11 iyul 2024 11:33
358

Türk dövlətləri ilə əlaqələr möhkəmləndirilir

Türk dövlətlərinin yürütdüyü siyasət onların hər biri üçün prioritet xarici siyasət istiqamətinə çevrilib. Bundan ötrü başladılan hadisə və proseslərlə bağlı təşəbbüslərin davamlılığı və intensivliyi artıq onu deməyə əsas verir ki, bu birlik istiqamətində Türk dövlətləri ilə bağlı bu tarixi əhəmiyyətli yeniliklərin önündə inam və əzmlə addımlayan Azərbaycan Respublikasının Prezidenti, Türk dünyasının müzəffər sərkərdəsi cənab İlham Əliyevdir. Məhz onun sayəsində Azərbaycan dövləti hər zaman Türk dünyasının sıx birləşməsi, siyasi, iqtisadi, hərbi qüdrətinin artması, qlobal arenada güc mərkəzinə çevrilməsi naminə səylər göstərir. Türk Dövlətləri Təşkilatının əsası məhz Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2009-cu ildə Naxçıvanda qoyulub. Sonradan dövlətimizin başçısı TDT-nın funksianallığının daha da genişlənməsi ilə bağlı bir sıra təşəbbüslər irəli sürüb və bu təşəbbüslər dost dövlətlər tərəfindən məmnuniyyətlə qəbul olunub.

Cari ilin 6 iyul tarixində Şuşa şəhərində keçirilmiş Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə baş tutmuşdur. Azərbaycanın xarici siyasətinin mühüm prioritet istiqamətlərindən biri Türk dünyasının gücləndirilməsi, Türk dövlətləri ilə əlaqələrin möhkəmləndirilməsidir. Şuşa Sammitində etdiyi çıxışında dövlətimizin başçısı bildirmişdir ki, Azərbaycan həmişə Türk dünyasının sıx birləşməsi, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artması, qlobal arenada güc mərkəzinə çevrilməsi üçün ciddi səylər göstərmişdir. Cənab Prezident həmçinin qeyd etmişdir ki, Türk Dövlətləri Təşkilatının cari büdcəsi və strukturu nəzərdə tutulan hədəflərin reallaşdırılması üçün yetərli deyil.

