14 iyul 2024 14:10
275

Şəhidlik zirvəsi…

2020-ci il sentyabrın 27-də Müzəffər Ordumuzun başlatdığı zəfər yürüşülə 30 ilə yaxın işğal altında olan Qarabağ bölgəsi, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsi, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad edilərək bölgədə Azərbaycanın üçrəngli bayrağı dalğalandırıldı. Bu qələbəni qəbullana bilməyən Ermənistan dəfələrlə ölkəmizin sülh çağırışlarından boyun qaçıraraq 3-il ərzində fasilələrlə silahlı təxribatlar törətməyə başladı. Bu təxribatın şiddətləndiyi 19 sentyabr 2023-cü il tarixində Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunda terror məqsədilə quraşdırılmış minaların partlaması nəticəsində mülki şəxslər, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları şəhid oldu və yaralandı. Bununla yanaşı, ordumuzun bölmələri minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutuldu. Nəticədə, Azərbaycan Ordusunun iki hərbi qulluqçusu yaralandı. Həmin gün Azərbaycanın Qarabağ bölgəsində qanunsuz yerləşdirilmiş erməni silahlı qüvvələrinin növbəti terror aktı nəticəsində Ağdam və Şuşa şəhərlərində müvafiq olaraq iki mülki əməkdaş həlak oldu. Bütün bu təxribatların qarşısının alınması üçün ordumuz tərəfindən bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı. Şanlı ordumuzun gücü və qətiyyəti nəticəsində cəmi 23 saat 43 dəqiqə ərzində erməni separatçıları ağ bayraq qaldırmağa məcbur edildi. 2023-cü il sentyabrın 20-də lokal xarakterli antiterror tədbirləri dayandırıldı. 

Düşmən üzərində növbəti qələbəni qazanan ordumuzun əsgər və zabitləri terror aktının qarşısının alınmasında igidlik göstərib quldurlara layiqli cavab verdilər. Bu uğrda da şəhadət şərbətini içən qəhrəmanlarımız da az olmadı. Azərbaycan xalqı cəsur, mübariz oğulları ilə bir daha fəxr, qürur hissi duydu. Xatirəsi əziz tutulan bellə oğullar əbədiyyət qazanıb yaddaşlara köçdülər. Antiterror tədbirləri zamanı şəhid adını qazanan, vətən aşiqi olan oğullarımızdan biri də Mayis Füzuli oğlu Məhərrəmovdur.  

1982-ci il iyul ayının 14-də Şahbuz rayonunda anadan olan vətənin igid oğlu orta təhsilini Naxçıvan şəhər Qarnizonu tam orta məktəbdə alır. Təhsilini həmin məktəbdə başa vuran Mayis 2000-ci ildə hərbi xidmətə çağrılır. Əsgəri xidmətini yerinə yetirib ordudan təxris olunan qəhrəmanımız əmək fəaliyyətinə 2002-ci ilin may ayında “N” saylı hərbi hissədə tibb təlimatçısı vəzifəsinə daxil olaraq başlayır. Bir il sonra ailə həyatı quran Mayis Məhərrəmov 2006-cı ilin iyul ayında xidməti müddəti başa çatdığı üçün öz razılıq ərizəsi ilə vəzifəsindən azad edilir. Uzun müddət müəyyən sahələrdə çalışan qəhrəmanımız 2012-ci ilin yanvar ayında yenidən hərb sənətini seçərək hərbçi olmaq üçün müraciət edir. Nizam-intizamı, diqqətcilliyi ilə yaddaşlarda qalan Mayisin bu istəyi tezliklə qəbul edilərək Bakı şəhərinə kursa göndərilir.  Kursunu başa vuran qəhrəmanımız  Naxçıvan şəhərinə qayıdıb “N” saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi qulluqçu olaraq xidmətinə başlayır. 11 il xidməti vəzifəsini layiqi ilə yerinə yetirən qəhrəmanımız 2023-cü ilin avqust ayında könüllü olaraq Füzuli rayonunda yerləşən “N” saylı hərbi hissəyə xidmət etmək üçün göndərilir. Bir ay idi ki, bu bölgədə xidmət edən vətənin cəsur oğlu düşmənin önünüdə durub, ona gözdağı verməkdən qürur duyur. Təxribatlara əl atan düşmənin qarşısını almaq üçün ayıq-sayıqlığı ilə seçilən vətənin igid oğlu sentyabr ayının 19-da Anti-terror tədbirləri zamanı yaralı yoldaşını  xilas etməyə çalışarkən özüdə ağır yaralanır. Vətənini canından çox sevib, yağı düşmənin başına od ələyən igidimiz ali vəzifəsini elə yerinə yetirərkən ali məqama da yüksəlir. O, döyüş yoldaşı ilə birgə Xocavənd rayonunda şəhid olur. Bakı şəhərindən sentyabrın 26-da Naxçıvana yola salınan şəhidimizin nəşri yaşadığı Babək rayonun Şıxmahmud kənd məzarlığında dəfn edilir. Qəhrəmanımızın iki övladı ondan yadigar qalır.  

Şəhid Mayis Məhərrəmovun ölkəmizin ərazi bütövlüyünün qorunmasında göstərdiyi şücaətlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən yüksək qiymətləndirilərək 31 dekabr 2023-cü il tarixli Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilir.

Allah rəhmət eləsin!

Səriyyə Salahova, 
Naxçıvan televiziyasının əməkdaşı