07 iyul 2024 17:25
98

ŞƏT-də dialoq tərəfdaşı statusuna sahib olan Azərbaycan təşkilatla əməkdaşlığı daha da dərinləşdirəcək

ŞƏT-də dialoq tərəfdaşı statusuna sahib olan Azərbaycan təşkilatla əməkdaşlığını daha da dərinləşdirmək, müşahidəçi, daha sonra isə tamhüquqlu üzv olmaqda maraqlıdır.   Azərbaycanın Avrasiya məkanında əsas tranzit qovşağa çevrilməsi, Orta Dəhliz layihəsinin əsas tərəfdaşlarından olması, Şimal-Cənub, Şərq-Qərb dəhlizlərinin qovşağında yerləşməsi, malik olduğu  əlverişli nəqliyyat infrastrukturu ölkəmizin ŞƏT üçün əhəmiyyətini daha da artırır.

Zəngəzur dəhlizinin açılmasında maraqlı olan  ŞƏT-ın ölkəmizlə əməkdaşlığa böyük önəm verməsi quruma daxil olan dövlətlərin xarici siyasətinə, nəqliyyat –logistika sferasının genişlənməsinə də uyğundur. ŞƏT-in Səmərqənddə keçirilən Sammitində  dəhlizlə bağlı fikirlərini  «Zəngəzur dəhlizinin açılması region ölkələrinin nəqliyyat imkanlarını daha da artıracaq və bu marşrut üzərində yerləşən bütün ölkələr üçün faydalı olacaq» sözləri ilə ifadə edən Prezident İlham Əliyev ” İkinci  Qarabağ müharibəsində  qazandığımız Zəfəri Cənubi Qafqazda  nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar yaratdığını da bildirib. ŞƏT Azərbaycanın səsinin dünyada eşidilməsi baxımından da çox vacib platformadır.   Təsadüfi deyil ki,  təşkilata Qərb dövlətləri tərəfindən də maraq artmaqdadır.

ŞƏT dövlətlərin vahid mövqeyini əks etdirən  Səmərqənd Bəyannaməsi qurumun coğrafiyasının genişlənəcəyinə , əməkdaşlığın dərinləşəcəyinə əminliyi daha da artırır. Ən başlıcası isə təşkilatın  fəaliyyət istiqamətlərinin Azərbaycanın maraqlarına tam cavab verməsidir.   Təşkilata üzv  dövlətlərlə münasibətlərin qarşılıqlı maraq əsasında inkişafı  ölkəmizin beynəlxalq əlaqələrində yeni səhifə açmaqla yanaşı, onun siyasi, iqtisadi və digər mühüm parametrlər baxımından daha da güclənməsi deməkdir.

Xəbər verildiyi kimi, «ŞƏT+» formatında keçirilən toplantıda  16 ölkənin dövlət və hökumət başçıları iştirak edib. Azərbaycanın belə mötəbər təşkilatın Sammitinə ikinci dəfə dəvət olunması ölkəmizin, xüsusilə Prezident İlham Əliyevin dünya miqyasında güclənən  nüfuzunun və dövlətimizin başçısına göstərilən yüksək ehtiramın ifadəsidir. «Çoxtərəfli dialoqun möhkəmləndirilməsi - davamlı sülhə və inkişafa nail olmaq»” mövzusuna həsr olunan  Zirvə görüşündə ŞƏT-ə üzv ölkələrin dövlət və hökumət başçıları siyasi, iqtisadi-ticari, mədəni-humanitar əməkdaşlıq və digər məsələlərə dair geniş spektrdə aktual mövzuları müzakirə ediblər. Əsas siyasi sənəd olan Astana Bəyannaməsi ŞƏT-in bir çox aktual məsələlərlə bağlı mövqeyini ortaya qoyub, təşkilatın fəaliyyətini qiymətləndirəcək və gələcək üçün istiqamətləri müəyyənləşdirib.

Nəbi Sadıqov,
YAP Xətai rayon təşkilatının fəalı