12 iyul 2024 00:50
244

Kimi aldatmaq istəyirsiniz?

Sülh müqaviləsi layihəsində qarşısıalınmaz fikir ayrılıqları yoxdur və mətni cəmi bir aya yekunlaşdırmaq mümkündür ki, bu da tərəflərin mövqelərinin təxmini olması deməkdir. 

Bu fikri Təhlükəsizlik Siyasətinin Araşdırma Mərkəzinin rəhbəri Areq Koçinyan Ermənistan konstitusiyasının dəyişdirilməsi ilə bağlı Azərbaycan tərfinin irəli sürdüyü şərtlə bağlı keçirdiyi mətbuat konfransında deyib.

O, iddia edib ki, guya Ermənistan Konstitusiyasına dəyişiklik edilməsi ilə bağlı məsələ sülh müqaviləsinin imzalanması ilə bağlı prosesi ləngidə bilər.  Şübhəsiz, erməni poliqlot gözünün içinə qədər yalan danışır. Bununla da o, guya  Ermənistanı aydan arı, sudan duru  olduğunu dünyaya bəyan etmək istəyir.  Yəni, guya ki, sülhə razı olan tərəf İrəvan, sülhə gəlmək istəməyən isə Bakıdır. Bu isə o deməkdir ki, Ermənistan əvvəllər olduğu kimi, yenə Azərbaycanla sülhdə maraqlı deyil. Areq Koçinyanın da açıqlaması, böyük ölçüdə bundan xəbər verir.

Halbuki, rəsmi Bakı dəfələrlə bəyan edib ki, bizim heç vaxt heç bir ölkəyə, o cümlədən Ermənistana qarşı ərazi iddiamız olmayıb və yoxdur. Amma bu, bir faktdır ki, Ermənistanın konstitusiyasına sonradan daxil olan müstəqillik bəyannaməsində Azərbaycana qarşı ərazi iddiaları mövcuddur.  Elə bu səbəbdən Ermənistanın hazırkı konstitusiyası dəyişməz qaldığı halda təcavüzkar ölkə ilə Azərbaycan arasında sülh sazişinin bağlanması, sadəcə, mümkün deyil.

Bu, bir faktdır ki, bu gün Ermənistanda keçmiş prezidentlər Serjik Sarkisyan və Robert Koçaryan da daxil olmaqla revanşizm hissi ilə yaşayan və hakimiyyətə can atan qüvvələr var.  Onlar hətta bu məqsədlə keşişləri də irəli verirlər. Hazırda gündəmdə olan Baqrat Qalstanyanın meydanlarda var-gəl etməsi də onların çirkin niyyətlərindən xəbər verir.  Bu isə o deməkdir ki, Ermənistanda hakimiyyət dəyişikliyi baş tutsa və sülh əleyhdarları hakimiyyətə gəlsə, o zaman yenidən həmin konstitusiya maddəsi əsas götürüləcək.  Odur ki, indi Bakı­ Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının təkrarlanmayacağına zəmanət istəyir. Prezident İlham Əliyevin bildirdiyi kimi, onlar revanşizm ideyalarından tamamilə imtina etməlidirlər.

Digər tərəfdən, hazırda Fransa Ermənistanı silahlandırmaqla məşğuldur. Belə görünür ki, hazırda rəsmi Paris başda olmaqla, Cənubi Qafqazda sülhə qarşı çıxan qüvvələr aktivləşiblər və heç bir təminat yoxdur ki, Nikol Paşinyan hakimiyyəti özündə iradə nümayiş etdirib həmin qüvvələrin planlarına qarşı çıxmağı bacaracaq. Ermənistanın illüziya bataqlığında qovrulub ölkəmizə cəbhə açmayacağına dair təminat da yoxdur. Bakının tələbi isə bu təminatı formalaşdırmaqdır. Elə buna görə də rəsmi Bakı sülh sazişinin bütün bəndlərinin BMT Nizamnaməsinə və beynəlxalq hüquqa uyğunlaşdırmaq istəyir. Bax, Areq Koçinyan, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Ermənistan konstitusiyasının dəyişdirilməsi ilə bağlı şərt rəli sürməsinin də məqsədi budur. Burada başa düşülməyən, anlaşılmayan nə var ki? Nə yazıq ki, hələ də bu adi həqiqəti başa düşmürsünüz.

Qeyd edək ki,  Ermənistanın baş naziri Nikol Paşinyan da bu günlərdə ölkənin əsas qanununun dəyişdirilməsindən söz açıb. Onun sözlərindən belə nəticə hasil olub ki, hazırkı konstitusiya erməni xalqının maraqlarına deyil, vaxtilə mövcud olmuş hakim elitanın mənafelərinə xidmət edən sənəddir.  Amma o, mövcud konstitusiyanın sülh danışıqlarına əsas mane olduğunu dilə gətirməyib. Görəsən, İrəvan bu yolla kimi aldatmaq istəyir? Azərbaycanımı? Areq Koçinyan kimilər unutmasınlar ki, bölgədə yeni reallıqlar yaradan və sülh istiqamətində mühüm addımlar atan Azərbay­canı belə gedişlərlə, yəni yalançı sülh vədləri ilə aldatmaq mümkün deyil. Bu mənada, cənab Areq Koçinyan, ərazi iddialarını özündə əks etdirən əsas qanununuz da yeni reallıqlara uyğunlaşdırılması vacibdir. Elə Azərbaycan tərəfinin Ermənistan konstitusiyasını dəyişdirilməsi ilə bağlı şərtinin də məqsədi budur. Anladınızmı?

Qvami Məhəbbətoğlu, “İki sahil”