16 iyul 2024 02:29
303

Etibarlı tərəfdaş kimi nüfuzu artan dövlət

Azərbaycanın tərəfdaş, müəllif və təşəbbüsçü kimi iştirak etdiyi butun layihələrdə ölkəmiin milli maraqları, dövlətin mənafeyi hər şeydən üstün tutulur

Prezident İlham Əliyev  daim çıxışlarında bu mühüm reallığı xüsusi qeyd edir ki, enerji təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz hissəsidir. İdxaldan asılı olan ölkələr ən etibarlı və uzunmüddətli tərəfdaşlar və müqavilələr axtarır. Onlar Azərbaycanın simasında məhz bunu əldə edirlər. Bizim sözümüz imzamız qədər dəyərlidir. Bu etibar onilliklər ərzində qazanılıb. Bunun nəticəsidir ki, bu gün bərpaolunan enerji sahəsində növbəti sürətli inkişafın şahidiyik.

Dayanıqlı regional əməkdaşlıq zəruridir

Dövlət başçısı İlham Əliyevin bu fikirlərinin davamı olaraq bu il Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin rəsmi açılış mərasimindəki çıxışında   Türkiyənin  energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar bildirdi ki, enerji təhlükəsizliyinə nail olmaq  qarşımızda duran böyük məqsəddir. Heç bir ölkə bunu təkbaşına əldə edə bilməz. Bunun üçün dayanıqlı regional əməkdaşlıq zəruridir. Regionda neft, qaz, bərpaolunan enerji sahələrində güclü potensial var. Birlikdə çalışmaqla bu resurslardan daha səmərəli şəkildə faydalana və bundan daha çox yararlana bilərik.

 Türkiyə ilə Azərbaycan arasında əlaqələr bu baxımdan sıx əməkdaşlığa dair çox parlaq bir nümunə kimi qeyd edilir.  Enerji sektoru  qarşılıqlı əlaqələrimizin əsas dayağını təşkil etməkdədir. Azərbaycan və Türkiyə  Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin həyata keçirilməsi ilə Azərbaycan və Türkiyə   regional inkişafın aparıcı qüvvəsinə çevrildilər. İllər keçdikcə əməkdaşlığın coğrafiyası genişlənərək beynəlxalq miqyas aldı. Bu gün dünyanın enerji təhlükəsizliyinin təminatında əhəmiyyətli rol oynayan Cənub Qaz Dəhlizi çoxtərəfli əməkdaşlığın başlanğıcı kimi dəyərləndirilir. Bu layihənin əsas tərkib hissələrindən biri olan TANAP 2018-ci ilin iyun ayında istifadəyə veriləndə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bunu növbəti layihələrin müjdəçisi kimi dəyərləndirdi.  Ümumilikdə Azərbaycan və Türkiyənin birgə həyata keçirdikləri layihələr bu gün Qafqazdan Avropayadək bir çox ölkəyə qədər uzanır. Bu layihələr ümumilikdə dünyanın enerji xəritəsini yenidən tərtib edir.

İxracımızı şaxələndirəcəyik

 Günümüzün bu çağırışını da xüsusi qeyd etmək istərdik ki, Azərbaycanın bərpaolunan enerji mərkəzlərindən birinə çevrilməsi əsas hədəflərdəndir. “Biz Azərbaycanda bərpaolunan enerji mənbələrini öz enerji təhlükəsizliyimizin təmin olunması üçün inkişaf etdirmirik. Enerji təhlükəsizliyimizi hələ bir neçə il əvvəl təmin etmişik. Bu gün Azərbaycan nəinki öz enerji tələbatlarını təmin edir, o cümlədən xam nefti, neft məhsullarını, təbii qazı, neft-kimya məhsullarını və elektrik enerjisini ixrac edir. Bərpaolunan enerji ilə bağlı proqramımız tamamilə fərqli gündəliyə malikdir. Birincisi, bu onunla bağlıdır ki, nəhəng potensial var. İkincisi, biz onun sayəsində ixracımızı şaxələndirəcəyik. Əlbəttə ki, nəticədə iqtisadiyyatımızın yeni ekoloji təmiz sektoru yaranacaq” söyləyən Prezident İlham Əliyev  bildirir ki, Azərbaycanın neft, qaz, elektrik enerjisi ixracatçısı kimi mövqeyi  möhkəmlənir.

