09 iyul 2024 19:33
1331

Türk dövlətlərinin inkişafı, Türk birliyinin güclənməsi mədəni, iqtisadi, idman sahələrinə də təsirini göstərir

Son vaxtlar baş verənlərin təsvirini gənclik dövrümüzdə çox məşhur olan bir deyimin ifadəsini yeni tərzdə - dünyada yeni bir kabus, “türkçülük (boz qurd) kabusu dolaşmaqdadır” vermək mümkündür. Doğrudan da son bir neçə ildə dünyada baş verən hadisələr, xüsusilə gündən-günə daha da aktuallaşan, türklük, türk birliyi, Türk Dövlətləri Təşkilatı ilə bağlı məsələlər, xəbərlər artıq dünyanın diqqət mərkəzində olmaqla yanaşı, dostlarımızı qürurlandırır, düşmənlərimizin isə qorxulu yuxusuna çevrilir. Həm də bu prosesin, bu hərəkatın önündə, onun lokomotivinin yenə də Azərbaycan-Türkiyə tandeminin olması, bu dalğanın mənbəyi kimi Bakı ilə Ankaranın çıxış etməsi reallığı xüsusilə insanın köksünü doldurur.

“İki sahil” xəbər verir ki,  bu fikirləri siyasi şərhçi Əhməd Abbasbəyli söyləyib.

Siyasi şərhçi bildirib ki, Türk dövlətləri arasında əməkdaşlıqda ilk kövrək addımlar 1992-ci ildən bu yana müəyyən fasilələrlə toplanan Türk dilində danışan ölkələrin Zirvə görüşü ilə atılıb. 2009-cu il oktyabrın 3-də Naxçıvan şəhərində Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan arasında imzalanmış müqavilə ilə qurulmuş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası), 2021-ci ilin noyabrında İstanbul Zirvə toplantısında Türk Dövlətləri Təşkilatı adlandırılan bu beynəlxalq qurum hazırda Türk dövlətlərinin birlik, qardaşlıq, həmrəylik mücəssəməsi olmaqla yanaşı, dünyanın siyasi və iqtisadi güc mərkəzinə çevrilməkdədir. O vaxtlar bu başlanğıcı bir xülya, bir ilğım kimi görənlər, ciddiyə almayanlar bu gün artıq onun reallığının şahididir, şəninə məddahlıq edir, epitetlər deyir, bəzilərinin hikkəsi yerə-göyə sığmır, bəziləri isə kin-küdurətini, nifrətini gizlədə bilməyərək ona qarşı cəbhə açmağa, onun qarşısını almaq üçün böhtan, iftira kampaniyası təşkil etməyə çalışırlar.

Əlbəttə, bu yüksəlişə birdən-birə nail olunmayıb, bu uğurlar heç də rahatlıqla əldə edilməyib. Dünyanın yarıdan çoxunu fəth etməyə qadir olan türkün gücünə, qüdrətinə şahidlik edən tarix və bu tarixi yaxşı bilən, ondan dərs çıxarmağa çalışan bu günün siyasi güc mərkəzlərinin, dünyanın taleyini həll etmək iddiasında olan dairələrin hədələrini, zərbələrini dəf etmək, onların müqavimətini qıraraq bu səviyyəyə ucalmaq heç də asan olmayıb.

Təbii ki, bu birliyin təməlinin qoyulmasının, zaman-zaman inkişafının kökündə, xalqların etnik köklərə malik olmaları, dil birliyimiz, milli ənənələrimizin yaxınlığı, bir-birinə oxşarlığı, xalqlarımızın ənənəvi dəyərlərə sadiqliyi, zəngin və qədim tariximiz, ortaq mədəniyyətimiz, tarixi keçmişimiz, Türk dövlətlərini sıx birləşdirən xalqların qarşılıqlı səmimi dostluq münasibətləri, liderlərin siyasi iradəsi, siyasi, iqtisadi, coğrafi məkan, demoqrafik vəziyyət, qlobal arenada güc mərkəzinə çevrilməsi naminə səyləri, zəngin təbii resurslarımız, onların nəqli üçün müasir infrastrukturların yaradılması, Mərkəzi Asiyanı, Qafqazı, Avropanı birləşdirən nəqliyyat dəhlizlərinin yaradılması zərurəti və sair dayanır. Lakin bu birliyin inkişafına güclü təkan verən, təşkilatın daha sıx formalaşmasını intensivləşdirən tarixi hadisə məhz 44 günlük Vətən müharibəsindəki Zəfərimizdir. Zaman sübut edir ki, bu hadisə, həmçinin antiterror əməliyyatı yalnız Azərbaycan xalqının deyil, bütöv Türk dünyasının qürurunu artırdı, özünəinamını qaytardı, kimliyini dərk etdirdi. Rəşadətli Azərbaycan Ordusunun qazandığı parlaq Qələbədən sonra Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında əlaqələr və əməkdaşlıq daha da gücləndi və bu, bu gün yüksələn xətlə inkişaf edir.

