15 iyul 2024 15:41
260

Azərbaycan-Pakistan münasibətləri yüksələn xətt üzrə inkişaf edir

Azərbaycan tarixən dostluq, qardaşlıq, əməkdaşlıq və tərəfdaşlıq prinsiplərinə sadiq qalmağı bacaran çox nadir ölkələrdən biridir. Ölkəmiz milli və ümumbəşəri dəyərlərlə vəhdət təşkil edib hərtərəfli şəkildə inkişaf etməyi və bütün dünya ölkələri ilə mehriban münasibətlər qurmağı zərurət hesab edən ədalətli bir ölkədir. Mənəvi-əxlaqi və insani dəyərlər Azərbaycanda, xüsusən də ölkəmizin xarici siyasətində həmişə əsas meyarlardan biri olub. Bu cəhətdən Azərbaycan-Pakistan münasibətlərinin yüksələn xətt üzrə inkişaf etməsi çox təbii və təqdirəlayiq bir haldır.

Azərbaycan-Pakistan münasibətlərinin tarixinə nəzər salsaq, aydın şəkildə görərik ki, bu münasibətlərin böyük və zəngin tarixi var. Bu tarix həm də bir çox dəyərləri oxşar və ortaq olan iki dost, iki qardaş ölkənin şanlı tarixidir.

Tarixdən məlumdur ki, Azərbaycan Respublikasının müstəqilliyini ilk tanıyan dövlətlərdən biri Pakistan İslam Respublikası olmuşdur (12 dekabr 1991-ci il). 9 iyun 1992-ci ildə iki ölkə arasında diplomatik əlaqələr qurulmuşdur. Pakistan İslam Respublikasının Bakıda səfirliyi 12 mart 1993-cü ildə, Azərbaycan Respublikasının İslamabadda səfirliyi 24 avqust 1997-ci ildə təsis edilmişdir. 1995-ci il 9-11 oktyabrda Pakistan İslam Respublikasının Prezidenti Sərdar Faruq Əhməd Xan Leqari Azərbaycana rəsmi səfər etmişdir. 1996-cı il 9-11 apreldə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Pakistana səfər etmişdir. 2004-cü il 8-10 iyulda Pakistan İslam Respublikasının Prezidenti Pərviz Müşərrəf Azərbaycana rəsmi səfər etmişdir. 2005-ci il 12-13 apreldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pakistana rəsmi səfər etmişdir. Bütün bu səmərəli səfərlər və diplomatik əlaqələr sonrakı illərdə də uğurla davam etdirilmişdir. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2024-cü il 11 iyulda Pakistan İslam Respublikasına dövlət səfəri olduqca böyük əhəmiyyət daşıyır. Dövlət rəhbərlərinin apardıqları danışıqlar, iki dövlət arasında imzalanan sənədlər ölkəmizin xarici siyasətində daha bir önəmli addım idi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yürütdüyü hərtərəfli xarici siyasətdə Pakistan İslam Respublikası ilə əlaqələrin yüksək səviyyədə qurulması və inkişaf etdirilməsi əsas məsələlərdən biri kimi həmişə diqqət mərkəzindədir. Elə bu düşünülmüş siyasətin nəticəsidir ki, Pakistan bütün məsələrdə Azərbaycanın haqq səsinə ürəkdən səs verir. Vətən müharibəsində Pakistanın Azərbaycana verdiyi böyük dəstək hər bir soydaşımızın yaddaşına silinməz hərflərlə yazılıb. Bütün bu və digər uğurlar Azərbaycan-Pakistan münasibətlərinin işıqlı sabahından xəbər verir.

Şükran Mustafayev,
Bakı şəhəri 254 nömrəli tam orta məktəbin direktor müavini,
YAP Xətai rayon təşkilatının üzvü