Azərbaycanda ümumi iqtisadi artımdan danışarkən, enerji təhlükəsizliyi məsələsi öndə dayanır. Bu gün Azərbaycan öz enerji təhlükəsizliyini 100 faiz təmin edir. Həmçinin bir çox digər ölkələrin, o cümlədən Avropa İttifaqına üzv dövlətlərin enerji təhlükəsizliyini təmin edir. Cənab İlham Əliyev hədəfləri açıqlayarkən bildirir ki, qazın, elektrik enerjisinin və neft-kimya məhsullarının ixracını böyük həcmdə artırmaq prioritetdir. Dövlət başçısı İlham Əliyev bu mühüm məqamı da diqqətə çatdırır ki, Azərbaycana etibarlı və uzunmüddətli, ədalətli nizamlama və qanunvericilik olan bazarlar lazımdır. Bu isə Avropa bazarıdır. Avropa istehlakçılarına isə əlavə enerji resursları mənbələri lazımdır. Bu baxımdan Azərbaycan Avropa İttifaqı tərəfindən töhfə verən tərəf kimi qəbul edilir. İnkaredilməz olan bu həqiqət də xüsusi qeyd etməliyik ki, bu gün enerjini siyasətdən, iqtisadiyyatdan ayırmaq qətiyyən mümkün deyil. Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycan tərəfdaşları ilə birgə iştirak edir. Azərbaycanın enerji sektorunda qazandığı uğurların xronologiyasına diqqət yetirsək gündəmə gətirdiyi hər bir layihəni uğurlu sonluqla başa çatdırdığını və Avropanın eneji təlükəsizliyinə davamlı töhfələr verdiyini görərik. Əməkdaşlığın coğrafiyasının genişlənməsi Azərbaycanın etibarlı tərəfdaş kimi artan mövqeyinin, rolunun təqdimatıdır. Dövlət başçısı İlham Əliyev bildirir ki, əgər əvvəlki dövrlərdə dediyim məsələlər öz həllini tapmasaydı, bu gün Cənub Qaz Dəhlizindən söhbət belə gedə bilməzdi.

Enerji resursları əməkdaşlığı dərinləşdirməlidir

Ümumilikdə son illərdə enerji layihələrinin coğrafiyasının genişləndirilməsi, şaxələndirmə siyasətinin iştirakçı dövlətlərin maraqları baxımından bir daha nəzərdən keçirilməsi, alternativ variantların gündəmə gətirilərək siyasi və iqtisadi əhəmiyyətinin beynəlxalq müzakirəyə çıxarılması bölgədə və dünya birliyində sabitliyin və əmin-amanlığın möhkəmlənməsinə geniş imkanlar açır. Rəqabət qabiliyyəti baxımından MDB məkanında birinci olan Azərbaycanın iqtisadi uğurlarını təmin edən, regionda sülhün təminatı üçün səylərini artıran neft-qaz amilinin əhəmiyyəti bütün səviyyələrdə xüsusilə vurğulanır. Ölkə Prezidenti bildirir ki, biz öz enerji təhlükəsizliyimizi çoxdan təmin etmişik və bu gün başqa ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində öz rolumuzu oynayırıq. Bu rol müsbət roldur. Bunu bizim tərəfdaşlar qiymətləndirirlər. Azərbaycan heç vaxt öz enerji resurslarından başqa məqsədlər üçün istifadə etməmişdir. Bizim bu sahədəki fəlsəfəmiz və yanaşmamız ondan ibarətdir ki, enerji resursları əməkdaşlığı dərinləşdirməlidir, birliyi möhkəmləndirməlidir və əlbəttə ki, biz bu siyasəti apararaq öz milli maraqlarımızı təmin edirik. Bu gün həm bölgədə, həm dünyada bizim maraqlarımız təmin edilir.

Dünya əhəmiyyətli enerji layihələrinin reallığa çevrilməsi ilə regional iqtisadi inkişafın aparıcı qüvvəsinə və Avratlantik məkanın enerji təhlükəsizliyinin təminatçısına çevrilən, iqtisadi artımın sürətinə görə dünya dövlətləri arasında birinciliyini qoruyan Azərbaycanın inkişaf strategiyası qabaqcıl təcrübə kimi nümünə göstərilir. Enerji amili gündəlikdə prioritet məsələlərdən biri kimi dayanır. Enerji siyasətimiz dostluğa və əməkdaşlığa xidmət edir, millətləri, xalqları bir-birinə birləşdirir. Xarici ölkələrə səfərləri zamanı Azərbaycanın iqtisadi imkanlarına diqqəti yönəldən, enerjinin nəql olunması sisteminin şaxələndirilməsində ölkəmizin rolunu xüsusi vurğulayan, gerçəkləşməsi çoxlarına əfsanə kimi görünən layihələrin reallaşması üçün təşəbbüskarlığını artıran Prezident İlham Əliyev bu mövqeyi açıqlayır ki, Azərbaycanın tərəfdaş, müəllif və təşəbbüsçü kimi iştirak etdiyi butun layihələrdə xalqımızın milli maraqları, dövlətin mənafeyi hər şeydən üstün tutulmalıdır. Ölkəmizin iqtisadi və maliyyə imkanlarının artmasının, eyni zamanda, Azərbaycana olan inamın nəticəsidir ki, indiyədək BTC, BTƏ kimi neft-qaz kəmərləri ilə Türkiyədən keçməklə Avropa ölkələrinin enerji təhlükəsizlinin təminatında iştirak edən Azərbaycan daha yeni-yeni layihələr reallaşdırmaqla ikitərəfli və çoxtərəfli əməkdaşlıqda maraqlı olduğunu təsdiqləyir. Neft-qaz layihələrimiz, kəmərlərimiz Azərbaycanı dünya miqyasında çox önəmli enerji hasilatçısı kimi ciddi ölkəyə çevirib.

Yeganə Əliyeva, “İki sahil”