Məhz 2020-ci ildən sonra Türk dövlətlərinin rəhbərlərinin qarşılıqlı səfərlərinin intensivləşməsi əlaqələrin daha da dərinləşməsinin göstəricisidir. Bu səfərlər zamanı imzalanan sənədlər ölkələr arasında qarşılıqlı əməkdaşlığın genişləndirilməsi üçün vacib rol oynayır. Türk dövlətləri təkcə mədəni, iqtisadi deyil, siyasi və digər sahələrdə də güclərini birləşdirir və inkişaf etdirirlər. Xüsusilə işğaldan azad olunan Qarabağ və Şərqi Zəngəzurun mədəni irsinin bərpası istiqamətində Türk dövlətlərinin Azərbaycana dəstəyi, əslində, həm də böyük siyasi mahiyyət kəsb edir.

“Türk Dövlətləri Təşkilatından, Azərbaycanın bu təşkilata verdiyi önəmdən və töhfədən danışarkən, heç şübhəsiz, Prezident İlham Əliyevin 2024-cü il fevralın 14-də keçirilən andiçmə mərasimindəki nitqində dediyi sözləri mütləq xatırlamalıyıq. Azərbaycanın yürütdüyü siyasətin əsas mahiyyətini vurğulayan dövlətimizin başçısı bildirmişdi: “Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”.

Azərbaycan Prezidentinin “Bizim ailəmiz Türk dünyasıdır” kəlamının bariz nümunəsi və Azərbaycanın yürütdüyü siyasətin sübutu kimi böyük Zəfərin zirvəsi olan Şuşa möhtəşəm beynəlxalq tədbirə ev sahibliyi edərək ölkəmizin Türk dünyasının birliyinə növbəti töhfəsini verdi. Belə möhtəşəm tədbirin işğaldan azad edilmiş Şuşada keçirilməsi ayrı siyasi mahiyyət daşımaqla, bir daha Qarabağ, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü ilə bağlı dünyaya, həm də Ermənistanın havadarlarına ciddi bir mesaj idi”, - deyə siyasi ekspert əlavə edib.

O vurğulayıb ki, Azərbaycan Prezidenti Şuşada çıxışında “Azərbaycan həmişə Türk dünyasının sıx birləşməsi, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artması, qlobal arenada güc mərkəzinə çevrilməsi naminə səylər göstərmişdir” deməklə bir daha türk dünyası ideyasının əhəmiyyətini vurğuladı, onu beynəlxalq aləmin diqqətinə çatdırdı. Şuşa Zirvə görüşünün yekunu olaraq imzalanan Qarabağ Bəyannaməsi isə heç bir mübaliğəsiz demək olar ki, gələcəkdə Türk tarixinin mühüm hadisəsi kimi dəyərləndiriləcək. Bunu, necə deyərlər, “sənədin mürəkkəbi qurumamış” ona olan reaksiyalar, xüsusilə də Avropa İttifaqının bəzi məmurlarının qısqanc, qərəzli açıqlamaları və sair təsdiq edir. Sənəddə bir məqam diqqəti xüsusi olaraq cəlb edir: “Dünyanın üzləşdiyi hazırkı geosiyasi və təhlükəsizlik çağırışları türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsini tələb edir”. Bəyannamədə, həmçinin Türk dövlətlərinin qlobal miqyasda potensialı nəzərə alınmaqla daha iddialı məqsədlərin qarşıya qoyulmasının zərurəti vurğulanır ki, bu da TDT-nin qarşıdakı illərdə daha geniş məqsədlərindən və böyüyən iddialarından xəbər verir.

“Heç şübhə etmirəm ki, məhz Türk dövlətlərinin inkişafı, Türk birliyinin, Türk Dövlətləri Təşkilatının güclənməsi, dünya siyasət meydanında yer tutması, mədəni, iqtisadi, idman sahələrinə də təsirini göstərməkdədir. Bu mənada futbol üzrə Avropa çempionatında Türkiyə futbolçusunun məlum hərəkətinə Avropa məmurlarının, UEFA və bəzi siyasi dairələr tərəfindən buna ədalətsiz, qeyri-adekvat davranış məhz Türk birliyinin getdikcə artan gücünə, qüdrətinə olan münasibətdir. Lakin bu cür cılız hərəkətlərlə türklüyə, Türk birliyinə mane olmaq mümkün deyil. Onlar Türk birliyinə qarşı nümayiş etdirdikləri ədalətsiz yanaşma ilə özləri də istəmədən dünya türklüyünü oyadır, daha da təmərküzləşdirir, daha gücləndirir. Artıq türklük yenidən Ergenekondan çıxıb”, - deyə Ə.Abbasbəyli vurğulayıb.