09 iyul 2024 00:23
279

İlahi ədalət: Makron başqalarına qazdığı quyuya özü düşdü

Məlum olduğu kimi, iyulun 7-də Milli Assambleyaya növbədənkənar seçkilər  keçirilib. Fransada solçu partiyaların koalisiyasını təmsil edən “Yeni Xalq Cəbhəsi” ölkənin Milli Assambleyasına (parlamentin aşağı palatası) keçirilən seçkilərin ikinci turunda qalib gəlib. Bu barədə məlumatı Fransanın Daxili İşlər Nazirliyi yayıb. Rəsmi məlumata görə, “Yeni Xalq Cəbhəsi” parlamentdə 182 yer qazanıb. İkinci yerdə 168 yerlə Fransa Prezidenti Emmanuel Makronun rəhbərlik etdiyi “Birlikdə” koalisiyası yer alıb. 

Jordan Bardellanın “Milli Birlik” partiyası isə parlamentdə 143 yer tutaraq üçüncü olub. Bununla yanaşı, “Respublikaçılar” partiyası 45 yer qazanıb. Daha 39 yeri isə seçkinin digər iştirakçıları tutub. Seçkinin nəticələrini şərh edən “CNN” telekanalı qeyd edib ki, bu, heç bir partiyanın mütləq səs çoxluğu (289 yer) qazana bilmədiyi mənasına gəlir. 

Solçu koalisiya parlament seçkilərinin ikinci turunda əksəriyyət əldə etdikdən sonra Baş nazir Qabriel Attal iyulun 8-də istefa ərizəsini prezident E. Makrona təqdim edəcəyini bildirib. Hökumət başçısının bəyanatı növbədənkənar parlament seçkilərinin ilkin nəticələrinin dərcindən sonra verilib. Məlumatı “Anadolu” yayıb. 

Attal yeni seçilmiş deputatları təbrik edib və bildirib ki, parlamenti buraxmaq istəmir, ona görə də bunun nəticələrinə görə məsuliyyət daşımaq fikrində deyil. Belə ki, onların alyansı Fransada keçirilən növbədənkənar parlament seçkilərinin ikinci turunun nəticələrinə görə 289 mandatın mütləq əksəriyyətini əldə etməyib.

“Bu seçkidə təmsil etdiyim siyasi qrup bu gecə səs çoxluğu qazana bilmədi. Cümhuriyyət ənənəsinə və öz prinsiplərimə uyğun olaraq prezidentə istefa ərizəmi təqdim edəcəyəm”.

Hökumət başçısı qeyd edib ki, bu gecə fransız xalqı üçün yeni dövr başlayır. 

Baş nazir qeyd edib ki, bu seçkidə ifrat sağçılar tarixi səviyyəyə çatıb. Attal 61,62 faiz səs toplayaraq Hauts-de-Seine 10-cu seçki dairəsi üzrə parlamentin üzvü seçilib.

Qeyd edək ki, Fransada növbədənkənar parlament seçkilərinin ikinci turunun nəticələrinin elan edilməsindən sonra vəziyyət gərginləşib. Böyük şəhərlərin çoxunda etiraz aksiyaları keçirilib. Parisin Respublika meydanındakı aksiya isə daha izdihamlı olub. Dinc başlayan aksiya polisin müdaxiləsindən sonra qarşıdurmaya çevrilib. “Yeni xalq cəbhəsi” solçu koalisiyasının Fransa Milli Assambleyasına növbədənkənar seçkilərdə qalib gəlməsindən sonra iyulun 8-nə keçən gecə ölkəni iğtişaşlar bürüyüb.

Bütün Fransada keçirilən müxtəlif nümayişlər zamanı azı 25 nəfər həbs edilib, bir neçə polis əməkdaşı yaralanıb.

Həbslər Renn şəhərində antifaşist şüarların səsləndirildiyi Müqəddəs Anna meydanında insanların toplantısı zamanı baş verib.

Nantda polisin iğtişaşlara nəzarət etmək üçün gözyaşardıcı qazdan istifadə etdiyi şəhər mərkəzində minə yaxın adamın iştirakı ilə keçirilən nümayiş zamanı bir polis məmuru alışan kokteyl atılması nəticəsində ikinci dərəcəli yanıqlar alıb. Buna cavab olaraq etirazçılar polisə fişənglər və butulkalar atmağa başlayıblar. Fəallar mağaza və kafeləri, avtobus dayanacaqlarını dağıtmağa başlayıblar.

Polisin təxminən 8000 nəfərlə toqquşduğu, qrupların təhlükəsizlik qüvvələrinə mərmi atdığı və vandallıq etdiyi Parisdəki Respublika meydanında da toqquşmalar olduğu bildirilir.

“Yeni xalq cəbhəsi” tərəfdarlarının Jan Jores meydanında toplaşdığı, təhlükəsizlik qüvvələri ilə də toqquşmaların yaşandığı Marsel küçələrinə daha 5 min adam çıxıb. Bundan əlavə, Lion küçələrində çoxsaylı vandalizm və qarət faktları qeydə alınıb.

İspaniyanın “ABC” qəzetinin onlayn portalı yazır  ki, 2017-ci ildə ilk dəfə və 2022-ci ildə yenidən prezident seçilən Emmanuel Makronun milli və beynəlxalq miqyasda nüfuzu heyrətamiz səviyyələrə enib. O, Yupiterdən tutmuş İkara qədər yol qət edərək, nəhayət ki, gələcək təhlükəsizliyi və Avropanın siyasi quruluşunu təhdid edən bir növ narsist Nerona çevrilib. “Qanunverici orqana növbədənkənar seçkilər təyin etmək və həlledici ikinci tur keçirmək qərarından sonra Makron indi Beşinci Respublika tarixində özünü ən yöndəmsiz vəziyyətə salıb”, -deyə qəzet qeyd edir.