Şuşa şəhərində TDT-nin Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünün  keçirilməsi rəmzi məna daşıyır. Çünki keçən il sentyabrın 20-də Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib. Ermənistan 30 illik işğal dövründə Şuşada vandalizm əməlləri törətməklə yanaşı, özlərinə xas olan tərzdə Şuşanın simasını dəyişməyə, onu da  erməniləşdirməyə cəhdlər göstəriblər. Ancaq bu alınmayıb. Şuşa hətta dağılmış vəziyyətdə də özünün azərbaycanlı ruhunu qoruyub saxlayıb. 2020-ci ilin 8 noyabrında qazanılan Şuşa Zəfəri bütün Türk dünyasının qürur mənbəyidir. Türk dövlətlərinin başçıları sammit günlərində Şuşanı gəzib, erməni vandalizminə şahidlik edib və həyata keçirilən bərpa işləri ilə tanış olublar. Bu gün həmçinin Şuşa şəhəri quruculuq meydanını xatırladır. Şuşaya onu sevənlər, onun əsl sahibləri qayıdıblar. İndi onlar erməni vandallarının vəhşicəsinə dağıtdıqları şəhəri qarış-qarış yenidən qururlar. Deyə bilərik ki, tarixi Şuşa bərpa olunur, həm də gözəl şəhərimizin siması müasir elementlərlə, yeni memarlıq həlləri ilə daha da zənginləşdirilir. Zirvə görüşündə müzakirə olunan əsas mövzulardan biri beynəlxalq nəqliyyat layihələri ilə bağlı olmuşdur. Cənab Prezident İlham Əliyev qeyd etmişdir ki, Şərq-Qərb nəqliyyat dəhlizinin genişləndirilməsi qarşıda duran prioritet məsələlərdən biridir. Orta Dəhlizin ayrılmaz bir hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun illik yükaşırma qabiliyyəti Azərbaycanın əlavə sərmayəsi nəticəsində 1 milyondan 5 milyon tona çatdırılıb. Eyni zamanda Xəzər dənizində 50-dən çox ticarət gəmisi ilə ən böyük donanmaya malik olan Azərbaycan Türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərir. Artan yükdaşımalarını nəzərə alaraq, hazırda Bakı gəmiqayırma zavodunda 6 gəmi inşa edilir. Ələt Beynəlxalq Ticarət Limanının yükötürmə qabiliyyəti 15 milyon tondan 25 milyon tona qədər genişləndiriləcək. Böyük coğrafi məkan, müsbət demoqrafik dinamika, güclü hərbi potensial, zəngin təbii resurslar, müasir infrastruktur, çoxşaxəli nəqliyyat dəhlizləri, ənənələrlə müasirliyin vəhdətində daim inkişaf edən tolerant və multikultural mədəniyyət Türk Dövlətləri Təşkilatının formalaşması və inkişafının təməlini möhkəmləndirən mühüm əhəmiyyətli faktorlardır. Buraya din, dil və milli kimlik göstəricilərini əlavə etdikdə onu deyə bilərik ki, bu kimi təməllər üzərində qurulan ikinci bir dövlətlərarası beynəlxalq birlik nümunəsi yoxdur. Dünyada cərəyan edən qlobal siyasi, iqtisadi, həm də hərbi xarakterli hadisə və proseslər bu təşkilatın  və birliyin yaranmasını hər gün daha da zəruri edir. Əlbəttə ki, dövlət başçımızın çıxışında yer alan mühüm məqamlardan biri də iqlim dəyişikliyi ilə bağlı mövzunu əhatə edib. Bu il Azərbaycan COP29 konfransına ev sahibliyi edəcək. Bu tədbirin Bakıda keçirilməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimadın bariz nümunəsidir. Keçən ilin dekabr ayında 200-ə yaxın ölkə Azərbaycanın namizədliyini yekdilliklə dəstəkləmişdir. Prezident İlham Əliyev birmənalı olaraq bildirdi ki, Azərbaycan Qoşulmama Hərəkatında 4 il sədrliyi dövründə əldə etdiyi təcrübədən istifadə edərək inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında həmrəyliyin gücləndirilməsi, konsensusa nail olunması üçün səylərini əsirgəməyəcək. TDT-nın Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşündə mühüm sənəd - Qarabağ Bəyannaməsi imzalanıb. Sənəddə TDT-nin qeyri-rəsmi Zirvə görüşünün 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı” olmuş Şuşa şəhərində keçirilməsinin tarixi əhəmiyyət daşıdığı qeyd edilib. Tərəflər strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi və dərinləşdirilməsi, TDT-nin kollektiv strategiyasının formalaşdırılması üçün siyasi, iqtisadi, nəqliyyat, müdafiə sənayesi, humanitar, təhsil və mədəniyyət sahələrində Türk dövlətlərinin tam potensialından və imkanlarından istifadə edilməsinin vacibliyini bir daha vurğulayıblar. Bu gün bütün dünyada güc amilinin getdikcə daha çox həlledici faktor kimi çıxış etməsi Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərin həyati əhəmiyyətini bir daha təsdiq edir. Hazırki dövrdə TDT üzvü olan ölkələrə qarşı hər hansı real təhlükələr hiss edilməsə belə, əməkdaşlığın hərbi-müdafiə sahəsi üzrə inkişaf etdirilməsi inteqrasiyanı daha da sürətləndirəcək.  Bütün bunlar onu deməyə əsas verir ki, 6 iyun 2024-cü il tarixində Şuşada imzalanmış Qarabağ Bəyannaməsi, qəbul edilmiş qəraralar, Türk dünyasının həmrəyliyini, Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunu daha da gücləndirəcəkdir.

Ayaz Cəbrayılov,

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri