan arasında strateji tərəfdaşlıq münasibətləri həm ikitərəfli, həm də çoxtərəfli platformalarda qarşılıqlı dəstək və əməkdaşlıq çərçivəsində möhkəmlənir. 1991-ci ildə Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdən biri olan Pakistan, o vaxtdan bəri daim Azərbaycanın yanında olub və Ermənistanla diplomatik münasibətlər qurmamaqla, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. İki ölkə arasındakı əlaqələrin təməlləri Ümummilli Lider Heydər Əliyevin Pakistanın ovaxtkı Baş naziri Benazir Bhutto ilə 1994-cü ildə Kasablankada keçirilən görüşündən sonra daha da möhkəmləndi və bugünkü strateji müttəfiqlik səviyyəsinə çatdı. Prezident İlham Əliyevin Pakistanla əlaqələrin inkişafına verdiyi xüsusi önəm iki ölkənin ali siyasi rəhbərliyi arasındakı yüksək səviyyəli münasibətlər və qarşılıqlı inam və etimada əsaslanır.

Cari ilin 11 iyul tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistana dövlət səfəri də bunun təsdiqidir. Pakistanla Azərbaycan arasında əlaqələrin möhkəmləndirilməsinə dair 15 sənəd imzalanıb. Xarici işlər nazirləri arasında əməkdaşlığa dair Anlaşma Memorandumu, tranzit və preferensial ticarət, mineral ehtiyatlar və geologiya, informasiya texnologiyaları və kommunikasiyalar, elm və texnologiyalar, kiçik və orta sahibkarlıq və digər sahələr üzrə sazişlər, həmçinin 2024-2029-cu illər üzrə mədəni mübadilə proqramı imzalanıb. Prezident İlham Əliyev qeyd edib ki, iqtisadiyyat, ticarət və sərmayələr sahələrində güclü əlaqələr qurulacaq, qarşılıqlı ticarətin həcmi artırılacaq. Bu məqsədlə ilkin mərhələdə güzəştli ticarət formatına aid 9 maddə müəyyən edilib və bu yalnız başlanğıcdır.

Pakistan Ermənistanın işğalçılıq siyasətinə görə bu ölkə ilə diplomatik münasibətlər qurmayıb. Bu isə qardaşlıq mövqeyidir. Prezident İlham Əliyevin mətbuata bəyanatla çıxışında qeyd etdiyi kimi, işğal dövründə Pakistan hər zaman yanımızda olan bir sıra ölkələrdən biri olub. Dövlətimizin başçısı deyib: “İkinci Qarabağ müharibəsi – Vətən müharibəsi zamanı siyasi dəstək və Azərbaycanın haqlı mövqeyini dəstəkləyən Pakistanın yüksəkrütbəli rəsmilərinin birmənalı bəyanatları bizə əlavə güc-qüvvət verdi. Pakistan məhz işğala görə Ermənistanla diplomatik münasibətləri qurmayan ölkədir. 2020-ci ilin noyabrında Qələbəmizi qeyd etdiyimiz zaman xalqımızın əllərində Azərbaycan, Pakistan və Türkiyənin bayraqları var idi. Bu, bizim münasibətlərimizi unikal edir. Bu gün praktiki layihələrlə bağlı bu münasibətləri hiss etmək üçün müzakirə etdiklərimiz bu bünövrəyə əsaslanır”. Prezident İlham Əliyev Cəmmu və Kəşmir məsələsində Azərbaycanın Pakistanı birmənalı dəstəklədiyini və beynəlxalq hüquqa sadiqliyini vurğuladı. Kəşmirlilərin hüquqlarının illərlə pozulduğunu və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasının olmadığını qeyd etdi.

Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif isə ölkəsində Azərbaycana xüsusi rəğbət bəslənildiyini diqqətə çatdırıb. O, ikitərəfli münasibətlərin dərinləşməsinə Azərbaycan Prezidentini xüsusi töhfə verməsindən məmnunluğunu ifadə edib. Pakistanın Baş naziri ölkəsinin həmişə Qarabağla bağlı Azərbaycanın mövqeyinizi dəstəklədiyini vurğulayıb.

Pakistanın Baş naziri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistana bu səfərini qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsində əhəmiyyətli olacağını qeyd etmişdir.Pakistan Azərbaycanın işğaldan azad edilmiş ərazilərində quruculuq işlərində iştirak etmək üçün müraciət edib. Bu müraciət də qardaşlığın təzahürüdür. Səfər zamanı imzalanan sənədlər iki ölkə arasında iqtisadiyyat, ticarət və investisiya sahələrində əməkdaşlığın daha da şaxələndirilməsinə və dərinləşdirilməsinə zəmin yaradır.

Ayaz Cəbrayılov,

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri