11 iyul 2024 14:16
341

Azərbaycanın növbəti beynəlxalq uğuru

Türk Dövlətləri Təşkilatının ildə bir dəfə qeyri - rəsmi Zirvə görüşünün keçirilməsi Azərbaycanın təşəbbüsüdür.

Uğurların açarı Türk Dövlətlərinə etimadın əsasıdır!

Niyə Türk Dövlətləri birliyi yeni bir Dünya gücü olmasın...

Zirvə görüşünün Türk xalqlarının mədəniyyət mərkəzi Şuşada keçirilməsi çox böyük rəmzi məna daşıyır. Bu çox tarixi, dünya miqyaslı və müqəddəs görüşdür. Ona görə ki, şəhidlərimizin qanı bahasına aldığımız əzəli - əbədi torpaqlarda keçirilən hər bir görüş onların ruhunu şad edir. Dünyaya bir mesajdır ki, biz burdayıq, Qarabağdayıq!

Gördünüzmü Qarabağ Azərbaycandır!

Mən 2024 – cü ilin iyunu 6 – da Şuşa şəhərində keçirilən TÜRKPA – nın növbəti görüşündə Özbəkistanın Ali Məclisi Senatının sədri Tənzilə Narbayevanın çıxışından bir hissəni xatırlatmaq istəyirəm. Tənzilə xanım Prezident İlham Əliyevə öz təşəkkürünü bildirərək deyir: “ Siz böyük işlər görürsünüz və uzaqgörənliyiniz, yüksək peşəkarlığınız və təşkilatçılıq bacarığınızla bütün dünyanı heyran qoymaqda davam edirsiniz. “

Bu gün həqiqətən dünya liderləri Prezident İlham Əliyevlə hesablaşır. Belə bir deyim var: “Tacı əldə etmək azdır, onu saxlamaq gərəkdir!” Bu deyim İ. Əliyevə məxsusdur.

Ulu Öndər Heydər Əliyevin bir yolu, bir amalı, bir məqsədi var idi. Azərbaycanı daxili və xarici təzyiqlərdən qorumaq. Dünyada imzası olan Azərbaycanı daha da inkişaf etdirərək etibarlı tərəfkeşə çevirmək. Bu gün Azərbaycanın dominantlığı ilə bütün problemlərin həll edilməsini əsası H. Əliyev tərəfindən qoyulan Türk birliyinin sarsılmazlığı həyata keçirəcəkdir.

İlk müsəlman ziyalılarından İsmayıl Qaspıralı demişkən: “ Türk xalqlarının arasındakı birliyin əsas istiqaməti onların əlaqələrinin mühkəmlənməsidir. Dildə, fikirdə və işdə birlik birliyimizin mühüm şərtidir.”

6 iyul 2024 – cü ildə Şuşada keçirilən bu görüş Türk Dövlətlərinin birliyinin mütəmadi olmasına bir sübutdur. Dünyada yeni bir güc olmağa stimuldur. 6 iyul  2024 – cü ildə Azərbaycanın mədəniyyət mərkəzi Şuşada Türk Dövlətləri Təşkilatının qeyri – rəsmi Zirvə görüşündə “Qarabağ bəyannaməsi “ imzalanıb. Bu görüş Azərbaycan Respublikasının təşəbbüsü ilə keçirilib. “Nəqliyyat, bağlantı və iqlim fəaliyyəti vasitəsilə dayanıqlı gələcəyin qurulması” mövzusu ilə keçirilən bu görüşə Azərbaycan Respublikasının Prezidenti Zati – aliləri İlham Əliyev ev sahibliyi etmişdir.

Görüş iştirakçiları: Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirzoyev, Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz, Macarıstanın Baş naziri Viktor Orban, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar və Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev Zirvə görüşündə iştirak ediblər.

TDT –nin dövlət başçıları Türk xalqlarının orta etnik köklər, tarix, dil, mədəniyyət ənənələrinə, dəyərlərinə söykənən ailə olduğunu hesab edirdilər.

Məlumdur ki, TDT – nin yaradılması Naxçıvan sazişi ilə olmuşdur. Görüş iştirakçıları davamlı Türk görüşlərinin keçirilməsi üçün Azərbaycan Prezidentini alqışlayaraq Şuşa şəhərinin mənəvi əhəmiyyətinin Azərbaycanın ərazi bütövlüyünün nəticəsi kimi elan edirlər. Dünyanın üzləşdiyi geosiyasi və təhlükəsizlik çağırışlarına türk dövlətlərinin vahid güc kimi çıxış etməsi zəruridir. Görüşdə o da qeyd edildi ki, strateji tərəfdaşlığın möhkəmlənməsi çox vacibdir.

Görüşdə Bakı – Tiblisi – Qars dəmir yolu ilə bağlı Azərbaycan, Gürcüstan və Türkiyənin üçtərəfli səyləri qiymətləndirildi. Eyni zamanda Çin – Qırğızıstan – Özbəkistan dəmir yolu sazişi alqışlandı.

Görüşdə bir çox təşəbbüslər də irəli sürüldü. Belə ki, Günəş, Külək və Su elektrik enerjisi kimi təmiz enerji mənbələrinin təkmilləşdirilməsi Türk Dövlətləri çərçivəsində “ ağıllı şəhər və kəndlər” konsepsiya müzakirələri aparıldı. Azərbaycan – Qazaxıstan – Özbəkistan enerji layihəsi (Yaşıl dəhliz) alqışlandı. Qazaxıstanın 2026 – cı ildə BMT və beynəlxalq təşkilatların himayəsi altında Regional iqlim sammitinə ev sahibliyi etmək təşəbbüsü xüsusilə alqışlandı. Görüş iştirakçıları Fələstin Dövlətinin BMT – yə qəbul edilməsini alqışlayır, bunu etməyən bütün ölkələri Fələstin Dövlətini tanımağa çağırır.

Sonda Qırğızıstan Respublikası 2024 – il oktyabrın 24 – də Bişkekdə TDT – nin XI Zirvə görüşünə ev sahibliyi etməyə hazır olduğunu təsdiq etdi.

TDT – nin Dövlət Başçıları Azərbaycan Respublikasının Prezidenti İ. Əliyevə Türk dünyasının birliyi, həmrəyliyi, təhlükəsizliyi və rifahına verdiyi böyük və davamlı töhfəsinə bu işdə qətiyyətli liderliyinə və Şuşada qeyri – rəsmi Zirvə görüşündə uğurla yekunlaşan müzakirələrə sədrlik etdiyinə görə dərin təşəkkür bildirdilər. Azərbaycan Hökümətinin və xalqının səmimi, qonaqpərvərliyini yüksək qiymətləndirdilər.

6 iyul 2024 – cü ildə Şuşa şəhərində Azərbaycan, Qazax, Qırğız, Türk və Özbək dillərində Bəyannamə imzalanmışdır.

Nuriyyə Hüseynova, 
R.Əliyev adına 254 №-li tam orta məktəbin müəllimi,
YAP Xətai rayon təşkilatının üzvü