Bütün solçu partiyaları birləşdirən “Yeni xalq cəbhəsi” (NFP) koalisiyasının tarixi qələbəsi Makronu onun prezidentliyinə qarşı antaqonist mövqeləri müdafiə edən qüvvələrlə birgə fəaliyyətə məcbur edir.

“ABC” yazır ki, Le Pen və onun tərəfdarlarına qələbə qazandıran Avropa Parlamentinə keçirilən son seçkilərdən sonra Emmanuel Makron karyerasının ən fəlakətli siyasi səhvinə yol verib: o, ikiqat fəlakətli nəticələrə səbəb olan qanunverici orqana erkən seçkilər təyin edib. Fransa hələ də üç böyük bloka - ifrat sağçı, ultrasolçu və makronçulara bölünüb. Beləliklə, Yupiter və İkar Fransanı yandıran Nerona çevrilib.

Qəzet daha sonra vurğulayıb: “Makron alovlanan mina sahəsinə çevrilməsinə kömək etdiyi Fransada daha nələr edə bilər? İstefa? Bu, yeni və daha ciddi fəlakət olacaq. Yeni solçu hökumətə müqavimət göstərmək və ya dirənməyə çalışmaq? Bu real həll, deyəsən, institutları daimi döyüş meydanlarına çevirmək üçün nəzərdə tutulub”.

“ABC” yazır ki, seçkilərin nəticələrindən sonra ortaya çıxan hazırkı siyasi ssenaridə Makron yalnız qan, tər və göz yaşı gözləyə bilər: “O, qərarları imzalamaqdan imtina edə bilər, lakin yeni hökumət qanunvericilik aktlarına müraciət edəcək ki, bu, öz növbəsində, konstitusiyaya zidd müraciətlərin sayını artıracaq. Bu böhran və qarşıdurma mühiti sonsuza qədər davam edə bilər. Makron isə Milli Assambleyanı bir ildən tez buraxa bilməyəcək”.

Almaniyanın ən nüfuzlu nəşrlərindən biri olan həftəlik “Die Zeit” isə yazır ki, Makronun təhlükəli narsissizmi ən böyük demokratiyalar – Avropa və Fransa üçün təhlükəyə çevrilib.

Bu gün Fransada sağçıların üstün mövqeyə çıxmasının əsas baiskarı da elə Makronun özüdür. Məhz onun yürütdüyü siyasət hakim elitaya inamı sarsıdıb. Yol verilən boşluqlar ölkə boyunca radikalizmin, İslamofobiyanın, irqçiliyin önə çıxmasına imkan verib. Buna görə də Makron seçkilərdə uğursuzluq zolağına düşməsinin əsas səbəbini özündə axtarmalı, buna görə heç kimi günahlandırmamalıdır. Yelisey Sarayının məkrli texnologiyası da makronizmi xilas edə bilməyəcək. Seçkilərdəki məğlubiyyət xalqın Makron komandasına inamsızlığının, bütövlükdə, makronizmin iflasının göstəricisidir. Makron indiyədək baş verənlərdən nəticə çıxartmalı idi. Makronizmin iflasının əlamətləri “Sarı jiletlilər”in üsyanında, fermerlərin ölkəni bürüyən peyin inqilabında, iqtisadiyyatın geriləməsində,  pensiya islahatlarına qarşı başlanan etirazlarda görünürdü. Makronun müstəmləkə siyasətini sərtləşdirməsi Afrikada, dənizaşırı ərazilərdə Fransaya qarşı nifrəti pik həddə çatdırıb, ölkə sərvətlərini taladığı ərazilərdə mövcudluğunu sürətlə itirməkdədir. Artıq Avropa İttifaqı daxilində də Fransanın diqtələri eşidilmir və rəsmi Parisin hegemonluq iddiaları təpkilərlə qarşılanır. Makronizm, həmçinin Fransanın Cənubi Qafqaz siyasətinin sonunu gətirib.

Bunun nəticəsidir ki, hazırda müşahidə edilən reallıqlar fonunda yalnız Makron hakimiyyəti deyil, bütövlükdə, Avropa İttifaqı (Aİ) təhdid altındadır. “Reuters” agentliyinin yazdığına görə, Seçkilərin nəticələri Prezident Emmanuel Makrona da ağır zərbə olub və Avropa zonasının ikinci böyük iqtisadiyyatını durğunluq vəziyyətinə sürükləyir, eyni zamanda, Paris Olimpiadasına bir neçə həftə qalmış ölkədə baş verəcək siyasi qeyri-sabitliyin xəbərçisidir. Fransa Prezidenti son nəticədə parçalanmış parlament sindromu əldə edib, bu isə ölkənin Avropa İttifaqında və onun hüdudlarından kənarda mövqeyini zəiflədəcək, həmçinin daxili gündəlikdə duran məsələlərin həllində çətinliklər yaradacaq.

Makron Fransanın tarixində ən uğursuz dövlət başçısıdır və makronizm bu ölkəni sözün əsl mənasında dərin quyunun dibinə salıb. Belə bir qənaətin formalaşmasına isə Yelisey Sarayının həm xarici, həm də daxili siyasətdə üzləşdiyi fiasko səbəb olub. Hazırda ölkə bir növ təlatümlər sınağına çəkilir. Makron başqalarına qazdığı quyuya elə özü düşdü. Bax burada deyiblər, ilahi ədalət…

Yaqut Ağaşahqızı, “İki sahil”