09 iyul 2024 15:10
333

Qəhrəmanlıq salnaməsi - ŞƏRH

Hər il noyabrın 8-i Azərbaycanda Zəfər Günü kimi qeyd edilir

Əsrlər boyu Azərbaycan xalqı bir çox tarixi günlərə şahidlik etmiş, ağrılı-acılı dönəmlərlə yanaşı, qürurverici və sevincli anlarla dolu məqamlar yaşamışdır. Lakin əminliklə demək olar ki, Vətən müharibəsində qazanılan şanlı Qələbə zəngin tariximizin ən parlaq səhifəsi, indiki və gələcək nəsillərin hər zaman fəxr edəcəyi və iftixar duyacağı qəhrəmanlıq salnaməmizdir.

Ordumuzun ermənilərin hücumlarına cavab olaraq başladığı Vətən müharibəsi xalqımızın 30 illik həsrətinə 44 gündə son qoydu. Vətənpərvər oğullarımızın erməni təcavüzünü qəhrəmancasına dəf etməsi və əks-hücuma keçərək düşmənə sarsıdıcı zərbələr endirməsi xalqımızın qələbə əzminin nümayişi oldu. Bu günlər ərzində ordumuzun işğalçı erməni ordusuna qarşı apardığı müharibə milli şüurun, xalq və ordu birliyinin təcəssümünə çevrildi. Hər kəs Vətən fədaisi oldu o gün. İllərlə yaşadığımız ağrı-acılar bir andaca sevincə çevrildi. Ordumuzun bu qalibiyyəti bütün dünyaya nümayiş etdirdi ki, Azərbaycan xalqı qarşısına qoyduğu hər bir vəzifəni yerinə yetirə bilmək qüdrətindədir.

27 sentyabr 2020-ci il səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində, Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verilmişdir. Qarşıdurmalar nəticəsində Ermənistanda hərbi vəziyyət və ümumi səfərbərlik, Azərbaycanda isə hərbi vəziyyət və komendant saat, 28 sentyabrda qismən səfərbərlik elan edilmişdir. Qarşıdurmalar qısa müddətdə sürətlə alovlanmış və İkinci Qarabağ müharibəsinə çevrilmişdir.

Ermənistan respublikası ilə 44 gün davam edən müharibə ərzində 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və 8 noyabrda Şuşa şəhəri işğaldan azad edilmişdir.

Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Şuşanın azad edilməsinin və 8 noyabrın tarixi əhəmiyyətini belə səciyyələndirir: “Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür! Bu qələbəni biz döyüş meydanında qazandıq, danışıqlar masası arxasında yox. Mən dəfələrlə demişəm, bütün bəyanatlara rəğmən ki, bu münaqişənin - Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hərbi həll yolları da vardır və bu gün biz bunu döyüş meydanında sübut edirik”.

Moskvada imzalanan müqaviləyə əsasən, noyabrın 10-u Bakı vaxtı ilə saat 01:00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və hərbi əməliyyatların tam dayandırılması, 1 dekabradək Ermənistan qüvvələrinin Dağlıq Qarabağın ətrafında Ermənistan nəzarətindəki Azərbaycan ərazilərindən çıxarılması və Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin edilməsi elan edilmişdir.

2020-ci il noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də Laçın rayonları azad edilmişdir.

Azərbaycanda Zəfər Gününün təsis edilməsi haqda Prezidentin ilk fərmanı dekabrın 2-də verilmişdi. Bu sərəncama əsasən, Zəfər Günü hər il noyabrın 10-da keçirilməli idi. Lakin dekabrın 3-də noyabrın 10-nun Türkiyədə Mustafa Kamal Atatürkün anım günü olduğunu nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Zəfər Gününün tarixinin dəyişdirilməsi barədə qərar qəbul etmişdir. Şuşa şəhərinin və onun işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq qələbənin – Zəfər Gününün hər il noyabrın 8-də təntənəli şəkildə qeyd edilməsi qərara alınmışdır.

Mirhaşim Calalov,
YAP Xətai rayon təşkilatının "Yusif Səfərov 21" ünvanı  üzrə ərazi partiya təşkilatının üzvü