10 iyul 2024 13:28
538

Tarixi sənəd - Qarabağ Bəyannaməsi

Azərbaycan Türk dünyasının birliyi üçün mühüm işlər görən ölkədir. Prezident İlham Əliyevin bu istiqamətdə çox mühüm təşəbbüsləri və effektiv əməli fəaliyyəti vardır. Türk Dövlətləri Təşkilatının ildə bir dəfə qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi də məhz Azərbaycanın təşəbbüsüdür. Ölkəmiz hər zaman Türk dünyasının sıx birləşməsi, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artması, qlobal arenada güc mərkəzinə çevrilməsi naminə səylər göstərmişdir.

İyulun 6-da Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə çıxışı zamanı Prezident İlham Əliyev xüsusilə vurğuladı ki, Türk Dövlətləri Təşkilatı dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməlidir. Ölkə başçısı qeyd etdi ki, XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır. Təbii ki, Türk dünyasının bunun üçün həm coğrafi potensialı, həm də iqtisadi imkanları mövcuddur.

Türk dövlətləri arasında hər zaman sıx əlaqələr mövcud olub. Heç şübhəsiz ki, bunun əsasını eyni soy-kökə mənsubluq, ortaq mədəni dəyərlər təşkil edir. Hazırda isə bu əlaqələr daha da möhkəmlənib və Türk dünyasının birliyinə gətirib çıxarıb. Ölkələrimiz bütün beynəlxalq təşkilatlar çərçivəsinə bir-birinə siyasi dəstək nümayiş etdirirlər. Bütün dünya Türk dövlətlərinin həmrəyliyinə ölkəmizin haqq davası zamanı da şahid oldu. İşğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzura Türk dövlətlərinin başçılarının səfərləri, bu ərazilərin bərpasına öz töhfələrini vermələri ölkələrimizin və xalqalarımızın qardaşlığının təcəssümüdür. Şuşada qeyri-rəsmi Zirvə görüşündə çıxışı zamanı Prezident İlham Əliyev bu məsələyə də xüsusi diqqət çəkərək Türk dövlətlərinin rəhbərlərinin azad edilmiş torpaqlara səfərlərini qardaşlıq həmrəyliyinin təzahürü kimi qiymətləndirdi.

Ölkə başçısı Zirvə görüşündə diqqətə çatdırdı ki, işğal dövründə Ermənistanın bütün şəhər və kəndlərini yerlə-yeksan etdiyi Qarabağ və Şərqi Zəngəzurda artıq “Böyük Qayıdış” Proqramı icra olunur. “Böyük Qayıdış” Proqramının icrası çərçivəsində bu günə qədər 8 minə yaxın keçmiş məcburi köçkün Laçın, Füzuli, Şuşa, Xocalı şəhərlərinə və dörd kəndə qayıdıb.

Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə Prezident İlham Əliyev ölkəmizin Türk dünyası üçün önəmindən, eləcə də yeni əməkdaşlıq perspektivlərindən geniş bəhs etdi. Ölkəmizin geniş tranzit imkanlarına malik olması Türk dövlətləri arasında iqtisadi əlaqələrin qurulmasında mühüm faktordur. Azərbaycan üçün əsas gündəlik olan bərpaolunan enerji və ondan səmərəli istifadə Türk dövlətləri arasında əlaqələrin möhkəmləndirilməsinə əlavə töhfələr verəcək. Türk dövlətləri arasında əlaqələrin möhkəmləndirilməsinə mühüm siyasi-hüquqi töhfə isə heç şübhəsiz ki, Şuşa Zirvəsi zamanı Qarabağ Bəyannaməsinin imzalanması oldu. Qarabağ Bəyannaməsi Türk dünyasının birliyini, həmrəyliyini bütün dünyaya sübut edən tarixi sənəddir.

Anar Şahmuradov,

YAP Ağdaş rayon təşkilatının əməkdaşı