09 iyul 2024 14:15
329

Türk dünyasının birliyinə doğru

2024-cü il iyulun 6-da Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri- rəsmi Zirvə görüşü keçirilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Özbəkistan  Respublikasının Prezidenti cənab Şavkat Mirziyoyev, Qırğız Respublikasının Prezidenti cənab Sadır Japarov, Qazaxıstan Respublikasının Prezidenti cənab Kasım-Jomart Tokayev, Macarıstan Baş Naziri cənab Viktor  Orban, Türkiyə Respublikasının vitse-prezidenti cənab Cevdet Yılmaz, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti cənab  Ersin Tatar, Türk Dövlətləri Təşkilatının Baş katibi cənab  Kubanıçbek Ömüralıyev Zirvə görüşündə iştirak ediblər.

Şuşada qeyri-rəsmi Zirvə görüşündə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxış edərək bildirdi ki,Türk ölkələri ilə əlaqələrin genişləndirilməsi, Türk dünyasının və Türk Dövlətləri Təşkilatının gücləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətidir. Azərbaycan həmişə Türk dünyasının  sıx birləşməsi, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artması, qlobal arenada güc mərkəzinə çevrilməsi naminə səylər göstərmişdir.

Ölkəmizin başçısı çıxışında demişdir: “Türk Dövlətləri Təşkilatı dünya miqyasında güc mərkəzlərinin birinə çevrilmişdir. Biz böyük coğrafi məkanı əhatə edirik, üzv ölkələrdə müsbət demoqrafik dinamika müşahidə olunur, hərbi potensialımız döyüş meydanlarında özünü dəfələrlə göstərmişdir. Zəngin təbii resurslarımız, onların nəqli üçün müasir infrastruktur, Mərkəzi Asiyanı, Qafqazı Aralıq və Qara dəniz limanları ilə birləşdirən nəqliyyat dəhlizləri, zəngin və qədim tariximiz, mədəniyyətimiz bizim böyük sərvətimizdir. Xalqımızın ənənəvi dəyərlərə sadiqliyi və eyni etnik köklərə malik olmaları ölkələrimizi sıx birləşdirir. XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır.”

Cənab Prezident İlham Əliyev Şuşanın işğalından və azad olunmasından danışaraq bildirdi ki, Şuşanın 1992-ci ilin mayında Ermənistan tərəfindən işğal edilməsi Azərbaycan xalqının böyük faciəsi idi. Azərbaycan xalqı bu işğalla heç vaxt barışmamış, həmişə Şuşaya və işğal altında olan digər ərazilərimizə qayıtmaq arzusu ilə yaşamış və buna nail olmuşdur. 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan  Ordusu döyüş meydanında 300-dən çox şəhər və kəndi Ermənistanın təxminən 30 il davam edən işğalından azad etmişdir. 2020-ci il noyabrın 8-də Şuşanın işğalından azad edilməsindən sonra Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur olmuş və beləliklə, İkinci Qarabağ müharibəsi başa çatmışdır. Hər il noyabrın 8-i Azərbaycanda Zəfər Günü kimi qeyd edilir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Zirvə görüşünün böyük əhəmiyyətinə diqqəti yönəldərək bildirmişdir: Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə Qarabağ Bəyannaməsi imzalanmışdır. İmzalanmış Qarabağ Bəyannaməsi, qəbul edilmiş qərarlar Türk dünyasının həmrəyliyinin və eyni zamanda, Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunu daha gücləndirəcəkdir.

Bahar Məmmədova,
Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının "General Şıxlinski 56/2" ünvanı üzrə ərazi partiya təşkilatının sədri