12 iyul 2024 22:15
251

Vətən, millət anlayışları antimilli ünsürlər üçün yaddır

Anti-Azərbaycan dairələr və erməni lobbisi dəridən-qabıqdan çıxaraq xaricdə ölkəmizin əleyhinə qara piar kampaniyası aparmaq üçün bütün qüvvələrini səfərbər ediblər. Erməni lobbisinin təsiri altında olan təşkilatların və maliyyə qurumlarının tezislərini icra edən radikal müxalifətin təmsilçiləri və onların xarici ölkələrdəki əlaltıları sosial şəbəkələrdə, xüsusilə “YouToube” və “Facebook” platformalarında ölkəmizin uğurlarına kölgə salmağa çalışır, yalan informasiyalarla ictimai rəyi çaşdırmaq üçün dəridən-qabıqdan çıxırlar. Təsadüfi deyil ki, bu gün Ermənistan mətbuatı da bu məsələlərlə bağlı bütün potensialnı ortaya qoyaraq respublikamızın əleyhinə qarayaxma kampaniyası aparır. Bu isə onu deməyə əsas verir ki, antimilli ünsürlər Azərbaycan əleyhdarları, erməni lobbisi, işğalçı Ermənistanın xüsusi xidmət orqanları tərəfindən idarə olunurlar.

Azərbaycan əleyhdarları və onların əlində maşa olan “sapı özümüzdən olan baltalar”ın, xaricdə məskunlaşan “siyasi mühacirlər”in bu mənfur əməllərinə, çirkin fəaliyyətlərinə ciddi şəkildə etiraz edən vətəndaşlarımız bu xəyanətkarların layiqli cavabını verirlər. Ağı qaradan seçməyi bacaran ictimaiyyətimiz yaxşı anlayır ki, dağıdıcılığı “siyasi mübarizə” kimi seçən, ölkəmizin nailiyyətlərini, inkişafını, tərəqqisini, dünyada söz sahibinə çevrilməsini inkar edən Əli Kərimli-Cəmil Həsənli cütlüyünün, onların marionetkası olan Gültəkin Hacıbəylinin, Qənimət Zahidin, Sevinc Osmanqızının və digərlərinin söylədikləri şər-böhtandan, əsassız iddiadan, siyasi populizmdən, əməlləri isə düşmən dəyirmanına su tökməkdən başqa bir şey deyil. Əli Kərimli-Cəmil Həsənli cütlüyünün, eləcə də onların rəhbərlik etdikləri, AXCP və “Milli Şura”da təmsil olunanların əsas problemi isə uzunmüddətli antimilli fəaliyyət nəticəsində marginallaşaraq sosiallaşmadan mərhum olmaları və bu üzdən də Azərbaycan cəmiyyətinə adaptasiya oluna bilməmələridir. Antimilli fəaliyyəti ilə cəmiyyətdən özünü təcrid edən, erməni lobbisinin təsirində olan bəzi beynəlxalq təşkilatların sifariş və tapşırıqlarını yerinə yetirən AXCP sədri Ə.Kərimli, “Milli Şura”nın rəhbəri C.Həsənli və onların tör-töküntüləri çirkin əməlləri ilə özlərini çoxdan ifşa ediblər.

Korporativ maraqlar, şəxsi ambisiyalar, hakimiyyət naminə vicdanını, milli heysiyyatını və təəssübünü, mənəviyyatını, həqiqət duyğusunu Azərbaycan əleyhdarlarının beş-on quruşuna satan başda AXCP sədri, xəyanətkar xislətli Əli Kərimli, “Milli Şura”nın rəhbəri Cəmil Həsənli olmaqla dağıdıcı müxalifətin rüsvayçı şəkildə tarix səhnəsindən silinməsi  qaçınılmaz prosesə çevrilib. Bu qaragüruhçuların hazırda Avropanın müxtəlif ölkələrində “siyasi mühacir” adı ilə məskunlaşan, anti-Azərbaycan dairələrin və müxtəlif xarici xüsusi xidmət orqanlarının toruna düşən savadsız, milli düşüncədən məhrum, orduxan teymurxanlarla, məhəmməd mirzəlilərlə, tural sadıqlılarla, vidadi isgəndərlilərlə sıx işbirliyi içərisində olmaları da hamımıza məlumdur.

 Antimilli missiyalarını ləyaqətsizcəsinə davam etdirən, artıq fatihəsi verilən və siyasi meyitə çevrilən Ə.Kərimli-C.Həsənli qaragüruhu çoxdan tükənərək siyasi səhnədən siliniblər. Bu sindromun əlamətlərini hamıdan çox məhz bu qaragüruhçu dəstənin üzvləri daha yaxşı bilirlər.

Zahid Rza, “İki sahil”