07 iyul 2024 19:32
111

Astana Zirvə görüşünün nəticələri böyük perspektivlər vəd edir

Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş strategiyanın uğurla davam etdirilməsi nəticəsində Azərbaycan dünyanın əsas yük axını istiqaməti olan Çin-Avropa-Çin arasında əsas körpüyə çevrilib. Dünyada və regionda baş verən geosiyasi hadisələrlə əlaqədar Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi – Orta Dəhliz Mərkəzi Asiya ölkələri və Xəzər dənizi üzərindən keçməklə Avropa ilə Asiyanı birləşdirən ən qısa və rahat marşrutdur. Xatırladaq ki, Orta Dəhlizin tərkib hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolu məhz Azərbaycanın təşəbbüsü, sərmayələri hesabına reallaşıb. Bu amil Orta Dəhlizin önəmini artırmaqla yanaşı, geniş ərazini əhatə edən  ölkələr arasında əməkdaşlığın  inkişafı baxımından unikal imkanlar təqdim edir.

Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı kimi mötəbər qurumun Sammitində növbəti dəfə iştirakı dünyada qətiyyətli və uzaqgörən lider kimi böyük nüfuz qazanmış Prezident İlham Əliyev şəxsiyyətinə dərin hörmət və ehtiramın göstəricisidir. Azərbaycanın bu tədbirdə iştirakı, eyni zamanda, ölkəmizin Şərq ilə Qərb arasında bütün sahələrdə mühüm körpü rolunu oynamasının əyani təsdiqi sayıla bilər.

Göründüyü kimi, Azərbaycanın son illər beynəlxalq arenada artan nüfuzunun, həmçinin Avrasiya məkanında əsas tranzit qovşağa çevrilməsinin məntiqi nəticəsi olan  Azərbaycanın  ŞƏT ilə daha sıx əməkdaşlığını şərtləndirən amillərin əksəriyyəti beynəlxalq əhəhmiyyətli məsələlərdir. Hazırda dünyanın ən böyük beynəlxalq tədbirlərindən olan COP29-a hazırlıq çərçivəsində Şanxay Əməkdaşlıq Təşkilatı ilə ölkəmiz arasında əməkdaşlıq məsələləri diqqət mərkəzində saxlanılır. Heydər Əliyev Fondu da ŞƏT ilə əməkdaşlıq əlaqələrinin gücləndirilməsinə mühüm töhfə verir. Fondun təşkilatçılığı ilə ŞƏT-in Pekindəki mənzil-qərargahında 2018-ci ildə Azərbaycan mədəniyyəti günü, 2021-ci ildə isə  dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyi qeyd edilib və qərargahda Nizami Gəncəvinin büstü qoyulub.  Ən önəmlisi budur ki, N.Gəncəvi Çin filosofu Konfutsidən sonra ŞƏT-in qərargahında büstü qoyulmuş ikinci tarixi şəxsiyyətdir.

Astana zirvə görüşü Azərbaycan üçün təşkilat ilə əməkdaşlığın daha geniş sahələri əhatə etməklə, gələcək inkişaf perspektivlərinin müəyyən edilməsi baxımından böyük əhəmiyyət daşıyır. Uğurla keçirilən sammitin nəticələri tərəflər üçün böyük perspektivlər vəd edir.

Ülvi Abbasov,
YAP Xətai rayon təşkilatının məsləhətçisi